Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3257/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh oğlunun iştirakları ilə İddiaçı Cavabdeh oğlunaqarşı “mənzilin təmirinə çəkilmiş xərcin qaytarılması” tələbinə dairmülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qafarov X3 Sadıqəli Ağaməli oğlunaqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızının cavabdehin oğlu ilə 2017-ci ildə ailə qurduğunu, cavabdehin qızı üçün elçiliyə gəldiyi zaman “gənclərin rahat yaşamaları üçün Sabunçu rayonu, ünvan 1 ünvanında, 5 mərtəbəli evin 5-ci mərtəbəsində birotaqlı ev almışam, biz evi aldıq, təmir etməyi də qız atasının üzərinə qoyaq, cehiz mebel almayın, bu iki gəncə kömək edək” dediyini, cavanların xoşbəxt yaşamaları üçün cavabdehin xahişini nəzərə alıb mənzili təmir etdirdiyini, heç bir şəraiti olmayan mənzilin təmirinə pəncərələr və qapı ustasına 2500 manat, rəng ustasına 3000 manat, santexnik ustasına 600 manat, balkonun tikilməsinə görə ustaya 300 manat, arakəsmə betonun sökülməsinə 100 manat, turba-plastmasa 260 manat, qaynaqçıya 120 manat, dam örtüyünə vurulan pola və usta puluna 390 manat, polun sökülüb yenidən yığımasına görə ustaya 150 manat, şpaklyovkaya 430 manat, kafel üçün 150 manat, kərpic və sementə 250 manat, trapa 31 manat, dirsək-rolikizoletə 10 manat, motor-gidrafora və karobkasına 60 manat, gipsə 10 manat, kabelə 15 manat, kazirov oçenkova 42 manat, uqolnik şruba 17 manat, svarka kazirova 30 manat, izateksə 28 manat, şnur-peva kleyi-uqolnik-skoça 45 manat, alçipan-profil-şrub-rolik-bolt-kleyə 75 manat, razetka-kabel-telefon şnuru-avtomatik karobkaya 60 manat, kafel mətbəx üçün 70 manat, lambirin aksesuarları hamam üçün 40 manat, hamam üçün kafel-metlaxa 358 manat, su bakına 1 tonluq 300 manat, emıısiya və kistə 70 manat olmaqla 9510 manat xərclədiyini, xx xxxxxxxx 2016-cı il tarixdə el adəti ilə toy olduğunu və qızının həmin mənzilə gəlin köçdüyünü, qızı və kürəkəninin həmin ilin dekabr ayının 13-nə kimi sözügedən mənzildə yaşadıqlarını, sonradan münasibətlərinin pozulduğunu və qızının sözügedən mənzilə buraxılmadığını, bundan sonra cavabdehin məqsədinin onlardan istifadə etmək olduğunu başa düşdüyünü bildirmiş, buna görə də cavabdehdən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsində yerləşən 36 saylı evin 13 saylı mənzilinin təmirinə xərclədiyi 9510 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh oğlundan İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 4679 manatın və ödənilmiş dövlət rüsumuna görə 14,76 manatın, yəni cəmi 4693,76 (dörd min altı yüz doxsan üç manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaitinin tutulması, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50,80 (əlli manat səksən qəpik) manatın Cavabdeh oğlundan, 49,20 (qırx doqquz manat iyirmi qəpik) manatın isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, qiymətləndirmə tədqiqatının dəyəri olaraq 101,60 (bir yüz bir manat altmış qəpik) manatın Cavabdeh oğlundan, 98,40 (doxsan səkkiz manat qırx qəpik) manatın İddiaçı tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək “4679 manatın ondan iddiaçının xeyrinə” tutulması hissəsində onun ləğv olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə mənzilin təmirinə onun özünün çəkdiyi xərcləri nəzərə almamış, həmin məbləği ümumi təmir xərcindən çıxmayaraq düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddiaçıya hissə-hissə 3000 manat ödəyə biləcəyini bildirmiş və ondan bu məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçı isə şikayətin əsassız olduğunu, cavabdehin özünün 4679 manatı ödəməyə razılaşdığını, məhz buna görə də qətnamə ilə razılaşdığını qeyd etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız “Cavabdeh oğlundan İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 4679 manatın tutulması” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissə ilə əlaqədar apellyasiya şikayəti vermişdir. Başqa sözlə, qətnamənin “Cavabdeh oğlundan İddiaçı xeyrinə dövlət rüsumunagörə 14,76 manatın tutulması, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50,80 (əlli manat səksənqəpik) manatın Cavabdeh oğlundan, 49,20 (qırx doqquz manatiyirmi qəpik) manatın isə İddiaçı tutularaq AzərbaycanRespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabınakeçirilməsi, qiymətləndirmə tədqiqatının dəyəri olaraq 101,60 (bir yüz bir manat altmış qəpik)manatın Cavabdeh oğlundan, 98,40 (doxsan səkkiz manat qırxqəpik) manatın İddiaçı tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi” hissələri apellyasiya baxışının predmeti deyildir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsində yerləşən 36 saylı evin 13 saylımənzili cavabdehin mülkiyyətindədir; onun oğlu ilə iddiaçının qızı ailə həyatı qurduqdan sonra həmin mənzildə yaşamış, tərəflərin arasındakı razılaşma əsasında mənzil onların birgə vəsaitləri hesabına təmir olunmuş, sonradan qohumluq münasibətləri pozulmuşdur. İşə birinci instansiya məhkəməsində baxıldığı zaman təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsində yerləşən 36 saylı evin 13 saylı mənzilində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və yenidənqurma işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 6401,0 manat təşkil edir; həmin rəy tədqiq olunarkən isə iddiaçı, ekspert tərəfindən tərtib edilmiş smetada 1-ci, 2-ci, 4-cü, 8-ci, 10-cu, 11-ci, 12-ci, 13-cü, 14-cü, 15-ci, 19-cu, 20-ci, 22-ci, 23-cü, 24-cü, 26-cı sırada göstərilmiş işlərin hamısının, 5-ci sırada göstərilmiş divar kağızı yapışqanına və cilalayıcı kağıza, 6-cı sırada göstərilmiş kafelə (orta keyfiyyətli), kafel üçün yapışqana (mata), 7-cı sırada göstərilmiş döşəmədən taxta təbəqələrin sökülüb yerinə vurulmasına, cilalanmasına və laklanmasına, 9-cu sırada göstərilmiş sementə (40 kq-lıq), quma, şüşəli ruberoida, metlaxa (orta keyfiyyətli), yapışqana (mata), 25-ci sırada göstərilmiş şüşəli ruberoidə çəkilmiş xərclərin (cəmi 4679 manat) onun tərəfindən ödənildiyini bildirmiş, cavadeh də bu fakti təsdiq etmişdir. Birinci instansiya məhkəməsi məhz cavabdehin etirafına əsaslanmış, cavabdehdən iddiaçının xeyrinə onun özünün qəbul etdiyi 4679 manatın tutulmalı olması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma müddəalarından yaranır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmış olduğundan, onun etirafına əsaslanmaqla ondan 4679 manatın iddiaçının xeyrinə tutulmalı olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-734/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh oğlundan İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 4679 manatın tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3257/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3257/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver