Məhkəmə qərarları › İş №2(103)-3270/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3270/2024

06.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3270/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: mənzilə köçürülmə, mənzildən istifadə hüququnun itirilməsi, yaşayış sahəsindən istifadə zərurətinin aradan qalxması, mülkiyyətçi dəyişikliyinin istifadə hüququna təsiri) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mənzilə köçürülmə” barədə ilkin, Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qətnaməsindən ilkin iddiaçıların nümayəndəsi (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən 29 saylı mənzil xx.xx.1970-ci il tarixli 092473 nömrəli orderə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2009-cu il tarixli 26/A-04/08 nömrəli arxiv arayışına, xx.xx.2009-cu il tarixli 2589 nömrəli arxiv çıxarışına, Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin xx.xx.2005-ci il tarixli “Şəxsi hesabın adını dəyişdirmək barədə” məktubuna, X5 və X10 xx.xx.2009-cu il tarixli razılıq ərizələrinə əsasən X3 adına xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə qeydiyyata alınmış, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh adına özgəninkiləşdirilmişdir.

2. Sözügedən mənzil üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Cavabdeh ilə İddiaçı3 xx.xx.1993-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra qadına “Kazımova” soyadı verilmiş, nikahlarından xx.xx.1994-cü il tarixdə Fərhad, xx.xx.1997-ci il tarixdə Zərnigar, xx.xx.2000-ci il tarixdə Cəlal adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2011-ci il tarixli qətnaməsi əsasında nikahları pozulmuşdur.

4. Cavabdeh ilə İddiaçı3 xx.xx.2012-ci il tarixdə yenidən nikaha daxil olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında nikahlarına xitam verilmiş, nikahın pozulması xx.xx.2021-ci il tarixdə qeydə alınmış, nikah pozulduqdan sonra arvada “Ağazadə” soyadı verilmişdir.

5. İddiaçı3, İddiaçı2, Zərnigar Kazımova (Abasova) və İddiaçı4 ünvan 1 ünvanında yerləşən 29 saylı mənzildə 2020-ci ilin oktyabr ayına qədər yaşamışlar.

6. ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilə İddiaçı3 xx.xx.2009-cu il tarixdə, İddiaçı1 xx.xx.2013-cü il tarixdə, İddiaçı4 xx.xx.2014-cü il tarixdə, İddiaçı2 xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışlar.

7. ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 587/19 nömrəli sərəncamına, Nəsimi Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 104251 nömrəli orderinə və xx.xx.1993-cü il tarixli “Mənzilin əvəzsiz verilməsi haqqında” müqaviləyə əsasən X2 adına xx.xx.1993-cü il tarixdə qeydiyyata alınmış, Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasında Cavabdeh adına özgəninkiləşdirilmişdir.

8. Həmin mənzil üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış, mənzil xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında İddiaçı2 özgəninkiləşdirilmiş, İddiaçı2 mənzili xx.xx.2018-ci il tarixdə X1.

9. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin sahə inspektoru tərəfindən tərtib edilməklə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 2020-ci ildən Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 111 ünvaında yerləşən 29 saylı mənzildə yaşamırlar.

10. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin xx.xx.2023cü il tarixli 51-3/2-K-6675/11 saylı məktubunda göstərilmişdir ki, İddiaçı3 və övladları İddiaçı2, İddiaçı4 C.Məmmədquluzadə 71 faktiki ünvanında, X4 Xətai rayonu, A.Ələsgər 17 ünvanında yaşamaları öz təsdiqini tapmışdır.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X7 Cavabdeh qarşı “əmlak bölgüsü və pulun tutulması” tələbi qismən təmin olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 190A, M6, m4 ünvanında yerləşən mənzil üzərində onların hər birinin ½ hissədə mülkiyyət hüquqları tanınmış, Zahir X8rşı “xx.xx.2012-ci il tarixdə bağlanmış nikahın etibarsız sayılması” tələbi təmin edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1-də yerləşən 29 saylı mənzilə köçürülmələri, həmin mənzildən sərbəst istifadə etmələri və maneəsiz yaşamaları, Cavabdeh qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbləri belə əsaslandırılmışdır ki, istifadə hüquqları olan ünvan 1-də yerləşən 29 saylı mənzil Cavabdeh mülkiyyətindədir, İddiaçı1, İddiaçı2 və İddiaçı4 Cavabdeh övladlarıdırlar. Heç bir yaşayış yerləri və yaşayış yeri əldə etmək üçün heç bir maddi imkanları da yoxdur. Cavabdehla İddiaçı3 iki dəfə nikahlarını pozub barışsalar da, sonuncu nikahın pozulması məhkəməsindən sonra münasibətiləri bərpa olunmamışdır. Nikah pozulduqdan sonra Cavabdeh mülkiyyətində olan mənzildə yaşasalar da, bir neçə aydır ki, Cavabdeh onları mənzildən çıxararaq qapının açarlarını dəyişdirmiş və mənzilə girişlərinə mane olmağa başlamışdır. Hüquqi savadları olmadığından və vəkilə ödəniş etməyə gücləri çatmadığından bir neçə müddət qohumlarının evində qalsalar da artıq öz istifadə hüquqları olan evə köçərək yaşamaq istəyirlər. Lakin cavabdeh buna razı olmaq əvəzinə onları evdən qeydiyyatdan da çıxaracağı ilə hədələyir. Cavabdeh onların həmin mənzildə yaşamalarına hər cür maneələr törədir, evin yaşayış və köməkçi sahəsindən normal şəkildə istifadə etmələrinə imkan vermir.

14. Cavabdeh isə İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, adı çəkilən şəxslərin ünvan 7 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 7 ünvanında yerləşən mənzil onun tam mülkiyyətindədir. Bu mənzil ona 3 avqust 2018-ci ildə atası tərəfindən notarial qaydada hədiyyə edilmiş, hazırda yaşayış sahəsində ondan başqa keçmiş həyat yoldaşı İddiaçı3 (Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə boşanmışdır), oğlu İddiaçı4, qızı İddiaçı1 qeydiyyatı mövcuddur. Ona məxsus mənzilə həmin 3 nəfər atasının razılığı ilə 26 noyabr 2009-cu ildə qeydiyyata düşüblər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli icra sənədi (əmlak bölgüsü ilə bağlı) tərəfindən tam şəkildə yerinə yetirilmiş və evdəki əşyalara və satılmış şəxsi avtomobilinə görə keçmiş həyat yoldaşı İddiaçı3 5800 manat ödəmişdir. Bundan əlavə birgə nigah dövründə əldə olunmuş Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 190A, M6, m4-də yerləşən mənzil 1/2 pay kimi satılmış və keçmiş həyat yoldaşı İddiaçı3 41 750 manat pul almışdır. Beləliklə İddiaçı3 cəmi 47 550 manat (5800 manat + 41 750 manat = 47 550 manat) pul ödənilmişdir. İddiaçı3 Həsən Əliyev küçəsindəki 1 nömrəli tədris mərkəzində repititor kimi işləyir və bundan əlavə Nəsimi rayonu, Vəzirov küçəsi 10, mənzil 60-da fərdi repititorluq fəaliyyəti ilə də məşğuldur. İddiaçı1 isə öz həyat yoldaşı ilə Xətai rayonu, A.Ələsgor küçəsi 17-də yaşayır və “AZAL Azerbaijan Airlines”də iqtisadçı vəzifəsində işləyir. Çox maraqlı bir haldır ki, ailə qurmuş və öz həyat yoldaşı ilə Xətai rayonu, A.Ələsgər küçəsi 17 ünvanında yaşadığı halda onun mənzilinə necə köçürülə bilər?. Çünki öz ailəsini qoyub onun mənzilinə köçürülmə istəyi gələcəkdə bu cavan ailədə də problemlər yarada bilər. İddiaçı4 isə şəxsi “BMW 535İ” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili var və özəl şirkətlərdən birində mühasib kimi işləyir. Beləliklə, yuxarıda adları qeyd olunan hər üç şəxs aldıqları 47 550 manatdan əlavə kifayət qədər maddi təminata malikdirlər, 47 550 manat aldıqdan sonra qeydiyyatdan çıxacaqlarını desələr də, bu günə kimi atasının ona hədiyyə etdiyi mənzildən qeydiyyatdan çıxmayıblar. Keçmiş həyat yoldaşı və 3 övladı 3 ildir ona məxsus mənzildə yaşamırlar. İddiaçı3, İddiaçı1 və İddiaçı4 2020-ci ilin oktyabr ayından atasının ona hədiyyə etdiyi Mərdanov qardaşları küçəsi 111, mənzil 29-dan köçüb getmişlər. Halbuki nikahın pozulması ilə bağlı qətnamə 15 iyul 2021-ci ildə çıxarılmışdır. Maddi cəhətdən çox pis vəziyyətdədir, hazırda qohumlardan aldığı borclardan əlavə “Kapital Bank”dan da 3000 manat kredit götürmüşdür. Sağlamlığı ilə bağlı fəqərə nahiyəsində iki qabarma və iki yırtıq aşkar olunsa da, maddi imkanı müalicəyə başlamağa imkan vermir. Cavabdehlərin mənzildə qeydiyyatı formal olaraq qalıb və mənzildən istifadə etmək hüququ da mövcud deyil.

16. Birinci instansiya məhkəməsinin 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələblərinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 ünvan 7 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddiaçılara aid edilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 müştərək qaydada tutulub Cavabdeh ödənilməsi qət olunmuşdur.

17. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

17.1. İkin iddia tələbi üzrə iddiaçıların mənzilə köçürülməsi üçün əvvəlcə həmin hüququn yaranması müəyyən edilməlidir. Bu baxımdan müəyyən edilməli fakt iddiaçıların mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması ilə bağlıdır. Bunun üçün qanunvericilikdə istifadə hüququnun yaranması əsaslarına diqqət yetirilməlidir. Məlum olduğu kimi, şəxsin yaşayış sahəsinə qeydiyyata düşməsi özlüyündə yaşayış sahəsinə istifadə hüququnun yaranmasını ehtiva etmir. 17.2. Mübahisə predmeti olan mənzil ilkin iddia üzrə cavabdehin atasının mülkiyyətində olmuş və xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə birincinin mülkiyyətinə keçmişdir. İlkin iddia üzrə iddiaçılardan həmin mənzilə İddiaçı3 xx.xx.2009-cu il, İddiaçı1 xx.xx.2013-cü il, İddiaçı4 xx.xx.2014-cü il, İddiaçı2 xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. 17.3. İlkin iddia üzrə iddiaçılar xx.xx.2009-2018-ci illərdə həmin mənzilə qeydiyyata düşdüklərindən onlara münasibətdə hüquq münasibətlərinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 17.4. Normanın məzmunundan aydın olduğu kimi, mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılması yalnız keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə tətbiq edilə bilər. 17.5. Sözügedən mənzil 2018-ci il tarixdən ilkin iddia üzrə cavabdehin mülkiyyətindədir və onun keçmiş arvadı və övladları olan ilkin iddia üzrə iddiaçıların 2020ci il tarixdən həmin mənzildən getmələri və hazıradək geri qayıtmamaları, onların hazırda sözügedən yaşayış sahəsinə ehtiyaclarının olmamasına dəlalət edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı3 və övladları İddiaçı2, İddiaçı4 ünvan 8 ünvanında, X9 isə nikaha daxil olmaqla ünvan 9 ünvanında yaşayırlar. 17.6. Beləliklə, ilkin iddia üzrə iddiaçıların sözügedən yaşayış sahəsinə ehtiyacları aradan qalxdığından onların həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi mümkündür ki, bu halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir.

18. Mövqeyini əsaslandırarkən məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 152.1-ci, Mənzil Məcəlləsinin 30-cu maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına istinad etmişdir.

19. Həmin qətnamədən apellyasiya şikayəti verən ilkin iddiaçıların nümayəndələri (vəkilləri) onun ləğv olunmasını və ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin tətbiq edilməməli olan maddi hüquq normasını tətbiq etdiyi, tərəflərin qarşılıqlı münasibətinə uyğun gəlməyən qərar çıxardığı, qarşılıqlı iddiaçının övladlarını hansı əsasla onun keçmiş ailə üzvü kimi qiymətləndirməsinin qeyri-müəyyən olduğu, sübutların əldə edilməsi üçün köməklik göstərmədiyi, tərəflər arasında yaranmış münasibətlərin 2000-ci ildən əvvəl yarandığına, eləcə də qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunan hallara əhəmiyyət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, qanunsuz və əsassız qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

20. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apelyasiya baxışı, izahatlar

21. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddiaçılar məhkəməyə gəlməmiş, məhkəmə iclaslarında iştirak edən Cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir.

22. Cavabdeh izahatında həmçinin bildirmişdir ki, keçmiş həyat yoldaşı ilə ailə qurduqdan sonra əvvəl başqa mənzildə yaşamışlar, 2009-cu ilin fevral ayından etibarən ünvan 1 ünvanında yerləşən 29 saylı mənzildə birlikdə yaşamış, 2020-ci ilin oktyabr ayına qədər ailə üzvləri həmin mənzildə yaşamağa davam etmiş, həmin tarixdə mənzili tərk edib getmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

29. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.

30. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

31. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

32. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsi

33. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

34. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

35. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarı

36. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.

Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı

37. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

41. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

47. İşin hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 29 saylı mənzil xx.xx.2009-cu il tarixə qədər dövlət balansında olmaqla xx.xx.1970-ci il tarixli order əsasında X3 istifadəsinə verilmiş, xx.xx.2009-cu il tarixdə onun adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh adına özgəninkiləşdirilmiş, xx.xx.2018-ci il tarixdə sonuncunun adına müvafiq qeydiyyat aparılmışdır.

48. İşin müəyyən olunan halı odur ki, İddiaçı3, mənzil order əsasında X3 (qayınatasının) istifadəsində olduğu dövrdə oraya gəlin köçmüş (Cavabdeh bildirməsinə görə 2009-cu ilin fevral ayında, lakin hər bir halda xx.xx.2009-cu il tarixindən əvvəl), o və uşaqları 2020-ci ilin oktyabr ayına qədər həmin mənzildə yaşamışlar.

49. Beləliklə, İddiaçı3 və uşaqlarının mübahisəsi gedən mənzilə istifadə hüququ mənzil qayınatasına (uşaqların babalarına) məxsus olduğu dövrdə, yəni qayınatasının (onun oğlunun) ailə üzvü olaraq mənzildə onunla birgə yaşadıqları zaman xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmışdır və aydınlaşdırılmalı olan məsələ onların, 2020-ci ildə mənzildən getməsindən sonra bu hüquqlarının qalıb-qalmaması ilə bağlıdır.

50. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda mətni qeyd olunmuş 60-cı və 87-ci maddələrinin məzmunundan görünür ki, qanunvericilik yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirmişdir.

51. İşin halları baxımından kollegiya hesab edir ki, İddiaçı3 və övladlarının mübahisəsi gedən mənzilə, mənzil qayınatasına (uşaqların babalarına) məxsus olduğu dövrdə onun ailə üzvü olaraq mənzildə onunla birgə yaşadıqları zaman yaranmış istifadə hüququna xitam verilməsi üçün əsaslar vardır.

52. Belə ki, bu cür mübahisələrdə dəyərləndirilməli olan əsas məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, yaşayış sahəsinə olan ehtiyacını məhz həmin yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olub-olmadığıdır.

53. Həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə hüququ vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəlsə də, bu hüquqa xitam verilməsi zamanı kompensasiya o halda ödənilir ki, hüquq sahibinin mülkiyyətçinin hesabına müəyyən müddət daxilində başqa yerdə, istifadə hüququ olan mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən yerdə yaşamağa ehtiyacı olsun.

54. Kollegiyanın qənaətinə görə, mülkiyyətində mənzil olan İddiaçı3 (Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 190A, M6, m4 ünvanında yerləşən mənzilin ½ hissəsi), habelə atası tərəfindən digər mənzil bağışlanmış İddiaçı2, artıq ailə həyatı qurub ər evinə köçmüş Zərnigar Abbasovanın, eləcə də 2020-ci ilin oktyabr ayından etibarən anası ilə birlikdə yaşayan İddiaçı4, yaşayış sahəsinə olan ehtiyaclarını məhz Cavabdeh mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olduqları nəticəsinə gəlmək, onların maraqları ilə mülkiyyətçinin hüquqları arasındakı “ədalətli tarazlığın” pozulması olardı.

55. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin Mənzil Məcəllənin 30-cu maddəsinə istinadla müvafiq nəticəyə gəlməsi tətbiq edilməməli normanın tətbiqi kimi qiymətləndirilməməlidir.

56. Belə ki, mübahisəsi gedən mənzilin 2018-ci ildə Cavabdeh mülkiyyətinə keçməsi və onun ailə üzvlərinin (İddiaçı3 və övladlarının) 2020-ci ilin oktyabr ayına qədər orada yaşamaları, onların mənzilin əvvəlki mülkiyyətçisinin (qayınatanın, babanın) iradəsi əsasında həmin mənzilə yaranan istifadə hüquqlarının, mənzil Cavabdeh mülkiyyətinə keçdikdən sonra hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən yaranan istifadə hüququ ilə əvəz olunduğu qənaətini formalaşdırmışdır.

57. Qeyd olunmalıdır ki, daşınmaz əmlakın Cavabdeh adına dövlət qeydiyyatına alınması onun mənzilə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Belə ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir – çünkü Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

58. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi belə olmuşdur ki, “yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır”.

59. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tətbiq olunması hakimin səhvi kimi qiymətləndirilə bilməz.

60. Kollegiya onu da qeyd edir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalmaları, onların həmin ünvana istifadə hüquqlarının itirilməməsinə zəmin yaratmır; çünkü “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”.

61. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, adı çəkilən şəxslər artıq uzun illərdir yaşadıqları yeni ünvan(lar) üzrə qeydiyyata durmalı idilər. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

62. Qarşılıqlı iddia tələbi üzrə şərh etdiyi qənaətinə uyğun olaraq kollegiya, birinci instansiya məhkəməsinin ilkin iddia tələbinə verdiyi qiymətlə də razılaşır və prossesual qənaət prinsipi baxımından bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır.

63. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-407/2024 saylı iş üzrə 15 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid edilsin. Qətnamədən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar