Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3266/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ( “əmək xəsarətinin müalicə olunması üçün xərclərin qarşılanması və əmək qanunvericiliyinin pozulmasına görə kompensasiya ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb edilməklə “əmək xəsarətinin müalicə olunması üçün xərclərin qarşılanması və əmək qanunvericiliyinin pozulmasına görə kompensasiya ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-182/2023 saylı işi üzrə 16 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh "Veysəloğlu” MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb edilməklə "əmək xəsarətinin müalicə olunması üçün xərclərin qarşılanması və əmək qanunvericiliyinin pozulmasına görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, peşə fəaliyyəti dövründə aldığı əmək xəsarətinin müalicə olunması üçün işəgötürən tərəfindən xərclərin qarşılanması, peşə fəaliyyəti dövründə sağlamlığının mühafizəsi üçün işəgötürən tərəfindən heç bir əməyin mühafizəsi tədbirləri görülmədiyi üçün əmək müqaviləsini qüvvədə olan Əmək Məcəlləsi şərtlərinə zidd şəkildə, qanunsuz pozulmasına, xitam verilməsinə və əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına qanunsuz müdaxilə olunduğu üçün, habelə əmək şəraitində sağlamlıq xəsarətinə görə 30000 manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-182/2023 saylı işi üzrə 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.2, 238, 239.1, 239.2, 239.5; Dövlət rüsumu haqqında qanunun 9.1.1-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 7 nömrəli qərarına istinadən qeyd edilmişdir ki, iddiaçının xəstəliyinin peşə fəaliyyətinin yerinə yetirilməsi ilə bağlı olub-olmamasını, xəstəliyin yaranma səbəbini müəyyən etmək üçün ekspertiza təyin edilmiş, ekspert rəyi ilə rəydə qeyd olunan patoloji prosesin uzun sürən xroniki gedişli olması, İddiaçı bel nahiyəsində olan patoloji prosesin müxtəlif, yəni irsi meyillilik, bağ aparatının zəifliyi, ağır fiziki iş, degenerativ dəyişikliklər və s. səbəblərdən yarana biləcəyi müəyyən edilmişdir. Həmçinin, iddiaçı onun xəstəliyinin sırf cavabdeh təşkilatda əmək prosesi zamanı yaranması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bunlarla yanaşı, iddiaçının iddia tələbində əsaslandırdığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 7 nömrəli qərarında "İşçinin peşə xəstəliyinə tutulma ehtimalı yüksək olan iş yerlərinin Siyahısının 16-cı və 18-ci bəndində qeyd olunan işlər və iş yerləri ilə bağlı müəyyən olunmuş peşə xəstəlikləri hazırda iddiaçının tutulduğu xəstəlikləri ilə eynilik təşkil etmir. Göründüyü kimi, iddiaçının sırf peşə xəstəliyi nəticəsində sağlamlığının pozulması öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı peşə fəaliyyəti dövründə sağlamlığının mühafizəsi üçün işəgötürən tərəfindən heç bir əməyin mühafizəsi tədbirləri görülmədiyi üçün əmək müqaviləsini qüvvədə olan Əmək Məcəlləsi şərtlərinə zidd şəkildə, qanunsuz pozulmasına, xitam verilməsinə və əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına qanunsuz müdaxilə olunduğu üçün, habelə əmək şəraitində sağlamlıq xəsarətinə görə 30000 manat kompensasiya ödənilməsini tələb etsə də, iş materiallarına əlavə edilmiş sənədlər və sübutlar əsasında iddiaçının əmək müqaviləsinə qanunvericiliyə uyğun qaydada xitam verilməsi və iddiaçının yazdığı izahat ilə əmək haqqısını tam şəkildə aldığı müəyyən olunmuş, iddiaçının bununla bağlı hər hansı şikayəti olmamışdır. Hazırda iddiaçı tərəfindən növbəyə çıxacaq işçilərin siyahısı barədə məlumatlar təqdim etsə də, bu məlumatların hansı qaydada əldə edildiyi müəyyən edilməmiş və bu hal iddiaçı tərəfindən işdən azad olunan vaxt, son əmək haqqı alınan vaxt mübahisələndirilməmişdir. Daha sonra iddiaçı tərəfindən bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət edilmiş, Müfəttişlik tərəfindən iddiaçıya ünvanlanılmış məktublar ilə də iddiaçıya çatası son haqq-hesabın ödəniş üçün xx.xx.2021-ci il tarixdə banka göndərildiyi, lakin bank tərəfindən ödənişin xx.xx.2021-ci il tarixdə hesabına köçürüldüyü, cəmiyyətdə işlədiyi müddət ərzində səhhətində yaranan problemin istehsalat xarakterli olduğunu bildirsə də, buna dair müvafiq sənəd və ya sübutlar onun tərəfindən təqdim olunmamışdır.Eyni zamanda əmək müqaviləsinə müddətin qurtarılması səbəbilə xitam verildiyi, son haqq-hesabın isə xx.xx.2021-ci il tarixdə əmək haqqı bank hesablarına köçürüldüyü məlum olmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçının əmək haqqı ödənişləri ilə bağlı məlumatlarla da 210 manat ödənişin xx.xx.2021-ci il tarixdə köçürüldüyü təsdiqini tapmışdır. Məhkəmə həmçinin cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş CD diskə tərəflərin iştirakı ilə baxış keçirmiş, baxış zamanı malların avtokar vasitəsilə daşındığını, həmin malların maşınla gətirilərək yerləşdirilməsi, malların itələnərək yerinə yerləşdirilməsi müəyyən edilmiş bu zamanı uzun müddət statik gərginlik, ayaqüstə durma, ağır yüklərin sistematik daşınması halları müəyyən olunmamışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
3. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-182/2023 saylı qətnaməsinin ləğv edilməsinə, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1097.1; Əmək Məcəlləsinin 9, 12, 191.2, 239.2; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 88, 217, 385.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinə qədər "xxxx" MMC (bundan sonra “İşəgötürən”) Fabrik Direktorluğunun istehsalat şöbəsinin Mogrul xəttində əmək müqaviləsi üzrə nəzərdə tutulmuş qaydada maşın operator vəzifəsini icra etmişdir. Əmək fəaliyyətim dövründə işlədiyi işin ağırlığı səbəbindən onurğasının bel-oma sahəsində ağrılar yaranmağa başladı. Sağlamlığı ilə əlaqədar işəgötürənə işləyə bilməyəcəyini bildirdi. Buna baxmayaraq, İşəgötürən tərəfindən ona məzuniyyət verilmədi, o öz hesabına dekabr ayında məzuniyyətə çıxdı. Yanvar ayında işə qayıtdığı zaman onu daha yüngül işə keçirdilər. Lakin 6 ay sonra - avqust ayında onu əmək müqaviləsinə əmək müqaviləsinin bitməsi əsası ilə xitam verilmişdir. Buna baxmyaraq, onunla bağlanılan müqaviləyə müddətsiz bağlanmışdır şərti əlavə edilmişdir. Lakin xx.xx.2021-ci il tarixində bildiriş göndərildi. İşin ağırlıq dərəcəsini ifadə etmək üçün deyə bilər ki, onun işini görən maşınlar və elektron cihazlar fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi vaxt sağlamlığına çox ciddi xəsarətlər dəymişdir. Bununla bağlı, məhkəməyə tibb müəssisəsindən əldə etdiyi diaqnozları da sübut qismində təqdim edilmişdir. Bundan əlavə, işəgötürənin əsas vəzifələrindən biri əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməkdir. Lakin o, maşın operatoru kimi çalışarkən, sağlamlığının mühafizəsi üçün işəgötürən tərəfindən hər hansı bir addım atılmamışdır. Peşə fəaliyyəti dövründə sağlamlığına ciddi xəsarətlər dəymiş, bu səbəbdən də hələ də ağır sahələrdə işləyə bilmir. Bununla bağlı, peşə fəaliyyəti dövründə işəgötürənə müalicə xərclərinin qarşılanmasını dəfələrlə xahiş etmiş, lakin işəgötürən heç vaxt həmin tələbi ilə bağlı heç bir addım atmamışdır.Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilməlidir müddəası qanunvericlikdə birbaşa öz əksini tapmışdır. Məhkəmə iş üzrə təyin edilmiş və Məhkəmə-tibbi ekspertizasının rəyinə əsaslamağına baxmayaraq, əslində düzgün izah verə bilməmişdir. Belə ki, ekspert rəyində qeyd olunur ki, pataloji proses irsi meyillilik, ağır fiziki iş, digər neqativ dəyişikliklər səbəbindən yarana bilər. Amma çox maraqlıdır ki, məhkəmə hansı xüsusi biliyinə əsaslanmaqla bu qədər ehtimallardan irsi meyilliliyi rəhbər tutaraq onun aldığı xəsarəti faktiki olaraq peşə fəaliyyəti nəticəsində alınmadığını qət etmişdir?! Əslində iddia cavabeh tərəfindən ifadələrdə qismən etiraf olunub. Lakin məhkəmə bu qismən etirafa qiymət verməyib. Bundan başqa, məhkəmə onun aşağıda göstərdiyi digər halları da ümumiyyətlə aydınlaşdırmamış və mənəvi ziyan işləri üzrə olan məhkəmə təcrübəsini və bu barədə olan Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin qərarlarını nəzərə almamışdır. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyrimütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Avropa Məhkəməsinin bu mövqeyinə istinad edərək, məhkəmə dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarında kifayət qədər əsaslandırmamışdır.
4. İddiaçı apellyasiya icaatı zamanı ərizə (özünümüdafiə) təqdim edərək qeyd etmişdir ki, işə qəbul olan zaman şirkətin klinikasında 20 manat ödəniş edib müayinələrdən keçib bir gün sonra sağlamlıq haqqında arayış alıb şirkətə vermişdi. Şirkətə işə qəbul olanda o, sağlam olmuşdur heç bir yeri ağramırdı. Nə olubsa orda işlədiyi müddət ərzində baş verib. Leyla xanım şirkətin hüquqşünası və ya vəkili olduğuna görə bu məsələdə hüquqi baxımınan şirkəti müdafiə etməyə çalışa bilər.Qaldıkı gördüyü işin ağırlıq dərəcəsinə, işin gedişatına bu barədə heç bir şeyi düzgün şəkildə məhkəməyə çatdıra bilməz, çünki onun işini görməyib, işinin hansı dərəcədə ağır olduğunu qiymətləndirə bilməz Kiminsə də fikrini demiş olsa belə, yalan məlumat vermiş ola bilər. Qarşı tərəf onun işinin ağır fiziki iş olmadığını bildirir, necə ağır deyilki o, bullütenə çıxandan sonra gördüyü daşıyıcı vəzifəsinə bir nəfər əlavə işçi verildi, o vaxtdan sonra iki nəfər işləməyə davam edirdilər, orda bir nəfər paletləri avadanlığa salıb çıxardırdı, bir nəfər soyuducuya aparıb gətirirdi. Halbuki belində yirtiq əmələ gələnə qədər o, kömək (ikinci işçi) tələb edirdi, ikinci adamı vermirdilər, Latokların sayını azaldılmasını tələb edirdi, azaltmırdılar, o, işdən çıxanan sonra 10 latok azaldılaraq 80 dan 70 ə saldılar. Ayağı sürüşməməkçün rezin ayaqqabı tələb edirdi, vermirdilər, hamı deyirdiki yazıb göndərmişik almırlar ayaqqabı. Sətəmin nümayəndəsi Vəli bəyə dəfələrlə bildirmişdir bu problemlər barəsində, amma nəticə olmayıb. O, işdən çıxan günü İstesalatın sahə rəisi Şəmil müəllimə formanın təhvil verdiyi haqqında sənədə imza çəkdirəndə o işdən çıxmağı ilə bağlı bildirdi ki, sən onsuzda heç bir iş görmürdün ("Ağır iş görmürsənsə iş sayılmır bunlar üçün") sənin belin ağrıyir sözlərini deyib sağollaşdı.Hər ay işçilərə 4 saat icazə verilmişdi ki, işdən çıxıb hansısa işləri görək, Şamil müəllimə icazə ilə bağlı blanka imza çəkdirməyə gələndə, ona birdəfə sual verdi ki, sən mütləq hər ay 4 saat icazəni istifadə etməlisən? Demişdi hə, haqqıdı istifadə edir, burda nə varki, o, bildirdiki sənin də vaxtına az qalıb, darıxma. Bunları deməkdə məqsədi odur ki, tələbkar olduğuna görə onu bəyənmirdilər, işdən çıxartmağlarına səbəb onu ağır iş görməməyi üçün olub,onlara sərf etmirdi. Müqavilənin bitməsi bəhanə olub onlara. Əslində heç bir şirkətə köhnə işçini itirmək sərf etmir, o, işdən çıxan vaxtdı yeni işçi qəbul edirdilər şirkətə. İşçiyə ehtiyac var idisə, 2 ilin təcrübəli işçisini niyə çıxardırlarki? Məhkəmə tərəfindən Ekspertiza qarşısına qoyulan suallardan üçüncüsünə Ekspertiza cavab verməmişdir, hansıki bu sual məhkəmə qərarının verilməsində mühim rol oynayır. Ekspertizanın nəticə cavabında xəstəliyinin yaranmasına dair bir neçə səbəblər sadalanıb,qarşı tərəf səbəblərdən irsi meyillikdən olduğunu deyir, o isə ağır fiziki işdən olduğunu iddia edir. Xəstəliyin hansı səbəbdən yaranması təyin olunmamışdır. Belə olan halda, məhkəmə qərarının çıxarılması ədalətli olmaya bilər deyə düşünür. Məhkəmədən xahiş edir ki, xəstəliyinin yaranmasının səbəbi araşdırılsın və sözü gedən şirkətdə işlədiyi peşə ilə bağlı onun iştirakı ilə ekspertiziya aparılsın işinin ağırlıq dərəcəsi hesablansın, xəstəliyinin orda yaranıb yaranmamasıyla bağlı qərar qəbul edilsin. “\/eysəloğlu” MMC şirkətinin tərkibində olan “Ulduz” şokolad fabrikində çalışdığı müdətdə qazanılmış xəstəliyindən əlavə olaraq 2-ci iddianı ətraflı izah etmək istəyir. Tələbi Aşağıdakılardan ibarətdir: İş vaxtından əlavə işlədiyi saatların ikinci qatının verilməsi; axşam növbəsində işlədiyi saatların 20 faizinin verilməsi ; gecə növbəsində işlədiyi saatların 40 faizinin verilməsi; işdən çıxarıldığı tarixdən iş tapdığı tarixə qədər olan ayların (10 ay) maaşını verilməsi. 1)Qarşı tərəf deyirki o, işə qəbul olarkən əməyin mühəfizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırılmışdır və bu barədə qeydiyyat jurnalına xx.xx.2019 cu ildə əlavə olunub. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə keçirilən təlimat jurnalı məhkəməyə təqdim olunsun ki, görək onun gördüyü işlə, səhhətində yaranan xəstəliyin o təlimat ilə nə kimi əlaqəsi olub-olmaması araşdırılsın.O, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına düzgün əməl etmişdir. Qarşı tərəf deyirki, iddaçı əmək funksiyalarını ayaq üstə durma, ağır yüklərin daşınması, lokal əzələ gərginliyi və s kimi güc tələb edən işlər şəklində icra etməmişdir. Buna cavab olaraq bildirir ki, bu yalandı yuxarda sadalananlar bir başa onun işinə aiddir və yerində araşdırılmağını məhkəmədən xahiş edir. Bunu araşdırmaq üçün X7 eksperteziyaya müraciət etmişdir. Eksperteziya isə bu müraciəti cavabsız qoymuşdur. Qətnamədə yazılıb ki, şirkət onun işini bəyənmiş, əlavə saat işlədiyinə görə 80-100 manat vermişlər. Bu yalandı o, elə söz deməmişəmdir, ümumiyətlə belə bir şey olmayıb. Düzdü, şirkət işini bəyənirdi ayın işçisi kimi təşəkkürnamə verib və 50 azn pul mükafatı yalnız bir dəfə. Amma əlavə saatlara görə 80-100 manat elə şey olmayıb. Onu mogul xətdində 2020-ci il yanvar ayından qeyri rəsmi olaraq işlədiblər, 2020-ci ilin noyabr ayında isə rəsmi olaraq müqavilə yeniləndən sonra işləmişdir.( Belində ağrılar bərkiyən ərəfədə). Qarşı tərəf deyir ki, xx.xx.2021- ci il tarixində o, istesalat sahəsində yatmış, qanun pozmuş buna görə töhmət almışdır. Belə bir hadisə olmayıb, yalan deyirlər, buna görə də heç bir sənədə imza atmamış, bu hadisə haqqında izahat da yazmamışdır. Əgər olubsa, xahiş edir, sübut gətirsin. Veysəloğlu və Ulduz şokolad fabriki onu məqsədyönlü işdən çıxardıb. Belində xəstəlik yaranandan sonra onlar istəmirdi ki, onlarla işləsin. Məhkəməyə təqdim etdikləri sübutlar ki var, onlar əsassızdı onu çıxartmaq üçün bəhanədi. Guya o, qanun pozmuşdur, halbuki gündə ən azı 1 nəfər işçi işə gələ bilmirdi, yatıb qalırdı yorğunluqdan (Tutaqki işdən xəbərsiz qalmışdur guya istəsə idilər onun üçün keçə bilməzdilər ki. 2 ilin içində birinci hadisədir olub). Burda məqsəd onu işdən çıxartmaq olub ki, əsasları olsun sonra çıxartsınlar. İşdən çıxarkən imzaladığı Son haqq-hesab sənədini zəhmət olmasa məhkəməyə təqdim etsin. Bilmək istəyir ki, maiddi və mənəvi tələbi yoxdu sözünü hara yazmışdır.Məhkəmə iddia tələbinə münasibətdə qeyd edirki, iddiaçı onun xəstəliyinin sırf cavabdeh təşkilatda əmək prosesi zamanı yaranması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buna fikir olaraq bildirir ki, onun xəstəliyi və ya ona dəymiş ziyan anidən baş vermiş istesalat qəzası deyil ki o, hər hansısa video görüntü və foto təqdim etsin. Onun xəstəliyi tədricən ağır fiziki iş səbəbindən yaranan xəstəlikdi və bədəninin daxilindədi bunun üçün də o, yetərincə sübut təqdim etmişdir. Şifahi də izah vermiş, xəstəliyin yaranma səbəbini və həqiqətən gördüyü işin ağırlığı nəticəsində olub olmamağını məhkəmədən xahiş edir araşdırsın. Əmək müfəttişliyinə xəstəliyinin istesalatda baş verməsinə dair heç bir sübutun olmamasını demiş və üstəlik qeyd etmişdir ki, siz tərəfdən araşdırılsın xəstəliyi orda yaranıb. Onlardan şifahi cavab olaraq bildirildi ki, araşdırmanı istesalatda apara bilmərik, bunun üçün məhkəməyə müraciət etməlisən onlar ekspertiziya göndərməlidir. Və onlarlıq iş olmadığını və rəsmi məktub göndərmələrini dedilər, 9 ay gözləmiş, gəlməmiş, sonra məhkəməyə müraciət etdi. X7 məhkəmədə müəyyən edib ki, o işə qəbul olarkən şəxsi gigiyena qaydaları barədə məlumat verilib, ümumi təlimatlandırılmışdır. O da, istəyir ki, cavabdeh tərəf təlimatlındırmanı məhkəməyə təqdim etsin ki, görək təlimatda nə yazılıb və hansı təlimatı verib ona .Daha sonra o, guya cavabdehdən xahiş etmişdir ki onun müddətsiz müqaviləsini 3 aylıq müddətli müqavilə ilə əvəz etsinlər.Belə bir təşəbbüs olmayıb onlar məcbur imza çəkdiriblər müqaviləyə. Əmək məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndində qeyd olunduğu kimi Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. İndi cavabdeh desin əmək məcəlləsinin 47-ci maddəsini hansı bəndinə görə müqaviləmi müddətli ediblər?Onlar onun müddətsiz müqaviləsini məqsədyönlü müddətli ediblər ki, onlara lazım olan vaxt onu işdən çıxarda bilsinlər. Cavabdeh tərəf deyir ki, maddi məsuliyyət haqqında müqavilə bağlanıb məlumatlandırılıb. Bundan heç xəbəri yoxdu, belə bir şey olmayıb, maddi məsuliyyət haqqında müqavilə nədir heç bilmir. Bu məsələni məhkəmədən araşdırmağını xahiş edir.Cavabdeh tərəf məhkəməyə təqdim etdiyi cd diskin içindəki material onun istesalatda gördüyü işin yalnız 5,10 faizini göstərib, işinin yüngül olduğunu inandırmağa çalışıb. Hakim müəyyən edib ki, iddiaçı tərəfindən növbəyə çıxacaq işçilərin siyahısı barədə məlumatlar təqdim etsə də, bu məlumatların hansı qaydada əldə edildiyi müəyyən edilməmişdir.Buna cavab olaraq bildirmək istəyir ki, “Ulduz” şokolad fabrikində eyni vaxtda 4, 5 xətt işləyirdi, bəlkə də çox, hər xətdin də öz whatsapp qrupu var idi, hər həftənin axırı növbəti həftə üçün sahə müdiri Şamil müəllim cədvəl tərtib edirdi ki, kim hansı xətdə işləyəcək, kimi evdə qalacaq, kim gecə smeni işləyəcək, kimi 10 saat, kimi isə 12 saat işləyəcək və bu cədvəli istehsalatin girişindəki elan lövhəsinə vururdular, hər xəttin öz ustaları cədvəlin şəklini çəkib whatsapp qrupuna atırdılar, beləliklə hər kəs bilirdi gələn həftə harda, nə iş görəcək və neçə saat işləyəcək. O cədvəllərdən bir qismi telefonunda qaldığı üçün kopyasını çıxardıb. Məhkəməyə 12 saat işlədiyini sübut etmək üçün təqdim etmişdir, çünki orada onun işlədiyi mogul xətti hər gün 12 saat işləyirdi. O qədər cədvəli, bütün işçilərin adlarını iş vaxtlarını o, yalandan yaza bilməz. Məhkəmə nədənsə sübut kimi qəbul etməyib. Bunları sübut etmək ehtiyac yaranarsa, orda onunla işləyən işçilərdən bir neçəsini şahid qismində gətirə bilər məhkəməyə. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa və ərizəyə uyğun şəkildə izahat verərək,şikayətini müdafiə etmiş və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 birinci instansiya məhkəməsi zamanı iddiaçı tərəfindən qeyd edilən halların kifayət qədər araşdırıldığını və əsaslandırıldığını qeyd etmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən: 1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd edilən tələbləri (maddələri) nəzərdən keçirilməlidir: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1117. Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir; 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin; 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Əmək Məcəlləsinin 191,192, 195, 235-239; Mülki Məcəllənin 21.1, 1096, 1097.1, 1117-1119; İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 7 nömrəli qərarına; Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80- 82, 89.3, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə tələbə münasibətdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən və təkrarlanan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin və əlavə verilmiş mülahizələrin əsas qayəsi ilk növbədə iddaçının ağır, zərərli və təhlükəli istehsalatda öz peşəsinə uyğun işlər üçün tam yararsız olması, yəni peşə əmək qabiliyyətinin itirməsi, bununla yanaşı iddiaçının ümumi əmək qabiliyyətinin də itirməsi, cavabdeh şirkətin iddiaçının sağlamlığına ziyan vurulmasında bilavasitə təqsirkar olması olmuşdur. Qeyd edilməlidir ki, mübahisə üzə işin prosedur qaydası işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və digər zəruri sənədlər əsasında «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli qərarına müvafiq müəyyən edilməlidir. Ağır, zərərli və təhlükəli istehsalatlarda iddaçının fəaliyyət göstərməsi barədə bəhs edilən hüquq müvafiq təsnifata əsasən sübuta yetirilməmişdir. Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməsi məsələsi əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə tələb edilməmiş və mübahisələndirilməmişdir.
11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 182/2023 saylı işi üzrə 16 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.