Məhkəmə qərarları › İş №2(103)-327/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-327/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-327/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(008)- 6745/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə əsassız borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh» İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 2569.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırır ki, Cavabdeh əməkdaşları tərəfindən, 2009-cu ildə yaşadığı ünvan 1 ünvana, küçədə smart tipli, G4 markalı, 1202AQ**********3 № li sayğac quraşdırılmışdır. 15.08.2014-cü il tarixdə smart tipli , G4 markalı, 1202AQ**********3 № li sayğac yeni smart tipli, G4 markalı, **********6884 № li sayğac ilə əvəzedilmiş və bu barədə ******* № li AKT tərtib edilmişdir. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularınm, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə 01 fevral 2018-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan 28.08.2018-ci il tarixdə küçədə quraşdırılmış, istismar müddəti bitmiş köhnə qaz sayğacına Cavabdeh İBnin nümayəndələri tərəfindən baxış keçirilmiş, ona məxsus evdən qaz sayğacının çıxarıldığı və yoxlanıldığı zaman ona heç bir rəsmi məlumat verilməmişdir. Buna baxmayaraq Cavabdeh İB-nin əməkdaşları onun iştirakı olmadan köhnə qaz sayğacında heç bir qüsur aşkarlamamışlar. 06 sentyabr 2019- cu il tarixdə onunla Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» SAB-071 № li müqavilə bağlanmışdır. Elə həmin gün məlum olmuşdur ki, Cavabdeh 26.01.2017-ci il tarixli, ******* № li, 26.04.2017-ci il tarixli, ******* № li və 31.01.2018-ci il tarixli, ******* № li aktlarına əsasən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadəsinə görə ümumilikdə 12849 kub metr həcmində birliyə ziyan dəymişdir. Cavabdeh təqdim etdiyi foto-şəkillər həqiqəti əks etdirmir. Cavabdeh qaz xəttinə və ya sayğaca onun tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Onun imzası olmayan tərtib edilmiş akt isə qaz xəttinə və ya sayğaca müdaxilənin onun tərəfindən edildiyini təsdiq etmir. Ona göstərilən foto-şəkillər isə onun yaşadığı ünvana aid deyildir. Əgər təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda əsas qaz kəmərində qaynaq izləri qalır. Tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və küçədəki qaz kəmərlərinə hər ay baxış keçirilir. Sayğacın elektron tablodakı göstəriciləri Cavabdeh İB-nin bazasına ötürülür. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçilərin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Ən azından sayğaca müdaxilə olunması üçün 10373320 № li plomb qırılmalı idi. Halbuki, plombun qırılması ilə bağlı, tərtib edilmiş AKTda heç bir məlumat qeyd edilməyib və küçədəki qaz kəmərindən onun yaşadığı evə birləşmə xətti barədə heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, Cavabdeh İB-nin iddia etdiyi həcmdə qazdan artıq istifadə etməyi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. AKT əsasında hesab koduna əsassız olaraq borc yazılmışdır. Halbuki, tərəfindən təbii qazdan qanunsuz istifadə hallarına yol verilməmişdir. Beləliklə, 17.09.2019-cu il tarixdə "Abonentin Saldosu"nu aldıqda məlum olmuşdur ki, təbii qazın itirilməsinə görə, əsassız olaraq hesab koduna 2569.80 manat cərimə yazılmışdır. Buna görə də, Cavabdeh» İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 2569.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(008)- 6745/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə İddiaçı adına (abonent kodu: **********20000) əsassız hesablanmış 2569.80 manat məbləğində borcun silinməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6745/2019 saylı iş üzrə 28.12.2019-cu il tarixli qətnaməsininin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçı 26.01,2017-ci il tarixli ******* saylı akt əsasında 853,2 manat, 26.04.2017-ci il tarixli ******* saylı akt əsasında və 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 863,4 manat cəmi 2569,8 manat Cavabdehnə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün iddiaçının pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2569,8 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İddiaçı ilə bağlanılmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı təbii qazdan istifadə və qaydalarını pozduğuna görə 2569,8 manat debitor borcu qalmışdır. Məhkəmələr tərəfindən qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd etdikləri qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan 15.08.2014-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş, sayğacın istifadə müddəti bitdiyi aşkar olunaraq yeni sayğacla əvəz olunmuşdur. İş materiallarında olan 26.04.2017-ci il tarixli 01220454 saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən təbii qazdan qeyri –qanuni istifadə etdiyi aşkar edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, abonent kodu **********20000 olan İddiaçı smart G-4 tipli, İTRON diafraqmalı qaz sayğacından istifadəyə görə 2569.80 manat borcu vardır. İş materiallarında olan, Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş mühəndis-tikinti ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 10/2244 saylı Ekspertiza Rəyindən görünür ki, qərardadın birinci, ikinci və üçüncü sualları üzrə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdehnə məxsus 76 mm-lik qaz xəttinin üzərində qaz sayğacının qoşulduğu hissədə 3 sm uzunluğunda sonluğu bağlanmış halda olan 20 mmlik polad qaz borusu vardır. Baxış zamanı Cavabdehnə məxsus 76 mm-lik qaz xəttinin üzərində sayğacdan kənar qoşulma müəyyən edilmədi. Mülki iş materiallarında 3 sm uzunluğunda sonluğu bağlanmış halda olan 20 mm-lik polad qaz borusuna qoşulma olduğu halda həmin qaz xəttinin təbii qazla təmin etdiyi qaz işlədicilərin iş rejimi (işləmə müddətləri) barədə məlumatların olmadığına həmçinin bu barədə vəsatət təmin edilmədiyinə görə,İstehsalat Birliyinə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparmaq mümkün deyildir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Cavabdehin iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə sübutların məcmusunu qiymətləndirərək və yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Cavabdeh İddiaçı 2569.80.20 manat məbləğində borcun əsaslı hesablanmasın sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(008)- 6745/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar