Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3258/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X3 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, hesablanmış əsas borcun, faizlərin və penyanın tutulması, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(011)-3877/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdeh ilə arasında bağlanmış 10 aprel 2019-cu il tarixli, 1992/2019 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən əsas borc 128.841,12 manat, faiz borcu üzrə 39.709,73 manat, cərimə borcu üzrə 14.505,42 manat olmaqla, cəmi 183.056,27 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın 10 aprel 2019-cu il tarixli, 1992/2019 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş ünvan 1, ünvan 3 və ünvan 2-yə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğin borcun ödənilməsi üçün MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə bağlanmış 10 aprel 2019-cu il tarixli, 1992/2019 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə, illik 25 faiz dərəcəsi olmaqla 150.000 manat məbləğində kredit verilmiş, kreditin qaytarılmasının təminatı kimi 10 aprel 2019-cu il tarixli ayrı-ayrı əmlaklara münasibətdə üç ədəd ipoteka müqaviləsi bağlanmış, cavabdehə məxsus olan ünvan 1, ünvan 3 və ünvan 2 ipoteka predmeti olaraq müəyyənləşdirilmiş, iddiaçının xeyrinə yüklü edilməklə qeydiyyata alınmışdır. Lakin bu günə kimi borcalan tərəfindən MMC-yə əsas borcdan 21.158,88 manat, faiz məbləğindən 20.042,91 manat olmaqla, cəmi 41.201,79 manat borc ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(011)- 3877/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 128.841,12 manat əsas borc, 39.709,73 manat faiz borcu, 1.000 manat cərimə borcu olmaqla, cəmi 169.550,85 manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 28 manat məbləğində pulun tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməsi, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 14, 67 saylı mənzil, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 103, 66 saylı mənzil və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 105, 72 saylı mənzilin açıq hərracda satılması və borcun mənzillərin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin likvid dəyərinin 56.000 manat; ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin likvid dəyərinin 70.000 manat; ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzilin likvid dəyərinin 48.500 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 2 manatının iddiaçının özünə aid edilməsi, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi üzrə "xxxx" MMC tərəfindən keçirilmiş tədqiqatlarının dəyəri olan 600 manatın 552 manatının Cavabdeh alınaraq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməsi, qalan 48 manatın iddiaçının özünə aid edilməsi, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertizanın xərci olan 100 manatın 92 manatının Cavabdeh, qalan 8 manatının isə iddiaçı BOKT "xxxx" MMC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2642/2022 saylı 15 mart 2022-ci il tarixli əlavə qətnaməsi ilə iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2019-cu il tarixli, 1992/2019 saylı kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərmişdir ki, şişirdilmiş faiz məbləği ilə razı deyil, işin hallarına uyğun olaraq kredit müqaviləsi üzrə borcun, cərimənin və faiz məbləğinin yenidən hesablanması zəruridir. Pandemiya səbəbindən sərt karantin rejimi tətbiq edildiyi üçün iqtisadi vəziyyəti pisləşmişdir. Bu hallar nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi-vəkili ərizə ünvanlayaraq, ünvan 4əsi vacib olduğu üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin qeyd etdiyi halı təsdiq edən hər hansı sənəd əlavə etməmişdir, Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2019-cu il tarixli, 1992/2019 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə, illik 25 faiz dərəcəsi olmaqla 150.000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi BOKT "xxxx" MMC ilə Cavabdeh arasında 10 aprel 2019-cu il tarixli ayrı-ayrı əmlaklara münasibətdə üç ədəd ipoteka müqaviləsi bağlanmış, Cavabdeh məxsus olan ünvan 1, ünvan 3 və ünvan 2 ipoteka ilə yüklü edilmişdir. Borclu Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmişdir. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 27 yanvar 2021-ci il tarixinə borclunun kredit müqaviləsi üzrə cəmi 183.056,27 manat məbləğində kredit borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli rəylərdən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin likvid dəyəri 56.000 manat; ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin likvid dəyəri 70.000 manat; ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzilin likvid dəyəri 48.500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək, cərimə borcunu azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi tarixə, yəni 12 aprel 2021-ci il tarixə BOKT "xxxx" MMC-yə əsas borc üzrə 130.437,90 manat, faiz borcu üzrə 45.290,92 manat olmaqla, cəmi 175.728,77 manat borcu müəyyən edilmişdir. Ekspert rəyi ilə iddia ərizəsinin verildiyi 12.04.2021-ci il tarixə olan borc məbləği müəyyən edilmişdir. Lakin iddiaçı bank tərəfindən 27.01.2021-ci ilədək hesablanmış borc məbləği tələb olunmuşdur. Buna baxmayaraq, ekspert tərəfindən müəyyən olunmuş əsas borc məbləği iddiaçının tələb etdiyi məbləğdən çox olduğu üçün məhkəmə həmin hissədə iddianı verilmiş tələb daxilində təmin etmişdir. Ekspert rəyi ilə faiz borcunun tələb olunan həddən daha çox müəyyən olunması isə anlaşılandır, çünki faiz borcu 21.01.2021-ci ilədək tələb olunduğu halda, ekspert tərəfindən hesablama 12.04.2021-ci ilədək aparılmış, lakin iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə verilməmişdir. Məhkəmə əsas və faiz borcunu tələb olunan həddə təmin etmişdir (128.841,12 manat əsas, 39.709,73 manat faiz). Cərimə məbləğini isə məhkəmə tənasübsüz surətdə yüksək olduğundan azaltmışdır. Cavabdeh apelyasiya şikayətində borc məbləğinin şişirdildiyini qeyd edərək, kredit müqaviləsi üzrə borcun, cərimənin və faiz məbləğinin yenidən hesablanmalı olduğunu göstərmişdir, kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən, iş materiallarından (ekspert rəyi, hesabdan çıxarış) müəyyən olunur ki, cavabdeh kredit ödənişindən sonuncu dəfə 22.11.2019-cu ildə 5520 manat ödəniş etmişdir ki, bunun da 2654,81 manatı əsas borcdan, 2865,19 manatı isə faiz borcundan silinmişdir. Sonradan heç bir ödəniş olmamış və bu səbəbdən 21.01.2017-ci il tarixə 39.709,73 manat faiz borcu hesablanmışdır. Cavabdehin dəlilləri əsassızdır, borcun yenidən hesablanmasına ehtiyac yoxdur. Pandemiya ilə bağlı borcun ödənilməməsinə münasibətdə isə bu hal cavabdehi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasından azad etmir. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (maddə 319.1). Həmin məcəllənin 319.1.6-cı maddəsinə görə, İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. İş materiallarından müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayətində irəli sürdüyü dəlillər formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3877/2021 saylı iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3258/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3258/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver