Məhkəmə qərarları › İş №2(103)-3252/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3252/2023

06.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3252/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması və köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə Məmməd oğlunun, cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4269/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2011-ci il tarixli maliyyə arayışına görə Cavabdeh ünvan 1 ünvanında tikilmiş çoxmənzilli yaşayış evinin 1-ci mərtəbəsində, 1-ci girişində, ümumi sahəsi 98,8 kv.m olan 2 otaqlı mənzil üzrə pay haqqını tam ödəmişdir.

2. İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixində ailə qurmuş, birgə nikahlarından anadan olmuş uşaqları ilə birlikdə 2018-ci ildə ünvan 1 ünvanında tikilmiş çoxmənzilli yaşayış evinin 1-ci mərtəbəsində, 1-ci girişində, ümumi sahəsi 98,8 kv.m olan 2 otaqlı mənzilə köçmüş, münasibətləri pozulana kimi həmin evdə yaşamışlar. Aralarındakı münasibətlər pozulduqdan sonra iddiaçı uşaqları ilə birlikdə valideynlərinin evində yaşamaqdadır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və onunla birlikdə yaşayan 11 noyabr 2016-cı il təvəllüdlü X7 və 10 fevral 2018-ci il təvəllüdlü X6 adlı uşaqlarının Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, M.Xiyabani küçəsində tikilmiş çoxmənzilli yaşayış evinin 1-ci mərtəbəsində, 1-ci girişdə ümumi sahəsi 98,8 kv.m olan 2 otaqlı mənzilə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 29 fevral 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 11 noyabr 2016-cı il təvəllüdlü X7 və 10 fevral 2018-ci il təvəllüdlü X6 adlı uşaqları vardır. O və cavabdeh valideynlərinə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsindəki 37A saylı evin 42-ci mənzilində qeydiyyatdadırlar. Toylarından sonra 2018-ci ilin iyun ayınadək valideynlərinə məxsus evdə yaşamışlar. Nikahları Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə birgə nikahdan doğulmuş 11 noyabr 2016cı il təvəllüdlü X5 və 10 fevral 2018-ci il təvəllüdlü X4 onun yanında saxlanılmaları qət edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində tikilən çoxmənzilli yaşayış evinin 1-ci mərtəbəsində, 1-ci girişdə ümumi sahəsi 98,8 kv.m olan 2 otaqlı mənzili cavabdeh sifariş edərək tikdirmişdir. Həmin mənzilə dair müqavilə xx.xx.2011-ci il tarixdə bağlansa da, mənzil hazır olmamış, mənzilə dair məhkəmə mübahisələri olmuşdur. 2018-ci ilin iyun ayından ailəlikcə köçərək həmin mənzildə yaşamışlar. Nikahları pozulduqdan sonra da həmin mənzildə birlikdə yaşamışlar. O, nikahlarının pozulması barədə mülki işə baxılarkən məhkəmə iclasında iştirak etmədiyindən məhkəmənin hansı qərar qəbul etməsindən xəbərsiz olmuşdur. Cavabdeh bu müddət ərzində ona bildirmişdir ki, nikahları pozulmamışdır. Ona görə də, həmin mənzildə birlikdə yaşayaraq ailə münasibətlərini davam etdirmişlər. 11 iyul 2022-ci il tarixdə uşaqları ilə birlikdə şəhərə çıxmış, evə qayıtdıqda mənzilin qapısının bağlı olduğunu görmüşlər. Qapının zəngini çalsalar da, qapını açan olmamış, qapının qıfılı dəyişdirilmişdir. Bu barədə cavabdehdən soruşduqda aralarındakı nikahın pozulduğunu, mənzilin onun olduğunu, həmin mənzildən çıxıb getməli olduqlarını bildirmişdir. Hazırda o uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə müvəqqəti məskunlaşmışlar. Yaşayış üçün başqa yaşayış sahələri yoxdur.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(004)- 4269/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə qeyd edilən mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da İddiaçı qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Həmçinin tərəflər arasında ailə münasibətlərinə artıq xitam verildiyindən, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçının mübahisəli mənzilə istifadə hüququ olmadığı halda onun həmin mənzilə köçürülməsi mümkün deyildir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci, Mənzil Məcəlləsinin 30.1, 230.2, və 30.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(004)-4269/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində tikilən çoxmənzilli yaşayış evinin 1-ci mərtəbəsində, 1-ci girişdə ümumi sahəsi 98,8 kv.m olan 2 otaqlı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qeyd edilən maddi hüquq normaları xüsusi mülkiyyətdə olan yaşayış sahələrinə dair yaranmış hüquq münasibətlərini tənzimləyir. Cavabdehin həmin mənzilə dair sərəncam vermək, o cümlədən ailə üzvləri ilə istifadə hüququnun yaranması barədə müqavilə bağlamaq səllahiyyəti yoxdur. Ona görə də işə baxan hakimin “iddiaçı ilə mübahisəli mənzilin mülkiyyətçisi olan cavabdeh arasında mübahisəli mənzildən istifadə hüququnun yaranması barədə notarial qaydada təsdiqlənmiş müqavilə olmadığından, iddiaçının mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından” səbəbilə iddia tələbinin təmin etməməsi barədə gəldiyi nəticə əsassızdır. Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində tikilən çoxmənzilli yaşayış evinin 1-ci mərtəbəsində, 1-ci girişdə ümumi sahəsi 98,8 kv.m olan 2 otaqlı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və həmin mənzilə dair mülki hüquq münasibətləri mülki qanunvericiliklə və tərəflərin razılaşması birbaşa tənzimlənmədiyindən, həmin münasibətlərə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilməlidir (qanunun analogiyası). Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində tikilən çoxmənzilli yaşayış evinin 1-ci mərtəbəsində, 1-ci girişdə ümumi sahəsi 98,8 kv.m olan 2 otaqlımənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından həmin mənzilə dair yaranmış hüquq münasibətləri qanunun analogiyası üzrə sosial kirayə müqaviləsi üzrə yaranmış hüquq münasibətlərini tənzimlənən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. İddiaçı və onunla birlikdə yaşayan azyaşlı uşaqları cavabdehin ailə üzvləridir, onlar cavabdehlə mübahisəli mənzilə bərabər hüquqlara malikdirlər. İşə baxan hakim mübahisəli mənzilə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktların mövcud olmasını nəzərə almamışdır. Həmin məhkəmə aktları ilə təsdiq olunur ki, onlar ailəlikcə 2018-ci ildə mübahisəli mənzilə köçmüş, mübahisəli mənzilə dair çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Mübahisəli mənzilə dair yekun məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6672/2017 saylı 17 oktyabr 2017-ci il tarixli qərarıdır. Onlar 29 fevral 2016-cı il tarixdə evlənmişlər, 2018-ci ilin yayın ortalarınadək valideynlərinə məxsus evdə yaşamışlar, 2018-ci ilin iyun ayında ailəlikcə mübahisəli mənzilə köçmüşlər. İşə baxan hakim tərəfindən işin obyektiv halları hərtərəfli araşdırılmamışdır. İddiaçı və onunla birlikdə yaşayan azyaşlı uşaqlarının guya 2022-ci ildən etibarən mübahisəli mənzilə, ümumiyyətlə gəlməmələri, 2021-ci ildən etibarən mübahisəli mənzildə yaşamamaları barədə təqdim edilmiş akt real həqiqəti əks etdirmir. İddia ərizəsində qeyd etdiyi kimi, 11 iyul 2022-ci il tarixdə uşaqları ilə birlikdə şəhərə gəzməyə çıxmışlar. Evə qayıtdıqda mənzilin qapısının bağlı olduğunu görüb. Qapının zəngini çalsa da, qapını açan olmayıb. Görüb ki, qapının qıfılı dəyişdirilmişdir. Bu barədə Cavabdeh zəng edərək soruşduqda, ona bildirib ki, aralarındakı nikah pozulmuşdur, mənzil cavabdehindir. Həmçini onların mənzildən çıxıb getməli olduğunu, onları bir daha mənzilə buraxmayacağını demişdir. İşə baxan hakim tərəfindən təqdim edilmiş sübuta hər hansı münasibət bildirməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsivəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Qətnamədə qeyd edilir ki, guya tərtib edilmiş aktdan görünür ki, iddiaçı həmin evdə yaşamamışdır. Bu barədə qonşuların iştirakı ilə akt tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsində ümumiyyətə belə bir akt tədqiq olunmamışdır. Məhkəmənin niyə belə bir akta istinad etdiyi onlara məlum deyildir. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Birinci instansiya məhkəməsi qeyd edir ki, bu guya xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən tərəflər arasındakı münasibətləri nizama salmağa çalışmışdır. Hesab edir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsi hazırkı mübahisəyə tətbiq oluna bilməz. Çünki mübahisəli mənzil DƏDRX-də qeydə alınmadığından ona xüsusi mülkiyyətdə olan mənzillərə dair hüquq münasibətlərini tənzimləyən hüquq normaları tətbiq oluna bilməz. Hesab edir ki, qanunun analogiyası üzrə 11-ci maddəyə əsasən sosial kirayə müqaviləsinə əsasən hazırkı tərəflər arasındakı mübahisə həll olunmalıdır. Tərəflər arasındakı münasibət Mənzil Məcəlləsinin 8.0.9.1, 68.1 və 68.2-ci maddələrinə əsasən tənzimlənməlidir. Mübahisəli mənzil DƏDRX-də qeydiyyatda alınmadığından, tərəflər arasında istifadə hüququ olmalıdır, iddiaçı və onunla birgə yaşayan iki azyaşlı övladının həmin mənzilə köçürülməsi və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməlidir. Həmçinin məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq iddiaçı bidirmişdir ki, hal-hazırda hər iki uşaq iddiaçının himayəsindədir və onlara aliment ödənilir; sosial kirayə müqaviləsi üzrə mənzil məcəlləsinin normaları tətbiq olunmaldır, həmin mənzil xüsusi mülkiyyətdə deyildir və DƏDRX-də qeydiyyatda alınmamışdır.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab etdiyini, şikayətin təmin edilməməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4269/2022 saylı 21 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O həmçinin qeyd etmişdir ki, istifadə hüququnun tanınması ilə bağlı məhkəmələrdə üç cür praktika mövcuddur. 2000-ci ilə qədər olan yanaşma, 2000-2009-cu illər və 2009-cu ildən sonrakı münasibətlər. Hazırki mübahisəyə 2009-cu ildən sonrakı qanunvericiliyə əsasə baxılmalıdır. Orada konkret olaraq qeyd olunur ki, ailə üzvlərinin yaşamaq hüququ vardır. Yəni, şəxslər arasında nikah münasibətləri pozulduğundan pozulduğu andan şəxsin orada yaşamaq hüququ yoxdur. Bu hətta çıxarışlı mənzillərdə də belədir. Nikah pozulduğu adan ər və arvad birgə nikah dövründə əldə olunmayan əmlakda yaşamaq hüququnu itirmiş sayılır. Bu həm məhkəmə təcrübəsində, həm də qanunvericilikdə belədir. Şəxs bu hissəyə toxunmamışdır. Şəxs sosial kirayə müqaviləsinə toxunur. Qanunvericiliyə əsasən şəxsin iddia tələbinin əsasını dəyişmək hüququ vardır. Əvvəl iddia tələbinin əsası istifadə hüququ idi, daha sonra isə sosial kirayə müqaviləsidir. Sosial kirayə müqaviləsində mülikyyətçi ya dövlət, ya da bələdiyyə olur. Həmin ailə üzvlərinin orada yaşayış hüququ olur. Hər hansı bir şəxs sosial kirayə müqaviləsi bağlayaraq köçüb orada yaşayır, həmin şəxsin ailə üzvləri kirayə müqaviləsini imzalamasalar da həmin müqavilədən yaranan hüquqlara sahib olurlar. Bu tərəflərin bərabərliyini qorumaqla əlaqədardır. Hazırkı halda onların gözlənilən mülkiyyət hüququ vardır. Onların mülkiyyət hüququnun 3 komponentindən, sahiblik və istifadə hüquqları vardır, sərəncam hüquqları yoxdur. Sərəncam hüququnun olmamasının səbəbi həmin şirkət rəhbərliyi ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin getməsidir. Həmin cinayət işi bitdikdən sonra onlar oraya mülkiyyət hüququnu əldə edəcəklər. Buna görə də sosial kirayə müqaviləsi münasibətləri tətbiq oluna bilməz. Tərəflərindən birinci instansiya məhkəməsinə akt və uşağın getdiyi körpələr evinə verilmiş sorğunun cavabı təqdim olunmuşdur. Körpələr evinə verilmiş sorğundan görünür ki, uşaq 2018-ci ildən şəxsin yaşadığı evin yaxınlığında bağçaya gedir. Həmin yerdən Yasamal rayonu ərazisinə qədər kifayət qədər məsafə vardır. Nikah 2021-ci ildən pozulsa belə 3 il ərzində bu şəxslər bir gün barışıb, 3 gün ayrı yaşayıblar. İddiaçı və cavabdeh arasında normal yaşayış münasibətləri olmayıbdır.

Apellyasiya baxışının hədləri

13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

17.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 18.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin

19.30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 20.30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 21.30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasındabaşqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 22.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 23.Yuxarıda qeyd olunan qərarında Konstitusiya Məhkəməsi aşağıdakı kimi təfsir vermişdir: “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtinin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər”. 24.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

25.İşin mübahisələndirilməyən hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixində ailə qurmuş, 2018-ci ildə ünvan 1 ünvanında tikilmiş çoxmənzilli yaşayış evinin 1-ci mərtəbəsində, 1-ci girişində, ümumi sahəsi 98,8 kv.m olan 2 otaqlı mənzilə birgə nikahlarından anadan olmuş uşaqları ilə birlikdə köçmüş, münasibətləri pozulana kimi həmin evdə yaşamışlar. Qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3289/2021 saylı qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X1 Pərvin Yaqub qızının yanında qalması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında tikilmiş çoxmənzilli yaşayış evinin 1-ci mərtəbəsində, 1-ci girişində, ümumi sahəsi 98,8 kv.m olan 2 otaqlı mənzilə görə pay haqqını tam ödəmişdir. 26.«Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. 27.Mübahisəli mənzil alınan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativ üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Belə olan halda iddiaçının istifadə hüququnun tanınmasını xahiş etdiyi mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehə mülkiyyət hüququ ilə məxsus olması kimi nəzərə alınmalıdır. 28.Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 29.İddiaçı mübahisəli mənzilə 2018-ci ildən köçdüyündən bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. 30.Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa, bu maddənin müddəaları tətbiq olunmur. Belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq,habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Lakin adıçəkilən normanın birbaşa tələbi bundan ibarətdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. 31.Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ rəsmi nikah münasibətlərinə daxil olması ilə yaranmış və o, ailə münasibətlərində olduğu müddətdə də həmin mənzildən istifadə hüququnu realizə etmişdir. O, mübahisə predmeti olan mənzilə köçməklə cavabdehin ailə üzvü kimi həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmiş, lakin hazırda tərəflər arasında olmuş ailə münasibətlərinə rəsmi xitam verildiyindən həmin əmlakdan istifadə hüququnu itirmişdir. Məhkəmə, iddiaçının mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququnun onun rəsmi nikah münasibətlərinə girməsi ilə yarandığını və bu hüququna həmin nikah münasibətlərinin pozulması ilə də xitam verildiyini, onun cavabdehin ailə üzvü artıq sayılmadığını və eyni zamanda tərəflər arasında mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığını, həmçinin iddiaçının mənzil ehtiyacının təmin olunması üçün mübahisəli mənzildən başqa heç bir imkan və vəsaitinin olmamasının iş materialları ilə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçının Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında iddiaçının yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də itirilmiş olmuşdur və beləliklə də onun ora köçürülməsi də mümkün deyildir. 32.Halbuki yaşayış sahəsi ilə bağlı əmlak hüquqları bu hüquq sahibinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Əmlak hüquqlarının məhdudlaşdırılması qanunçuluq tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. 33.Kollegiyanın yuxarıda qeyd etdiyi mövqe həmçinin onun övladlar üçün keçərlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3289/2021 saylı qətnaməsinə əsasən tərəflərin övladları olan xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X1 Pərvin Yaqub qızının analarının yanında qalması müəyyən edilmişdir. 34.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 35.Birinci instansiya məhkəməsi əvvəl Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etsə də, daha sonra düzgün olaraq hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etmiş, işin faktiki hallarını nəzərə alaraq nəticədə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 36.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 37.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4269/2022 saylı 21 dekabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar