Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3272/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi maraqlı şəxs olmaqla, “daşınmaz əmlakın məhv olması faktının müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-3845/2025 nömrəli qərardadından ərizəçinin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ünvan 1 ünvanında "xxxx" QSC-nin adına ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlakın məhv olma faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, qeyd edilən ünvandakı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin ümumi sahəsi 185,10 kv.m-dir və Texniki Pasportu mövcuddur. Ona məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası ƏMDXY DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir, lakin müraciətinə imtina cavabı verilmiş, imtinanın səbəbi olaraq göstərilmişdir ki, guya "xxxx" QSC-yə məxsus torpaq sahəsi, ona məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, Azərbaycan Respublikası ƏMDXY DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilərək, istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. İşə məhkəmədə baxılarkən keçirilmiş ekspertiza rəyi ilə də müəyyən edilmişdir ki, ünvan 2 ünvanında "xxxx" QSC-yə məxsus tikili müəyyən edilmir. Həmçinin, Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)- 5814/2021 saylı mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 10/5527 saylı ekspert rəyi ilə də müəyyən edilmişdir ki, ünvan 4 ünvanmdakı fərdi yaşayış evinin faktiki olaraq sahəsi 185,1 kv.m olan ona məxsus fərdi yaşayış evi olduğu müəyyən edilir, eləcə də ona məxsus 185,1 kv.m fərdi yaşayış evinin 119,3 kv.m-i "xxxx" QSC tərəfindən istifadə edilir (zəbt edilmişdir). Qeyd olunanlardan da göründüyü kimi ünvan 5 ünvanında "xxxx" QSC-yə məxsus hər hansı bir daşınmaz əmlak mövcud deyil. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2(011)-3845/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Qərardaddan iddiaçı şilayət verərək, onun ləğv edilməsini və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, xüsusi icraat qaydasında MPMnin 305.1-ci maddəsində sadalanan işlərə baxılır ki, həmin icraatda baxılan işlərdən bir qrupu da hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi (MPM-nin 307-ci maddəsi) ilə bağlıdır. Lakin ərizəçi torpaq sahəsinin ona məxsus olması ilə bağlı tələb irəli sürsə də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini nəzərdə tutan MPM-nin 307-ci maddəsində belə bir faktın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin göstərmişdir ki, hər hansı daşınmaz əmlakla bağlı mülkiyyət hüququnun qeydə alınması, bundan imtina, yaxud əmlak məhv olduqda mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi səlahiyyəti maraqlı şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin, yaxud onun ərazi idarələrinin yerinə yetridiyi inzibati fəaliyyətlə əlaqədardır. İnzibati orqan isə yerinə yetirdiyi fəaliyyətlə inzibati aktlar qəbul edir. Qanun müəyyən edir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (“İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi”). Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Göründüyü kimi verilmiş ərizədə ərizəçinin tələbində göstərdiyi mübahisənin həlli də adıçəkilən inzibati orqanın fəaliyyəti ilə bağlıdır. Bu halda hazırkı iddia tələbinə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.4-cü bəndində göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olduğundan şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Kollegiya onu da qeyd edir ki, MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı, habelə belə ərizə buna hüququ olan şəxs tərəfindən verildiyi halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmя qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa, həmin işə xüsusi icraat qaydasında baxıla bilməz. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur. Hazırki işin hallarından isə aydın olur ki, Ərizəçi ilə "xxxx" QSC arasında daşınmaz əmlak (həm torpaq, həm də tikili) barəsində mübahisə mövcuddur və mübahisənin əsasını hər ikisinin də hüquqlarının eyni yerə qeydə alınması təşkil edir (ərizəyə əlavə olunmuş ekspert rəylərinə əsasən). Belə olan vəziyyətdə Ərizəçi ya inzibati orqanın hərəkətlərindən şikayətlə inzibati məhkəməyə, ya da "xxxx" QSC-nin tikilidən və torpaq sahəsindən çıxarılması barədə ümumi məhkəməyə müraciət edə bilər. "xxxx" QSC-nin adına ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlakın məhv olma faktının müəyyən edilməsinə gəldikdə isə, qeyd olunmalıdır ki, bunun da qanunda həlli qaydası nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 150.1-ci maddəsinin tələbinə görə, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2(011)-3272/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3272/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3272/2025
20.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver