Məhkəmə qərarları › İş №2(103)-3244/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3244/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3244/2023 02.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Abdullayeva (Həsənova) Səbinə İdris qızının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər:(pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı Abdullayeva (Həsənova) Səbinə İdris qızının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(005)-1313/2022 saylı qətnaməsindən iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 yanvar 2021-ci il tarixli Qərarı ilə X4 ərizəsi əsasında toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilmiş, X6 mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı Abdullayeva (Həsənova) Səbinə İdris qızı (bundan sonra–iddiaçı) Cavabdeh (bundan sonra–cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7740 ABŞ dolları pul vəsaitinin, 7740 ABŞ dolları pul vəsaitini qanunsuz saxladığına görə 1548 ABŞ dolları əldən çıxmış faydanın, 110 manat vəkil xərcinin və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə 2015-ci ildən müştəri kimi tanış olmuşdur. Sonradan cavabdeh onunla birlikdə işləməyini təklif etmiş, təklifini qəbul edərək, onunla işləməyə başlamışdır. İşlədiyi dövrdə heç bir zaman aralarında narazılıq olmamış, əksinə hörmət və güvən olmuşdur. Cavabdeh bu etibardan istifadə edərək ondan işinə pul qoyaraq daha artıq qazanc əldə etmək üçün pul istəmişdir. Cavabdehə olan etibarından bu təklifini qəbul edərək, birlikdə işlədikləri “X15” Salonda cavabdehə əvvəlcə 3100 ABŞ dolları, sonra 4140 ABŞ dolları, sonuncu dəfə isə 500 ABŞ dolları olmaqla, cəmi 7740 ABŞ dolları pul vəsaitini vermişdir. Pulu verdikdən sonra o, istifadəsində olan ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə pulun şəklini çəkərək atmış, ümumilikdə 7740 ABŞ dolları məbləğində pulu götürməsini yazmışdır. Lakin həmin pulları aldıqdan sonra hər hansı qazanc verməmiş, nə də pulu geri qaytarmışdır. Cavabdeh bu ilin 21 iyul tarixində sonuncu dəfə verdiyi 500 ABŞ dollarını aldıqdan sonra ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə ona “7240+500=7740 məndə pulun var” dedikdən bir müddət sonra ondan nə qədər pulu və qazanı tələb etsə də, nə pulunu, nə də qazancını qaytarmışdır. Cavabdehin əməllərindən Nərimanov Rayon Polis İdarəsinə şikayət etsə də, aralarında olan razılıqları inkar etdiyindən və yazılı razılıq olmadığından, aldadaraq qazanc vermək niyyəti ilə pulu aldığını sübut edə bilmədiyindən, barəsində cinayət işi açılmamış, cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Nərimanov Rayon Polis İdarəsinə etdiyi şikayətlə bağlı araşdırma gedərkən cavabdeh yalan məlumat verərək guya pulu ona qaytardığını və yalnız 4000 manat borclu qaldığını bildirmişdir. Həmçinin cavabdehin vəkili xeyli vaxt əvvəl əmək haqqını ala bilmədiyi üçün cavabdehin tanışı ilə aralarında olan danışıqdakı səs yazıya istinad edərək guya əmək haqqının deyil 7740 ABŞ dolları məbləğində pulu aldığını yalanını uydurmuşdur. “Aylar əvvəl həqiqətən də cavabdeh pulumu ödəmiş olsaydı izahat verərkən 4000 manat borclu qaldığını niyə yazırdı“ sualına isə cavabdehin vəkili heç bir cavab verə bilməmişdir. 4.Cavabdeh iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının onda 4000 manat pulu olmuş və həmin pulu qaytarmağa razı olduğunu bildirmişdir. Odur ki, iddianın həmin hissədə təmin olunmasına etiraz etməmişdir. 5.X1 bildirmişdir ki, iddiaçını cavabdehin köməkçisi kimi tanımış və cavabdehin telefon zənglərinə əksər vaxt iddiaçı tərəfindən cavab verilmişdir. 6.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra–birinci instansiya məhkəməsi) 25 aprel 2022-ci il tarixli, 2(005)-1313/2022 saylı qətnaməsi ilə (hakim-Kəmalə Əmirxanova) iddia qismən təmin edilərək, cavabdehdən 4000 manat borcun, 110 manat vəkil xərcinin əvəzi və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 35,40 manat iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 7.Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. 8.Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının pulun saxlanması üçün götürdüyünü, təhvil aldığı pulun iddiaçı tərəfindən hissə-hissə geri alındığını və hazırda iddiaçıya 4000 manat məbləğində vəsait verməli olduğunu qeyd edərək, iddianın 4000 manat hissəsində etiraf etmiş və həmin hissədə təmin olunmasını xahiş etmişdir. İddianın 7140 ABŞ dolları hissəsində tam təmin olunması üçün hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. 9.Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddia tələbi xarici valyuta olan ABŞ dollarında olmasına baxmayaraq, cavabdeh tərəfindən etiraf edilən və sübutlarnan əksini tapan məbləğ manat ilə ifadə edilmiş, bu səbəbdən iddia həmin hissədə xarici valyutada deyil, 4000 manat məbləğində və milli valyutada təmin edilməsini daha məqbul hesab etmişdir. 10.Məhkəmə iddianın əldən çıxmış fayda 1548 ABŞ dollar cavabdehdən tutulması ilə bağlı belə nəticəyə gəlmişdir ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olduğunu qeyd etməmiş və faktiki sübut təqdim etməmişdir. 11.Məhkəmə şahid ifadəsinin iddia tələbinə aid olmamasını və həmçinin işin mahiyyəti üzrə nəticə verilməsi üçün əhəmiyyət kəsb edən fakt qeyd edilməməsi səbəbindən sübut kimi qəbul etməmişdir. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 439.4, 442, 443.1, 445.1,445.2.1, 448.1, 448.2, 449.1, 462.1, 465.2, 467, 567, 1092.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 13.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmayan hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, öz tələbini əsaslandıran halları həm tərəflər arasındakı yazışmalarla, həm də cavabdehin polis idarəsindəki etirafedici izahatı ilə sübut etmiş, cavabdeh isə hansı tarixlərdə, nə qədər pul qaytardığını, aldığı məbləğin nə qədərini qaytardığını və necə 4000 manat borclu qaldığını və 7740 ABŞ dollarının 4000 manatdan əlavə olan hissəsini qaytardığına dair bir dənə olsun sübut təqdim edə bilmədiyi halda məhkəmə əsassız, qərəzli, qeyriobyektiv, şübhəli qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh yalnız məhkəmə iclasında şahid dəvət edərək həmin şahid ifadələri ilə yalandan sübut etməyə çalışmışdır ki, guya cavabdehin telefonları iddiaçıda olurmuş. Halbuki hamin şahid nə belə hala dair dəqiq məlumat verməmiş, nə də həmin şahid pulun qaytarılması barədə bir kəlmə ifadə işlətməmişdir. Cavabdeh 7740 ABŞ dollarının 600 dollarını etiraf etmədiyi, 7140 dollarını etiraf etdiyi və həmin hissədə aldığı məbləği mübahisələndirmədiyi halda qeyri-dəqiq məlumatlarla guya məbləğin müəyyən hissəsini qaytardığını və yalnız 4000 manat (2353 ABŞ dolları) borclu qaldığını etiraf etmiş va qalan məbləği yəni 5387 ABŞ dollarını mübahisələndirmişdir. Məhkəmə isə sübutlara obyektiv və hərtərəfli baxmamış, qərəzli qətnamə qəbul etmişdir. İddiaçının iddia tələbində göstərdiyi hallar tam sübut edildiyi təqdirdə məhkəmə buna əhəmiyyət verməmiş, işin faktiki və hüquqi hallarına zidd qətnamə qəbul etmişdir. İddiaçının öz iddia tələbində də qeyd etdiyi iddia tələbini cavabdehin etraf etməsinə və yalnız qalıq borc hissədə mübahisələndirdiyi hissəsini sübut edə bilmədiyinə baxmayaraq məhkəmə əsassız olaraq iddianı qismən təmin etməkdə səhv qənaətə gəlmişdir. 15.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 3 oktyabr 2022-ci il tarixli, 2(103)-5179/2022 saylı qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, cavabdehdən 7.740,0 ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) və hüquqi xidmətə görə 107,40 manat iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissələrdə rədd olunması qət edilmişdir. 16.Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsində təqdim edilsə də, tərəflər arasında WhatsApp şəbəkəsi vasitəsi ilə olan səs yazılarına (CD diskə köçürülüb) və iş materiallarının 30-33–cü səhifəsində olan ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə tərəflər arasında olan yazışmalara hüquqi qiymət verilməmişdir. 17.Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən cavabdeh iddiaçının pul vəsaitini saxlamaqla əsassız varlandığından, Mülki Məcəllənin 1092.1-ci maddəsini tətbiq etmişdir. Halbuki, iddiaçı cavabdehə məxsus “X15” salonunda lazer aparatında işləməyə razı olmuş və həmin iş üçün əlavə avadanlıq alınması ilə bağlı pul lazım olduğunu demişdir. Beləliklə, tərəflər arasında birgə fəaliyyətə dair şifahi razılaşma olmuşdur. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar”ından, tərəflər arasında WhatsApp şəbəkəsi vasitəsi ilə olan səs yazılarından (CD diskə köçürülüb) və iş materiallarının 30-33–cü səhifəsində olan ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə yazışmalardan görünmüşdür ki, iddiaçı cavabdehə birgə işləyib qazanc əldə etmək üçün 7.740 ABŞ dolları məbləğində pul vermişdir. Onların arasında yaxın və işgüzar münasibətlər yaranmışdır. (tərəflər arasında WhatsApp şəbəkəsi vasitəsi ilə olan səs yazılarından (CD diskə köçürülüb) və iş materiallarının 30- 33–cü səhifəsində olan ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə yazışmalardan da aydın olmuşdur ki, cavabdeh işdə olmadığı vaxtlarda iddiaçı işdə müştəriləri qəbul etmiş, cavabdeh iddiaçıdan onun evinə uşaqlarına görə getməsini və s. xahiş etmişdir) məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında yaranmış münasibətlərə birinci instansiya məhkəməsi Mülki Məcəllənin əsassız varlanma münasibətlərini tənzimləyən 1092.1-ci maddəsini tətbiq etməkdə haqlı olmamışdır. Tərəflər arasında birgə fəaliyyət (şəriklik) barədə şifahi razılaşma olmuşdur. 18.Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı öz tələbini əsaslandıran halları həm tərəflər arasındakı yazışmalarla, həm də cavabdehin polis idarəsindəki etirafedici izahatı ilə sübut etmiş, cavabdeh isə hansı tarixlərdə, nə qədər pul qaytardığına, aldığı məbləğin nə qədərini qaytardığına, necə 4000 manat borclu qaldığına və 7740 ABŞ dollarının 4000 manatdan əlavə olan hissəsini qaytardığına dair heç bir sübut təqdim edə bilməmişdir. 19.Cavabdehə məxsus telefonun əksər vaxtı iddiaçıda olması və WhatsApp şəbəkəsi vasitəsi ilə olan yazışmaların iddiaçının özü tərəfindən yazıldığının istisna olunmaması kimi cavabdehin vəkili və nümayəndəsinin dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, bu işin araşdırılan halları ilə təsdiqini tapmamışdır. Əksinə hətta Kollegiyanın iclasında tədqiq edilmiş səs yazılarından aydın olmuşdur ki, hətta tibbi əməliyyata gedən gün də cavabdehin telefonu özündə olmuş, cavabdehin öz səsi ilə iddiaçı ilə danışıqları olmuşdur. Həmçinin, iddiaçının vəkili və nümayəndəsi bildirmişdir ki, işdə müştərilərin qəbulu ilə bağlı cavabdehin iş yerinə aid telefonu iddiaçı işlə bağlı istifadə etmişdir. 20.İş materiallarının 30-33–cü səhifəsində olan ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə 21 iyul 2021-ci il tarixdə tərəflər arasında olan yazışmalar ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə cavabdeh iddiaçıya “7240+500=7740 məndə pulun var” bildirmişdir. Həmin iş vərəqindəki yazışmada manat yaxud ABŞ dolları olması qeyd edilməsə də, iş vərəqinin 32-ci səhifəsində olan yazışmada borcun ABŞ dolları ilə olması müəyyən edilmişdir. Həmçinin, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar”ından görünmüşdür ki, cavabdeh izahatında göstərmişdir ki, 2 ilə yaxındır ki, iddiaçını çağırıb ona işində köməklik etməsini bildirmişdir. Bu ərəfədə iddiaçı anasından aldığı 7.140 ABŞ dollarını ona verərək saxlanılmasını xahiş etmişdir. O da, iddiaçının pulunu saxlamışdır. Lakin sonralar o, iddiaçının xahişi ilə iddiaçının öz pulundan hissə-hissə iddiaçının özünə vermiş və hazırda onda iddiaçının 4.000 manat pulu qalmışdır. 21.Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin iddiaçı ilə birlikdə işlədikləri “X15” Salonda birgə qazanc əldə etmək üçün iddiaçının cavabdehə cəmi 7.740 ABŞ dolları pul vəsaitini verməsi, lakin həmin pulları aldıqdan sonra cavabdehin iddiaçıya hər hansı qazanc verməməsi, nə də 7.740 ABŞ dolları pulu geri qaytarmaması məhkəmə kollegiyasının iclasında yuxarıda sadalanan sübutlarla müəyyən edilmişdir. 22.Məhkəmə kollegiyası qeyd etmişdir ki, 7740 ABŞ dolları pul vəsaitini qanunsuz saxladığına görə 1548 ABŞ dolları əldən çıxmış faydanın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə hissədə tələb əsaslı saymamış və iddiaçı əldən çıxmış faydanın nədən ibarət olmasına, cavabdehin faydalanmasına dair hər hansı sübutu təqdim etməmişdir. 23.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 385.1, 386.1, 442, 443.1, 445.1,445.2.1, 448.1, 448.2, 449.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. 24.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5179/2022 nömrəli 02 dekabr 2022-ci il tarixli əlavə qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu 30 manat, 40 qəpik pulun Cavabdeh tutularaq Abdullayeva (Həsənova) Səbinə İdris qızına verilməsi qət edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Kassasiya instansiyası məhkəməsindəki icraat 26.Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 27.Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlara, verilən izahatlara hərtərəfli, tam münasibət bildirməmişdir. 2015-ci ildən iddiaçının xalası cavabdehin işlədiyi salonda xadimə, cavabdeh isə lazer aparatında işləmişlər. İşi çox olduğundan cavabdeh köməkçi axtarmış, həmin xadimə cavabdehə müraciət etmişdir ki, onun bacısı qızı istəyərdi ki, cavabdehin yanında işləsin, kasıb qızdı, bir oğlu var və s. Cavabdeh də sınaq müddəti ilə işləməsinə razılıq vermişdir. İddiaçı cavabdehin yanında fasilələrlə işləmişdir. Cavabdeh köməkçi ilə iş birliyi qurmuş, ondan buna görə pul istəməyə ehtiyacı olmamışdır. Apellyasiya instansiyası iddiaçının cavabdehə iş qurulması üçün pulun verdiyini qəbul etsə də, bununla bağlı qətnamədə hər hansı sübuta istinad etməmişdir. 28.Kassator qeyd etmişdir ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi” Qərarında cavabdehin izahatına istinad edilsə də, cavabdeh həmin izahatı şəxsən yazmamışdır. İzahat texniki vasitə ilə (kompüter) Bakı şəhəri Nərimanov rayon Pİnin İŞ-nin baş müstəntiqi tərəfindən yazılmışdır. Qeydiyyatın səhv aparıldığı “Cinayət işinin başlanmasının rədd edilməsi” Qərarda məbləğin gah 7140 ABŞ dolları, gah da 7740 ABŞ dolları kimi göstərilməsi sübut etmişdir. Apellyasiya instansiyası məhkəməsi buna münasibət bildirməmişdir. Həmçinin, cavabdeh vicdanlılıq və səmimiyyət göstərərək onda olan pulun 4000 manat olduğunu hər iki instansiya məhkəməsində boynuna almışdır. Həmin hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı “Cinayət işinin başlanmasının rədd edilməsi” Qərarında qeyd edildiyi kimi cavabdehi 6 ilə yaxındır ki, tanıdığını bildirsə də, 2020-ci ildə cavabdehə pul verdiyini izahatında qeyd etmiş, lakin pulu məhz 2020-ci ildə verməsi barədə heç bir sübut təqdim etmişdir. Həmçinin, iddiaçı hər iki instansiya məhkəməsində də pulu 2020-ci ilin may ayında cavabdehə verməsi barədə heç bir sübut təqdim etməmişdir. Buradan da iddiaçının cavabdehə qərəzinin olduğu görünmüşdür. Belə ki, məhkəmə araşdırmaları zamanı da müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin faktiki həyat yoldaşı ilə gizlincə görüşmüşdür, cavabdeh bu məsələdən xəbər tutduğuna görə cavabdehə saxlamağa verdiyi pulu geri istəmişdir. Faktiki yoldaşı ilə münasibətinin olması birinci instansiya məhkəməsinə təqdim edilən CD diskdə iddiaçının cavabdehin faktiki yoldaşı ilə telefon danışığından da bilinmişdir. Həmin CD disk araşdırılmamış və pulun 2020-ci ilin may ayında verilməsi barədə iddiaçı tərəfindən cavabdehə verilməsi barədə hər hansı bir sübutun məhkəməyə təqdim edilmədiyi apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. 29.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2023-cü il tarixli, 2(102)- 678/2023 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli, 2(103)- 5179 saylı qətnaməsi və 02 dekabr 2022-ci il tarixli, 2(103)-5179 saylı əlavə qətnaməsinin tamamilə ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. 30.Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkilinin birinci instansiya məhkəməsində icraatda məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, səs yazısı və disk olmuşdur. Lakin birinci instansiya məhkəməsi cavabdehin yuxarıda göstərilən vəsatətini işdə iştirak edən digər şəxslərin fikirləri dinləməklə həll etməli olduğu halda həll etməmiş, sübutları araşdıraraq onlara qiymət vermək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi də bunu nəzərə almamışdır. 31.İş üzrə iddiaçı birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək Nərimanov Rayon Polis İdarəsində aparılmış araşdırmanın nəticəsi barədə qəbul edilmiş cinayət işinin rədd edilməsi haqqında qərarın, alınmış izahatların, iş üzrə sübutların məhkəməyə təqdim edilməsi barədə vəsatətinin təmin edilməsini xahiş etmişdir. Lakin məhkəmələr tərəfindən həmin materiallar müvafiq orqandan əldə edilərək iş materiallarına əlavə edilməmiş və araşdırlmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə halların tam, hərtərəfli və obyektiv araşdırılması məqəsdilə iddiaçının vəsatəti əhəmiyyətli olmuş, lakin məhkəmələr prosessual hüquq normalarının tələblərinə lazımi qaydada əməl etməmişlər. 32.Apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən prosessual hüquq normalarının pozuntusu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bilən pozuntu xarakterlidir. 33.Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işə yenidən baxılarkən iş üzrə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə verilmiş vəsatətdə göstərilən səs yazısı və diskin iş materiallarına əlavə olunaraq tədqiq olunması məsələsi həll olunmalı, eləcə də işin hərtərəfli, obyektiv və tam araşdırılması üçün əhəmiyyətli olduğundan cinayət işinin başlanmasının rədd edilməsi haqqında materiallar (qərar, tərəflərin izahatları və s.) müvafiq orqandan tələb edilərək alınıb iş materiallarına əlavə edilməklə və çəkişmə prinsipi təmin edilməklə araşdırılmalı, sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə müvafiq qiymət verilməklə, iş üzrə müəyyən edilmiş hallara tərəflər arasındakı hüquq münasibətinin xarakterinə uyğun maddi hüquq normaları tətbiq olunaraq qanuni və əsaslı məhkəmə aktı qəbul olunmalıdır. c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat d)Məhkəmə icraatı iştirakçılarının izahatları 34.Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında və ona verilən suallara cavab olaraq bildirdi ki, iddia tələbində tərəflər arasında münasibətlərin iş birliyi ilə bağlı yarandığını qeyd etsələr də, bunu sübuta yetirə bilməmişlər. Buna görə də, hesab edirlər ki, tərəflər arasında borc münasibətləri yaranmışdır. İddiaçı cavabdehə pulu 2020-ci ilin mart ayında vermişdir. Cavabdeh tərəfindən iddiaçıya heç bir məbləğdə pul qaytarılmamışdır. Səs yazısını dinləyəndə, iddiaçının səsini tanımışdır. O, həmin səsi mübahisələndirmir. Səs yazımında iddiaçı borcun deyil, ona verilən əmək haqqının qaytarılmasını bildirir. 35.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsinin mobil telefonu vasitəsi ilə iddiaçı ilə əlaqə saxlanılmış, iddiaçı ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, cavabdehə pulu müxtəlif vaxtlarda cavabdehə iş birliyinə görə vermişdir. Pulun bəzi hissəsində borc var idi. Ramini Samirənin sevgilisi kimi tanıyır. Telefon cavabdehin özündə olub. Raminlə onun səs danışığı 2021ci ilin oktyabr ayında olub. O, etiraf etdiyi aldığı pul əmək haqqı ilə bağlı olub. 36.Məhkəmə kollegiyasının iclasında cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməmsini xahiş etdilər. Cavabdeh tərəf izahat və verilən suallara cavab olaraq bildirdilər ki, iddiaçı cavabdehə 2020-ci ilin mart ayında saxlamaq üçün pul vermişdir. İddiaçı cavabdehin yanında köməklik göstərmiş, heç bir əmək münasibəti olmamışdır. Cavabdeh iddiaçıya köməkliyinə görə pul da vermişdir. İddiaçı tərəfindən 7140 ABŞ dolları məbləğində pul saxlanılması üçün verilmişdir. Cavabdeh həmin puldan iddiaçıya öz iş yerində qaytarmalar həyata keçirmiş, pul ABŞ dolları ilə olduğuna görə hesablamasına əsasən 4000 manat ödənilməyən məbləğ qalmışdır. Cavabdehin mobil telefonu əksər hallarda ididaçıda olmuşdur. Hətta iddiaçının özü tərəfindən təqdim olunmuş tərəflər arasında WhatsApp şəbəkəsi vasitəsi ilə olan səs yazılarına (CD diskə köçürülüb) diqqət yetirəndə məlum olur ki, həqiqətən cavabdehin mobil telefonu əksər vaxtlarda iddiaçıda olmuşdur. WhatsApp şəbəkəsi vasitəsi ilə cavabdehin mobil telefonundan iddiaçıya “7240+500=7740 məndə pulun var” yazısı iddiaçının özü tərəfindən göndərilmişdir. Həmin səhifədə olan yazıya diqqətlə nəzər yetiriləndə bu məlum olur. Cavabdehin evi ilə iş yeri arasında 3 dəqiqəlik məsafə olub. İddiaçı cavabdehin həyat yoldaşı olan X8 ilə gizlin görüşlər həyata keçirmiş, cavabdehin ailəsini dağıtmışdır. Cavabdeh bundan xəbər tutanda, iddiaçı pul tələblərini irəli sürmüşdür. Əslində cavabdehin iddiaçıya borcu qalmayıb, lakin ədalətlilik göstərib, 4000 manatı qaytarmağa hazır olduğunu bildirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 37.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 38.Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 39.Maddə 445.7.Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 40.Maddə 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 41.Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 42.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 43.Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 44.Maddə 9.1.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 45.Maddə 9.3.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 46.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 48.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 49.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 50.Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 51.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 52.Maddə 385.1.1, 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 53.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 54.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, iddiaçı qətnaməni iddianı təmin edilməyən hissədə mübahisələndirsə də, tələb bölünməz olduğundan apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 55.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməyərək, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. 56.Belə ki, kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunduğu kimi, iddiaçının nümayəndəsi və vəkilinin birinci instansiya məhkəməsində icraatda məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, səs yazısı və disk olmuşdur. Lakin birinci instansiya məhkəməsi cavabdehin yuxarıda göstərilən vəsatətini işdə iştirak edən digər şəxslərin fikirləri dinləməklə həll etməli olduğu halda həll etməmiş, sübutları araşdıraraq onlara qiymət vermək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi də bunu nəzərə almamışdır. Həmçinin iş üzrə iddiaçı birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək Nərimanov Rayon Polis İdarəsində aparılmış araşdırmanın nəticəsi barədə qəbul edilmiş cinayət işinin rədd edilməsi haqqında qərarın, alınmış izahatların, iş üzrə sübutların məhkəməyə təqdim edilməsi barədə vəsatətinin təmin edilməsini xahiş etmişdir. Lakin məhkəmələr tərəfindən həmin materiallar müvafiq orqandan əldə edilərək iş materiallarına əlavə edilməmiş və araşdırlmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə halların tam, hərtərəfli və obyektiv araşdırılması məqəsdilə iddiaçının vəsatəti əhəmiyyətli olmuş, lakin məhkəmələr prosessual hüquq normalarının tələblərinə lazımi qaydada əməl etməmişlər. 57.Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən maddi normanın tələbləri pozularaq, alğı-satqı ilə bağlı nomaya istinad olunmuşdur. 58.MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 59.Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: 60.İlk olaraq qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 61.İddiaçı iddia ərizəsində pulu cavabdehə onlar arasında birgə fəaliyyət barədə şifahi razılaşma əsasında onunla birgə işləməklə daha artıq pul qazanmaq məqsədilə verdiyini bildirsə də, bu hal nə məhkəmə araşdırması zamanı, nə də Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2022ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar”-dan müəyyən edilir. 62.Həmçinin məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddia tələbində tərəflər arasında münasibətlərin iş birliyi ilə bağlı yarandığını qeyd etsələr də, bunu sübuta yetirə bilməmişlər. Buna görə də, hesab edirlər ki, tərəflər arasında borc münasibətləri yaranmışdır. 63.Cavabdeh isə iddiaçının pulunu saxlanması üçün götürdüyünü, təhvil aldığı pulun iddiaçı tərəfindən hissə-hissə geri alındığını və hazırda iddiaçıya 4000 manat məbləğində vəsait verməli olduğunu qeyd edərək, qaytarılmalı olan pulun 4000 manat hissəsini etiraf etmişdir. 64.Beləliklə iddiaçı ilə cavabdeh arasında birgə fəaliyyət barədə hər hansı bir razılaşmanın mövcudluğu heç bir mötəbər sübutla öz təsdiqini tapmadığından, həmçinin cavabdehin iddiaçının pulunu saxlanması üçün götürdüyü öz təsdiqini tapmadığından, kollegiya hesab edir ki, hazırkı mübahisənin qanuni əsası əsassız varlanmadan irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı olmuşdur. 65.Belə ki, işin tədqiq edilmiş halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehin işlədiyi yerdə ona köməklik göstərmiş, cavabdeh iddiaçının müəyyən məbləğdə pulunu qanuni və müqavilə əsası olmadan özündə saxlayaraq əsassız varlanmışdır. 66.Buna görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 67.Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, hazırkı işlə bağlı mübahisəli digər hal iddiaçının cavabdehə verdiyi və cavabdehin qaytarmalı olduğu pulun məbləği ilə bağlı olmuşdur. 68.Belə ki, iddiaçı cavabdehlə aralarında olan “WhatsApp” yazışmasına əsasən cavabdehin “7240+500=7740 məndə pulun var” yazısına istinad edərək, cavabdehə 7740 ABŞ dolları pul veridiyini bildirmişdir. (Həmin iş vərəqindəki yazışmada manat yaxud ABŞ dolları olması qeyd edilməsə də, İ cilddə iş vərəqinin 32-ci səhifəsində olan yazışmada borcun ABŞ dolları ilə olması müəyyən edilir.) 69.Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan “WhatsApp” vasitəsilə 23 dekabr 2020-ci il tarixində aparılmış yazışmanın əks olunduğu foto-şəkillərə əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya “ümumi məndə 7140 var düzdü?” yazmış, iddiaçı isə “Hə elədi” yazaraq təsdiq etmişdir.(İ cild, i/v 32) 70.Həmin tarixli yazışmada cavabdeh iddiaçıya “cəmi 7140 məndə pul olur bü günküynən bir yerdə” yazmış, iddiaçı isə “hə 7140” yazaraq bir daha qeyd olunan məbləği təsdiq etmişdir. 71.Lakin, iddiaçının istinad etdiyi 21 iyul 2021-ci il tarixli yazışmada qeyd olunmuş “7240+500=7740 məndə pulun var” yazısını məhkəmə mötəbər sübut kimi qəbul etməməklə cavabdehin həmin yazını iddiaçının özü tərəfindən yazıldığına dair izahatını iş üzrə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verməklə daha inandırıcı hesab edir. (İ cild, i/v 30) 72.Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim olunmuş CD diskdəki səs yazısından (İ cild i/v 83) məlum olur ki, cavabdeh özünə məxsus mobil telefonu bir neçə dəfə iddiaçıya saxalamağa vermişdir. Ümumiyyətlə səs yazılarından onlar arasındakı münasibətin yaxşı olduğu, cavabdehin tez-tez telefonu iddiaçıya verməsi halı öz təsdiqini tapır. 73.Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, iddiaçı X7 Cavabdeh köməkçisi kimi tanımış və cavabdehin telefon zənglərinə əksər vaxt iddiaçı tərəfindən cavab verilmişdir. 74.Digər tərəfdən 21 iyul 2021-ci il tarixli yazışma aşağıdakı şəkildə baş tutmuşdur: -Sabahın xeyir Səbinə (09:03) -Gəlirsən? (09:03) -Sabahınız xeyir Samirə xanım (09:33) -Hə 15-20 dəq ordayam (09:33) -Salam Səbinə xala (10:10) -Mama deyir yaralarına vurduğu bantdan 2 packa ala bilərsiz? (10:11) -Almışam (10:22) -Dünən gördüm bitib (10:22) -7240+500+7740 məndə pulun var (12:31) 75.Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında baş tutmuş 23 dekabr 2020-ci il tarixli yazışmada tərəflər arasında pulun məbləği ilə bağlı söhbət aparılmış və iddiaçı 7140 ABŞ dolları məbləğində pulun cavabdehdə olduğunu təsdiq etmişdir. 76.21 iyul 2021-ci il tarixli yazışmada isə puldan söhbət getmədiyi bir vaxtda cavabdehin iddiaçıya “7240+500+7740 məndə pulun var” kimi bir mesaj yazması inandırıcı olmamaqla məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, həmin mesaj məhz cavabdehin telefonunun iddiaçıda olduğu vaxt iddiaçının özü tərəfindən yazılmışdır. Çünki iddiaçının mesajda 10-15 dəqiqəyə orada olacağını bildirdikdən sonra (09:33), “7240+500+7740 məndə pulun var” mesajının (12:31) yazılması vaxtı qeyd olunan qənaətə gəlməyə tam olaraq əsas yaradır. Belə ki, cavabdeh iş yeri ilə evinin arasında 3 dəqiqəlik məsafə olduğunu, iddiaçının tez-tez onlarda olduğunu bildirmişdir. Buna görə də, kollegiya bu hissədə X1nın ifadəsinə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək hesab edir ki, şahidin iş üzrə bildirdikləri digər sübutlarla öz təsdiqini tapdığından, mötəbər sübut kimi qəbul olunmalıdır. 77.Bundan əlavə kollegiya qeyd edir ki, iddiaçı tələbində cavabdehə əvvəlcə 3100 ABŞ dolları, sonra 4140 ABŞ dolları, sonuncu dəfə isə 500 ABŞ dolları, yəni üç dəfəyə cəmi 7740 ABŞ dolları verdiyini bildirmişdir. Hansı ki, 23 dekabr 2020-ci il tarixli “WhatsApp” vasitəsilə aparılan yazışmada cavabdehin “Be bayaq deyirsən 3dəfr pul vermisən.Mən də dəli olmuşamN”, “Cəmi 7140 məndə pul olur bu günküynən bir yerdə” qeydinə iddiaçı “Hə 7140” qeydi ilə cavab verməsi bir daha tədqiq edilmiş digər sübutlarla birlikdə bu qənatə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə 7740 ABŞ dolları deyil, 7140 ABŞ dolları məbləğində pul verilmişdir. Belə ki, iddiaçı qeyd olunduğu kimi pulun üç dəfəyə verildiyini bildirmiş, 23 dekabr 2020-ci il tarixli “WhatsApp” vasitəsilə aparılan yazışmada üç dəfəyə pulun verilməsinə tərəflər dialoq şəklində qiymət vermiş və iddiaçı “Hə 7140” qeydi ilə cavab verməklə pulun 7140 ABŞ dolları olmasına razılaşmışdır. 78.Digər tərəfidən iş materiallarına əlavə edilmiş, cavabdeh tərəfindən təqdim olunmuş CD diskdə (cavabdeh bildirir ki, həmin CD diskdə olan səs yazısı iddiaçının yaxın qohumları tərəfindən ona göndərilmişdir) cavabdehin keçmiş həyat yoldaşı X8 ilə iddiaçı arasında baş tutmuş danışığın əks olunduğu səs yazısından görünür ki, iddiaçı cavabdehə verdiyi pulu almışdır. 79.Belə ki, həmin CD diskdə əks olunmuş səs yazısına əsasən danışıq aşağıdakı məzmunda baş tutmuşdur. -Ramin: sən pulunu almısan ondan? +Səbinə: hə..., hə almışam. -Ramin: sənə verəsi deyil pul zad? +Səbinə: yox, yox, almışam. -Ramin: eləmi? +Səbinə: hə almışam. -Ramin: o vaxt mən sənə dedim pulunu al. +Səbinə: almışam, almışam hə. 80.Göründüyü kimi səs yazısında iddiaçı pulu aldığını bildirmiş, cavabdehin ona borcu olduğunu bildirməmişdir. 81.Cavabdeh isə öz növbəsində aldığı pulun iddiaçı tərəfindən hissə-hissə geri alındığını və hazırda iddiaçıya 4000 manat məbləğində vəsait verməli olduğunu qeyd edərək, iddianı 4000 manat hissəsində etiraf etmişdir. 82.Belə ki, cavabdeh bildirmişdir ki, pulu dollarla saxlamış, öz hesablamalarına görə manata çevirərkən iddiaçının onda 4000 manat pulu qalmışdır. 83.Apellyasiya mərhələsində şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Samirə ilə ailə olmuşlar, rəsmi nikahları və ortaq uşaqları olmayıb. Onların hal-hazırda münasibətləri yoxdur, eyni zamanda aralarında düşmənçilik də yoxdur. Səbinə Samirənin yanında işçi olub, Səbinəni oradan tanıyır. Səbinə ilə münasibəti səs yazısından bilinir, şəxsi münasibətləri olub, hal-hazırda heç bir münasibəti və ədavəti yoxdur. Səbinə axırıncı dəfə o səs yazısında onunla əlaqə saxlamışdır. Səs yazısı da təxminən 3 il, 2 ildən çox müddət əvvələ aiddir, dəqiq yadında deyil, 2-3 il əvvələ aiddir. Xanımlar arasındakı pul alış-verişi ilə bağlı məlumatı var idi ki, Səbinənin Samirə xanımda məbləği dəqiq yadında deyil, dörd min nə qədər pulu var. Pulun 1500 dolları onun yanında qaytarıb, qalanını da özündən (Səbinədən) soruşmuş, o da bildirmişdir ki, hamsını alıb. Pulu qaytaranda üçü olub, iş yerində qaytarmışdır, iki qadın arasında olan 3 manat, 5 manat məsləyə qarışmadığına görə dəqiq məbləği bilmir. Səs yazısını Səbinə özü yazmışdır. Həmin vaxt Samirə ilə Səbinə arasında problem var idi, o da Səbinə ilə danışanda bilmirdi ki, Səbinə onun səsini yazır. Pulun verilməsi o səs yazısından əvvəl olub. Polis idarəsində izahat verilməsindən sonradan xəbəri olmuş, onun yanında pul qaytarılandan sonra güman edir ki, Samirə ilə Səbinə arasında pul söhbəti olmamış, pul yanında sayılıb, o da görmüşdür, pul dollarla idi, əskinasların 50 yoxsa 100lük olduğu yadında deyil. 84.Kollegiya şahid ifadəsinə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək hesab edir ki, şahidin iş üzrə bildirdikləri digər sübutlarla öz təsdiqini tapdığından, mötəbər sübut kimi qəbul olunmalıdır. 85.Kollegiya iddiaçının səs yazısında pulun ona ödənilən əmək haqqı olması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, səs yazısı aparılan dövrdə tərəflər arasında münasibətlər normal olmamışdır. Bu iddiaçının özünün də səs yazısında dediklərindən tam olaraq aydın müəyyən olunur. Şahidin iddiaçıya sən ondan pulunu almısan sualına “hə almışam” deməsi, şahidin iddiaçıya “sənə verəsi deyil pul zad?” sualına iddiaçı “yox, yox, almışam, “hə almışam”, “almışam, almışam hə” cavablarını verməsi cavabdeh tərəfindən pulun qaytarılması halını bir daha təsdiq edir. Münaqişəli vəziyyətdə olan iddiaçının cavabdehdə pulu qaldığı halda, dəfələrlə “hə almışam” deməsi inandırıcı görünmür. 86.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehin etiraf etdiyi qaydada ondan iddiaçının xeyrinə 4000 manat məbləğində pul tutulmalıdır. 87.Məhkəmə kollegiyası iddia tələbinin pul vəsaitinin qanunsuz saxlanılmasına görə cavabdehdən 1548 ABŞ dolları əldən çıxmış faydanın tutulması hissəsini qismən əsaslı hesab edərək qeyd edir ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olduğu və niyə məhz 1548 ABŞ dolları məbləğində olduğu barədə mötəbər sübutlar təqdim etməmişdir. 88.Bunula yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus pul vəsaiti 2020-ci ilin mart ayından qanunsuz olaraq Cavabdeh tərəfindən saxlanıldığından Mülki Məcəllənini 445.7-ci maddəsinə uyğun olaraq iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməlidir. 89.Belə ki, pul vəsaitinin verildiyi-2020-ci ilin mart ayından iddiaçının məhkəməyə müraciət etdiyixx.xx.2022-ci il tarixədək olan dövr- 2 il üçün geçikdirilmiş vaxt üçün illik 5 faiz ödənməli olduğundan iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh iddiaçı X4 xeyrinə 400 manat (dörd yüz) (4000 manat x 2 il x illik 5%=400 manat) tutulmalıdır. 90.Məhkəmə kollegiyası, iddia tələbinin 110 manat vəkil xərcinin əvəzinin ödənilməsi hissəsində iddianı qismən əsaslı hesab edərək qeyd edir ki, hüquqi xidmətə görə 110 manat ödənildiyi bildirilsə də, işdə olan qəbzə əsasən 107,0 manat 40 qəpik ödənildiyi müəyyən olunduğundan cavabdehdən iddiaçının xeyrinə vəkil xərcinin əvəzi kimi 107,4 manat pul tutulmalıdır. 91.Həmçinin, MPM-in 119.1-ci maddəsinə uyğun olaraq kollegiya hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 17.6 manatı cavabdehdən alınaraq iddiaçıçın xeyrinə tutulmalıdır. 92.Beləliklə qeyd olunan xüsusatları ümumləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1313/2022 saylı 25 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4000 manat (dörd min) manat və əldən çıxmış faydaya görə 400 manat (dörd yüz), cəmi 4400 manat (dörd min dörd yüz) pul tutulmalı, habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 17.6 (on yeddi manat, altmış qəpik) manatı və hüquqi yardıma görə 107,4 manat (yüz yeddi manat, qırx qəpik) Cavabdeh tutularaq iddiaçı X4 xeyrinə ödənilməlidir. 93.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1313/2022 saylı 25 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4000 manat (dörd min) manat və əldən çıxmış faydaya görə 400 manat (dörd yüz), cəmi 4400 manat (dörd min dörd yüz) pul tutulsun. İddiaçı X9 tərəfindən ödənilmiş dövlət rüsumunun 17,6 (on yeddi manat, altmış qəpik) manatı və hüquqi yardıma görə 107,4 manat (yüz yeddi manat, qırx qəpik) Cavabdeh tutularaq iddiaçı X4 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar