Məhkəmə qərarları › İş №2(103)-3257/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3257/2025

20.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3257/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair ilk, iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, onların ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən 8 saylı evin, 24 saylı mənzil mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 və İddiaçı2 Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən 8 saylı evin, 24 saylı mənzildən istifadə hüququnun itirlmiş hesab edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia icraata qəbul edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanındakı mənzilə köçürülmüş, iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, buraxılmış müddətin bərpa edilməsini və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-197/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-197/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılmışdır. Həmin qərardaddan Maraqlı şəxs şikayət verərək, qərardadın ləğv edilərək, onun tərəfindən verilmiş ərizənin təmin edilməsini və apellyasiya şikayətini baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir Şikayət işin faktiki hallarına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, o, doğulduğu vaxtdan qətnamədə göstərilən həmin mənzildə yaşayır və orada qeydiyyatdadır. Mənzilin sahibi order əsasında mərhum babası X5 olmuşdur. İş üzrə cavabdeh şəxs anasıdır, ondan savayı o və bacısı xx.xx.1997-ci il təvəllüdlü X4 da orada anadan olmuş və həmin ünvanda yaşayır. Bir sözlə həmin mənzildə hər ikisinin istifadə hüququ vardır. Lakin məhkəmə işə baxarkən işi tam araşdırmamış, baxılan mübahisəli hüquq münasibətinin bilavasitə onun və bacısının maraqlarına toxunmasına baxmayaraq, məhkəmə onları işə cəlb etmədən qətnamə qəbul etmişdir. Hansı ki, həmin mənzildə onun və bacısının da istifadə hüququ vardır. Ailə məsələləri ilə əlaqəli hər ikisi ölkə xaricində olmuşlar. Bunu sübut edən pasportunu da işə əlavə etmişdir. Gəlib gördükləri mənzərə onları çaşbaş salmışdır. Bir sözlə, qətnamə ilə müəyyən olunan tələb birbaşa onun hüquqlarını pozmuşdur. Ölkəyə qayıtdıqda həmin mənzildə başqa şəxslərin yaşadığını görmüşdür. Qətnaməni əldə edib ondan şikayət vermək üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, prosesual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, mülki prosessual qanunvericilikdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün həmin şəxsin işdə iştirakçı kimi tanınmalı olduğunu qeyd edən heç bir norma və məhdudiyyət yoxdur. Onun həmin mənzildən istifadə hüququ vardır. Lakin məhkəmə işə baxarkən işi tam araşdırmamış, baxılan mübahisəli hüquq münasibətinin bilavasitə onun maraqlarına toxunmasına baxmayaraq işə cəlb etmədən qətnamə qəbul etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-197/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 197/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinin tələblərinə uyğun olaraq yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-197/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 ilk iddiası təmin edilərək, onlar ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanındakı mənzilə köçürülmüş, iddiaçı Cavabdeh onlara qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Maraqlı şəxs həmin iş üzrə tərəf olmamış, o cümlədən iddiaçı və ya cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməmişdir. Hazırda bu şəxs Cavabdeh onun anası olduğunu, həmin iş üzrə mübahisələndirilən mənzildə doğulduğunu və yaşadığını, bugünədək orada qeydiyyatda olduğunu və onun da mənzildən istifadə hüququnun olduğunu, bu baxımdan qətnamənin bilavasitə onun hüquq və vəzifələrinə toxunduğunu bildirir və qeyd edilən hallara söykənərək, qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini tələb edir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, bu şəxs iş üzrə tərəf olmamış, üçüncü şəxs qismində işə cəlb edilməmişdir. Belə olan halda, onun həmin iş üzrə ərizə ilə (şikayətlə) məhkəməyə müraciət etmək hüququ yoxdur. O, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan digər şəxs kimi tanınmaq üçün məhkəməyə müraciət etdikdən sonra həmin hüquqa malik ola bilər. Məhkəmə kollegiyası bu məsələni tənzimləyən Mülki Prosessual Məcəllənin 357-ci maddəsinə istinadən qeyd edir ki, həmin maddənin 1-ci hissəsində birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamələrdən apellyasiya şikayətinin verilməsi hüququ olan şəxslərin dairəsi təsbit edilmiş, ikinci hissəsində isə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də həmin qətnamədən şikayət vermək hüququ tanınmışdır. Lakin belə hallarla bağlı hər hansı xüsusi müraciət forması müəyyən edilməmişdir. Maddənin məzmununa əsasən şəxs qeyd edilən əsaslardan çıxış edib, qətnamədən apellyasiya şikayətini verməklə artıq qətnamənin onun hüquq və vəzifələrinə toxunması mövqeyindən çıxış edir. Başqa sözlə, belə bir şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi artıq həmin qətnamənin onun hüquq və vəzifələrinə toxunması hallarının olub-olmamasının müəyyən edilməsi və nəticəsindən asılı olaraq müvafiq qərardadla onun bu hüququnun (statusunun) tanınması və ya apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yaradır. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 197/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməklə, artıq həmin qətnamənin onun hüquq və vəzifələrinə toxunması mövqeyindən çıxış etmişdir. Bundan əlavə hələ ayrıca ərizə ilə (vəsatətlə) də müraciət etməyə hər hansı hüquqi ehtiyac (prosessual zərurət) yoxdur. Apellyasiya şikayətinin verilməsi artıq belə halların mövcud olub-olmamasının məhkəmə tərəfindən yoxlanılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2023 nömrəli, xx.xx.2024-cü il tarixl qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinin tələblərinə uyğun olaraq (onun hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsinə) baxılması üçün həmin məhkəməyə göndərilməli, bu prosessual hərəkətin nəticəsindən asılı olaraq növbəti prosessual hərəkətlər yerinə yetirilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2023 nömrəli, xx.xx.2024-cü il tarixl qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinin tələblərinə uyğun olaraq (onun hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsinə) baxılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Bu prosessual hərəkətin nəticəsindən asılı olaraq növbəti prosessual hərəkətlər yerinə yetirilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar