Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3235/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, ünvan 4 2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi evə sahiblik və istifadə hüququ olmayan hesab edilmələrinə, pasport qeydiyyatından çıxarılmaları üçün Nəsimi rayon Polis İdarəsi Pasport Qeydiyyat Şöbəsinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu əsasında ünvan 1 ünvanında yerləşən fərdi ev onun istifadəsindədir və Nəsimi rayon İcra Hakimiyyətinin 17 aprel 1996-cı il tarixli 721 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən evə pasport qeydiyyatına alınmışdır. 1992-ci ildən ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Son zamanlar ona məlum olub ki, bacısı və onun övladı ona məxsus fərdi evinə onun xəbəri olmadan qeydiyyata düşüb. Bacısı Cavabdeh1 1997-ci ildə X8 ilə nikaha daxil olub və onunla birlikdə müxtəlif ünvanlarda yaşamış, hal-hazırda isə ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayırlar. ünvan 4 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, bacısı Cavabdeh1 onun sahiblik və istifadəsində olan ünvan 1 ünvanında heç vaxt yaşamayıb, onun sahiblik və istifadəsində olan evdə qeydiyyatda qalmaqla onun mülkiyyət hüquqlarını pozurlar. Məhkəmə həmin evin özbaşına tikinti olduğunu bildirməklə iddia tələbini rədd etmişdir. Lakin yaşayış evinin texniki pasportuna və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 17 aprel 1996-cı il tarixli 721 saylı sərəncamına əsasən həmin fərdi evin qanuni əsaslarla onun sahiblik və istifadəsində olduğu öz təsdiqini tapır, lakin məhkəmə bunu nəzərə almamışdır. Həmçinin bu illər ərzində evin kommunal xərcləri də onun tərəfindən ödənilmişdir. Göründüyü kimi məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək qanunsuz və əsassız qərar qəbul etmişdir. Məməhkəmə tərəfindən sübütlar düzgün qiymətləndirilməmişdir Apelyasiya şikayətində ünvan 4 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə etdiyini bildirərək,iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, ünvan 4 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdikləryini bildirdilər və apelyasiya şikayətinin təmin edilməməsini, ünvan 4 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı istifadəsində olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olduğundan onun, cavabdehlər Cavabdeh1 və qızı Cavabdeh2, mübahisəli evdən sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma tələbi əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 139.1, 152.1, 178.1 və 180-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 721 saylı, 17 aprel 1996-cı il tarixli sərəncamın surətindən görünür ki, İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək, C.Məmmədquluzadə küçəsi 121A ünvanında yerləşən evə pasport qeydiyyatına düşməsini xahiş etmişdir. Rayon İcra Hakimiyyətinin müstəsna qaydada pasport qeydiyyatına baxan komissiyasına təqdim edilmiş ərizə və digər sənədlərə baxılmış və müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən ev özbaşına tikilidir və İddiaçı orada qeydiyyatsız yaşayır. Həmin Sərəncama əsasən İddiaçı ünvan 5 ünvanında yerləşən evə pasport qeydiyyatına götürülmüşdür.(İ.vər. 12) İş materiallarında olan, Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon MKTB-nin 59 saylı MKİS-nin Q-64 saylı, 19 may 2021-ci il tarixli Arayışından görünür ki, C.Məmmədquluzadə küçəsi 121a ünvanında yerləşən evdə İddiaçı göstərilən ailə tərkibi ilə qeydiyyatdadır: bacısı Cavabdeh1, bacısı oğlu X6, bacısı qızı Cavabdeh2, həyat yoldaşı X7, oğlu X11, qızı X9.(İ.vər. 13) İş materiallarında olan, 02 may 2021-ci il tarixli aktdan görünür ki, aktı imzalayan şəxslər X3, X10, X2 həmin aktı tərtib etdilər ondan ötəri ki, həqiqətən Cavabdeh1, Cavabdeh2, X6 adlı şəxslər İddiaçı məxsus C.Məmmədquluzadə küçəsi 121a ünvanında yerləşən evdə heç bir vaxt yaşamamışlar və birgə təsərrüfat aparmırlar və o adda şəxsləri həmin ünvanda görməmişlər.(İ.vər. 15) İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********05 saylı, 10.09.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanına dair İdarənin arxivində aşkar edilən texniki pasportun təsdiq edilmiş surəti təqdim edilir. Məlumat üçün bildirilir ki, arxiv əsaslarında sözügedən ünvan ilə əlaqədar ilkin torpaq sənədləri və cizgi haqqında məlumat (sənəd) aşkar edilməmişdir.(İ.vər. 32) Məkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 180-cı maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda sadalanan qanun normalarına əsaslanaraq məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mülki iş üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil apеlyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində göstərdiyi, Cavabdeh1 iddiaçının sahiblik və istifadəsində olan ünvan 1 ünvanında heç vaxt yaşamaması, cavabdehlərin iddiaçının sahiblik və istifadəsində olan evdə qeydiyyatda qalmalarının iddiaçının hüquqlarını pozması, evin kommunal xərclərinin də iddiaçı tərəfindən ödənilməsi barədə dəlillərinə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, sözügedən fərdi yaşayış evi özbaşına tikili olduğundan və iddiaçının həmin tikiliyə hüquqları dövlət qeydiyyatına alınmadığından, apelyatorun həmin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, ünvan 4 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə ünvan 4 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-3235/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3235/2022
24.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver