Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3238/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona ödənilməli olan sığorta ödənişinin məbləğinin düzgün hesablanması, ona əlavə olaraq 40466 manat 28 qəpik məbləğində sığorta ödənişinin, həmin məbləğ üzrə gecikdirilmiş hər gün üçün 0,1 faiz həcmində dəbbə pulunun və ödənilmiş 211 manat 40 qəpik məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-470/22) iddia qismən təmin olunaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 20900,40 manat məbləğində sığorta ödənişinin və 241,40 manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı və cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı, hal-hazırda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru vəzifəsində, ədliyyə mayoru rütbəsində çalışır. 21 may 2021-ci il tarixdə saat 12 radələrində Respublika Hərbi Prokurorluğunun inzibati binasında pilləkanla düşərkən sol ayağının burxularaq yıxılması nəticəsində “sol aşıq sümüyünün medial kənari qopmuş sınığı” xəsarəti almışdır. Aldığı xəsarətlə bağlı xidməti yoxlama aparılması üçün tərəfindən Respublika Hərbi Prokurorluğuna müraciət edilmiş, komissiyanın qərarına əsasən, xidməti fəaliyyəti zamanı xəsarət aldığı müəyyən edilmiş və sığorta ödənişi almaq üçün arayış verilmişdir. O, 05 avqust 2021-ci il tarixdə həmin arayışla yanaşı Dövlət Sığorta Kommersiya Şirkətinə son 5 illik əmək haqqı barədə arayışları və aldığı xəsarətlə bağlı verilmiş məhkəmə-tibbi ekspertizasının rəyini də təqdim etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və X1 30.07.2021-ci il tarixli 1074 saylı rəyinə əsasən, aldığı xəsarət az ağır xəsarət növü kimi qiymətləndirilmiş və əmək fəaliyyətinin uzun müddətə pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğundanverilmiş orta aylıq əmək haqqının cəmi barədə arayışa əsasən, həmin məbləğ 4270 manat 94 qəpik təşkil etmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aparılan araşdırma nəticəsində ekspertin qərarına məhəl qoyulmadan, həqiqətə uyğun qərar verilməyərək və heç bir əsas olmadan aldığı xəsarət yüngül xəsarət kimi qiymətləndirilərək ona 5 illik əmək haqqının 10%-i məbləğində sığorta ödənişi ayrılmışdır. Lakin, həmin məbləğ də natamam şəkildə hesablanmış, yalnız aylıq əmək haqqı nəzərə alınaraq ona 25625 manat 64 qəpik əvəzinə 10785 manat ödənilmişdir. Qanunvericiliyin tələblərinə əsasən, sığorta şirkəti tərəfindən aldığı az ağır xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizasının müvafiq rəyi düzgün qiymətləndirilməklə ağır xəsarət kateqoriyasına uyğun olaraq ona 5 illik əmək haqqının 20%-i məbləğində 51251 manat 28 qəpik məbləğində sığorta ödənişi ödənməli idi. Bununla əlaqədar 03.09.2021-ci il tarixdə sığorta ödənişinin düzgün hesablanıb tam şəkildə ödənilməsi üçün cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək ona əlavə olaraq 40466 manat 28 qəpik ödənilməsini tələb etməsinə baxmayaraq, sığorta ödənişini ödəməkdən imtina edilmişdir. Hərbi prokurorluq tərəfindən təqdim edilmiş arayışa əsasən ona verilən orta aylıq əmək haqqı 4270 manat 94 qəpik təşkil edir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı xidməti vəzifələrinin icrası ilə əlaqədar xəsarət almışdır. Sorğuya verilmiş cavaba əsasən sığorta olunanın 5 illik əmək haqqı 158427 manat təşkil edir. Həmin məbləğin 15%-i, yəni 158427 x 15%=23764,05 manat təşkil edir. Beləliklə, sığorta olunana 23764,05 manat sığorta ödənişi şirkət tərəfindən verilməlidir. Digər tərəfdən, Qanuna əsasən az ağır xəsarətə görə faiz nisbətinin yeni əlavə edilməsi məhkəmə tərəfindən qanunun geriyə qüvvəsinin yolverilməzliyi kimi başa düşülməməlidir. Çünki, sığorta hadisəsi nəticəsində şəxsin xəsarətinin az ağır qiymətləndirilməsinə görə sığorta ödənişinin verilməsi həmin vaxt qanunvericiliklə tənzimlənmirdi və bu, qanunda kolliziya hesab olunurdu. Lakin, qanuna edilən dəyişikliklə az ağır xəsarətə görə faiz nisbəti qanuna əlavə edilmiş, qanunda olan boşluq aradan qaldırılmışdır. Sığorta olunana ödənilməli olan 23764,05 manat sığorta ödənişinin 10785 manat hissəsi ödənildiyindən, 23764,05-10785=12979,05 manat sığorta ödənişi iddiaçıya ödənilməlidir. Buna görə də, iddianın həmin hissədə təmin edilməsinə, yəni 12979,05 manat vəsaitin iddiaçıya ödənilməsinə etirazı yoxdur və hətta məhkəmə iddianı təmin etmədən də bu vəsait iddiaçıya ödənilə bilər. Lakin, iddiaçı sığorta ödənişinin gecikdirilmiş hər gün üçün 0,1% həcmində dəbbə pulunun hesablanmasını tələb etmişdir. İddia həmin hissədə əsassızdır və rədd edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hərbi prokurorluğun digər əməkdaşlarının da cavabdehə qarşı oxşar iddiaları olmuş və həmin iddiaların hamısı onun tələb etdiyi qaydada təmin olunmuşdur. Məhkəmə məsələnin həllinə vahid təcrübə ilə yanaşmayıb və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci, “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddələrini düzgün tətbiq etməyib. Cavabdehin apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin qismən – 12979,05 manat hissəsində təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, hazırda “Məhkəmə və hüquqmühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4.1-ci maddəsi az ağır xəsarətə görə sığorta məbləğinin 15 %-i miqdarında sığorta ödənişinin verilməsini nəzərdə tutur və bu baxımdan mübahisəli hüquq münasibətinə hazırda qüvvədə olan maddi hüquq norması tətbiq olunmalıdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi təmsil etdiyi orqanın apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti tam, cavabdehin apellyasiya şikayəti isə qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən görünür ki, iddiaçı 11.04.2008-ci il tarixdən Azərbaycan Respublikasının Prokurorluq orqanlarında, 28.04.2021-ci il tarixdən isə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru vəzifəsində, ədliyyə mayoru hərbi rütbəsində xidmət edir. İddiaçı 21.05.2021-ci il tarixdə xidmət zamanı Respublika Hərbi Prokurorluğunun inzibati binasında pilləkənlərdən düşərkən ayağının burxulması nəticəsində xəsarət almış və Məhkəmə Tibbi Ekspertiza və X1 1074№-li aktına əsasən həmin xəsarət-sol aşıq sümüyünün kənari qopmuş sınığı, bərk küt əşya təsirindən törənmişdir, 21.05.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İddiaçı Respublika Hərbi Prokurorluğunun müvafiq komissiyasına müraciət edərək sığorta ödənişi almaq üçün “sığorta hadisəsinin xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq rəyin verilməsini xahiş etmişdir. Komissiya 05.08.2021-ci il tarixli qərarı ilə az ağır dərəcəli bədən xəsarətinin bilavasitə xidməti vəzifənin icrası ilə əlaqədar alınması qənaətinə gəlmişdir. Respublika Hərbi Prokurorluğunun verdiyi arayışa əsasən iddiaçının aylıq vəzifə maaşı 1150 manat, orta aylıq əmək haqqı 4270 manat 94 qəpik təşkil edir. İşdən həmçinin görünür ki, Dövlət Sığorta Kommersiya Şirkəti iddiaçının almış olduğu az ağır xəsarəti yüngül xəsarət kimi qiymətləndirmiş, 5 illik əmək haqqını 107850 manat sığorta məbləği kimi hesablamış və iddiaçıya həmin sığorta məbləğinin 10%-ni, yəni 10785 manat ödəmişdir. İddiaçı bununla razılaşmayaraq 04.10.2021-ci il tarixdə hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi xidmət dövründə xəsarət alması ilə bağlı 5 illik əmək haqqı məbləğinin 20%-i miqdarında sığorta pulunun və dəbbə pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulub ona ödənilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi xidmət dövründə xəsarət almasına, hüquqi əsası kimi isə “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə istinad etmişdir. “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin sığorta hadisəsi baş verən vaxt qüvvədə olan redaksiyasına əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; sığorta olunan ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz. Cavabdeh sığorta hadisəsi nəticəsində şəxsin xəsarətinin az ağır qiymətləndirilməsinə görə sığorta ödənişinin verilməsinin həmin vaxt qanunvericiliklə tənzimlənmədiyinə əsaslanaraq iddianı qismən qəbul etmişdir. Cavabdehin mövqeyinə görə sığorta olunana ödənilməli olan 23764,05 manat sığorta ödənişinin 10785 manat hissəsi ödənildiyindən, 23764,05-10785=12979,05 manat sığorta ödənişinin iddiaçıya ödənilməsinə etiraz etmir və məhkəmə qərarı olmadan da bu məbləği ödəyə bilərlər. Birinci instansiya məhkəməsi “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2-5-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddələrini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, iddiaçının 21 may 2021-ci il tarixə kimi olan 5 illik əmək haqqısının ümumi məbləği 158427 manat, həmin məbləğin 20%-i isə 31685 manat 40 qəpik təşkil etdiyindən və bu məbləğdən 10785 manat ödənildiyindən iddiaçının xeyrinə cəmi 20.900 manat 40 qəpik sığorta ödənişi tutulmalıdır. Dəbbə pulunun tutulması hissəsində isə iddiaçı tələbini təsdiq edən hər hansı sənəd təqdim etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və məhkəmənin qətnamədə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.5-ci maddəsinə əsasən Prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmin qanunun 21.1-ci maddəsinə əsasən, Prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin Məcəllənin 177-ci maddəsinin 1-ci və 4-cü hissələrinin tələbinə əsasən orta əmək haqqı – işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər nəzərə alınır. Göründüyü kimi, əmək haqqının tərkibinə sığorta şirkətinin istinad etdiyi kimi təkcə aylıq əmək haqqı və maaşa əlavələr deyil, bütün ödənişlər daxildir. Məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarının tələblərini, mövcud məhkəmə təcrübəsini, o cümlədən sığorta hadisəsi baş verən vaxt az ağır xəsarətə görə sığorta ödənişinin verilməsini tənzimləyən norma olmadığından ağır xəsarətə görə sığorta məbləğinin 20 %-i həddində sığorta ödənişinin ödənilməsi təcrübəsinin tətbiq olunduğunu nəzərə alaraq hesab edir ki, iddiaçıya orta aylıq əmək haqqının 5 illik məbləğinin 20 %-i həddində sığorta ödənişi edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sığorta hadisəsinin baş verdiyi vaxt qüvvədə olan qanunvericilikdə xəsarətin yalnız 2 növünün qeyd olunması, az ağır xəsarətin qeyd edilməməsi şəxsin almış olduğu xəsarətin yüngül xəsarət kimi qiymətləndirilməsi və sığorta ödənişinin buna uyğun olaraq hesablanması üçün əsas ola bilməz. Ekspert rəyinə əsasən xəsarət az ağır kimi qiymətləndirildiyindən sığorta ödənişinin hesablanması ağır xəsarətə görə aparılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə çıxararkən səhvə yol vermiş, sığorta hadisəsi baş verən zaman, yəni 21.05.2021-ci il tarixində iddiaçının orta aylıq əmək haqqının 5 illik məbləğini əsas götürməli olduğu halda, maddi hüquq normalarını düzgün tətbiq etməyərək son 5 illik əmək haqqının ümumi məbləğini əsas götürmüşdür. İşdə olan 04.08.2021-ci il tarixli arayışa əsasən iddiaçının orta aylıq əmək haqqı 4270 manat 94 qəpik olduğundan və o, 5 illik əmək haqqı məbləğində sığorta edildiyindən sığorta məbləği 256256.4 manat təşkil edir və az ağır xəsarətə görə həmin sığorta məbləğinin 20%-i 51251.28 manat məbləğində müəyyən olunur (4297.94x60=256256.40- 20% = 51251.28). İşdən göründüyü kimi, həmin məbləğin 10785 manatı iddiaçıya ödənilmişdir və ödənilməyən hissə (51251.28-10785) 40466,28 manat təşkil edir. Kollegiyanın qənaətinə görə 40466,28 manat sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı iddia tələbini dəbbə pulunun tutulması hissəsində də əsaslı sayır. İşdə olan TT**********32210785 nömrəli, 16.08.2021-ci il tarixli «Kassa mədaxil orderi»nin surətindən görünür ki, 10785 manat məbləğində sığorta ödənişi Kapital bankda açılmış ********* saylı hesab nömrəsinə 11.08.2021-ci il tarixdə köçürülmüş və həmin sığorta ödənişi iddiaçı tərəfindən hesabdan götürülmüşdür. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun sığorta hadisəsi baş verərkən və iddia qaldırılarkən qüvvədə olan 7-ci maddəsinə əsasən sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinıə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir. Həmin Qanunun 6-cı maddəsinə əsasən, sığortaçı sığorta ödənişini bu maddənin beşinci hissəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Qanunvericiliyin tələbinə əsasən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0.1% həcmində dəbbə pulu (11.08.2021-ci il tarixindən - 04.10.2021-ci il tarixədək-64 günə) riyazi hesablamaya əsasən 40466,28:100x0.1=40 manat 46 qəpik; 40.46x64=2589 manat 82 qəpik təşkil edir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, sığorta hadisəsinin baş verdiyi vaxt mövcud olmasa da, hazırda “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4.1-ci maddəsi az ağır xəsarətə görə sığorta məbləğinin 15 %-i miqdarında sığorta ödənişinin verilməsini nəzərdə tutduğundan mübahisəli hüquq münasibətinə hazırda qüvvədə olan maddi hüquq norması tətbiq olunmalıdır. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı işdə tərəflər arasında mübahisəli hüquq münasibəti 21.05.2021-ci il tarixdə, yəni sığorta hadisəsi baş verən vaxt yaranmışdır. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə az ağır xəsarətə görə 15 % sığorta ödənişinin verilməsini nəzərdə tutan “ç” bəndi isə həmin hadisədən 6 ay sonra 03.12.2021-ci il tarixli Qanunla əlavə olunmuş və 01.01.2022-ci il tarixdən qüvvəyə minmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə sığorta hadisəsinin baş verdiyi vaxt az ağır xəsarətə görə sığorta ödənişi məhkəmələr tərəfindən ağır xəsarətə görə nəzərdə tutulan qaydaya uyğun hesablandığından sonradan qanunda az ağır xəsarətə görə sığorta ödənişinin sığorta məbləğinin 15 %-i həddində müəyyən edilməsinə dair normanın nəzərdə tutulması iddiaçının vəziyyətinin ağırlaşdırılması kimi qiymətləndirilməli və tətbiq edilməməldir. Bu mövqe “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87-ci maddəsinin də tələbinə uyğundur. M a d d ə 87. Normativ hüquqi aktın geriyə qüvvəsi 87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 87.3. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv olunmalı və iddia tələbi təmin edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 241,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti tamamilə, cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti isə qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin olunsun. 40466 (qırx min dörd yüz altmış altı) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində sığorta ödənişi, 2589 (iki min beş yüz səksən doqquz) manat 82 (səksən iki) qəpik məbləğində dəbbə pulu və 241 (iki yüz qırx bir) manat 40 (qırx) qəpik dövlət rüsumu cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3238/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3238/2022
18.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver