Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3263/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, e-2(005)- 404/2025 nömrəli qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ilə "xxxx" MMC arasında cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvanda inşa etdiyi binanın 5-ci giriş 16-cı mərtəbəsində yerləşən 2 otaqlı 528 saylı mənzilə dair xx.xx.2006-cı ildə müqavilə bağlanmışdır. İddiaçı 21 iyul 2010-cu il tarixli ərizəsi əsasında (artıq ödəmə nəzərə alınmaqla) 528 saylı mənzil həmin binanın 4-cü giriş 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82 kv.metr olan 2 otaqlı 384 mənzillə əvəzləşdirilərək yeni müqavilə əsasında onun adına rəsmiləşdirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən həmin mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borcu qalmamışdır. İddiaçı "xxxx" MMC-yə ünvanlandırdığı, notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********765 nömrəli ərizədə göstərilmişdir ki, o, 384 saylı mənzilə dair "xxxx" MMC ilə bağladığı 21 iyul 2010-cu il tarixli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və MMC-nin nizamnaməsinə uyğun tədbir görülməsini xahiş etmiş, həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə etirazının, bununla bağlı iddia və tələbinin olmadığını göstərmişdir. 2021-ci ilin aprel ayında İddiaçı cavabdehlər Cavabdeh MTK-ya, X5, Zolfi Bakhshaliyə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m. olan iki otaqlı 384 saylı mənzilinin cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsi, iddiaçının kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m. olan iki otaqlı 384 saylı mənzilin cavabdeh X5 məxsus həmin ünvanda yerləşən 385 saylı mənzillə dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ********* qeydiyyat nömrəli, 17 iyun 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, “Şərur" MTK-nın 12 mart 2020-ci il tarixli, 06 saylı protokolunun və həmin tarixli borcun olmamasına dair arayışının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 3301/2021 saylı qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(103)-633/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3301/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli,e-2(102)-2444/2022 saylı Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(103)- 633/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdeh Zolfi Bakhshaliyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B saylı yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81,4 kv.metr sahəli 384 saylı iki otaqlı mənzil üçün "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK-ya ödədiyi 40.000 ABŞ dolları (31.200 manat) və həmin mənzilin təmiri üçün çəkdiyi 27.739,55 manatın və 2 il əldən çıxmış faydaya görə 6.041,3 manat, cəmi 64.980,85 manatın, habelə vəkil xərci kimi 211 manatın Zolfi Bakhshalidən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(001)- 4970/22 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-293/2024 nömrəli, 8 may 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın qismən təmin olunması, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B saylı yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81,4 kv.metr sahəli 384 saylı iki otaqlı mənzilin təmir xərcinin əvəzi kimi 27.739,55 manat pulun cavabdeh X2 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli,e-2(102)-3079/2024 saylı Qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 293/2024 nömrəli, 8 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2(103)-293/2024 saylı mülki işə əlavə edilmiş Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-1771/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zolfi Bakhshalının cavabdeh X6 qarşı “cavabdehin öz əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin təhvil verilməi” təlləbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 özünə məxsus əşyaları ilə birlikdə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 384 nömrəli mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə müvafiq qərarın çıxarılmasını xahiş etmişdir. Qətnamə ilə iddia təmin edilmiş, cavabdeh X3 ünvan 2 ünvanında yerləşən 384 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzil boşaldılaraq iddiaçı Zolfi Bakhshalıya təhvil verilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdehdən mənzilə görə ödədiyi pulu tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində inşa edilən binanın 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81 kv.metr sahəsi olan 384 saylı mənzili hüquqazidd şəkildə başqa şəxsin adına rəsmiləşdirən Cavabdeh MTK-dan vurulmuş zərərin əvəzi olaraq 40000 ABŞ dolları (31200 manat) məbləğində pulun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC (hüquqi varisi Cavabdeh MTK) arasında MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 3 ünvanda inşa etdiyi binanın 5-ci giriş, 16-cı mərtəbəsində yerləşən 2 otaqlı 528 saylı mənzilə dair xx.xx.2006-cı ildə müqavilə bağlanmışdır. İddiaçı 21 iyul 2010-cu il tarixli ərizəsi əsasında (artıq ödəmə nəzərə alınmaqla) 528 saylı mənzil həmin binanın 4-cü giriş 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81 kv.metr olan 2 otaqlı 384 saylı mənzillə əvəzləşdirilmişdir. Belə ki, İddiaçı ilə "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK arasında 21 iyul 2010-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində inşa edilən binanın 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81 kv.metr sahəsi olan 384 saylı mənzilə dair kooperativ mənziltikinti haqqında müqavilə bağlanaraq mənzil onun adına rəsmiləşdirilmişdir. Sözügedən faktlar Cavabdeh MTK tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 346 saylı məktubla öz təsdiqini tapır. 384 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və ona bu barədə maliyyə arayışı verilmişdir. Belə ki, mənzilin dəyəri iddiaçı tərəfindən xarici valyuta ilə 40000 ABŞ dolları (31200 manat) tam ödənilmişdir. Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış 07 iyul 2022-ci il tarixli, 79 saylı məktubdan da görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B-də yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin dəyəri olan 40000 ABŞ dolları (yəni keçmiş məzənnə ilə 31200 manat) onun tərəfindən tam ödənilmiş, həmin mənzil onun tərəfindən təmir etdirilmişdir. İddiaçı 27739,55 manat xərc çəkib təmir etdirdiyi həmin mənzildə 2011-ci ildən 2014-cü ilədək yaşamışdır. Sonradan Cavabdeh MTK-nın 12 mart 2020-ci il tarixli, 06 saylı protokoluna əsasən 17 iyun 2020-ci il tarixdə Zolfi Bakhshali adlı şəxsin həmin mənzilə dair pul ödəmədən ********* saylı çıxarış aldığı məlum olmuşdur. İddiaçı 384 saylı mənzilin Zolfi Bakhshalinin adına keçməsindən 2021-ci ilin sonunda xəbərdar olmuşdur. Cavabdeh MTK məhkəməyə elektron kabinet vasitəsilə müraciət edərək iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, e-2(005)- 404/2025 nömrəli qətnaməsi iddianın təmin edilməsi, Cavabdeh MTK-dan 31200 (otuz bir min iki yüz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması və mülki iş üzrə ödənilmiş 183,60 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış 07 iyul 2022-ci il tarixli, 79 saylı məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B-də yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin dəyəri olan 40000 ABŞ dolları (yəni keçimş məzənnə ilə 31200 manat) onun tərəfindən tam ödənilmiş, həmin mənzil onun tərəfindən təmir etdirilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B-də yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin dəyəri Zolfi Bakhshali tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur. Mülki Məcəlləyə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir (maddə 112.1). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-293/2024 Saylı Qətnaməsi ilə aşağıdakı hallar müəyyən edilmişdir: İş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzilin pay haqqı həm iddiaçı, həm də Zolfi Bakhshali tərəfindən ödənilmişdir (23-cü bənd) İddiaçının mübahisəli mənzilə görə ödədiyi pay haqqının ödənilməsi tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. İşə baxan məhkəmənin vəzifəsi ilk növbədə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmadığını müəyyən etməkdən ibarətdir. Hazırkı halda cavabdeh Zolfi Bakhshali müqavilə məbləğinin, yəni kooperativ pay haqqının qaytarılması hissəsində tələbə cavab verməli şəxs deyil. Belə ki, mənzil tikintisi haqqında müqavilə iddiaçı ilə MTK arasında bağlanmışdır, iddiaçı mənzilin dəyərini məhz MTK-ya ödəmişdir və MTK da bunu təsdiq edir. Cavabdeh Zolfi Bakhshali həmin müqavilədə tərəf deyil və üzərinə hər hansı öhdəlik götürməmişdir. (26-cı bənd) Məhkəmə Kollegiyasının qənaətinə görə İddiaçı mübahisəli mənzilə görə ödədiyi pay haqqının qaytarılmasını Zolfi Bakhshalidən deyil, Cavabdeh MTK-dan tələb edə bilər. Cavabdeh MTK isə hazırkı işdə cavabdeh deyildir (27-ci bənd). Məhkəmə qeyd etmişdir ki, İddiaçı cavabdeh Zolfi Bakhshaliyə qarşı “pul” tələbinə dair mülki iş üzrə müəyyən edilmiş halların hazırki mülki iş üzrə preyudisiallığı aşkardır, qeyd edilən məhkəmə aktları iddiaçının istinad etdiyi halların hazırki məhkəmə icraatı çərçivəsində yenidən araşdırılmasının qarşısını alınır, sübut etmə prosesini tərəflər üçün sadələşdirir. Belə ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh Zolfi Bakshali tərəfindən mənzilin dəyərinin iddiaçıya ödənilməsi, bu səbəbdən iddiaçının müqavilənin ləğvinə razılaşması ilə bağlı qeyd edilənləri təsdiq edən sübutlar təqdim edilməmişdir. Əksinə yuxarıda istinad edilən məhkəmə qərarlarında həm iddiaçı, həm də Zolfi Bakshali tərəfindən məznilə göə MTK-ya pul məbləğinin ödənilməsi öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin cavabdeh “Şərur MTK”-nın nümayəndəsinin iddiaya olan etirazında iddiaçının iddia qaldırmaq üçün müəyyən olunmuş müddəti ötürdüyü açıqaşkar məlum olmasına istinad etməklə hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair mövqeyi ilə bağlı qeyd etmişdir ki, onun pul tələbi ilə bağlı məhkəməyə müraciəti olsa da, bu iddia onun cavabdehin subyektiv cavabdehlik daşımaması əsası ilə rədd edilmiş, lakin buna baxmayaraq məhkəmə qərarlarında iddiaçının Cavabdeh MTK-ya qarşı pul tələbi ilə bağlı iddia qaldırmaq hüququ ona məlum olduğu üçün o bu hüququndan istifadə edərək hazırki iddianı qaldırmışdır. Məhkəmə qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 4.1 ci maddəsində təsbit olunan, müdafiə üçün məhkəməyə müraciət etmək hüququ fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədinə xidmət edir. Eyni yanaşma məhkəmədə mülki işə başlama barədə MPM-nin 5.1-ci maddəsində əks olunmuşdur. Beləliklə də, məhkəmə hesab etmişdir ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməklə iddia müddətini buraxmasına dair cavabdeh tərəfin dəlili əsassızdır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, İddiaçı dəymiş zərərin əvəzi olaraq Cavabdeh MTK-dan 31200 manat məbləğində pulun tutularaq idiaçıya ödənilməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bağlanmış müqavilə daşınmaz əmlakının alqı-satqısı müqaviləsi olduğu halda mülki qanunvericiliyə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə Mülki Məcəllənin 394-cü maddəsinə əsasən notariat qaydasında təsdiqlənməli idi. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi tərəflər arasında mülki qanunvericiliyə uyğun olaraq mənzilin tikilib təhvil verilməsi barədə podrat müqaviləsi deyil yalnız alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, mülki qanunvericiliyə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı ilə "xxxx" MMC arasında 528 nömrəli mənzilə bağlı ilkin müqavilə xx.xx.2006-cı il tarixində imzalanmışdır. Daha sonra 528 nömrəli mənzil 384 saylı mənzilə əvəzləşdirilməsi səbəbi ilə xx.xx.2010-cu il tarixdə müqavilə mzalanmışdır. Həmin kooperativ mənzil tikintisi haqqında müqavilənin 1.1.-ci maddəsinə əsasən 384 saylı mənzilin inşa edilməsi müqavilənin predmetini təşkil etmişdir. Müqavilənin 3-cü bəndində ödəniş qaydaları hissəsi isə xətt çəkilərək boş saxlanılmışdır. Həmçinin iş materialarında müqavilənin, kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətinin əlavə edilmədiyi aşkar edilmişdir. Hətta müqavilə mötəbər sübut kimi qəbul edilsə belə göründüyü kimi iddiaçı müqavilənin bağlanmasından keçən 14 il müddətində müqavilə üzrə öhdəliyinin icra edilməməsi və yaxud vurulmuş zərərlə bağlı bir dəfə də olsun həmin dövrdə mövcud olan cəmiyyətə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcələsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Göründüyü kimi bağlanmış müqavilə daşınmaz əmlakının alqı-satqısı müqaviləsi olduğu halda mülki qanunvericiliyə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə Mülki Məcələnin 394-cü maddəsinə əsasən notariat qaydasında təsdiqlənməli idi. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi tərəflər arasında mülki qanunvericiliyə uyğun olaraq mənzilin tikilib təhvil verilməsi barədə podrat müqaviləsi deyil yalnız alqı-satqı müqaviləsi bağlanmışdır. Fərz edilsə ki mülki qanunvericiliyə uyğun olaraq hər hansı bir əsasla tərəflər arasında bir öhdəlik hüquq münasibəti mövcud olub bu halda bir neçə məsələyə diqqət yetirilməlidir. Əvvəla müqavilə bağlanan 2010-cu ildə tərəf olan "xxxx" MMC təşkilati hüquqi formasından da göründüyü kimi məhdud məsuliyyətli cəmiyyət olub. Həmin dövrdə tərəflər arasında daşınmaz əmlaka dair bağlanmış müqavilə qanunvericiliyin tələbinə əsasən yalnız notarial qaydada təsdiq edilməli idi. Belə ki, mülki qanunvericiliyə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə əhəmiyətsiz olduğu üçün bağlandığı andan etibarsızdır. Yəni bu müqavilənin etibarsızlığı üçün onun mübahisələndirilməsinə heç bir hüquqi cəhd göstərilməsinə ehtiyac yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 144.1-ci maddəsinin mətninə görə “Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir”. Hazırkı iş materiallarına əlavə edilmiş müqavilədən və “öhdəlik”dən görünür ki, daşınmaz əmlakın alqı-satqısına dair müqavilə notairat qaydada bağlanmalı olduğu halda iddiaçı fiziki şəxslə cavabdeh hüquqi şəxs bu müqaviləni adi yazılı qaydada bağlamışdır. Əgər cavabdeh təşkilatın təşkilati-hüquqi forması MTK (mənzil tikinti kooperativi) formasında olsa idi, bu zaman MTK ilə iddiaçı arasında adi müqavilə və üzvlüyə qəbulla bağlı protokol hüquqi cəhətdən məqbul hesab edilə bilərdi. X16 məhz MTK-lar üçün üzvlüyə qəbul ilə bağlı prosedur müəyyən etməklə, pay haqqının ödənilməsi və üzvlüyə qəbula bağlı MTK-nın payçılarının protokolunun mənzil üzərində mülkiyyət hüququnun (pay haqqı ödənildiyi anda sahiblik və istifadə hüququnun, reyestrdə qeydiyyata alındığı anda isə sərəncam hüququnun) yaranmasının hüquqi əsası kimi müəyyən edir. Lakin MMC formasında hüquqi şəxslər öz balanslarında olan əmlakı adi müqavilə ilə deyil, notairat qaydada alqı-satqı bağlamaq yolu ilə özgəninkiləşdirə bilərlər. Bunun üçün onlar öncə həmin mənzil üzərində mülkiyyət hüquqlarını Məhdud Məsuliyyətli Cəmiyyət olaraq daşınmaz əmlakın dövlət reyestində qeydiyyata aldırmalı daha sonra isə onun üzərində sərəncam verərək satmalıdırlar. Lakin iş materialarından da göründüyü kimi cavabdeh əmlakın üzərində öz mülkiyyət hüququnu qeydiyyat aldırmamış, yəni əmlak üzərində faktiki və hüquqi olaraq mülkiyət hüququ yaranmamış ona sərəncam vermişdir və sərəncam hüququ notariat qaydada realaşdırılmamışdır. Bu halda müqavilə bağlandığı andan, mübahisələndirilib-mübahisələndirilməsindən asılı olmayaraq əhəmiyətsiz olduğu üçün etibarsızdır. Göründüyü kimi qanunverici əhəmiyyətsiz əqdlərin etibarsız hesab edlməsi üçün onların məhkəmədə mübahisələndirilməsinə ehtiyacın olmadığını xüsusi olaraq vurğulamaqla, etibarsızlığına qarşı digər bütün müdafiə tədbirlərini aradan qaldırmışdır. Müqavilə bağlanmadığı halda öhdəliyin yaranması üçün mülki qanunvericilik yalnız zərər vurulma və əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində öhdəliyin əmələ gəlməsini mümkün sayıb. Beləliklə iddiaçı 2010-cu il tarixli müqaviləyə istinad edərək iddia ərizəsi ilə hazırda məhkəməyə müraciət etməsi ilə bağlı bildirilir ki, bu tip işlər üzrə mülki qanunvericiliklə tənzimlənən iddia müddətini iddiaçı ötürmüşdür. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 112.1. Kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan 12 sentyabr 2006-ci il tarixli Kooperativ Mənzil Tikintisi haqqında Müqavilədən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır və müqaviləyə əsasən ünvan 5 ünvanında inşa ediləcək yaşayış binasının giriş 5,mərtəbə 16,mənzil 528 ünvanında yerləşən mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürür. 21 iyul 2010-cu il tarixli Kooperativ Mənzil Tikintisi haqqında Müqavilədən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır və müqaviləyə əsasən ünvan 5 ünvanında inşa ediləcək yaşayış binasının giriş 4,mərtəbə 8,mənzil 384 ünvanında yerləşən mənzili “payçı” İddiaçı təhvil verməyi öhdəsinə götürür. 2(103)-293/2024 saylı mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli,384 nömrəli Kooperativ Mənzil Tikintisi haqqında Müqavilədən görünür ki, "xxxx" MMC ilə Zolfi Bakhshali arasında müqavilə bağlanaraq, Bakı şəhəri,Yasamal rayonu,Yeni ünvan 1 ünvanda inşa etdiyi yaşayış binasının giriş 4, 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 384 saylı mənzil Zolfi Bakhshalinin adına rəsmiləşdirilmişdir. 15 noyabr 2022-ci il tarixli Cavabdeh Mənzil Tikinti Kooperativinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası 4 saylı Vəkil Bürosunun müdiri R.İbrahimova ünvanladığı məktubdan görünür ki, X4 ilə "xxxx" MMC arasında cəmiyyətin Bakı şəhəri,Yasamal rayonu,Yeni ünvan 1 ünvanda inşa etdiyi binanın 5-ci giriş 16-cı mərtəbəsində yerləşən 2 otaqlı 528 saylı mənzilə dair xx.xx.2006-cı ildə müqavilə bağlanmışdır. İddiaçı 21 iyul 2010-cu il tarixli ərizəsi əsasında (artıq ödəmə nəzərə alınmaqla) 528 saylı mənzil həmin binanın 4-cü giriş 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81 kv. metr olan 2 otaqlı 384 saylı mənzillə əvəzləşdirilərək yeni müqavilə əsasında onun adına rəsmiləşdirilmişdir. 384 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənildiyindən ona bu barədə maliyyə arayışı verilmişdir. Zolfi Bakhshali tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə üçün "xxxx" MMC-yə pul vəsaiti ödənilməmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B-də yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin dəyəri olan 40000 ABŞ dolları (yəni keçmiş məzənnə ilə 31200 manat) iddiaçı tərəfindən tam ödənilmiş, həmin mənzil onun tərəfindən təmir etdirilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B-də yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin dəyəri Zolfi Bakhshali tərəfindən də tam ödənilmiş, MTK-ya borcu yoxdur. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-293/2024 saylı qətnaməsindən isə müəyyən edilir ki: “Mübahisəli mənzilin pay haqqı həm iddiaçı, həm də Zolfi Bakhshali tərəfindən ödənilmişdir; iddiaçının mübahisəli mənzilə görə ödədiyi pay haqqının ödənilməsi tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. İşə baxan məhkəmənin vəzifəsi ilk növbədə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmadığını müəyyən etməkdən ibarətdir. Hazırkı halda cavabdeh Zolfi Bakhshali müqavilə məbləğinin, yəni kooperativ pay haqqının qaytarılması hissəsində tələbə cavab verməli şəxs deyil. Belə ki, mənzil tikintisi haqqında müqavilə iddiaçı ilə MTK arasında bağlanmışdır, iddiaçı mənzilin dəyərini məhz MTK-ya ödəmişdir və MTK da bunu təsdiq edir. Cavabdeh Zolfi Bakhshali həmin müqavilədə tərəf deyil və üzərinə hər hansı öhdəlik götürməmişdir; Məhkəmə Kollegiyasının qənaətinə görə İddiaçı mübahisəli mənzilə görə ödədiyi pay haqqının qaytarılmasını Zolfi Bakhshalidən deyil, Cavabdeh MTK-dan tələb edə bilər. Cavabdeh MTK isə hazırkı işdə cavabdeh deyildir”. Məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.” Hazırki vəziyyətdə İddiaçı cavabdeh Zolfi Bakhshaliyə qarşı “pul” tələbinə dair mülki iş üzrə müəyyən edilmiş halların hazırki mülki iş üzrə preyudisiallığı aşkardır, qeyd edilən məhkəmə aktları iddiaçının istinad etdiyi halların hazırki məhkəmə icraatı çərçivəsində yenidən araşdırılmasının qarşısını alınır, sübut etmə prosesini tərəflər üçün sadələşdirir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-293/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh MTK iş üzrə üçüncü şəxs olmuş və qətnamədən şikayət verməmişdir. Bu isə Cavabdeh MTK-nın qətnamə ilə müəyyən edilmiş hallarla razılaşmasına dəlalət edir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilə görə həm İddiaçı, Həm də Zolfi Bakhshali tərəfindən Cavabdeh MTK-ya pul ödənilmiş, lakin mənzil Zolfi Bakshalinin sahiblik və istifadəsində saxlanılmışdır. İddiaçı isə müqavilə üzrə ödədiyi pul məbləğini barədə tələbi ayrıca icraatda mübahisələndirməsi izah edilmişdir. Həmçinin cavabdeh Zolfi Bakshali tərəfindən mənzilin dəyərinin iddiaçıya ödənilməsi, bu səbəbdən iddiaçının müqavilənin ləğvinə razılaşması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi-vəkili müqavilələrin iddiaçı tərəfindən imzalanmamasını və həmin müqavilələrin etibarsız hesab edildiyini qeyd etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı imzalamadığı müqavilələri bəyənmiş, onun şərtlərinə uyğun ödəniş aparmışdır. Bu halda müqavilədə onun imzasının olmaması həmin əqdlərin etibarsız sayılması üçün əsas vermir. Eyni zamanda cavabdehin nümayəndələri Zolfi Bakshali tərəfindən iddiaçıya pul qaytarılması faktını qeyd etsələr də, bunun təsdiqi olan hər hansı sübut növü təqdim etməmişlər. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, İddiaçı dəymiş zərərin əvəzi olaraq Cavabdeh MTK-dan 31200 manat məbləğində pulun tutularaq idiaçıya ödənilməlidir. Cavabdehin apellyasiya şikayətinin eləcə də iddia tələbinə etirazının əsas dəlili iddiaçı tərəfindən iddia müddətinin ötürülməsindən ibarət olmuşdur. Məhkəmə Kollegiyası həmin dəlillərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddia müddəti tətbiq edilərkən bu müddətin axımının hansı tarixdən başlaması və nə vaxt başa çatması mühüm əhəmiyyət kəsb edir. Çünki, iddia müddəti ötürülməmiş tələbin rədd edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Mülki Məcəlləyə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Göründüyü kimi iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır ki, iddiaçının pul tələbi ilə bağlı məhkəməyə müraciəti olsa da, bu iddia Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 293/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsi ilə onun cavabdehin subyektiv cavabdehlik daşımaması əsası ilə rədd edilmişdir. Lakin buna baxmayaraq məhkəmə qərarlarında iddiaçının Cavabdeh MTK-ya qarşı pul tələbi ilə bağlı iddia qaldırmaq hüququ ona məlum olduğu üçün o bu hüququndan istifadə edərək hazırki iddianı qaldırmışdır. Belə olan halda müəyyən edilir ki, yuxarıda istinad edilən mülki iş üzrə iddiaçı tərəf hüququnun pozulmasını bilmiş və qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək hesab edir ki, Cavabdeh MTK "xxxx" MMC hüquqi varisi olduğundan MMC-nin hərəkətləri ilə bağlı irəli sürdüyü dəlillər formal mülahizələr olmaqla mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, e-2(005)- 404/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə