Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3263/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-6129/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli ******* saylı aktın ləğv edilməsi və hesab koduna əsassız tətbiq edilmiş 1446,16 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixdə ona məxsus ünvan 1 ünvanda onun iştirakı olmadan evin qaz təsərrüfatına baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh İB-nin nümayəndələri tərəfindən təbii qazdan sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni olaraq istifadə olunması barədə xx.xx.2020-ci il tarixli 028301 saylı akt tərtib edilmişdir. Bunun nəticəsi olaraq qeyd olunan ünvanın hesab koduna akt əsasında 753 manat borc yazılmışdır. Bundan başqa, heç bir əsas olmadan cəmi 1446,16 manat dəymiş ziyan hesablanmışdır. Qeyd edir ki, aprel ayı yaz mövsümü olduğu üçün təbii qazdan ancaq PQ-4 qaz cihazında istifadə olunur ki, onun aylıq sərfiyyatı 3-4 manat təşkil edir. Eyni zamanda qeyd edir ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən akt tərtib edilərkən onun iştirakı olmamış, aktı imzalamamışdır. Bundan başqa, əgər qazda qeyri-qanuni istifadə var idisə, nəyə görə Cavabdeh” İB tərəfindən polisə müraciət olunmamış, İXM-nə uyğun akt tərtib edilməmişdir? Onun tərəfindən aktın ləğvi və əsassız hesablanmış borcun silinməsi ilə bağlı Cavabdeh” İB-nə müraciət edilmiş, lakin heç bir nəticə olmamış, hesablanmış 1446.16 manat silinməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-6129/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir Qətnamədən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə əsaslandırılmışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktların surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. Abonentin saldosundan görünür ki, abonent kodu **********000000 olan İddiaçı akt əsasında 734,40 manat məbləğində borc hesablanmışdır. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma halı müəyyən edilmişdir və həmin akt abonentin iştirakı ilə tərtib edilərək, onun tərəfindən imzalanmışdır. Qeyd ediləm akta əsasən İddiaçı 734,40 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının qaz xəttinə qanunsuz qoşulması nəticəsində ona cərimə məbləğinin hesablanması qanuni olmuşdur və işə baxan birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əvvəlki dövr üçün hesablanmış 676,36 manat borc məbləğinin tutulması ilə bağlı hissəsi öz təsdiqini tapmır. Belə ki, qeyd edilən borc məbləğinin hansı şəkildə (qazdan istifadəyə görə hesablanmış borc, yaxud qanunsuz qoşulma və ya qazdan istifadə qaydalarının hər hansı şəkildə pozulmasına görə hesablanmış cərimə və s.), hansı dövr üzrə yaranması məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, smart-kart tipli qaz sayğaclarının işləmə mexanizmi (kartla yüklənən məbləğdə qazdan istifadə edilə bilər) nəzər alınmaqla, həmin məbləğin qazdan istifadə nəticəsində necə yaranmasına Cavabdeh İB tərəfindən aydınlıq gətirilməmişdir. Həmçinin, qeyd edilən borc məbləğinin akt əsasında hesablandığı təqdirdə, bu məbləğin hansı akt əsasında və ya hansı pozuntuya görə hesablandığı müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçı tərəf Cavabdeh İB-nin aktının etibarsızlığına dair tələb irəli sürməsə də, onun borcun silinməsinə dair tələbi dolayısı ilə həmin borcun hesablanmasına əsas olmuş sənədlərin həqiqiliyini şübhə altına aldığından, bu halların sübut edilməsi yükü cavabdeh təşkilatın üzərinə düşür. Cavabdeh isə qeyd edilən borc məbləğinin hansı əsasla hesablanmasını məhkəmədə sübut edə bilməmişdir. Göstərilənləri nəzər alaraq və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təbii qazdan istifadə nəticəsində yaranan 676.36 manat borcun silinməsinin təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsi ilə razılaşmır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı tamamilə rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də qətnamə qismən ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-6129/2020 qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı hesablanmış 676,36 manat (altı yüz yetmiş altı manat otuz altı qəpik) borc məbləği silinsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-3263/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3263/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver