Məhkəmə qərarları › İş №2(103)-3258/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3258/2023

23.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3258/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-840/2023 saylı 03 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 23 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər 2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin hər ikisi məcburi köçkündür. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur.

2. 20 saylı MKİS-in arayışına əsasən Babayev X2 rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 127 Q, mənzil 13 qeydiyyatındadır.

3. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 3-36/2-512/2023 saylı məktubunda göstərilmişdir ki, Laçın rayonunun Hətəmlər kəndindən məcburi köçkünlər - İddiaçı, Cavabdeh və X3 ünvan 1 ünvanında müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar.

4. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının aparatının xx.xx.2023-cü il tarixli, 5-14/2-105/2023 saylı məktubunda ünvan 2 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 2 mərtəbəli, 2 girişli və 16 otaqdan (mənzildən) ibarət sözügedən yataqxana binası Müdafiə Nazirliyinin balansında olduğu, yataqxanadakı otaqlar sakinlər tərəfindən qarışıq və anlaşılmaz şəkildə dəfələrlə nömrələndiyindən qeyd edilən 13-cü otağı tapılıb dəqiqləşdirilməsinin mümkün olmadığı, həmçinin Cavabdeh Laçın rayonundan olan keçmiş məcburi köçkün kimi qardaşı X3 ilə müvəqqəti qeydiyyatda olmaqla məskunlaşaraq, hal-hazırda faktiki həmin ünvanda yaşadıqları bildirilmişdir.

5. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 04 aprel 2023cü il tarixli 02/842 nömrəli məktubunda göstərilmişdir ki, Laçın rayonundan məcburi köçkün Cavabdeh qardaşı X3 ilə birlikdə Komitənin Nərimanov rayonu üzrə nümayəndəliyinin 052226 saylı qeydiyyat vərəqəsinə əsasən Bakı şəhəri Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi ev 127q, mənzil 16 (Müdafiə Nazirliyinin inzibati binası) ünvanında müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmışlar. Cavabdeh keçmiş həyat yoldaşı İddiaçı Nərimanov rayonu üzrə nümayəndəlikdə məskunlaşması və qeydiyyatı ilə bağlı heç bir məlumat yoxdur.

6. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayonu üzrə Sektor tərəfindən verilmiş 01 may 2017-ci il tarixli 4111 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür və Lökbatan qəsəbəsi 11 saylı yataqxanada məskunlaşmışdır.

7. 20 saylı MKİS-in 034079 nömrəli arayışına əsasən Babayev X2 rayonu, M.T.Uluqbəy küçəsi 127Q (keçmiş Y.V.Çəmənzəminli küçəsi) nömrəli evin 16 nömrəli otağında qeydiyyatda deyil və yaşamır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 127Q saylı, evin 13 saylı mənzilinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1972-ci ildə Laçın rayonu Şəlvə kəndində doğulmuşdur. Laçın rayonundan məcburi köçkündür. İ Qarabağ müharibəsi iştirakçısı olmuşdur. 2012-ci ildə ailə həyatı qurmuş, lakin birgə nikahdan cavabdehlə övladları olmamışdır. Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 127 Q, mənzil 13 ünvanında 12 ildir məskunlaşmışdır. Həmin mənzilin təmirinə indiyə kimi 30000 manat vəsait xərcləmişdir. Son vaxtlar həyat yoldaşı, hazırki cavabdeh ilə münasibətləri pisləşmiş, polis əməkdaşlarının iştirakı ilə mənzildən çıxarılmışdır. Müvafiq mənzilin heç bir rəsmi sənədi yoxdur, onlar orada məcburi köçkün kimi məskunlaşmışlar.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 mart 2023-cü il tarixli 2(005)-840/2023 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilmiş, İddiaçı ünvan 3 ünvanına köçürülməsi qət edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 127 Q ünvanında hazırda iş üzrə Cavabdeh yaşamaqdadır. İddiaçı uzun müddət həmin ünvanında yaşamış, sonradan Cavabdeh tərəfindən çıxarılmışdır. Cavabdehin qardaşı hazırda həmin mənzildə yaşayır. Cavabdeh İddiaçı mənzildə yaşamağa maneə yaradır. Mübahisəli mənzilə dair verilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 3-36/2- 512/2023 saylı məktubunda, İddiaçı adının olması onun həmin mənzilə köçüb oradan yaşayış sahəsi kimi istifadə etmək hüququnu ehtiva edir, o isə bu hüququn ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsi tələbi edir.

12. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilə dair tərəflərin hər hansı hüquqmüəyyənedici sənədləri olmasa da, həmin yaşayış sahəsi iddiaçı və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Bu baxımdan, iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ olduğundan iddia tələbi təmin edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43.1, 25, Mülki Məcəllənin 6.1.1, 27, 158.1, 158.2, 158.4, 164, 165.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apelyasiya şikayətində göstərilmişdir ki, onun iştirakı olmadan məhkəmə iclası keçirilmişdir. Mübahisəli mənzil bir otaqlıdır, hazırda o və qardaşı yaşayır. İddiaçı nikahdan əvvəl də, nikah dövründə də Qaradağ rayonu ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Laçından məcburi köçkün düşərkən mübahisəli evdə valideynləri, qardaşı, bacısı və o, məskunlaşmışdır. İddiaçı isə onunla 2012-ci ildə nikaha girərək ailə qurmuş, nikahları faktiki pozulduqda isə evi tərk etmişdir. Mənzilin təmirinə guya 30000 manat xərcləməsi isə sübuta yetirilmir. Mənzil ümumiyyətlə təmirsizdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

18. İddiaçı isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması” Qaydası

19. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

20. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

21. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

30. İşin müəyyən edilmiş hallarına əsasən tərəflərin hər ikisi məcburi köçkündür. İddiaçı Qaradağ rayonu Lökbatan qəsəbəsində məskunlaşmış, cavabdeh isə Nərimanov rayonunda mübahisəli mənzildə məskunlaşmışdır. Tərəflər 2012-ci ildə nikaha daxil olaraq ailə qurmuş, bundan sonra iddiaçı cavabdehin məskunlaşdığı evə köçərək, birlikdə yaşamışlar. Faktiki nikah münasibətləri pozulduqdan sonra isə iddiaçı evdən çıxarılmışdır.

31. İddiaçı hazırda mübahisəli evə köçürülməsini tələb etmiş və 20 saylı MKİS tərəfindən verilmiş arayışı təqdim edərək, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 127 Q, mənzil 13 ünvanında qeydiyyatda olmasına istinad etmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunanlara istinad edərək göstərmişdir ki, mübahisəli mənzilə dair tərəflərin hər hansı hüquqmüəyyənedici sənədləri olmasa da, həmin yaşayış sahəsi iddiaçı və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Bu baxımdan, iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ olduğundan iddia tələbi təmin edilməlidir.

32. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmamışdır.

33. Təqdim edilmiş 20 saylı MKİS-in 034079 nömrəli arayışına əsasən Babayev X2 rayonu, M.T.Uluqbəy küçəsi 127Q (keçmiş Y.V.Çəmənzəminli küçəsi) nömrəli evin 16 nömrəli otağında qeydiyyatda deyil və yaşamır.

34. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayonu üzrə Sektor tərəfindən verilmiş 01 may 2017-ci il tarixli 4111 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür və Lökbatan qəsəbəsi 11 saylı yataqxanada məskunlaşmışdır.

35. İddiaçı mübahisəli evdə qeydiyyatda olmamışdır, Qaradağ rayonu Lökbatan qəsəbəsində məskunlaşmış və qeydiyyatı da həmin ünvan üzrə olmuşdur.

36. İddiaçının mübahisəli mənzildən (cavabdehin ailəsi ilə birlikdə məskunlaşdığı yataqxana otağından) istifadə etməsi ailə münasibətlərinə əsaslanmışdır. Lakin hazırda bu münasibətlərə xitam verilmişdir. Belə olan halda iddiaçının cavabdeh və sonuncunun qardaşı ilə birlikdə məskunlaşdığı və cəmi 1 otaqdan ibarət olan yaşayış sahəsindən birgə istifadəsi üçün heç bir əsas qalmamışdır. İddiaçının mübahisəli mənzilə köçürülməsi tərəflərin təhlükəsizliyi baxımından da yolverilən deyildir.

37. Kollegiya onu da qeyd edir ki, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən birbaşa norma yoxdur. Buna baxmayaraq tərəflər arasında münasibətlərin 2012-ci ildə yaranmasını nəzərə alsaq, hazırki mübahisəyə analogiya üzrə Mənzil Məcəllənin 30-cu maddəsini tətbiq etmək mümkündür.

38. Məcəllənin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

39. Baxılan işdə iddiaçı cavabdehlə ailə qurduqdan sonra mübahisəli evə köçmüş, hazırda isə ailə münasibətlərinə xitam verilmişdir. Belə olan halda keçmiş ailə üzvü kimi onun həmin evə istifadə hüququ itirilmişdir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-840/2023 saylı iş üzrə 03 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar