Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3240/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2818/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı –pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aldadılma nəticəsində ona dəymiş 20000 manat maddi ziyana görə pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi və cavabdehin onu aldadaraq pul vəsaitini ələ keçirməsi barədə Nərimanov rayon Prokurorluğuna xəbər verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailəvi dostu olmuş Cavabdeh 05.12.20-ci il tarixdə ona zəng vuraraq görüşmək istədiyini bildirmişdir. Onun bu zəngindən elə başa düşmüşdür ki, ailəvi problemi vardır. Bu səbəbdən də iddiaçı ərinə demişdir ki, görüşmək lazımdır və xx.xx.2015-ci ildə təxminən 21:30 radələrində Narimanov rayonu Atatürk bağında onunla görüşmüşlər. Cavabdeh bildirmişdir ki, arvadı xərçəng xəstəliyinə tutulub və təcili əməliyyat olunmalıdır. Bu əməliyyat üçün böyük vəsait tələb olunduğundan əlacsız qalıb. Bundan iddiaçı da kövrəlmiş və soruşmuşdur ki, nə qədər lazımdır. Cavabdeh 20000 manat pul lazım olduğunu bildirmiş və söz vermişdir ki, ev növbəsində olduğu ev ona 1 il ərzində veriləcək və ev verilən kimi satıb pulunu qaytaracaq. Təxminən 1 həftə keçdikdən sonra o, əri ilə birlikdə Cavabdeh zəng edib, onunla görüş təyin etmişlər və təhminən xx.xx.2015-ci ildə 17:30 radələrində iddiaçı əri ilə birlikdə Cavabdeh 20000 manat pul məbləği verib ki, təcili arvadını müalicəyə başlasın. Lakin sonra onlara məlum olmuşdur ki, Cavabdeh arvadı Anjelika Kukuşkina ümumiyyətlə xərçəng xəstəsi olmayıb və bu səbəbdən də ümumiyyətlə əməliiyyat olunmamışdır. Qeyd olunan səbəblərdən və Cavabdeh qeyd etdiyi vaxtdan bir müddət sonra pulun qaytarılmasını xahiş etmişlər. Lakin o, ev verilmədiyindən əlavə vaxt istəmişdir. Bu minvalla o, iddiaçı tərəfi dəfələrlə atdatmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2818/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (sədrlik edən: Lalə Rəhimli). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2818/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi məhkəmə tərəfindən təmin olunarkən işin faktiki hallarına obyektiv hüquqi qiymət verilməmiş, iddiaçun özü tərəfindən məhkəməyə təqdim olunmuş sübut barəsində dair tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan həmin sübuta hüquqi qiymət verilmədən yalnız formal əsaslara istinad edilməklə qətnamə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə tərəfindən iddianın təmin olunmasında əsas sübut kimi istinad olunmuş xx.xx.2018-ci il tarixli iltizamın iddiaçı ilə aramışdakı münasibətlərin faktiki halı əks etdirmədiyi, iddiada göstərilən pul məbləğinin cavabdeh tərəfindən alınmadığı, həmin məbləğin iddiaçının özü tərəfindən həyat yoldaşının müalicəsi üçün onun özünə əvəzsiz olaraq verildiyi, cavabdehin həmin pul məbləğindən sonradan xəbər tutduğu, cavabdeh tərəfindən həmin iltizamın məcburiyyət qarşısında qalınaraq imzalandığı məhkəmənin diqqətinə çatdırılsa da nədənsə işin qeyd olunan faktiki hallarına məhkəmə tərəfindən qiymət verilməmişdir. İddiaçının anası ilə cavabdehin həyat yoldaşı Anjelika Kukuşkina arasında dostluq münasibətləri olduğundan tez-tez bir-birlərinin evinə gediş-gəlişi olmuşdur. 2014-cü ildə cavabdehin həyat yoldaşının səhhətində problemlər yaranmağa başlamışdır. Cavabdehin maddi imkanı zəif olduğu üçün onların cavabdehin həyat yoldaşının müalicəsi üçün pulu ödəmək imkanı olmadığından iddiaçı tələb olunan pulu verəcəyini həyat yoldaşına bildirmiş və bundan sonra ona 17000 (on yeddi min) manat pul vermişdir. Bu zaman həyat yoldaşı iddiaçıya onun verdiyi pulu qaytarmağa maddi imkanının çatmayacağını bildirdikdə o, yoldaşının ona və onun övladına ana qayğısı göstərdiyi üçün həmin pulu əvəzsiz verdiyini və halal etdiyini qeyd etmişdir. Bu hala cavabdehin qızı Səbinə Rəhimova da şahid olmuşdur. 2018-ci ilin təxminən aprel-may aylarında həyat yoldaşının səhhəti ilə əlaqədar iddiaçıya onun uşağına artıq baxa bilməyəcəyini bildirdikdən sonra onun münasibətləri pisləşmiş və tez-tez evə gələrək pulunu geri tələb etməyə və səs-küy salmaqla rüsvay edəcəyi ilə hədələməyə başlamışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehi Dövlət Statistika Komitəsinin yanında bir ofisə çağıraraq orada görüşmələrini tələb etmiş və onlar həmin ofisdə görüşərkən özünü hüquqşünas kimi təqdim edən Fuad adlı şəxs pulu qaytarmayacağı təqdirdə cavabdehin və həyat yoldaşının həbs etdirəcəyi ilə məni hədələmiş və elə orada onun diktəsi ilə hazırda məhkəmədə sübut kimi istinad olunan xx.xx.2018-ci il tarixli iltizamı imzalamağa məcbur etmişdir. Bütün qeyd olunanlar barədə birinci instansiya məhkəməsinə bildirilməsinə baxmayaraq nədənsə məhkəmə tərəfindən işin həmin faktiki hallarına heç bir əhəmiyyət verilməmiş, eyni zamanda göstərilən hallarla bağlı şahidlərin məhkəməyə dəvət olunmasına şərait yaradılmamışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli yazılı iltizamdan görünür ki, o, İddiaçı 20000 manat məbləğində pul borcludur və həmin pulu yəni 2019-cu ilin dekabr ayına kimi geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Kollegiya iş materillarına əsasən, müəyyən etmişdir ki, Cavabdeh 2014-cü ilin dekabr ayında İddiaçı 20.000 manat məbləğində borc pul götürmüş və həmin məbləği 2019-cu ilin dekabr ayına kimi qaytarmağı öhdəsinə götürmüşdür. Bu hal iş materiallarında olan xx.xx.2018-ci il tarixli iltizamla (i.v. 6) müəyyən olunur. İş materiallararından və cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, Cavabdeh qeyd edilən borc məbləğini ödəməmişdir. Cavabdeh öhdəliyi icra etməməsini apellyasiya şikayətində həmin məbləği iddiaçının ona bağışlaması və istinad olunan iltizamın isə ona zorla yazdırılması ilə izah etmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, 20000 manatın iddiaçı tərəfindən cavabdehə onun həyat yoldaşının müalicə olunması üçün bağışlanması və iltizamın cavabdehə zorla yazdırılması hallarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilən xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddia tələbinin təmin edilərək, 20.000 manat məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2818/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3240/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3240/2021
09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver