Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3271/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X19 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma” barədə iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-490/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Mübahisəli ünvan 1 ünvanında yerləşən mənzil 26 sentyabr 1977-ci il tarixli orderə əsasən, iddiaçının atası X7 və ailə üzvləri - arvadı X8 və övladları X13 və X11 verilmişdir. X12 xx.xx.2008-ci il tarixdə, X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-5698/2018 saylı qətnaməsi ilə iddiaçının qardaşı İ.İ.Abiyev və Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə bağlanmış nikah pozulmuşdur, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2018-ci il tarixli 2(011)-4424/2018 saylı qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Nəsrəddin Tusi küçəsi, 43 saylı evin 46 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir.
3. İddiaçının qardaşı İ.Abiyev Cavabdeh qarşı “kompensasiya ödənilməklə onun ünvan 2 ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsi və övladları ilə birgə həmin mənzildən çıxarılmalarına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5262/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmişdir.
4. Mübahisəli əmlak dövlət mənzil fonduna aid olmaqla, mənzil mülkiyyət hüququ üzrə rəsmi dövlət reyestrində qeydə alınmamışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat kompensasiya ödənilməklə, ünvan 2 ünvanında yerləşən evə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və həmin evdən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 yeganə vərəsəsidir. Azərbaycan SSR İcra Komitəsi tərəfindən xx.xx.1977-ci il tarixli, 168845 saylı order X4 verilərək, həmin orderdə arvadı X8, övladları X13 və X11 Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən ümumi sahəsi 46.73 kv.m olan 1a saylı evin 46 saylı mənzilində yaşamaq hüququ verilmişdir, X12 vəfat etdikdən sonra mənzil üzərində hüquqları vərəsəlik yolu ilə ona keçmişdir. O, mənzili özəlləşdirmək niyyətində olsa da, cavabdeh həmin mənzilə istifadə hüququnun olduğunu iddia edərək birbaşa və dolayı yollarla mənzilin özəlləşdirilməsinə mane olmuşdur. Onun qardaşı X14 cavabdeh ilə 23 fevral 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur, birgə nikahdan 21 iyun 2004-cü il təvəllüdlü X16 və 26 mart 2006-cı il təvəllüdlü X22 adlı iki övladları vardır, daha sonra ailə münasibətləri korlandığından Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)- 5698/2018 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur, cavabdeh X11 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)- 4424/2018 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət olunmuşdur, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-10086/2018 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur, AR Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-726/19 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır, eyni zamanda, İ.G.Abiyev vəfat etdikdən sonra, sonuncunun vərəsəsi o, anası X2 və X10 razılığı ilə mübahisəli mənzilin özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-a müraciət etsə də, həmin vaxt cavabdehin iddiası üzrə Xətai Rayon Məhkəməsində 2(011)-4424/2018 saylı mülki işə baxılarkən əmlak üzərinə həbs qoyulduğundan Reyestr Xidməti özəlləşdirməni rəsmiləşdirə bilməmişdir, o, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 43, mənzil 46 ünvanında yerləşən mənzili özəlləşdirmək niyyətində olsa da, cavabdeh birbaşa və dolayı yollarla bu prosesə mane olmağa çalışmış, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur, o, bununla bağlı, cavabdehin qardaşının keçmiş həyat yoldaşı olduğunu və onun iki övladının olduğunu nəzərə alaraq, cavabdehə bazar qiymətinə uyğun məbəğdə kompensasiya ödənilməklə onun mənzildən çıxmasını dəfələrlə bildirsə də, sonuncu bundan imtina etmiş və nəticədə mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olmuşdur, cavabdeh mübahisəli mənzildən yalnız istifadə etmək hüququna malik olduğundan, onun adı orderdə göstərilmədiyindən, onun ailə üzvü olmadığından və onunla heç bir ailə münasibəti olmadığından, mənzili özəlləşdirmək hüququ mənzillə bağlı kirayə müqaviləsi bağlanmış şəxsin yeganə vərəsəsi olan, mənzillə bağlı orderdə adı göstərilmiş ona məxsusdur, xx.xx.2022-cil tarixli müraciətə əsasən, "xxxx" MMC-nin ekspertləri tərəfindən sözügedən mənzilin bazar və aylıq kirayə dəyərlərinin müəyyən edilməsi üçün qiymətləndirilmə işi həyata keçirilmişdir, verilmiş 2584/SQ saylı arayışa əsasən mənzilin bazar dəyəri 90000 manat, aylıq kirayə dəyəri 300 manat təşkil edir ki, buna əsasən mübahisəli mənzilin yerləşdiyi ərazidə ekvivalent bir mənzilin 3 illik kirayə dəyəri 10800 manat hesablanmalıdır, hal-hazırda cavabdehə 15000 manat kompensasiya verməyi təklif edirlər, onun atasına order verilib, onun qanuni vərəsəsi isə özüdür, o da vərəsə kimi hüququndan istifadə edir, o, özü orada yaşamır, evlənib gəlin köçmüşdür, başqa evdə yaşayır, ev vətəndaşlardan heç kimindir, 1993-cü ildən mənzil fondu haqqında qanun var, order var, ev mirasa aiddir.
7. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli mənzilə 2003-cü ildən gəlin köçmüşdür, ora gələndə o artıq gəlin köçmüşdü, orada yaşamırdı, onu baldızı kimi tanıyır, lakin o vaxtdan onu o evdə görməmişdir, qeyd edilən mülk özəl deyil, onların onu oradan çıxarmağa haqqı çatmır, iddiaçının qardaşı ilə 2018-ci ildə boşanmışdırlar, eyni mənzillə bağlı keçmiş yoldaşı da onu məhkəməyə vermiş, iş Ali Məhkəməyə qədər getmişdir, mənzildən çıxarılmamışdır, hazırda da eyni işdir, sadəcə bu dəfə baldızı onu məhkəməyə vermişdir, 2018-ci ildən o evdə qeydiyyatdadır, yaşamağa başqa yeri yoxdur, uşaqları ilə birlikdə orada yaşayır, uşaqlarına ev verməlidir, həmin evdə hazırda özü, uşaqları və keçmiş həyat yoldaşı, yəni iddiaçının qardaşı yaşayır, kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsinə isə razı deyildir, orada onun hüququ vardır, yaşayır. Həmçinin qeyd edilmişdir ki, hazırkı eyni predmetlə bağlı iddiaçının qardaşı tərəfindən də tələblə məhkəməyə müraciət olunmuşdur, onun cavabdehə qarşı “18000 manat məbləğində kompensasiya ödənilməklə onun ünvan 2 ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsinə və Cavabdeh övladları X16 və X22 ilə birgə həmin mənzildən çıxarılmaları”na dair iddiası təmin edilməmişdir, hazırki iş də eyni işdir, sadəcə yoldaşı öz hüquqlarından vərəsə kimi bacısının xeyrinə imtina etmiş, bacısı isə eyni tələblə məhkəməyə müraciət etmişdir, hazırda evdə o və uşaqları faktiki olaraq yaşayırlar.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 2(011)-490/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçməmiş, onun mülkiyyətində olmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığından, onun qətnamə əsasında həmin mənzilə istifadə hüququ tanınaraq köçürülmüş Cavabdeh istifadə hüququna AR MM-nin 228-ci maddəsi əsası ilə kompensasiya verilməklə xitam verilməsi barədə hazırki iddiası da məhkəmə tərəfindən təmin oluna bilməz. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, hazırda mübahisəli mənzil təyinatı üzrə sosial kirayə müqaviləsi əsasında istifadə olunduğundan, cavabdehin də həmin mənzilə istifadə hüququ tanındığından və orada pasport qeydiyyatında olmaqla faktiki yaşadığından, mülkiyyət hüququ üzrə ağlabatan və “qanuni gözləntisi” istisna olunmur. Apelyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 2(011)-490/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə əsasən mənzil mülkiyyətçiləri onlara məxsus mənzildən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu barədə məhkəmə qaydasında xitam tələbi irəli sürə bilərlər. Geniş yayılmış məhkəmə təcrübəsində göründüyü kimi, yaşayış sahəsi ilə təmin olunma ilə bağlı ədalətli kompensasiya verildikdə bu növ iddialar məhkəmələr tərəfindən təmin olunur. Cavabdehin mənzil ilə bağlı yalnız yaşamaq hüququ mövcuddur və bu hüququn realizəsinin davamı üçün iddiaçı ədalətli kompensasiyanı təklif edir. Məhkəmənin mənzil hüququnu mülkiyyət hüququndan üstün tutduğu mövqe qəbuledilməzdir. Aralarındakı bütün ailə münasibətlərinə son verilmiş şəxslərin bir evdə yaşamağa davam etməsi absurd və məntiqsiz haldır. Bu həmin şəxslərin sonrakı şəxsi və ailə həyatına birbaşa və qanunsuz müdaxilədir, bu səbəbdən də məhkəmə təcrübəsində kompensasiya ilə istifadə hüququna xitam institutu məhkəmə təcrübəsi vasitəsilə formalaşdırılmışdır. Bu institut fərqli niyyətlərlə hüquqlardan sui-istifadə edən şəxslərə qarşı mülkiyyətçiləri qorumaqdır. Göründüyü kimi qanunvericiliyin və məhkəmə təcrübəsinin formalaşdırdığı hər iki meyar tam şəkildə ödənilməkdədir və məhkəmə ədalətsiz olaraq işin bu hallarına düzgün qiymət verməmişdir. Məhkəmə onun mülkiyyət hüququnun olmaması səbəbindən iddianı təmin etməmişdir. Hesab edir ki, məhkəmənin mülkiyyət hüququna dar çərçivədən yanaşması qanunvericiliyə və mövcud məhkəmə təcrübəsinə ziddir. Belə ki, istifadə hüququna xitam verilməsi ilə bağlı iddiada göstərilən mənzil üzərində onun mülkiyyət hüququna tam, qanuni və əsaslı hüququ və gözləntisi mövcuddur. Belə ki, mənzillə bağlı 26 sentyabr 1977-ci il tarixli order sənədi təqdim olunmuşdur. Həmin orderlə onun atası X3, anası X2, özünün və qardaşı X10 adları qeyd olunmaqla həmin mənzildən istifadə hüququ verilmişdir. Orderin verildiyi tarixdə qüvvədə olan sovet qanunvericiliyi xüsusi mülkiyyət hüququnu tanımadığından mənzil üzərində yalnız istifadə hüquqları təqdim olunurdu. Mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, bu hüququn qeydə alınmasını istisna edən hər hansı bir hal mövcud deyil və daşınmaz əmlakın dövlət reyestri xidməti nöqteyi-nəzərindən onun qeyd edilən mənzil üzərində gözlənilən mülkiyyət hüququ var. Ümumiyyətlə müstəqilliyin əldə olunmasından əvvəl vətəndaşlara verilmiş əmlaklar üzərində onların "hüquqları" mülkiyyət hüququ ilə eyni statusda qorunur və təfsir olunur. Vətəndaşların iradəsindən asılı olmayan obyektiv səhabələrdən sənəd üzərində "istifadə hüququ" göstərilən mənzillər artıq yerli qanunvericilikdə, məhkəmə təcrübəsində və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında dəfələrlə mülkiyyət hüququ ilə eyniləşdirilmişdir. Belə ki, müstəqilliyin ilk illərində qəbul olunmuş "Mənzil fondunun özəlləşdirilməsi" Qanunu ilə dövlət vətəndaşlara maneəsiz və əvəzsiz şəkildə, müddət məhdudiyyəti qoyulmadan onların istifadəsinə verilmiş mənzilləri özəlləşdirmək hüququ vermişdir. Order əsasında mənzilini özəlləşdirmək istəyən şəxs üçün heç məhdudiyyət va maneə mövcud deyildir, order yalnız bu keçid dövründə müvəqqəti sənəd xarakteri daşıyır. Göstərilən səbəblərdən order əsasında mənzilə sahiblik edən va müxtəlif səbəblərdən özəlləşdirməni həyata keçirməmiş şəxslərə mülkiyyətçidən fərqli münasibət göstərilməsi hüquqi müəyyənlik, qanunçuluq və ədalət prinsipinə tamamilə ziddir. Onun yalnız istifadə hüququnun mövcudluğunun qanuni gözlənti hüququnu istisna etməsi ilə bağlı məhkəmənin mövqeyi ümumiyyətlə qanunvericiliyə ziddir. Digər tərəfdən məhkəmənin mülkiyyət hüququ ilə münasibətdə mənzil hüququna üstünlük verməsi və eyni səviyyədə qorunma tələb etməsi ilə heç bir halda razılaşmaq mümkün deyildir. Əvvəlki bənddə göstərilən əsaslarla mənzil hüququnu tam itirmiş şəxsə onun mülkiyyət hüququnu pozmaqla təminat verilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla ədalətsiz yanaşmadır. Mənzil hüququ başqalarının mülkiyyət hüququnu pozmaqla təmin oluna bilməz. X12 xx.xx.2008-ci il tarixdə, X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 3 ünvanlanmış X/165 №-li22 noyabr 2018-ci il tarixli məktubdan görünür ki, 22 noyabr 2018-ci il tarixində , 28 iyul 2008-ci il tarixdə vəfat etmiş X9 qızı – İddiaçı ərizəsi ilə vərəsəlik işi açılmışdır, sənədlərə müvafiq olaraq X5 vərəsəsi qızı – İddiaçıdır (iddiaçı). İş materiallarında olan "Elektron Məhkəmə" informasiya sistemindən çıxarışdan görünür kı, İddiaçı adına mülkiyyətində olan daşınmaz əmlak qeydə alınmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. O həmçinin qeyd etmişdir ki, məhkəmə qərarında iddiaçının subyektiv hüquqa malik olmadığı, yəni mülkiyyətçi olmaması əsası ilə iddia tələbi rədd olunmuşdur. Bu hissə ilə razı deyillər. Hesab edir ki, iddiaçı həmin mənzilə order əsasında sahiblik edir. Lakin mövcud məhkəmə təcrübəsində, eyni zamanda Avropa Məhkəmıəsinin qərarlarında hansı ki, apellyasiya şikayətində onlara istinad edilmişdir, formalaşmış məhkəmə təcrübəsinə görə order mülkiyyət hüququna dair qanuni gözlənti yaratmaqdadır. Deməli orderlər Sovet dövründə şəxslərə mənzillərin istifadəsi ilə bağlı verilmişdir. “Mənzil Fondunun özəlləşdirilməsi haqqında! qanun qəbul olunduqdan sonra həmin mənzillərə mülkiyyət hüququnun təsbit olunması ilə bağlı heç bir maneə və istisna edən hal mövcud deyildir. Həmçinin Reyestr haqqında qanunda və Mülki Məcəllədə də bu hallar öz təsdiqini tapmışdır. Bundan başqa təcrübədə bir sıra işlər olmuşdur ki, order sahiblərinə məhkəmələr mülkiyyətçilər ilə eyni bərabər hüquqi müdafiə vasitələri tətbiq olunmuşdur. Bu səbəbdən də məhkəmənin orderlə bağlı mövqeyi ilə razı deyil. Həmçinin məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq bidirmişdir ki, iddiaçı hal-hazırda orada yaşamır, orada qeydiyyatda deyildir; order sahibləri olan şəxslər reyestr xidmətinə yaxınlaşdıqda onlardan əlavə sənədlər tələb olunmur; iddiaçı həmçinin qanuni vərəsədir. Vərəsəliklə bağlı şəhadətnamə verilməyib; notariat ofisinə məhz bu mənzillə əlaqədar müraciət edilib; iddiaçı şəxsi əmlakları faktiki olaraq qəbul edib; həmin halları notarius təsdiqləməyib.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh pellyasiya şikayətini əsassız hesab etdiyini, şikayətin təmin edilməməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 490/2023 saylı 09 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. İlk əvvəl subyektiv hüquqla bağlıdır. İddiaçı 30 il əvvəl köçüb gedərək ayrı ünvanda yaşamışdır. Bu mənzilə dair onun nə qeydiyyatı,nə mənzilə idarəçiliyi, nə istifadə, nə icra heç bir hüququ yoxdur. Bu baxımdan hesab edirlər ki, onun subyektiv hüququ yoxdur. Vərəsəlik hüququna dair belə bir müddəa vardır ki, vərəsəlik ölən anda ölən şəxsin əmlakı barədə açılır. Ölən şəxs 10 il bundan əvvəl rəhmətə getmişdir. Həmin anda ölən şəxsə məxsus qəbul etməyə əmlak olmamışdır. Bu əmlak isə dövlət mülkiyyətində olmuşdur. Özgəsinin mülkiyyətinə gözlənilən hüquq yoxdur. Özəlləşdirmə haqqında qanunda yazılıb ki, həmin anda mənzildə yaşayan, qeydiyyatda olan şəxslərin ərizəsi əsasında özəlləşdirmə mümkündür. İddiaçı həmin mənzildə yaşamır. İddiaçı o prosesdən kənardır. Digər məsələ isə kompensasiya ilə bağlıdır. Kompensasiya institutu mülkiyyətçinin əmlakına münasibətdə tətbiq olunur. Kompensasiya institutu başqasına məxsus əmlaka yönəldilə bilməz. Mənzil dövlətə məxsusdur. Cavabdeh qanuni əsaslarla həmin mənzilə köçüb, qanuni olaraq istifadə hüququnu əldə edibdir. Cavabdeh uzun müddətdir orada yaşayır. Hesab edirlər ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edirlər. Həmçinin məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq bidirmişdir ki, həmin əmlakın mülkiyyətçisi Azərbaycan Respublikasıdır.
Apellyasiya baxışının hədləri
16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
20. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 21.228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 22.1159.1-ci maddəsinə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
23.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 26.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
27. İddiaçının istinad etdiyi hallara əsasən hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmin normanın məzmununa görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir.
28. Birinci innstansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçməmiş, onun mülkiyyətində olmamışdır. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığından, onun qətnamə əsasında həmin mənzilə istifadə hüququ tanınaraq köçürülmüş Cavabdeh istifadə hüququna Mülki Məcəllənin 228-ci maddəsi əsası ilə kompensasiya verilməklə xitam verilməsi barədə iddiası da məhkəmə tərəfindən təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırda mübahisəli mənzil təyinatı üzrə sosial kirayə müqaviləsi əsasında istifadə olunduğundan, cavabdehin də həmin mənzilə istifadə hüququ tanındığından və orada pasport qeydiyyatında olmaqla faktiki yaşadığından, mülkiyyət hüququ üzrə ağlabatan və “qanuni gözləntisi” istisna olunmur.
29. Məhkəmə kollegiyası birinci instnasiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, məhkəmə iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli mənzilin statusu müəyyənləşdirmiş və həmin statusa uyğun olaraq mübahisəyə müvafiq hüquq normasını tətbiq etməklə hüquqi qiymət vermişdir. Belə ki, iddiaçının iddianın qanuni əsası kimi istinad etdiyi maddədə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi yalnız xüsusi mülkiyyətdə olan mənzillərə münasibətdə, mülkiyyətçinin tələbinə əsasən nəzərdə tutulmuşdur.
30. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığından istinad etdiyi normanın tələbinə müvafiq olaraq iddianın təmin edilməsi üçün də əsaslar mövcud deyildir.
31. Apellyasiya şikayətində qeyd olunan dəlillərlə əlaqədar isə məhkəmə kollegiyası vurğulayır ki, iddiaçıya mübahisəli mənzil ilə bağlı vərəsəlik qaydasında keçən hüquqların toplusu (miras aktivi) atasının öldüyü məqamadək dövlət fonduna aid mənzilə dair malik olduğu hüquqlardan (həmin mənzildən istifadə hüququ olan şəxslərlə birlikdə orada yaşamaq, məznildə faktiki yaşayan, yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə mənzili özəlləşdirmək hüquqları) ibarətdir. O, isə mübahisəli mənzilin mülkiyyətçisi olmamış, mənzil onun yalnız sahibliyində və istifadəsində olmuşdur. Hazırda da tərəflərin arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb ola biləcək hər hansı yeni halın mövcudluğu müəyyən edilmir. 32.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 33.Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 34.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-490/2023 saylı 09 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Anar İbrahimov Günay Axundova