Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3256/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “kommunal xidmətlərə görə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1159/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, çoxmənzilli binanın (Xətai rayonu, N.Rəfiyev küçəsində yerləşən 25№-li binanın) ümumi əmlakının saxlanması xərcləri, habelə həmin binada yerləşən cavabdehə aid sahənin (64 №-li mənzilin) saxlanması xərcləri kimi 3.206,25 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 52,06 manat, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsində nəzərdə tutulan məbləğ (tələb edilən borcun 150 faizi) cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, çoxmənzilli binanın ümumi əmlakının və həmin binada yerləşən cavabdehə aid sahənin saxlanması xərci kimi 3.206,25 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 52,06 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv olunsun və həmin hissədə iddia təmin edilməsin. İddiaçı MTK-nın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Xətai rayonu, N.Rəfiyev küçəsi, ev № 25-də yerləşən, sahəsu 142,5 kv.m təşkil edən 64 №-li mənzilə dair tərəflərin arasında xx.xx.2019-cu ildə alqı-satqı müqaviləsi bağlanıb. İddiaçı iddia edir ki, cavabdeh mənzili əldə etdikdən sonra 45 ay ərzində binanın ümumi əmlakının saxlanması xərcinin ödənilməsində iştirak etməmiş, habelə həmin binada yerləşən öz mənzilinin saxlanması ilə bağlı xərcləri ödəməmişdir. Cavabdehin nümayəndəsi apellyasiya icraatı zamanı bunu etiraf edib. O, cavabdehin ödəniş etməməsinin səbəbini belə izah edib ki, cavabdeh MTK-nın üzvü deyil, hazırkı iddianı irəli sürmək hüququ çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına aiddir, binanın idarə edilməsinə dair müqavilə bağlanmayıb, bundan başqa, mənzil əldə edildikdən sonra cavabdeh mənzildə yaşamayıb, mənzil təmirsiz olub, 1 il bundan əvvəl isə cavabdeh mənzili satıb. Həmin dəlillər iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, cavabdeh çoxmənzilli binada mənzilə sahibdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3-cü maddəsinə görə, qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. O cümlədən həmin Məcəllənin 135.1-ci maddəsinə görə, fiziki şəxslər yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Odur ki, cavabdeh binanın ümumi əmlakının saxlanması xərcininin ödənilməsində öz payna uyğun iştirak etməli, habelə həmin binada yerləşən mənzilinin saxlanması xərcini ödəməlidir. Cavabdehin 1 il bundan əvvəl mənzili satdığını təsdiq edən sübut isə məhkəməyə təqdim olunmayıb. Çoxmənzilli bina İddiaçı MTK tərəfindən idarə olunur. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd olunub: “... mənzil-tikinti kooperativinin ... yaradıldığı çoxmənzilli binanın ... mənzil-tikinti kooperativinin ... üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları ... mənzil-tikinti kooperativi ... ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər”. Tərəflərin arasında müqavilənin bağlanmaması cavabdehə əsas vermir ki, binanın ümumi əmlakının saxlanması xərcinin ödənilməsində iştirak etməkdən, habelə həmin binada yerləşən mənzilinin saxlanması xərcini ödəməkdən imtina etsin. Belə ki, iddaçının cavabdehlə müqavilə bağlamaqdan boyun qaçırdığını təsdiq edən sübut yoxdur, bu isə onu təsdiq edir ki, cavabdehin özü müqavilə bağlamaqdan yayınır. Birinci instansiya məhkəməsi 45 aylıq müddət üçün binanın ümumi əmlakının saxlanması xərcinin, habelə həmin binada yerləşən cavabdehə aid mənzilin saxlanması xərcinin miqdarını (3.206,25 manat) işdə olan sübutlara əsasən düzgün müəyyən edib, lakin bu zaman həmin dövrdə cavabdehin mənzilində yaşayış olmadığını nəzərə almayıb. Belə ki, cavabdeh bildirir ki, mənzil təmirsiz olub və həmin müddətdə mənzildə yaşayış olmayıb. İddiaçı isə bunu əksini təsdiq edən sübut təqdim etməyib. Mənzil Məcəlləsinin 136-cı maddəsində yaşayış sahəsinə və kommunal xidmətlər görə haqqın tərkibi müəyyən edilib. Ağlabatan mühakiməyə görə, mənzildə yaşayış olmadıqda bu haqqın miqdarı azalmalıdır, çünki belə halda xidmətlərdən tam həcmdə istifadə olunmur. Təcrübədə də belə xidmətlərə görə haqq tələb olunarkən yaşayış olan və yaşayış olmayan mənzillər fərqləndirilir. Ona görə də qətnamə tutulmalı olan pulun miqdarına aid olan hissədə dəyişdirilməli, 3.206,25 manatın yarısı - 1.603,12 manat tutulmalıdır. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyindən həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1159/2024 nömrəli qətnaməsi dəyişdirilsin, kommunal xidmətlərə görə tutulmalı olan pulun məbləği 1.603,12 (min altı yüz üç tam yüzdə on iki) manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3256/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3256/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver