Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3254/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Qaçqınların Və X7 Üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Qaçqınların və X7 Üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-210/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanmış, həmin nikahdan 2 övladları doğulmuş, uşaqlar artıq yetkinlik yaşına çatmışdır. Tərəflər məcburi köçkün statusu daşıyırlar. Azərbaycan Respublikası Qaçqınların və X7 Üzrə Dövlət Komitəsi ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qobu-3 qəsəbəsindəki 33 saylı binanın 3 otaqlı 37ci mənzili haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Füzuli rayonundan məcburi köçkün olan kirayəçi kimi iddiaçının sahibliyinə və istifadəsinə verilmişdir. Müqavilədə kirayəçinin (iddiaçının) ailə üzvlərinin həyat yoldaşı - Cavabdeh, oğlu - X6 və qızı - X3 olduğu, həmçinin müqavilənin 2.5-ci bəndində kirayəçinin (iddiaçının) ailə üzvlərinin həmin müqavilə üzrə onunla bərabər hüquq və vəzifələrə malik olduğu qeyd olunmuşdur. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1503/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları Bakı şəhəri, Qaradağ rayonu, Qobu-3 qəsəbəsindəki 33 saylı binanın 37 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 1998-cı il tarixdə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2000-ci il tarixdə Həmid, xx.xx.2005-cı il tarixdə isə Nərgiz adlı qızı doğulmuşdur. O, məcburi köçkündür, birgə nikah dövründə AZMİU-nin 5 saylı yataqxanasının 211-ci otağında yaşamışlar, həmin otaq məcburi köçkün kimi onlara verilmişdir. Hər iki övladı orada dünyaya gəlmişdir. 2020-ci ilin əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Qobu-3 qəsəbəsindəki 33 saylı binanın 37-ci mənzilinə köçürülmüşdürlər. Cavabdeh uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. Hazırda cavabdehlə münasibətləri pozulmuşdur. Onların nikahı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh onu zorakılıqla məskunlaşdıqları yaşayış sahəsindən çıxarmışdır. Hazırda qohumlarının yanında yaşayır. Dəfələrlə məskunlaşdığı mənzilə qayıtmaq istəsə də, cavabdeh onu mənzilə buraxmamışdır.
4. Cavabdeh tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)- 210/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-3 qəsəbəsi, 33 saylı binanın 37-ci mənzilinə köçürülmüşdür. (hakim X9)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qobu-3 qəsəbəsindəki 33 saylı binanın 3 otaqlı 37 saylı mənzili müvəqqəti yaşamaq üçün Füzuli rayonundan məcburi köçkün olan kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verilmiş, müqavilədə kirayəçinin ailə üzvlərinin həyat yoldaşı - Cavabdeh, oğlu - X6 və qızı -X3 olduğu, həmçinin müqavilənin 2.5-ci bəndində kirayəçinin ailə üzvlərinin həmin müqavilə üzrə kirayəçi ilə bərabər hüquq və vəzifələrə malik olduğu qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən edilən hallara tətbiq edilməli hüquq normalarına əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsində sosial kirayə müqaviləsinə əsasən istifadə hüququ olduğundan, iddia təmin edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci, 68-ci, 99-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında verilmiş izahatlarda bildirilmişdir ki, iddiaçı mübahisəli evdən polislər tərəfindən çıxarılmışdır. Həmin vaxtı iddiaçı mübahisə salmış və çağrılan polis əməkdaşları onu evdən çıxarmışlar. Çünki iddiaçı ona qarşı zorakılıq etmiş və onu döyərək zor tətbiq etmişdir. Evə polis əməkdaşlarının gəldiyini iddiaçı özü də təsdiq etmişdir. İddiaçının həmin evdə yaşaması təhlükəlidir. Hər an ona xəsarət yetirə bilər. Övladlarına qarşı amansızdır. Onun həmin evdə yaşaması gələcəkdə daha ağır fəsadlara gətirib çıxara bilər. Hətta məhkəmə iclası getdiyi bir vaxtda o, zəng edərək ona və övladlarına hədə qorxu gəlmişdir. Hətta onları ağır formada hədələmişdir. Hətta küçədə olduğu halda belə evdə olan ailə üzvlərinə rahatlıq vermir. Evin içində olsa, daha kəskin mübahisələr və təzyiqlər olacaqdır. Həmin ev sosial kirayə müqaviləsi əsasında verilmiş olsa belə, iddiaçının həmin evdə yaşamaq hüququ yoxdur. Həmin ev dövlətə məxsusdur. Lakin iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsini işə cavabdeh qismində cəlb etməmişdir. Bu iddiaya cavab verilməli tərəf həmin qurumdur. Eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı məcburi köçkün düşdükləri Füzuli rayonu tamamilə işğaldan azad olunmuşdur. Tərəflər Füzuli rayonunda evlə təmin olunacaqlar. Belə olan halda, məhkəmə qətnaməsi öz qüvvəsini itirir. Bu da onun icrasını çətinləşdirir. Tərəflər Füzuli rayonunda evlə təmin olunuduqları bir dövrdə hazırki qətnamənin çıxarılmasına və iddianın təmin olunmasına ehtiyac yox idi. Sosial kirayə müqaviləsi tərəflər Füzuli rayonuna qayıtdığı üçün öz qüvvəsini itirir. Məhkəmənin sosial kirayə müqaviləsi ilə bağlı əsaslandırması səhvdir. Bu qətnamə ilə hüquqlar məhdudlaşdırılmışdır. Məhkəmə bu kimi halları aydınlaşdırmamış, ümumiyyətlə işə birtərəfli qaydada baxaraq qərəzli qətnamə çıxarmışdır. O, mənzilin mülkiyyətçisi deyil, bununla bağlı hər hansı sübutu yoxdur. Onun ümumiyyətlə istifadə hüququnu yaradan heç bir amil və sübut mövcud deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsini xahiş etmişdilər.
12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konsitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar; 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər; 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar; 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər; 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır; 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir; 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir; 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir; 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
17. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx.xx.1999-cu il tarixli Qanun 5-ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 1.4-ci, 1.5-ci bəndlərinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X7 iizrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, tərəflər keçmiş ər-arvaddır. Onların nikahı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1503/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahəsi olan mübahisəli Bakı şəhəri, Qaradağ rayonu, Qobu-3 qəsəbəsindəki 33 saylı binanın 37 nömrəli mənzili iddiaçıya məhz məcburi köçkün olduğu üçün 3 nəfər ailə üzvü (cavabdeh, iki övladı) ilə birlikdə məskunlaşması üçün dövlət tərəfindən verilmişdir. Belə ki, bununla bağlı iddiaçı ilə Azərbaycan Respublikası Qaçqınların və X7 Üzrə Dövlət Komitəsi arasında xx.xx.2020-ci il tarixdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır.
24. Hazırda iddiaçı həmin mənzilə buraxılmadığını bildirir və Bakı şəhəri, Qaradağ rayonu, Qobu-3 qəsəbəsindəki 33 saylı binanın 37 nömrəli mənzilinə köçürülməsini tələb edir. Cavabdeh isə iddiaçının ona qarşı zorakılıq tətbiq etdiyini, iddiaçının mənzildən polis əməkdaşları tərəfindən çıxarıldığını bildirir və iddiaçının mənzilə köçürülməsinin onun və övladlarının təhlükəsizliyi üçün maneə olduğu, habelə məcburi köçkün olduqları Füzuli rayonunun artıq işğaldan azad edildiyi mövqeyindən çıxış edərək, iddianın rədd edilməsini xahiş edir.
25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa idi, fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir.
26. Hazırki işin hallarından göründüyü kimi, mübahisəli mənzillə bağlı sosial kirayə müqaviləsi iddiaçı ilə bağlanılmış və iddiaçı 3 il həmin mənzildə cavabdeh və iki övladı ilə birlikdə yaşamış və nəticə etibarı ilə mənzildən öz iradəsinə zidd olaraq çıxarılmışdır. Başqa sözlə, iddiaçı mübahisə predmetini təşkil edən mənzildə tam qanuni əsaslarla məskunlaşmış və həmin mənzili öz iradəsi ilə tərk etməmişdir. Bununla belə, onun həmin mənzildə yaşamaq və ondan istifadə etmək hüquqlarından məhrum olması tam əsassız olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının mənzillə bağlı pozulmuş hüquqlarını bərpa etmiş və mübahisəli mənzilə iddiaçının köçürülməsini təmin etmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri kimi göstərildiyindən, tərəflərin Füzuli rayonundan məcburi köçkün olması, həmin ərazilərin artıq işğaldan azad olunduğu üçün onların həmin torpaqlara köçürülməsi, nəticədə, hazırki iddianın təmin edilməsinə hər hansı zərurətin qalmaması ilə bağlı arqumentlərə münasibətdə qeyd edir ki, hazırda tərəflərin hər hansı birinin köçürülməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən hər hansı qərarın qəbul edilməsi müəyyən edilmir. Cavabdeh hazırda da mənzildə yaşamağa davam edir. Həmin mənzilin onları istifadəsinə verilməsi üçün əsas olmuş müqavilə isə məhz iddiaçı ilə bağlanmış və hazırda da qüvvədədir. Hüquqi nəticə etibarı ilə iddiaçının xx.xx.2020-ci il tarixli müqavilə ilə mübahisəli mənzilə yaranmış hüquqları cavabdeh tərəfindən hər hansı əsas olmadan məhdudlaşdırılır. İddiaçı mənzildən cavabdeh tərəfindən çıxarılmasa da, hazırda məhz cavabdeh tərəfindən yaradılan maneələr nəticəsində iddiaçı mənzildə yaşaya və ondan istifadə edə bilmir. Faktiki olaraq bu hüququndan məhrum olunmuşdur. Onların arasında münasibətlərin mübahisəli və prinsipial olması da cavabdehin hərəkətlərini hüquqi baxımdan əsaslı etmir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-210/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.