Məhkəmə qərarları › İş №2(103)-3250/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3250/2025

29.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3250/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 18 saylı notariat ofisinə qarşı mülki iş üzrə (açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X15 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 18 saylı notariat ofisinə qarşı “müddətin ötürülməsinin üzrlü hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-799/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı AZ-İİ № 390028 saylı nikah haqqında şəhadətnaməyə əsasən X1 (Solmanova) Günay Qurban qızı ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. AZ-İİ № 320437 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X16 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktuba əsasən Qulubəyova (Qurbanova) Günay Qurban qızının adına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 2V-255 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2023-cü ildə vəfat etmiş X3 qalmış arvadı Cavabdeh2 nikah müddətində əldə edilmiş ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququna dair payı müəyyən edilərək Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD328107 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi VF1KMS6C639483978, buraxılış ili 2008-ci il olan Renault Megane minik markalı ** RL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində onun ½ hissədə, o cümlədən ölmüş ərin həmin nəqliyyat vasitəsində ½ hissədə payının olmasına dair şəhadətnamə verilmişdir. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 2V-256 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2023-cü ildə vəfat etmiş X3 qalmış arvadı Cavabdeh2 nikah müddətində əldə edilmiş ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququna dair payı müəyyən edilərək ƏMDX DƏDK və RPHŞ tərəfindən xx.xx.2023-cü il tarixdə X11 verilmiş **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu X25-Maştağa Yolu ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinə istifadə hüququna onun ½ hissədə, o cümlədən ölmüş ərin ½ hissədə payının olmasına dair şəhadətnamə verilmişdir. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 2V-257 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2023-cü ildə vəfat etmiş X8 vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 miras əmlak olan -Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD328107 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi VF1KMS6C639483978, buraxılış ili 2008-ci il olan Renault Megane minik markalı ** RL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən hər biri 1/6 hissədə irs almalıdırlar. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 2V-258 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2023-cü ildə vəfat etmiş X8 vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 miras əmlak olan –ƏMDX DƏDK və RPHŞ tərəfindən xx.xx.2023-cü il tarixdə X11 verilmiş **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu X25-Maştağa Yolu ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinə istifadə hüququndan hər biri 1/6 hissədə irs almalıdırlar. Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, № X118 saylı məktubdan müəyyən olunur ki, İddiaçı mərhum atasından qalmış mirasın qəbul edilməsi müddətinin uzadılması, mirasın qəbulu faktının müəyyən olunması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə etməsi tövsiyyə olunmuşdur. XY-ЖГ №334064 saylı doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı X5dur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu 0.03 ha torpaq sahəsinə istifadə hüququ X8 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-799/2025 saylı qərardadına əsasən, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 18 saylı notariat ofisinə qarşı “müddətin üzrlü hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin mirasın qəbulu üzrə müddətin üzrlü hesab edilməsi hissəsində icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İşin iddia ərizəsində qeyd edilən halları: X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ondan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu ünvanında yerləşən, sahəsi 0.03 kv/m olan torpaq sahəsi, ** RL *** dövlət qeydiyyat nömrəli, Renault Megane minik markalı nəqliyyat vasitəsi miras əmlaklar qalmışdır. Atasının ikinci həyat yoldaşı Cavabdeh2 və onun övladları digər cavabdehlər 18 saylı notariat kontoruna müraciət edərək vərəsəlik haqqında şəhadətnamə almışlar. Onlara şəhadətnamə verilərkən atasının digər vərəsələrinin olub-olmaması araşdırılmamışdır. Həmçinin, miras əmlaklardan ** RL *** dövlət qeydiyyat nömrəli, Renault Megane minik markalı nəqliyyat vasitəsi X16 ilə Cavabdeh2 nikahından əvvəl alınmış olsa da notarius şəhadətnamələrdə həmin əmlakı birgə nikah dövründə alınmış kimi qeyd etmiş, həmin miras əmlakın yarısına dair arvada vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İddiaçı və qardaşları X13 və X17 notariat kontoruna müraciət etmişlər. xx.xx.2024-cü il tarixdə onlara notarius tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürdüyü üçün imtina verilmişdir. Bildirir ki, atalarının vəfatından gec xəbərləri olmuşdur. Ona görə də mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində notariat kontoruna müraciət edə bilməmişdir. Miras qoyan X7 qalan miras əmlakın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi, Bakı şəhəri 18 saylı notariat kontorunun xx.xx.2023-cüil tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu ünvanında yerləşən, sahəsi 0.03 kv/m olan torpaq sahəsi üzərində onun, yəni, İddiaçı 1/12, Cavabdeh3 1/12, Cavabdeh1 qızının 1/12, cavabdeh X6 1/12, cavabdeh X9 1/12 və Cavabdeh2 7/12 hissədə, ** RL *** dövlət qeydiyyat nömrəli, Renault Megane minik markalı nəqliyyat vasitəsi üzərində onun, yəni, İddiaçı 1/6, Cavabdeh3 1/16, Cavabdeh1 qızının 1/6, cavabdeh X6 1/6, cavabdeh X9 1/6 və Cavabdeh2 1/6 hissədə miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək miras qoyan X7 qalan miras əmlakın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi və Bakı şəhəri 18 saylı notariat kontorunun xx.xx.2023cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə cavabdehlər X10 və X6 cavabdehlər siyahısından çıxarılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı Şəhəri 18 saylı notariat kontoruna qarşı müddətin üzrlü hesab edilərək bərpa edilməsi və cavabdehlərdən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nanın adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında bildirmişdir ki, iddia tələbinin həcminin azaldılması ilə bağlı məhkəməyə müraciət etmişdir. O cavabdeh olaraq Cavabdeh2ı, onun 2 övladını və notariat kontorunu saxlamışdır. Cavabdehlərdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və 18 saylı notariat kontorunun saxlanmasını, digər cavabdehlərin siyahıdan çıxarılmasını xahiş etmişdir. Müddətin üzrlü hesab edilərək bərpa edilməsi və verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bildirmişdir ki, 18 saylı notariat kontorunda vərəsəlik işi açılan zaman miras qoyanın digər vərəsələri araşdırılmamış, eyni zamanda nəqliyyat vasitəsi üzərində paylar düzgün müəyyən edilməmişdir. Belə ki, nəqliyyat vasitəsi tərəflərin birgə nikah dövründən əvvəl əldə olunmuş əmlakdır, miras qoyanın birinci nikahdan olan övladları nəzərə alınmamışdır. Bu səbəbdən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-799/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinə miras qoyan X7 qalan miras əmlakın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi hissəsində xitam verilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının X5 xx.xx.2023-cü ildə vəfat etmiş, onun dörd övladı və arvadı qalmışıdır. Ondan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu ünvanında yerləşən, sahəsi 0.03 kv/m olan torpaq sahəsi, ** RL *** dövlət qeydiyyat nömrəli, Renault Megane minik markalı nəqliyyat vasitəsi miras əmlaklar qalmışdır. Məhkəmə mirasın açıldığı an qüvvədə olan mülki qanunvericiliyin normalarına əsasən hesab etmişdir ki, iddiaçının vəfat edə şəxsin övladı olması həm mülki iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və iddiaçı mərhumun qanun üzrə birinci dərəcəli vərəsəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı mirasdan imtina etməmiş, o atasının ölümündən məlumatlı olmamış, miras açıldıqdaq sonra mirasın qəbulu üçün çağrılmamışdır. Məhkəmə Cavabdeh2 Bakı şəhəri 18 saylı notariat ofisində verdiyi 8İ- 9375 saylı reyestr nömrəli ərizəsini nəzərdən keçirən zaman müəyyən etmişdir ki, Cavabdeh2 mirası qəbul edərkən mərhum ərinin onlardan başqa vərəsələrinin olmadığını bildirərək, iddiaçının adını qeyd etməməklə etibarsız şəhadətnamənin verilməsinə nail olmuşdur. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-257 №-li və xx.xx.2023-cü il tarixli, 2V-258 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etirbarsız hesab edilməlidir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, MM-nin 149-cu maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-257 №-li və xx.xx.2023-cü il tarixli, 2V- 258 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarının formalaşdırdığı hüquqi mövqeyə əsasən vərəsəlik institutunda buraxılmış müddətin bərpası məsələsi öz aktuallığını itirdiyindən, iddia tələbinə miras qoyan X7 qalan miras əmlakın qəbulu üçün Qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi hissəsində xitam verilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokoluna, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 15.2, 16.1, 19, 149.2, 337.1, 1133.1, 1133.2, 1134.1, 1151.1, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1256, 1274, 1301.1, 1301.2, 1301.3, 1321.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.4, 218.3, 216-220 və 360-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-799/2025 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-799/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 18 saylı notariat kontoruna qarşı “müddətin ötürülməsinin üzrlü hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi qət edilmişdir. Aşağıda göstərilənlərə görə qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edilir. Xətai Rayon Məhkəməsi mülki işə baxılarkən maddi və prossesual hüqüq normalarını pozmuş, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və normativ hüquqi aktı tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, İddiaçı X2 birinci nigahından doğulmuş qızıdır. X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ondan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna Maştağa yolu ünvanında yerləşən, sahəsi 0.03 kv/m olan torpaq sahəsi, ** RL *** dövlət qeydiyyat nömrəli “Renault Megane” minik markalı nəqliyyat vasitəsi miras qalmışdır. İddiaçının atasının ikinci həyat yoldaşı, onun qanun üzrə vərəsələri - Cavabdeh2 və sonuncunun azyaşlı övladları olan digər cavabdehlər miras əmlakı faktiki qəbul etmiş, daha sonra Bakı şəhərindəki 18 saylı notariat kontoruna müraciət edərək vərəsəlik haqqında şəhadətnamə almışlar. X2 vəfatından 6 aydan çox vaxt keçdikdən sonra onun birinci nıgahından olan, yetkinlik yaşına çatmış övladları - qızı İddiaçı və oğlanları X13, X17 atalarından qalan mirasla bağlı notariat kontoruna müraciət etmişlər, lakin xx.xx.2024-cü il tarixdə onlara notarius tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürdükləri üçün imtina verilmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, atasının vəfatından gec xəbərləri olmuşdur. Ona görə də mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində notariat kontoruna müraciət edə bilməmişlər. Məhkəmə prosesində iddiaçı vəkili və nümayəndəsi Vəkil1 vasitəsilə təmsil olunmuşlar. Qətnamənin 30-cu bəndində qeyd edilmişdir ki, “Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mirasdan imtina etməmiş, o atasının ölümündən məlumatlı olmamış, miras açıldıqdaq sonra mirasın qəbulu üçün çağrılmamışdır”. Halbuki, məhkəmədə bunun əksi olaraq müəyyən edilib ki, İddiaçı və qardaşları - mərhumun birinci nigahından olan oğlanları X13, X17, anaları X4 Zülfüqar Ramiz oğlunun ölümü barədə elə ilk günlərdən məlumatlı olmuşlar. Belə ki, xx.xx.2024-cü il tarixdə məhkəmədə izahat verən, mərhumun böyük oğlu Qulubəyov Ələkbər göstərib ki, atası anasından ayrılaraq başqa qadınla ailə qurduğu üçün onunla münasibətləri pis olub. Atasının vəfat etməsi barədə dəfndən 3 gün sonra əmisindən eşitmiş, zəng edərək bu barədə bacısı – İddiaçı məlumat vermişdir. Yas mərasimində iştirak etməmişlər. İfadəsi alınmış iddiaçının qardaşı X17 da X6 göstrərdiklərini təsdiq etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 da mirasın qəbulu üçün müəyyən edilmiş müddətin buraxıldığını bildirərək onun üzürlü səbəbdən baş verdiyini göstərmiş, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının mərhum atasının vəfatından məlumatlı olması həm də onun nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, Maştağa bələdiyəsinə ünvanlanmış, mərhumdan qalmış mirasa dair xx.xx.2023-cü il tarixli sorğu məktubunun məzmunundan da aydın görünür. Xətai Rayon Məhkəməsi gəldiyi qənaəti əsaslandırmaq üçün qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına istinad etmişdir. Halbuki, Qərarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilsə də Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və qəbul olunan zaman (xx.xx.2023-cü il tarixdə) məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246-ci maddəsinə əsasən “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verlmir.” Mülki Məcəllənin həmin vaxtadək qüvvədə olmuş 1273-1-ci maddəsinə əsasən “Vərəsə bu məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu məcəllənin 1261-ci və 1263-cü maddələri tətbiq edilir”. Məhkəmə tərəflər arasında mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına uyğun qətnamə çıxarmalı olduğu halda bunu etməmiş, qanunu səhv təfsir etmiş, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən həmin maddəsinə əsasən “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verlmir.” Miras X2 vəfatı ilə xx.xx.2023-cü il tarixdə açılmışdır. İddiaçı yas mərasimində iştirak etməsə də mirasın açılması və atasının vəfatı barədə hadisənin 3-cü günü qardaşı Qulubəyov Ələkbər vasitəsilə məlumat almışdır. Daha sonra iddiaçının anası X18 təşəbbüsü ilə Maştağa bələdiyəsinə ünvanlanmış, mərhumdan qalmış mirasa dair xx.xx.2023-cü il tarixli sorğu məktubu göndərilmiş, yalnız 8 ay keçdikdən sonra notariat orqanına müraciət olunmuşdur. Göründüyü kimi, mirasın qəbulu üçün müəyyən edilmiş müddət üzürlü səbəb olmadan ötürülmüşdür. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu ünvanında yerləşən, sahəsi 0.03 kv/m olan torpaq sahəsi, ** RL *** dövlət qeydiyyat nömrəli “Renault Megane” minik markalı nəqliyyat vasitəsi miras kimi qalmışdır. Cavabdeh2, azyaşlı övladları-Cavabdeh1 və Cavabdeh3 mərhuma məxsus torpaq sahəsində inşa edilmiş evdə yaşamaqla mirası faktiki olaraq qəbul etmiş, daha sonra qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət edərək vərəsəlik şəhadətmnaməsi almışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilsə də Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və qəbul olunan zaman (xx.xx.2023-cü il tarixdə) məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri həmin Qərardan əvvəl yaranmışdır və ilk növbədə həminı zaman qüvvədə olmuş, Mülki Məcəllənin 1246-ci maddəsi ilə tənzimlənməli idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin edilən iclasında cavabdeh (eyni zamanda yetkinlik yaşına çatmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanuni nümayəndəsi) Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, izahatında atasının ölümündən məlumatlı olmadığını bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh (eyni zamanda yetkinlik yaşına çatmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanuni nümayəndəsi) Cavabdeh2 və cavabdeh Bakı şəhəri 18 saylı notariat ofisinə işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29.Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarı. 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı. 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 3.Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarına görə iddiaçının X5 xx.xx.2023-cü ildə vəfat etmiş, iddiaçı mərhumun birinci növbəli vərəsələri sırasına daxildir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-799/2025 saylı qərardadına əsasən, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 18 saylı notariat ofisinə qarşı “müddətin üzrlü hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin mirasın qəbulu üzrə müddətin üzrlü hesab edilməsi hissəsində icraata xitam verilmiş, tərəflər bu qərardadı mübahisələndirməmişlər. Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)- 799/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin dəlilinə görə iddiaçının atasının ölümü barədə məlumatı olmuş, mirası qəbul etmək üçün qanunla müəyyən olunmuş müddəti ötürmüş, birinci instansiya məhkəməsi cavabdehlərin adına verilmiş şəhadətnamələri etibarsız hesab edib, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına istinad edərkən haqlı olmamış, həmin qərarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilsə də, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və qəbul olunan zaman (xx.xx.2023-cü il tarixdə) məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Belə ki, xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən, 1246-ci maddəsinə əsasən “vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verlmir.” Kollegiya qeyd edir ki, dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Həmçinin müraciətdə qeyd olunduğu kimi, bu müddət iddia müddətlərinə də aid edilə bilməz. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Yəni iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla tələb hüquqlarına xarakterikdir və hüququn məhkəmə qaydasında realizəsi imkanı üçün nəzərdə tutulmuş müddətlərdir. X21 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Kollegiya qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Hazırkı mülki işdə də iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiyindən mirası qəbul etmişdir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Cavabdeh vərəsəlik şəhadətnaməsini almaq üçün notariusa müraciət edərkən mərhum ərinin birinci nikahından olan övladları haqqında notariusa məlumat verməmiş, vərəsəliklə bağlı notarial hərəkətləri həyata keçirən notarius isə miras qoyanın başqa vərəsələrinin olub-olmamasını müəyyən etmək üçün bütün mümkün vasitələrdən istifadə etməklə araşdırma aparmamış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras kütləsinə daxil olan nəqliyyat vasitəsinin miras qoyan tərəfindən nikahdan əvvəl əldə edilməsinə diqqət yetirməmiş, nəticədə iddiaçının qorunması dövlət təminatı altına alınan mülkiyyət hüquqları pozulmuşdur. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023-cü il tarixli Qərarında bu qərarın mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsini də, müəyyən etdiyindən cavabdehin apellyasiya şikayətinin həmin qərarın hazırkı mübahisəyə tətbiq edilməsinin mümkün olmamasına dair dəlili əsassızdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu istinad olunan qərarında qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-799/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar