Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3262/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1001/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1554(min beş yüz əlli dörd) manat vurulmuş zərər və 35,54(otuz beş manat, əlli dörd qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq onun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiasında göstərir ki, “MERCEDES BENZ 200D” markalı, **-UF-*** dövlət nömrə nişanlı avtomobil 03.03.2019-cu ildən 03.03.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 01.03.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il noyabrın 05-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “MERCEDES BENZ 200D” markalı, **-UF-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana sovxozu ərazisində “VAZ 21723” markalı, 30- BF-616 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Sabunçu DYPŞ tərəfindən 06.11.2019-cu il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir.Sabunçu DYPŞ-in 07.11.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1 -ci və 327.1 -ci maddələri ilə təqsirli bilinmişdir. Fiziki şəxs X1 (VÖEN **********) tərəfindən 06.11.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VAZ 21723” markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobilə 1554 manat məbləğində zərər dəymişdir. İddiaçı 30.12.2019-cu il tarixində həmin məbləği zərəçəkmiş şəxs Muxtarov Rahim Murad oğluna ödəmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1001/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, cavabdehə lazımi qaydada məlumat verilməmiş, o çağırılıb dinldirilməmiş, iddia ərizəsi üzrə mövqeyini bildirmək hüququndan məhrum edilmiş, işə onun iştirakı olmadan baxılmışdır. Cavabdeh məhkəmə bildirişlərini almamış, məhkəmə bildirişlərinin ona çatdırılması barədə işdə hər hansı sübut işə əlavə edilməmişdir. O, səhhəti ilə bağlı qeydiyyat üzrə ünvan 1 ünvanında deyil, qızının evində yaşadığından iş üzrə qətnamə ona yalnız 07 mart 2022-ci il tarixdə çatdırılmışdır. İş materiallarından da görünür ki, cavabdeh törətdiyi xətalara görə inzibati məsuliyyətə cəlb edilərək 40 manat məbləğində cərimə edilmişdir. Materiallara əlavə edilmiş, iddiaçı tərəfindən zərəri ödənilmiş “VAZ 21723" markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilə dair tərtib olunmuş qüsur aktında məbləğ aşkar şəkildə şişirdilmiş olsa da, birinci instansiya məhkəəməsi ekspert rəyinin alınması zərurətinin olmadığı qənaətinə gəlmiş, iş üzrə tələm-tələsik qərar qəbul etmişdir. Cavabdeh hesab edir ki, idarə etdiyi10 UF-533dövlət nömrə nişanlı avtomaşın sığortalanmış olduğundan sığortaçı düzgün olaraq da dəymiş zərəri qarşılayaraq ödəmişdir. Amma subroqasiya qaydasında 1589,54 (min beş yüz səksən doqquz manat əlli dörd qəpik) manat pulun ondan, yəni ayda cəmi 280 manat pensiya alan şəxsdən tutulmasına dair iddia və onun təmin olumasına dair qətnamə çıxarılması eyni zamanda ədalətsizlikdir. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, çəkişmə prinsipinin təmin edilməsindən yayınmış, onu ümumiyyətlə dinləmədən, zərər dəymiş avtomaşının təmirinə çəkilən xərcin məbləği ilə bağlı yekun mövqeyini araşdırmadan, alınmış qüsur aktı üzrə ehtiyat hissələr və görülmüş işlərin məbləğinin şişirdilmiş olmasına əhəmiyyət verməyərək ekspertiza keçirmədən, əlavə araşdırma aparmadan tələm-tələsik qətnamə çıxarmışdır. O, ixtiyar yaşlı olduğu və ümumiyyətlə savadının olmaması üzündən DYP əməkdaşlarının apardığı araşdırmada tərtib olunan sənədləri oxumadan imzalamışdır. Məhkəmə isə onun bir tərəf kimi ədalətli məhkəmə araşdırması hüququnun olmasına əhəmiyyət verməmiş, həmin hüququn reallaşdırılmasına şərait yaratmamış və nəticə etibarilə məhkəmə araşdırmasını natamam surətdə yekunlaşdırmışdır. Onun uzun illər, bu vaxta kimi mütəmadi olaraq sığorta ödənişləri etməyini, ixtiyar yaşda olmasına baxmayaraq təhlükəsiz sürücü kimi risqləri gözə almasını, icbari sığortanın isə ümumiyyətlə mülki məsuliyyətin sığortalanması məqsədini güddüyünü məhkəmə nəzərə almamışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 386.1, 442, 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1099.1, 1108.1, 1114.1-ci; “Yol hərəkəti haqqında” Qanunun 36, 81-ci; “İcbari sığortalar haqqında” Qanunun 25.1, 25.1.1, 25.1.2, 25.1.3-cü maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, "xxxx" ASC-də PXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 06.11.2019-cu il tarixdə etibarnamə olmadan idarə etdiyi “MERCEDES-BENZ 200" markalı, **-UF-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana sovxozu ərazisində “VAZ 21723” markalı, 30- BF- 616 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. İddiaçı 30.12.2019-cu il tarixli qəbzdən görünür ki, "xxxx"ASC tərəfindən “VAZ 21723” markalı, 30- BF-616 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərlə bağlı sahibi Muxtarov Rahim Murad oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində VAZ 21723” markalı, 30- BF616 dövlət nömrə nişanlı avtomobilə 1554 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı tərəfindən zərərçəkmişin kartına 1554 manat məbləği yüklənilmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1, 25.1.3-cü maddəsinə əsasən iddiaçı mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində Cavabdeh oğluna qarşı subroqasiya hüququ ilə sonuncunun icbari sığorta şəhadətnaməsində göstərilən avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi istismar etməsinə görə iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin Cavabdeh qeyd olunan avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfü deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ(sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmamasının sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aidiyyəti yoxdur. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanui əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyil. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Son vaxtlar mülki dövriyyəyə daxil olan “ayıq sürücü” xitməti əməkdaşlarını da buna aid etmək olar. Demək mülkiyyətçinin yaxud digər qanuni sahibin avtomobildə olub-olmamasının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. Bunu onlara heç kimi qadağan edə bilməz. Hazırki işdə də qeyd olunan avtomobil mülkiyyətçinin razılığı ilə cavabdeh tərəfindən idarə edilmişdir. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1001/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1001/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3262/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3262/2022
18.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver