Məhkəmə qərarları › İş №2(103)-3246/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3246/2023

24.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3246/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı iş üzrə ( Açar sözlər: işə bərpa, iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndələri Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və buraxılmış müddət üzrə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 3832/2022 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanılmış, əmək müqaviləsinə əsasən iddiaçı cərrahiyyə bölməsinin stomatoloji kabinetinin rəisi vəzifəsinə işə qəbul edilmişdir, daha sonra əmək müqaviləsinin müddəti bir neçə dəfə, sonuncu dəfə isə 17.11 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1 il müddətinə uzadılmışdır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisinin xx.xx.2022-ci il tarixli, 16 №-li əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Stomatoloji Poliklinikası ilə iddiaçı arasında 24 fevral 2022-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı Cərrahi stamotologiya bölməsinin həkim-stomatoloq cərrah vəzifəsinə işə qəbul edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və buraxılmış müddət üzrə əməkhaqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasının xx.xx.2022-ci il tarixli 16 saylı əmrinin ləğv edilməsi, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının həkim vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 1.000 manat məbləğində pul, mediasiya üçün ödənilən 50 manat məbləğində pul, cəmi 1.050 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2012-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında Həkim vəzifəsində çalışmağa başlamışdır. Həmin əmək müqavilələri iddiaçıya verilmədiyindən hazlrda təqdim edilməsi mümkün deyildir. Müqavilələrin surətinin təqdim edilməsi ilə bağlı cavabdehə müraciət edilsə də, sorğuya müsbət cavab verilməmişdir. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli 16 nömrəli əmr ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra İddiaçı şikayət ərizələri müxtəlif orqanlara, o cümlədən AR ƏƏSMN yanında X6 Xidmətinə müraciət etmişdir. Xidmətdə aparılan yoxlamalar zamanı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilmişdir. Hətta tərəflərindən xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Hissə komandiri X8 AR İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası bu hüquqpozmaları aradan qaldırmamışdır. Bununla bağlı həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Hərbi Prokurorluğuna da iddiaçı tərəfindən müraciətlər edilmiş və müvafiq cavab məktubları iddiaçıya təqdim edilmişdir. Həmin məktubların surəti iddia ərizəsinə əlavə edilir. İşin faktiki halı ondan ibarətdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası və iddiaçının hazırda işlədiyi Müdafiə Nazirliyinin Stomatoloji Poliklinikası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə tabedir. İddiaçının şikayətlərindən sonra rəhbər şəxslər tərəfindən qəbul edilərək ona bildirilmişdir ki, onu işə bərpa edirlər, lakin o artıq fəaliyyətini bir müddət Müdafiə Nazirliyinin Stomatoloji Poliklinikasında eyni əmək şəraitində eyni əmək haqqı miqdarında davam etdirəcəkdir. Sonradan isə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına geri qayıdacaqdır. Bununla bağlı iddiaçı ilə Müdafiə Nazirliyinin Stomatoloji Poliklinikası arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. İşə başladığı zaman iddiaçı müəyyən etmişdir ki, onun əmək haqqı məbləğində fərq mövcuddur. Eyni zamanda stomatoloji poliklinikada onun işləməsi üçün zəruri avadanlıqlar təchiz olunmamışdır. Bu barədə iradını bildirdikdə ona tezliklə köhnə iş yerinə bərpa olunacağı bildirilmişdir. İddiaçı səbr edərək gözləmişdir. Bunu DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı da təsdiq edir. Belə ki, həmin qərarda törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün işəgötürənə 10 gün müddət vaxt təyin edilmişdir. Hətta, X6 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda da bu barədə qeyd edilmişdir. Faktiki olaraq əvvəlki işəgötürən tərəfindən iddiaçının əmək şəraiti dəyişdirilmişdir. Sadəcə olaraq həmin əmək şəraitinin dəyişdirilməsinə iddiaçı tərəfindən razılıq verilməyəcəyini cavabdeh bildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam vermiş, sonradan onu guya yeni yerdə işə təmin etmişdir. Bütün bu qanunsuzluqları başa düşdükdən sonra və Əmək Müfəttişliyi Xidmətinin hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət ərzində aradan qaldırmadığını gördükdən sonra iddiaçı Mediasiya Haqqında AR Qanununun və MPM-in tələbləri nəzərə alınmaqla tərəflər xx.xx.2022-ci il tarixdə mediasiya sessiyasında iştirak etmiş, lakin barışıq əldə edilə bilməmişdir. Bu barədə arayış tərtib olunmuşdur.

6. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddia ərizəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini rəhbər tutaraq İddiaçı və Mərkəzi Hərbi Poliklinikasının rəisi arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsinin bağlanmasının səbəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndində sadalanan hallar idi, yəni əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda”. Bu barədə iddiaçı xəbərdar idi və müqaviləni heç bir irad bildirmədən imzalayırdı. MN Mərkəzi Hərbi Poliklinikanın hərbi təşkilat olması və burdakı xidmətin xüsusi dövlət xidməti olması nəzarə alınaraq bütün hərbi qulluqçulardan və mülki işçilərdən yüksək nizam-intizam tələb olunur. İddiaçı isə işlədiyi dövr ərzində dəfələrlə nizam-intizamsız işçi kimi özünü göstərmiş, bununla bağlı dəfələrlə intizam tənbehinə məruz qalmışdır. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq iddiaçıya xəbəredici məktub göndərilib və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinə əsasən iddiaçıya əmək kitabçası və əmrdən çıxarışı təqdim edilərək, ona son haqq hesab ödənilmişdir. Lakin, iddiaçının müraciəti nəzarə alaraq Müdafiə Nazirliyinin Tibb İdarəsinin tabeliyində olan X1 öz peşəsinə uyğun, vəzifə maaşı eyni olmaqla, xx.xx.2022-ci il tarixdən həkim-stomatoloq kimi işə qəbul olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır, həmin Məcəllənin 296-cı maddəsinə uyğun olaraq işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. İddia ərizəsindən görünür ki, həmin müddət heç bir üzrlü səbəb olmadan buraxılmışdır və iddiaçı 7 ay sonra məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Bakı şəhər İdarəsi tərəfindən Poliklinika rəisi tibb xidməti polkovniki X3 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1.500 manat məbləğində cərmə edilməsinə baxmayaraq Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2026/2022 nömrəli, xx.xx.2022-ci il qərarı ilə ləğv edilərək iş baxılması üçün həmin quruma göndərilmişdir. Həmçinin, Poliklinika rəisi, tibb xidməti polkovniki X8 “Vətən müharibəsi”ndə göstərdiyi fərqlənməyə görə “Vətən Müharibəsi” iştirakçısı adına layiq olunaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunmuşdur.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 3832/2022 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli, 16 saylı əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim vəzifəsinə işə bərpa edilməsi, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mediasiya üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2012-ci ildən xx.xx.2022-ci il tarixədək fasiləsiz olaraq həmin müəssisədə çalışmışdır. Yəni, faktiki olaraq əmək müqaviləsi müddətsiz olmuşdur. Həmin müddət ərzində işəgötürən qanunvericiliyin tələblərini pozaraq müqavilənin müddəti uzadılmış, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilmiş və iş materiallarından göründüyü kimi xitam verilməsi barədə əmrin surəti işçiyə göndərilməmişdir. Sonradan işə bərpa edilsə də, bu zaman da işçinin hüquqları pozularaq, əmək haqqı və əmək şəraiti fərqli işə keçirilmişdir.

9. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, İddiaçı işdən azad edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilən xx.xx.2022-ci il tarixli 16 saylı əmri verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuş, İddiaçı əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan ləğv edilmişdir.

10. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası, son haqq-hesab və digər ödəmələr sonuncu iş günü işçiyə verilməli olduğu işəgötürən tərəfindən bu tələblərə əməl edilməmişdir. Qeyd edilən pozuntularla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən cavabdehin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilmişdir.

11. Göründüyü kimi, İddiaçı işdən azad edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 16 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla verilmiş, İddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır.

12. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunan günə qədər məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 1.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı 1.000 manat məbləğində göstərilmiş hüquqi xidmətə görə vəsaitin tutulmasını xahiş edir, lakin bununla bağlı hər hansı bir müqaviləni məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçının mediasiya üçün ödənilən 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməsi barədə tələbi əsaslıdır və təmin edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 35-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 12, 45, 54, 56, 57, 62, 68.1, 68.2, 76, 83, 84.1, 300-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin təmin olunmayan hissəsində ləğv edilməsi, iddianın həmin hissədə də təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin qanunsuz əmri nəticəsində iddiaçı işdən azad edilmiş, öz hüquqlarının bərpası üçün xərc çəkmişdir. Məhkəmə isə bu hissədə iddia tələbini təmin etməmişdir. Vəkil ilə müraciət edən şəxs arasında hüquqi yardım haqqında müqavilə olmadıqda, vəkil order ala bilməz və işə buraxıla bilməz. Məhkəmə tərəfindən onun vəkil və nümayəndə qismində işə buraxılmasına baxmayaraq məhkəmə müqav ilənin olmaması səbəbindən iddianı həmin hissədə təmin etməmişdir. Lakin təqdim edilən vəklil orderindən və ödəniş qəbzindən aydın olur ki, müqavilə mövcuddur və 1.000 manat ödəniş olunmuşdur. Belə olan halda məhkəmənin iddianı bu hissədə təmin etməməsi əsassız olmuşdur.

17. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası da apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən bütün fərdi əmək mübahisələrinə biləvasitə məhkəmələr tərəfindən baxılır, həmin məcəllənin 296-cı maddəsinə uyğun olaraq işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 (üç) təqvim ayı ərzində müraciət edə bilər. İddiaçı müraciət etdiyi iddia ərizəsində görünür ki, həmin müddət heç bir üzrlü səbəb olmadan buraxılmışdır və İddiaçı 7 (yeddi) ay sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 24 yanvar 2022-ci il tarixli 16 saylı əmri ilə İddiaçı əmək müqaviləsinə (kontraktına) xitam verilərkən əmək hüquq münasibətlərinə, maddi və prosedur xarakterli normalarının pozuntularına yol verilmədiyi üçün iddia tələbi tamamilə əsassızdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən araşdırma natamam, səthi və birtərəfli aparıldığı üçün düzgün və ədalətli olmayan bir qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 87-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək kitabçası və əmrin surəti işçiyə təqdim etmək üçün İddiaçı ilə kadrlar üzrə mütəxəssisi tərəfindən telefon əlaqəsi saxlanılmış və o, iş yerinə dəvət olunmuşdur. Lakin İddiaçı xx.xx.2022-ci il tarixdə iş yerinə gəlməmişdir və ona məxsus sənədlər (əmək kitabçası və əmrin surəti) xx.xx.2022-ci il tarixdə iş yerinə gələrkən özünə təqdim edilmişdir. İddiaçı müraciəti nəzərə alınaraq Müdafiə Nazirliyinin Tibb İdarəsinin tabeliyində olan X2 öz peşəsinə uyğun, yüksək maaşla xx.xx.2022-ci il tarixdən həkim-stomatoloq kimi işə qəbul olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı öz apellyasiya şikayətini müdafiə etdiyini, cavabdehin apellyasiya şikayətini qəbul etmədiyini bildirdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, himayəsində birinci qrup əlil olduğu üçün öz istəyi ilə iş saatları azaldılmış və buna görə maaşı da azdır. Yeni iş yerində olan avadanlıqlar onu qane etmir. Belə ki, orada olan bir çox avadanlıqlar Müdafiə Nazirliyinə məxsus deyil. Heç bir cərrahi avadanlıqla təchiz olunmayıb. Orada olan ləvazimatlar ona məxsusdur. Son haqq-hesab işdən çıxdıqdan 2 ay sonra ona ödənilmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili öz apellyasiya şikayətini müdafiə etdiyini, cavabdehin apellyasiya şikayətini qəbul etmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçının məhkəməyə daha tez müraciət etməməsinin səbəbi iddiaçıya məsələnin həll ediləcəyi ilə bağlı dəfələrlə verilmiş vədlər olmuşdur. İddiaçı işdən çıxma əmrini, yeni iş yeri üzrə əmək müqaviləsinin ona təqdim edilməsini xahiş etsə də, ona təqdim edilməmişdir. Bununla bağlı Əmək Müfəttişliyinə müraciət etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı müxtəlif vəzifələrdə işləmişdir. Bu səbəblə onunla müddətli müqavilə bağlanılmışdır. Eyni zamanda iddiaçı müqavilə bağlayan zaman müqavilənin müddətinin uzaldılması ilə bağlı ərizə ilə xahiş edirdi. İddiaçının yalnız iş otağı dəyişdirilmişdir. Belə ki, əvvəlki işlədiyi bina ilə hazırkı iş yeri üzbəüz yerləşir. İddiaçıya noyabr ayında məktub təqdim edilərək, onunla müqavilənin vaxtının uzadılmayacağı bildirilmişdir. İddiaçı isə xəstə olduğunu bildirmiş və bir aydan çox işə gəlməmişdir. İddiaçı bilirdi ki, noyabr ayından onunla müqavilənin müddəti uzadılmayacaq. Lakin iddiaçı bir neçə ay sonra məhkəməyə müraciət etmişdir. Onlarda maliyyə ilə bağlı sifariş ayda bir dəfə olur. İddiaçı 24 yanvar işdən çıxdığına görə son haqq-hesab 15-20 gün sonra verilib.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 68, İ hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68, İİ hissə «b» bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsaslardan biridir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 296, İ-hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296, İİ hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296, İİİ hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”.

26. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: “İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər”.

27. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: X6 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə iddia qismən təmin olunduğundan və iddiaçının apellyasiya şikayətində qətnamə iddianın təmin olunmayan hissəsində, cavabdehin apellyasiya şikayətində isə qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

32. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə əsasən cərrahiyyə bölməsinin stomatoloji kabinetinin rəisi vəzifəsinə işə qəbul edilmiş və cavabdeh - işəgötürən tərəfindən 24 yanvar 2022-ci il tarixli, 16 №-li əmr ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir.

33. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Stomatoloji Poliklinikası ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı Cərrahi stamotologiya bölməsinin həkim-stomatoloq cərrah vəzifəsinə işə qəbul edilmişdir.

34. Bundan sonra iddiaçı X6 Xidmətinə, Azərbaycan Respublikası Hərbi Prokurorluğuna, Müdafiə Nazirliyinə pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciətlər etməyə başlamış, daha sonra Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2022-ci il tarixli arayış aldıqdan sonra iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddianı qaldırmaq üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddət ötürülmüş, müddətin ötürülməsi üzürlü səbəbdən baş verməmişdir.

36. İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə etiraz verərək iddiaçı tərəfindən iddia müddətinin heç bir üzürlü səbəb olmadan buraxıldığına da istinad etmiş, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehlərin nümayəndələri iddia müddətinin keçməsi ilə bağlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamış, iddia müddətinin keçib-keçmədiyinə hüquqi qiymət verməmişdir.

37. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə məlumatlar vərəqəsinin təsdiqlənmiş surətindən aydın olur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən – xx.xx.2021-ci il tarixədək 1 (bir) il müddətinə uzadılmış, həmin sənəd iddiaçı tərəfindən imzalanmışdır. Beləliklə, iddiaçı müqavilə müddətinin başa çatma tarixi barədə məlumatlı olmuşdur.

38. Bundan başqa, onun xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən başqa iş yerində işə başlaması ona dəlalət edir ki, iddiaçı onunla əvvəlki işəgötürənlə əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlı olmuşdur.

39. Həmçinin, iddiaçının özünün bildirdiyinə görə əmək müqaviləsinə xx.xx.2022ci il tarixdə xitam verildikdən 2 ay sonra ona son-haqq hesab ödənilmişdir. Bu hal nəzərə alınsa da, iddiaçı xx.xx.2022-ci il tarixdən 1 aylıq iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülərkən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməməsi haqqında yeni qətnamə qəbul edilməməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin, cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 3832/2022 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və buraxılmış müddət üzrə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar