Məhkəmə qərarları › İş №2(103)-3235/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3235/2025

19.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3235/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə (Açar sözlər: ərazi aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzillərin təhvil verilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(006)-249/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzillərin təhvil verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 64 nömrəli evin 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 259,6 kv.m, yaşayış sahəsi 140.84 kv.m olan 4 otaqlı 48 nömrəli mənzilin cavabdeh "xxxx" MTK tərəfindən ona təhvil verilməsi, həmin mənzil üzərində onun sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneələrin törədilməsinin cavabdeh "xxxx" MTK-ya qadağa edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 64 nömrəli evin 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 259,6 kv.m, yaşayış sahəsi 140.84 kv.m olan 4 otaqlı 49 nömrəli mənzilin cavabdeh "xxxx" MTK tərəfindən ona təhvil verilməsi, həmin mənzil üzərində onun sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneələrin törədiməsinin cavabdeh "xxxx" MTK-ya qadağa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2963/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir.

3. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili yazılı vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı mülki işin baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsinin verilməsi zamanı ərazi aidiyyəti normalarını pozmuşdur. Belə ki, cavabdehin hüquqi ünvanının ünvan 1 iddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.

5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 249/2025 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" MTK-nın üzvləri iclasının protokolundan çıxarışa və işdə olan digər sənədlərə əsasən mübahisə predmeti olan mənzillər Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşir. Hazırki iddia tələbindən görünən odur ki, iddiaçı dəyərini ödədiyi mənzillərin ona təhvil verilməsini və həmin mənzillər üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilməsi üçün törədilən maneələrin aradan qaldırılmasını xahiş edir. Yəni mahiyyət etibarı ilə iddia tələbi mülkiyyət hüququnun subyektiv hüquq kimi müdafiəsinə yönəlib. Məhkəmənin qənaətinə görə hazırki tələblər mülkiyyət hüquqlarının (sahiblik və istifadə hüquqlarının) müdafiəsi ilə bağlı olmaqla MPM-in 39.1-ci maddəsinin tənzimetmə təsiri altına düşür. Mübahisə predmeti olan mənzillər Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşdiyinə görə hazırki vəziyyətdə mübahisənin ərazi aidiyyəti müəyyənləşdirilərkən müstəsna aidiyyətlə bağlı normalar rəhbər tutulmalıdır.

7. Məhkəmə onu da vurğulamışdır ki, işdə olan sənədlərlə müəyyən olunur ki, mülki iş üzrə xeyli sayda məhkəmə iclasları keçirilmiş, cavabdeh tərəf müəyyən məhkəmə iclaslarında iştirak etməklə, müxtəlif növ vəsatətlərlə müraciət edib, ekspertizanın təyin edilməsini və sair xahiş etmişdir. Cavabdehin öncəki vəsatətlərinin kifayət qədər əsaslandırılmaması səbəbilə təmin edilməməsinə baxmayaraq, məhkəmənin iddia tələbinə baxıb kifayət qədər araşdırma aparmasını nəzərə almayaraq, yenə də əsassız vəsatətlə müraciət etmişdir. Vəsatət prosessual əsaslara dayanaraq verilmirsə təmin edilə bilməz.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

8. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında olan vergi ödəyicisinin qeydiyyat şəhadətnaməsindən, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamədən və digər sənədlərdən aydın şəkildə göründüyü kimi, mübahisəyə səbəb olan hüquq münasibətlərində cavabdeh "xxxx" MTK (VÖEN: **********) hüquqi şəxs kimi çıxış edir və onun rəsmi hüquqi ünvanı ünvan 2lə, iddiaçı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Cavabdeh tərəfindən bu əsaslarla təqdim edilmiş vəsatət Nəsimi Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş, məhkəmə qərardadını müqavilənin icra yerinin Nəsimi rayonu olması ilə əsaslandırmışdır. Lakin AR MPM-nin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən irəli gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Buradan belə nəticə çıxır ki, yalnız müqavilədə icra yeri konkret şəkildə göstərildiyi halda, iddia həmin yer üzrə məhkəməyə verilə bilər. Hazırki mübahisəyə dair müqavilədə isə icra yerinin Nəsimi rayonu olması barədə heç bir müddəa nəzərdə tutulmamışdır. Bu baxımdan, icra yerinin Nəsimi rayonu kimi qiymətləndirilməsi və həmin yer üzrə məhkəmənin aidiyyətli hesab olunması əsassızdır. Məhkəmə tərəfindən işə aidiyyəti üzrə baxılması təmin edilməli olduğu halda, cavabdehin təqdim etdiyi vəsatət rədd edilmişdir. Beləliklə, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı qanunsuz və əsassız olmuş, ərazi aidiyyəti ilə bağlı hüquqi tələblərə zidd qərar qəbul edilmişdir.

10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı mübahisəli mənzillərin təhvil verilməsini və mənzillər üzərində onun sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneələrin törədilməsinin cavabdeh MTK-ya qadağa edilməsini xahiş edir. Göründüyü kimi, onun tələbi mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlıdır.

17. Kollegiya nəzərə alır ki, hazırki mübahisənin predmeti olan daşınmaz əmlaklar Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 64 ünvanında yerləşdiyindən, iddiaçı daşınmaz əşyaya mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur.

18. Mülki-prosessual qanunvericiliyin imperativ tələblərindən göründüyü kimi, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.

19. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-249/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar