Məhkəmə qərarları › İş №2(103)-3249/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3249/2022

15.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3249/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-31/2022 saylı, 01.03.2022-ci il tarixli qərardadından iddiaçının prosessual hüquqi varisi X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh X1rşı istifadə və sahiblik hüququnun bərpa edilməsi və ərazidən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə abadlaşdırılma və əhalinin rahatlığını təmin etmək məqsədilə İddiaçı 200 m x 50 m ölçüdə təhkim olunmuş torpaq sahəsini istifadə və sahiblik hüququ tanınması, Cavabdeh X3 Firmasının həmin ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-31/2022 saylı, 01.03.2022-ci il tarixli qərardadına əsasən, mülki iş üzrə icraatın Bakı İnzibati Məhkəməsində mülki işə baxılıb yekun vurulana kimi dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının prosessual hüquqi varisi tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh X3 Firmasının direktoru X5 məhkəməyə vəsatətlə müraciət edərək, iddiaçının əsaslandığı Suraxanı rayon İcra Hakimiyyətinin 1221 saylı, 23 iyul 1998-ci il tarixli sərəncamını Bakı İnzibati məhkəməsində mübahisələndirdiklərini və bu mübahisə ilə bağlı 16.05.2022-ci il tarixə, saat 11.15-ə məhkəmənin hazırlıq iclasının təyin edildiyini bildirmişdir. Cavabdeh ÇİKF-nın direktoru X5 daha əvvəl eyni məzmunla iddiaçının əsaslandığı Suraxanı rayon İcra Hakimiyyətinin 1221 saylı, 23 iyul 1998-ci il tarixli sərəncamını Bakı İnzibati Məhkəməsində mübahisələndirərək həmin inzibati aktın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1987/2020 saylı, 28.01.2021-ci il tarixli qərardadı ilə (hakim Fərid Mədətli) iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1189/2021 saylı, 28.04.2021-ci il tarixli qərardadı ilə (sədirlik edən və məruzəçi - Afaq Nuriyeva, hakimlər – Cahangir Yusifov və Aidə hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 28.01.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1533/2021 saylı, 28.09.2021-ci il tarixli qərarı ilə (sədirlik edən və məruzəçi – Nigar Rəsulbəyova, hakimlər – İlqar Hüseynov və Kəmaləddin Bədəlov) iddiaçının kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1189/2021 saylı, 28.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 23.07.1998-ci il tarixli, 1221 saylı sərəncamının ləğv edilməsini tələb etsə də, həmin sərəncamın onun hüquqlarına toxunmasını sübut edə bilməmişdir. Belə ki, iddiaçıya torpaq sahəsi 25.10.2001-ci il tarixli sərəncamla ayrılmışdır. Bu isə o deməkdir ki, iddiaçının 25.10.2001-ci il tarixindən əvvəl (1998-ci ildə) həmin torpaq sahəsi üzərində hər hansı bir istifadə hüququ yox idi. Yəni, Suraxanı RİH başçısının 1221 saylı, 23.07.1998-ci il tarixli sərəncamı verilərkən həmin sərəncamla üçüncü şəxsə ayrılmış torpaq sahəsinə dair iddiaçının hər hansı bir hüququ olmamışdır. Göründüyü kimi, iddiaçının əsaslandığı sərəncamın ləğvinə dair iddia irəli sürmək üçün cavabdehin subyektiv hüququ olmamışdır. Həmçinin cavabdehin hazırda həmin sərəncamın etibarsız hesab edilməsi ilə bağlı iddia irəli sürməyə də heç bir subyektiv hüququ yoxdur. Sərəncamın ləğv edilməsi ilə etibarsız hesab edilməsi fərqli hüquqi məna daşısa da, hazırki mübahisədə Cavabdeh ÇİKFnın ümumiyyətlə iddiaçının əsaslandığı inzibati aktın mübahisələndirməsinə subyektiv hüququ olmadığını Ali Məhkəmə öz yekun qərarında təsdiq etmişdir. Cavabdehin Bakı İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət etməsinin əsas məqsədi, hazırki mülki işin uzadılması və bu müddət ərzində zəbt etdiyi iddiaçıya təhkim olunmuş torpaq sahəsindən qanunsuz faydalanmaqdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-31/2022 saylı, 01 mart 2022-ci il tarixli qərardadı ləğv edilməli və mülki işin icraatı təzələnməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-31/2022 saylı, 05 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh X3 Firmasının direktoru X5 məhkəməyə vəsatətlə müraciət edərək, iddiaçının əsaslandığı Suraxanı rayon İcra Hakimiyyətinin 1221 saylı, 23 iyul 1998-ci il tarixli sərəncamını Bakı İnzibati məhkəməsində mübahisələndirdiklərini və bu mübahisə ilə bağlı 16.05.2022-ci il tarixə, saat 11.15-ə məhkəmənin hazırlıq iclasının təyin edildiyini bildirmişdir. Belə ki, vəsatətə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Cavabdeh X3 Firmasının Suraxanı rayon İcra Hakimiyyətinə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə iş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul olunmuşdur. İddiaçı şikayətində cavabdeh tərəfindən daha əvvəl müqavilənin ləğvi ilə bağlı iddia tələbi irəli sürülməsi və həmin iddianın şəxsin subyektiv hüququnun olmaması səbəbindən icraata qəbul edilmədyini bildirmiş, hazırda cavabdehin müqavilənin etibarsızlığı ilə bağlı iddia tələbi irəli sürməklə əslində işin uzadlımasında maraqlı olduğunu bildirmişdir. Kollegiya şikayətin bu dəlilinə münasibətdə qeyd edir ki, müqavilənin ləğvi və etibarsızlığı mahiyyət etibarı ilə fərqli tələblərdir. Bundan başqa, müqavilənin ləğvi ilə bağlı iddianın icraata qəbul edilməməsi, müqavilənin etibarslızlığı ilə bağlı iddianın da icraata qəbul edilməyəcəyinə dair əvvəlcədən nəticəyə gəlmək üçün əsas vermir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə görə, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Belə ki, hazırda irəli sürülən iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduğundan icraata qəbul edilmiş sayılır. Məhkəmənin hazırki mülki işə baxıb yekun nəticəyə gəlməsi Bakı İnzibati Məhkəməsinin icraatında olan müqavilənin etibarsızlığı ilə bağlı iddia tələbi üzrə inzibati işin nəticəsinin qabaqcadan həll edilmiş olmasına və qəbul ediləcək qərara təsir edilməsinə gətirib çıxara bilər. Qeyd olunan qanunvericilin tələblərinə və işin hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçının hüquqi varisi X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-31/2022 saylı, 01.03.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar