Məhkəmə qərarları › İş №2(103)-324/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-324/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-324/2023 27.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“beh müqaviləsinin bağlanmış hesab edilməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “beh müqaviləsinin bağlanmış hesab edilməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1620/2022 saylı işi üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh qarşı "beh müqaviləsinin bağlanmış hesab edilməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, beh müqaviləsinin bağlanmış hesab edilməsi, cavabdeh tərəfindən yerinə yetirilməmiş işlər üçün iddiaçı tərəfindən ödənilmiş 5300 manat beh məbləğinin 2 misli miqdarında, yəni 10600 manat pulun və 5300 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1620/2022 saylı işi üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 443.1, 443.2, 491.1, 491.2, 491.3, 1097; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında podrat münasibətləri olmuşdur. Belə ki, tərəflər arasında razılaşmaya əsasən cavabdeh iddiaçıya məxsus mənzilə mebel əşyası düzəldib quraşdırmalı idi. Həmin işlərin görulməsi 13000 manata razılaşdırılmışdır. İddiaçı cavabdehə bunun üçün əvvəl 6500 manat, sonra isə hissə-hissə olmaqla, ümumilikdə 8300 manat ödəmişdir. Cavabdeh izahatında iddiaçıdan həmin məbləğdə pul almasını qəbul etmişdir. Cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin olunmamalıdır. Tərəflər arasında yazılı formada beh haqqında razılaşma bağlanılmamışdır. Həmçinin, cavabdeh mebel əşyasını lazım olan materialı iddiaçıdan aldığı vəsait hesabına satın almaqla özünə məxsus sexdə hazırlamışdır. Bunun üçün də iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə pul vəsaiti verilmişdir. Verilmiş pul vəsaiti beh kimi deyil, əşyanın hazırlanması üçün lazım olan materialın alınması üçün verilmişdir. Bu hal həmçinin iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə pul vəsaiti verilməsi ilə də təsdiq edilir. Bu səbəbdən tərəflər arasında beh müqaviləsinin bağlanmış hesab edilə bilməz. Öhdəliyin cavabdehin təqsiri səbəbindən tam yerinə yetirilməməsi işin hallarına əsasən öz təsdiqini tapmamışdır. Cavabdeh iddiaçının mənzilində müəyyən işlər görmüş, iddiaçı qalan məbləği ödəmədiyi üçün cavabdeh razılaşdırılmış işi başa çatdıra bilməmişdir. İddiaçı cavabdehin onun mənzilində görüdüyü işlərinin dəyərinin 3000 manat təşkil etdiyini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. 3.İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Abşeron rayon Polis İdarəsinin 05 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətinə əsasən, Cavabdeh izahatında bildirmişdir ki, o, mebel quraşdırma işləri ilə məşğul olur. İddiaçı onun qohumlarının evində iş gördüyü vaxtdan, yəni 15 il olar ki tanıyır. 2020-ci ilin avqust ayında Vurğun ona Bakı şəhəri, Xətai rayonunda yerləşən evinə mebel işini görməsini dedikdə onun evinə baxmış və mebel işlərini 13000 manata razılaşmışlar. 2020-ci ilin avqust ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsində Vurğun ilə görüşmüş və işə başlamaq üçün Vurğun ona 6500 manat pul vermişdir. Bundan ay yarım sonra işə başlaya bilməmiş, sonra işə başlamışdır. Daha sonra 2020ci ilin dekabr ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsində Vurğun ona yenidən 1000 manat vermiş, daha sonra 500 manat, sonradan isə 300 manat pul vermişdir. Ümumilikdə ona 8300 manat vermişdir. O da Vurğunun evinə mebel quraşdırmış, qalan pula da materiallar almışdır və hazırda materiallar sexdədir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1620/2022 saylı işi üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1 və 2, 24-cü maddəsinin 3, 125-ci maddəsinin Vİİ hissələrinə; 25-ci maddəsinin 1-ci bəndinə; Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 389.1, 442, 425.1, 491.2, 491.3, 752.1, 752.2; Mülki Prosessual Məcəllənin 2.1, 9.3,88, 217.1, 217.3-ci maddələrinə; Mühasibat üçotu haqqında Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə; Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarına; İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3-cü, 9-cu maddəsinin 1-ci, 13-cü maddəsinin 3-cü, 4-cü bəndlərinə istinadən qeyd edilmişdir ki, iddiaçı-istehlakçı qismində, yəni şəxsi tələbatını ödəmək məqsədi ilə mənzilin daxilində olan xüsusi ölçülərə malik qapı və mebel dəsti sifariş etmiş və həmin işlərin görülməsi üçün cavabdehə beh ödəmişdir, cavabdeh isə həmin işləri görən şəxs kimi, yəni icraçı qismində iddiaçıdan behi qəbul etmiş və işin müəyyən hissəsini icra etmişdir.İddiaçı tərəfindən cavabdehə verilən pulların beh olması faktı cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatları ilə inkar edilməmiş, əksinə həmin pulların beh olaraq verilməsi öz təsdiqini tapmışdır. Yəni, hazırkı halda, cavabdeh tərəfindən alınan pulların beh olması cavabdehin nümayəndəsi tərəfindən inkar edilməmiş, əksinə etiraf edilmişdir. Bununla yanaşı, hər 2 tərəfin, yəni həm iddiaçının, həm də cavabdehin nümayəndəsinin izahatları əsasında heç bir şübhə doğurmadan qəbul etdikləri beh məbləğini, avans ödəniş kimi qəbul etməklə, hakim qətnaməni özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərə əsaslandırmış və bununla da, iddiaçıya qarşı açıq-aşkar qərəzli və ədalətsiz mövqe nümayiş etdirmişdir. Bundan başqa, iddia ərizəsində səlist və aydın şəkildə qeyd olunmuşdur ki, “Cavabdehlə razılaşdırılmış işlərin görulməsinin ümumi 13000 manat dəyərinin 50%-i, yəni 6500 manat beh olaraq cavabdehə 2020-ci ilin avqust ayında ödənilmiş, cavabdeh tərəfindən öhdəliklər 1 ay ərzində tam olaraq yerinə yetirilməli və sonra qalan, yəni 6500 manat ona ödənilməli idi, lakin muqavilə bağlandığı vaxtdan 7 ay keçməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı bir iş görülməmiş, cavabdehə edilmiş çoxsaylı müraciətlərdən sonra müəyyən olunmuşdur ki, ödənilmiş beh məbləği onun özünün məsrəflərinə xərclədiyi üçün işə başlaya bilməmiş, cavabdehlə aparılmış uzun danışıqlardan sonra beh məbləğinə əlavə olaraq 1000 manat ödənilməsi və işləri vaxtinda görüb qurtara bilməsi qeyd olunmuş, beh məbləğinə əlavə olaraq 1000 manat da nağd pul verildikdən sonra, iddiaçının evinə bir-iki qapı və plintuslar qoymuş, bundan sonra ona 500 manat, sonradan isə yenə də 300 manat pul verilmişdir.Ümumilikdə 8300 manat beh verilsə də, iddiaçının evində gördüyü işlərin qiyməti 3000 manat olmuşdur, cavabdeh öhdəliyini tam olaraq yerinə yetirmədiyinə görə ona ödənilən 8300 manat beh məbləğindən 3000 manat gördüyü işlərin dəyərini çıxılmaqla, qalan 5300 manatın iddiaçıya qaytarılması tələb edilmiş, cavabdeh pulun yaxın zamanlarda qaytaracağını vəd etsə də, hər dəfə müxtəlif bəhanələr gətirməklə, pulun qaytarılmasından yayınmışdı. Bu səbəbdən də, Abşeron rayon Polis İdarəsinə müraciət edilmişdir. Tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, yəni razılaşdırılmış 13000 manatın 50%-i olaraq 6500 manatı cavabdehə ödəsə də, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir, yəni 1 ay ərzində işləri iddiaçıya təhvil verməli olduğu halda, ay yarımdan sonra işə başladığını bəyan etmişdir. Belə ki, cavabdeh Abşeron rayon Polis İdarəsinə verdiyi izahatında 2022-ci ilin avqust ayında iddiaçıdan 6500 manat almasını və ay yarım ərzində işə başlaya bilməməsini şəxsən özü açıqaşkar etiraf etmişdir. Lakin, məhkəmə işin göstərilən halını qərəzli olaraq qəbul etməmiş və tərəflər arasında razılaşdırılmış işlərin hansı müddət ərzində icra olunmasını ümumiyyətlə araşdırmamaqla həmin halı təhrif etmişdir. Bununla yanaşı, həm iddia ərizəsində, həm də iddiaçının və cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi izahatlarında təsdiq olunur ki, cavabdeh tərəfindən hal-hazıradək müqavilə öhdəliyi yerinə yetirilməmiş və razılaşdırılmış işlər iddiaçıya təhvil verilməmişdir. Məhz cavabdeh tərəfindən iddiaçıya qarşı törədilən bilə-bilə qanunsuz hərəkətlərə qiymət verilməsi üçün, yəni cavabdeh öhdəliyini vaxtında icra etmədiyi üçün eləcə də əlavə olaraq, 1800 manat beh ödənilsə də, cavabdeh öhdəliyini ağlabatan müddət ərzində də icra etmədiyindən bundan sonra, cavabdeh öhdəlik üzrə yalnız 2 otaq üçün daxili qapı və plintus düzəldib quraşdırmaqla kifayətləndiyindən məhz 2 otaq üçün daxili qapı və plintus düzəldib quraşdırmasının ümumilikdə qiyməti 3000 manat dəyərləndirməklə, qalan 5300 manatın qaytarılmasına əvvəlcə razı olduğunu və az bir müddət ərzində pulu qaytaracağını vəd etsə də, sonradan iddiaçının telefon zənglərinə cavab vermədiyindən Abşeron rayon Polis İdarəsinə müraciət olunmuşdur. Açıq-aşkardır ki, cavabdeh göstərilən işlərin icrasına vaxtında başlamamış və hal-hazıradək də onu tam icra edib başa çatdırmamışdır. Məhkəmə isə cavabdehin formal mülahizəsinə və uydurma fərziyəsinə əsaslanmış-iddiaçı tərəfindən verilmiş pula tikinti materiallarının alındığı və həmin malların sexdə saxlanıldığı izahatını əsas götürərək, ədalətsiz və əsassız qənaətə gəlmişdir. Digər tərəfdən hamıya bəllidir ki, sexə gəlib ümumilikdə dəyəri 13000 manat olan mallara görə 8300 manat (ümumi dəyərin yarısından artıq) beh ödəyən şəxsi açıq-aşkar aldadaraq, ona müxtəlif bəhanələr gətirməklə, cəmi 3000 manat dəyərində iş görülürsə və 2 ilə yaxın müddətdir ki, iddiaçının 5300 manat pul vəsaiti cavabdeh tərəfindən istifadə olunmaqla qaytarılmırsa, bu hal mənəvi sarsıntıya səbəb olan amillərdəndir. Odur ki, şəxs xoş məqsədlər üçün mənzilinin zövqünə uyğun olaraq, daxili qapılar, plintuslar və mətbəx mebeli ilə təchiz edilməsini planlaşdırır və bunun üçün də müəyyən miqdarda ödəniş də edir, lakin qarşı tərəfin hərəkəti (hərəkətsizliyi) ilə şəxsin öz arzusuna çatmaması nəticəsində onun hansı mənəvi iztirablar çəkməsi sübuta ehiyacı olmayan haldır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 09 oktyabr 2023-cü il tarixili 9/5948 nömrəli ekspert tədqiqatı ilə, Bakı şəhəri, Xətai rayonunda yerləşən, iddia olunan mənzil üzrə aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 2774,0 manat məbləğində olduğu müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100(yüz) manat müəyyən edilmişdir. 6.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil şikayətdə qeyd edilən dəlillərə uyğun izahat verməklə apellyasiya şikayətini müdafiə etdiyini, 13000 manata razılığa gəlindiyinin işin mübahisəsiz halı olduğunu, avqust ayında 6500 manat beh ödənildiyini, lakin cavabdehin 1 ay yarıma işə başlayacağını bildirsə də, bir iş görmədiyini, dekabr ayında beh məbləğindən əlavə olaraq ona 1000 manat da verildiyini, bundan sonra cavabdehin mənzilə iki qapı və iki otaq üçün plintus gətirib quraşdırdığını, işə davam etmək üçün yenidən 500 manat, daha sonra 300 manat, ümümilikdə 8300 manat pul ödənildiyini, bundan sonra cavabdeh tərəfindən telefon zənglərinə cavab verilmədiyindən iddiaçının polisə müraciət etdiyini, mülki mübahisə olduğu üçün cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edildiyini qeyd etməklə, ödənilmiş 8300 manat məbləğin müqabilində 3000 manat dəyərində iş görüldüyünü və qeyd edilən halların birinci instansiya məhkəməsində, polis idarəsində izahatında qarşı tərəfin etiraf etdiyini bildirmişdir. 7.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz etmiş, iddiaçı tərəfindən 8300 manat ödənildiyini bildirmiş, lakin 5800 manat dəyərində işin görülərək təhvil verildiyini, 2500 dəyərində malın isə yığıldığını və sexdə olduğunu, əlavə ödəniş ediləcəyi halda işin yavaş-yavaş başa çatdırılacağını qeyd etmişdir. 8.Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən kollegiyanın son iclasında tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 11.Mülki Məcəllənin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. (Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir – bu hissə münasibətlər yaranandan sonra əlavə edilib). 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 441.1- 441.4-cü maddələrinə əsasən: - Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; - Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər; - Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər; - Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 12.Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də, mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 13.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 14.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin qismən əsaslı dəlillərinə; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385-390-ci maddələrinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlməmiş, müəyyən edilmiş faktlar və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticə hasil olunmuşdur. Belə ki, tərəflərin izahatları, cavabdehin qismən etirafı ilə, habelə bunları təsdiq edən ekspertiza ilə iddianın əsası qismən təsdiq edilir. 15.Qeyd edilməlidir ki, iddiaçı tərəfindən beh müqaviləsinin bağlanmış hesab edilməsi və beh müqaviləsindən irəli gələn təfərrüatlar öz təsdiqini tapmasa da, sifarişin icra edilməsi üçün podratçının qüsurlu fəaliyyəti və 8300 manat məbləğində pul vəsaiti müqabilində sifarişin tam icra edilməməsi sübuta yetirilir. Belə ki, tərəflərin deməsindən asılı olmayaraq, beh müqaviləsi yazılı olmalıdır, hər iki tərəfin verdiyi izahatlar və ekspert rəyi əsasında isə iddiaçı tərəfindən cavabdehə ödənilən 8300 manat məbləğində pul vəsaiti müqabilində təqribən 3000 manat həcmində işin görülməsi təsdiq edilir. Ona görə də, yerinə yetirilməmiş 5300 manat məbləğində pul vəsaitinin dəymiş maddi zərər kimi cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsində tələb əsaslıdır. Bundan əlavə, uzun müddət podratçının qüsurlu (natamam) icrası və qüsurların aradan qaldırmaması nəticəsində cavabdehin maddi zərərə düçar olmaqla mənəvi iztirablar keçirməsi hamıya bəlli olan hal olduğundan iddiaçının mənəvi zərərə məruz qalması da qismən əsaslıdır. Mənəvi zərərin məbləğ hissəsində tələb mütənasiblik təşkil etməsə də, kollegiya hesab edir ki, bu hissədə iddianın qismən – 300 manat məbləğində təmin edilməsi ağlabatandır və tərəflərin məlum olmayan maddi vəziyyətinə adekvatdır. 16.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin, qətnamə ləğv və iddia qismən təmin edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdeh tərəfindən yerinə yetirilməmiş işlər üçün iddiaçı tərəfindən ödənilmiş 5300 manat məbləğində və mənəvi zərərə görə 300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərin özlərinə, ekspertiza xərci isə cavabdehə aid edilməlidir. 17.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1620/2022 saylı işi üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən yerinə yetirilməmiş işlər üçün iddiaçı tərəfindən ödənilmiş 5300 (beş min üç yüz) manat məbləğində və mənəvi zərərə görə 300(üç yüz) manat məbləğində, cəmi 5600 (beş min altı yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar