Məhkəmə qərarları › İş №2(103)-3247/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3247/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3247/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Eminağa qızına qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzil qeydiyyatından çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə istifadə hüquqlarının olmadığının müəyyən edilməsi, onların həmin mənzildən qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması qərara alınmış və iddiaçıya müvafiq inzibati orqana müraciət etmək hüququ izah edilmişdir. İddiaçı, həmin qərardaddan şikayət verərək, onun ləğv olunması, iddia ərizəsinin icraatının mümkün hesab edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə qərardadda Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına istinad etmiş, lakin nəzərə almamışdır ki, sözügedən qərarın qəbul edilməsi üçün əsas olmuş işin halları fərqli olmuşdur. Belə ki, həmin qərarın nəticə hissəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilir. Hazırkı işdə isə cavabdehlər sözügedən mənzilə iddiaçının, yəni hazırkı mülkiyyətçinin ərizəsi əsasında deyil, mənzilin əvvəlki mülkiyyətçisi olmuş atalarının razılıq ərizəsi əsasında qeydiyyata alınmışlar. Əvvəlki mülkiyyətçinin razılıq ərizəsi ilə qeydiyyata alınmış şəxslərin qeydiyyatının hazırkı mülkiyyəçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilməsi barədə isə Konstitusiya Məhkəməsinin istinad olunan qərarında birmənalı hüquqi mövqe və göstəriş yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırda iddiaçı, cavabdehlərin ona məxsus mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları üçün onların həmin mənzilə istifadə hüquqları olmayan hesab edilmələrini tələb edir. Bu isə, məhkəmə (mülki mühakimə icraatı) qaydasında baxılmalı olan tələb olmayıb inzibati xarakterlidir. Kollegiya vurğulayır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, kommersiya, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. İşdə olan sənədlərdən (elektron qaydada əlavə edilmiş) görünür ki, xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil X2 (cavabdehlərin atası) tərəfindən hazırkı iş üzrə İddiaçı satılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizələri ilə qeydiyyatda olduqları həmin mənzilin satılmasına etirazları olmadığını bildirmişlər. Göründüyü kimi, cavabdehlər mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə əvvəlki mülkiyyətçinin razılıq ərizəsi əsasında qeydiyyata alınmış, lakin hazırda faktiki olaraq orada yaşamayan, eyni zamanda, həmin evə istifadə hüququ olmayan şəxslərdir. Belə ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir (Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarı). Hazırkı iddianın əsası, yəni iddiaçının bu iddianı qaldırmaqla çatmaq istədiyi məqsəd isə, cavabdehlərin həmin mənzildə yaşamadıqları və istifadə hüquqlarının olmadığı mübahisəsiz olmaqla onların sözügedən mənzildən qeydiyyatdan çıxarılmalarından ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarına əsasən isə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Reyestrdəki qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Odur ki, Kollegiya hesab edir ki, hazırkı iddia tələbi inzibati xarakterli olduğundan ona mülki mühakimə icraatında baxılması mümkün deyil. Ona görə də, birinci instansiya məhkəməsinin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməsi əsaslıdır. Həmin maddəyə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Kollegiya, apelyasiya şikayətinin əvvəlki mülkiyyətçinin razılıq ərizəsi ilə qeydiyyata alınmış şəxslərin qeydiyyatının hazırkı mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilməsi barədə Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında birmənalı göstəriş olmaması barədə dəlilinə münasibətdə bildirir ki, qərarın məzmunundan aydın olur ki, “mülkiyyətçinin razılığı” ifadəsi qeydiyyata alınmanın əsası kimi həmin anda mənzilin mülkiyyətçisinin razılıq ərizəsinin olması halını bildirməklə, qeydiyyatdan çıxarılma baxımından mülkiyyətçinin sonradan dəyişməsi hüquqi əhəmiyyət kəsb etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1531/2021 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar