Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3269/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı mülki iş (Açar sözlər: «pul, sübutetmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, tərcüməçi Günay Bağırova-Yəhyayevanın iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-495/2025 saylı, 04 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi, daha sonra isə iddia ərizəsinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 də iş üzrə cavabdeh qismində cəlb olunması barədə qərardad qəbul olunmasını və iddianın hazırki həcmdə təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödəniş gününün Azərbaycan manatına olan məzənnəsi ilə 25.000 ABŞ dollarının alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Tələbdə göstərilib ki, iddianın əsası olaraq qeyd olunduğu kimi Cavabdeh1 əri Cavabdeh2 ilə birlikdə qeydiyyata düşməsi üçün ondan pul almışlar. Ümumiyyətlə, orada qeydiyyata düşməsi və mənzildən istifadə etməsi üçün cavabdehin ailəsinə 25.000 ABŞ dolları məbləğində pul xərcləmişdir. Sözügedən ünvana qeydiyyata salanda ona bildirmişlər ki, köçüb Rusiya Federasiyasına getməyə hazırlaşırlar və vəd etmişlər ki, gedəndə mənzili ona satacıqlar. Buna görə də onların bu vədinə inanıb həmin pulları onlara vermişdir. Hətta, onların şirin dilinə inanıb şəxsi pullarının olduğu seyfi də onların evində saxlamışdır. Lakin sonradan bəlli olmuşdur ki, əslində, onlar planlı şəkildə onu aldadaraq şirin vədlərinə inandırıb, qızları Nelli ilə birlikdə pullarını ələ keçirmişlər. Bir neçə dəfə İrinanı və Viktorun dincəlmək üçün xarici ölkələrə turist səfərlərinin xərcini çəkmişdir. O cümlədən 2019-cu ilin sentyabr ayında onların Belarus Respublikası Minsk şəhərinə getmələrinin yol xərcini, orada oteldə qalmalarının haqqını ödəmiş, eləcə də xərcliklərin nağd şəkildə özlərinə vermişdir. Onların həmin səfəri üçün ümumilikdə 7.000 ABŞ dolları məbləğində xərci çıxmışdır. Vəkil sorğusuna "X6”dən verilmiş xx.xx.2024-cü il tarixli, 5/N saylı cavab məktubu ilə cavabdehlərin 2019-cu ili sentyabr ayının 3-dən 10-a qədər həmin oteldə qaldıqları, habelə, Minsk şəhərində olarkən, ona göndərdikləri fotoşəkil ilə təsdiq olunur. Onların X4 Dubay şəhərinə getmələrinin də təxminən 5.000 ABŞ dolları məbləğində xərcini o, ödəmişdir. Eləcə də, dəfələrlə, ondan pul istəmişlər və o, onlara pul vermiş, evlərinə bazarlıqlarının xərcini çəkmişdir. Ümumilikdə onlara verdiyi və xərclədiyi pullar 25.000 ABŞ dolları məbləğində olmuşdur.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-495/2025 saylı, 04 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbinin təmin edilməməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, hazırki iddia tələbi sübutetmə ilə bağlıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edib ki, sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu onun ziyanınadır. Sübut etməli olan tərəfin irəli sürdüyü güman təkzib olunursa həmin tərəfin sübutu əks sübutdan üstün sübutetmə qüvvəli hesab edilə bilməz. İddiaçı pul xərcləməsini qeyd etməklə, həmin pulu cavabdehlərdən tələb etsə də, işin bu halını təsdiq edəcək hər hansı bir sübut mövcud deyildir. Eyni zamanda da qeyd edilməlidir ki, həmin pulu xərcləsə belə, onun hər hansı qarşılıqla edilməsi iş materialları ilə müəyyən edilmir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddiasının isə təmin olunmasını xahiş edib şikayətində göstərir ki, cavabdehlər ilə uzun müddətdir tanışdır, cavabdehlərin qızı Nelli Fabriçnaya onun rəhbəri olduğu "xxxx" TSK MMC-nin işçisi olmuşdur, 2019-cu ilin əvvəllərində o, cavabdehlərin razılığı ilə Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə adına olan, ünvan 1 ünvanıda yerləşən 8 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata düşmüş, öz şəxsi əşyalarını, o cümlədən, içərisində şəxsi pulu olan “ES-100” markalı metal seyfini gətirib o mənzilə yerləşdirmişdir. Cavabdehlər onun qeydiyyata düşməsi üçün ondan pul aldılar. Onun orada qeydiyyata düşməyi və mənzildən istifadə etməyi üçün cavabdehlərə 25.000 ABŞ dolları məbləğində pul xərcləyib. Cavabdehlər onu sözügedən ünvana qeydiyyata salanda bildirdilər ki, köçüb Rusiya Federasiyasına getməyə hazırlaşırlar və vəd etdilər ki, gedəndə mənzili ona satacaqlar. Buna görə də, o, cavabdehlərin bu vədinə inanıb həmin pulları cavabdehlərə vermişdir. Hətta, yuxarıda qeyd olunduğu kimi onların şirin dilinə inanıb şəxsi pullarının olduğu seyfi də cavabdehlərin evində saxlamışdır. Bir neçə dəfə İrinanın və Viktorun dincəlmək üçün xarici ölkələrə turist səfərlərinin xərcini çəkib. O cümlədən, 2019-cu ilin sentyabr ayında onların Belarus Respublikası Minsk şəhərinə getmələrinin yol xərcini (bilet pulunu), orada oteldə qalmalarının haqqını o, ödəmiş, eləcə də xərcliklərini nağd şəkildə özlərinə vermişdir. Onların həmin səfəri üçün ümumilikdə 7.000 ABŞ dolları məbləğində xərci çıxıb. Vəkil sorğusuna “X6”dən verilmiş xx.xx.2024-cü il tarixli, B/N saylı cavab məktubu ilə cavabdehlərin 2019-cu ili sentyabr ayının 3-dən 10-a qədər həmin oteldə qaldıqları, habelə, Minsk şəhərində olarkən, ona göndərdikləri fotoşəkil ilə təsdiq olunur. Bundan başqa, cavabdehlərin X4 Dubay şəhərinə getmələrinin də təxminən 5.000 ABŞ dolları məbləğində xərcini o, ödəmişdir. Habelə, oğlanları Oleq Rusiya Federasiyasına köçərkən köçmək xərcini ödəmək üçün 3.000 ABŞ dolları məbləğində pul vermişdir. Eləcə də, dəfələrlə, ondan pul istəyiblər və o, cavabdehlərə pul vermiş, evlərinə bazarlıqlarının xərcini çəkmişdir. Sonradan, cavabdehin qızı Nelli Fabriçnaya cavabdehlərin evinə yerləşdirdiyi seyfdən onun 750.000 AZN məbləğində pulunu taladığına və cinayətin izini itrmək üçün onu zəhərləyərək öldürməyə cəhd etdiyinə görə o, mənzildən məcburiyyət qarşısında qalıb çıxmışdır (Nelli Fabriçnaya Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətnə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur, həyatına qəsd etmə epizodu üzrə prokurorluqda araşdırma aparılır). Haqlı olaraq sual yaranır: cavabdehlərin maddi marağı yox idisə, nə üçün onun mənzillərinə qeydiyyata düşməyinə razı olmuşdular? Əslində, cavabdehlər planlı şəkildə onu aldadaraq şirin vədlərinə inandırıb qızları Nelli ilə birlikdə pullarını ələ keçirmişlər. Deməli, cavabdehlərin məqsədi guya, Rusiya Federasiyasına köçəcəkləri və mənzili ona verəcəkləri adı ilə onu aldadaraq, mənzillərinə qeydiyyata salmaq yolu və bununla da etibarından sui-istifadə edərək pullarını ələ keçirmək- əsassız varlanmaq olmuşdur. Məhz bu məqsədlərinə nail olduqdan sonra Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun mənzilə olan qeydiyyatını ləğv etdirmişlər. Məhkəmə mübahisənin həllinə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozaraq, işin faktiki hallarını və bu halları təsdiq edən sübutları nəzərə almadan (ümumiyyətlə, təqdim etdiyi sübutları qiymətləndirmədən) qanunsuz və əsassız olaraq iddianı təmin etməmişdir. Hakim cavabdeh tərəfin heç bir əsası olmayan subyektiv (hətta Nelli Fabriçnayanın barəsində qanuni qüvvəyə minmiş hökmünü şübhə altına alan) mülahizələrini əsas götürüb iki cümlə ilə qeyd etmişdir ki, “...İddiaçı pul xərcləməsini qeyd etməklə, həmin pulu cavabdehlərdən tələb etsə də, işin bu halını təsdiq edəcək hər hansı bir sübut mövcud deyildir. Eyni zamanda da qeyd edilməlidir ki, həmin pulu xərcləsə belə, onun hər hansı qarşılıqla edilməsi iş materialları ilə müəyyən edilmir” (məhkəmənin bu qənaətinin əsasızlığı barədə şikayətin prosessual hüquq normaların pozulması ilə bağlı hissəsində ətraflı şərh veriləcəkdir). Halbuki, yuxarıda şərh olunanlarla heç bir qohumluq əlaqəsi olmayan cavabdehlərə həm bilavasitə pul verilməsi və pul xərclənməsi, həm də bunun nəyin qarşılığında olması açıq-aşkar təsdiq olunur. Onu qeydiyyata salarkən ondan bilavasitə pulu alan, eləcə də sonralar əksəriyyət vaxt pulu qəbul edən cavabdeh Viktor Fabriçniy məhkəmə iclaslarında onunla üz-üzə gəlməməmk üçün qəsdən iştirak etməmişdir. Lakin məhkəmə bu hala əhəmiyyət verməmişdir. Beləliklə, şərh edilənlərlə qətnamənin qanunsuz və əsassız olduğu tam təsdiq edilir. Odur ki, qətnamə ləğv edilməli və iddia tələbi təmin olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdilər.
8. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
19. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
21. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi və tərəflərin qarşılıqlı münasibətləri üzrə kifayət qədər ətraflı araşdırma aparılmasına şərait yaratmış və yekunda iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətlərinə dair apellyasiya mərhələsində əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət və əsas yoxdur. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıların qeyd edilməsi zəruridir.
22. Əvvəla, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdirsə düzgün tətbiq edilməmənin nədə ifadə olunduğunu iddiaçı şikayətində açıqlamalı idi. Belə ki, iddiaçı cavabdehlərdən iddia ərizəsində göstərdiyi vəsaiti ödənilməsini tələb edir. Bunun üçün cavabdehlərin iddiaçı qarşısında zərər vurmadan, qanunda nəzərdə tutulmuş digər əsaslardan yaxud da müqavilədən əmələ gələn, eləcə də əsassız varlanmadan əmələ gələn öhdəliyi yaranmalıdır. Ancaq cavabdehlərin iddiaçı qarşısında bu cür öhdəliyinin yaranması təsdiq olunmur. İddiaçı göstərilən ilk üç əsasa görə cavabdehlərin onun qarşısında öhdəliyinin yarandığını da israr etmir.
23. İddiaçı cavabdehlərə qarşı olan iddiasının predmetini bir dəfə dəyişmişdir. Sübuta yetirildiyi halda tələbinin qanuni əsası kimi əsassız varlanmaya dair normalar nəzərdən keçirilə bilər. Ancaq iddianın faktiki halları təsdiq edilmiş olsa belə əsassız varlanmaya dair normaların dispozisiya şərtləri ilə uzlaşmır. Çünki cavabdehlərin iddiaçının hesabına hüquqi əsas olmadan varlanması(əmlak yaxud pul əldə etməsi) təsdiq olunmur. Yəni, əsassız varlanma o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur yaxud da bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonradan aradan qalxmış əsas söykənir. Burada tərəflər arasındakı münasibətlərin xarakteri də iddianın əsalılığını təkzib edən hallar sayılır. Çünki bu cür münasibətlər zamanı tərəflər bir-birinin hesabına nə əsassız varlanma barədə düşünür, nədə aralarında borc münasibətləri yaranmır. Ən azından bu cür vəziyyətdə onları birləşdirən iddia olunan əlaqələr və bundan yaranmış münasibətləri buna imkan vermir, üstəlik bu cür münasibətlər zamanı həm də aralarında iddia edilən formada mülki hüquq münasibətlərinin yaranması da həyatda həmişə baş verən hallara uyğun gəlmir. 24.Tələbin borc münasibətləri ilə əlaqədar yaranması üzrə də eyni mövqe sərgilənir. Çünki bu cür münasibətdə olan tərəflərin arasında borc münasibətləri də yarana bilməz. Ona görə də cavabdehlərin iddiaçı qarşısında borc müqaviləsindən əmələ gələn öhdəliyi də yarana bilməzdi. Demək ki, hətta iddiaçı tələb etdiyi vəsaiti sübuta yetirildiyi halda cavabdehlər tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədən onlara hədiyyə edərək bağışlamış ola bilərdi. Bağışlama həqiqi olsa belə ondan imtina üçün də qanunda nəzərdə tutulan əsas yaranmalı idi. Ancaq iddiaçı belə bir əsasın olmasına dair də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bəyan etdiyi hal isə cavabdehlərin qızının məhkum olunması ilə bağlıdır. Bu fakt isə cavabdehlərin iddiaçı qarşısında hansısa pul tələbindən irəli gələn öhdəliyinin yaranması üçün əsas deyildir. Ancaq tərəflər arasında bağışlama münasibələrinin olması da açıq-aşkar təsdiq olunmur. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-495/2025 saylı, 04 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-495/2025 saylı, 04 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.