Məhkəmə qərarları › İş №2(103)-3273/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3273/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3273/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, x2 və x1 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4122/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdehtərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1600 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 2(007)- 4122/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 1600 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçını 2012-ci ildə tanımışdır. 2013-cü ilin fevral ayında dəyəri eyni məbləğdə olan qızıl qoyaraq iddiaçıdan 1800 manat məbləğində pul vəsaiti almışdır. Razılaşmaları üzrə hər ay onun tərəfindən iddiaçıya 144 manat aylıq faiz pulu ödənilməklə yanaşı, pulun 800 manatını 2013-cü ilin dekabr ayında, yerdə qalan 1000 manatını isə 2014-cü ilin noyabr ayında “xxxxxxxxxxxx”dan aldığı kreditlə iddiaçıya ödəmiş və girov qoyduğu qızıllarını almışdır. Onun vasitəçiliyi ilə 2017-ci ilin ortalarında Bəhlul adlı qohumu İddiaçı faizə pul aldığından və həmin pulu geri qaytarmadığından iddiaçı dəfələrlə iş yerinə belə gələrək ona müxtəlif səpkili hədə-qorxular gəlmiş və sonda Bəhluldan pulunu ala bilmədiyinə görə ona qarşı bu cür haqsız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 1800 manatdan artıq ödəniş etmişdir. 1000 manatı kredit götürüb ödəmişdir. Krediti 2014-cü ildə götürmüşdür. Əlyazmanı iddiaçı yazmışdır. Ərizəni özü yazmışdır. Əlyazmanın əsli iddiaçıdadır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 448.1, 739.1 və 740-cı maddələrinə istinad edərək əsaslı olaraq belə qənaətə gəlmişdir ki, İddiaçı 2017-ci ildə Cavabdeh 1800 manat pul vermişdir. Həmin məbləğdə borc aldığını cavabdeh məhkəməyə təqdim etdiyi rəsmi ərizə ilə və məhkəmə iclasında verdiyi izahatla etiraf etmişdir. Məhkəmə hesab edir ki, 1800 manat borc aldığını etiraf etdiyi andan borcun qaytarılmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh borcu qaytardığını bildirsə də bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Hal-hazırda iddiaçı cavabdehdən 1600 manat pulun qaytarılmasını tələb edir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası cavabdehin ödədiyi pulun 1000 manatını “xxxxxxxxxxxx” ASCdən kredit götürərək ödəməsi ilə bağlı təqdim etdiyi 2014-cü il tarixli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə münasibətdə isə qeyd edir ki, həmin ödəniş cədvəlinə əsasən görünür ki, cavabdeh tərəfindən “xxxxxxxxxxxx” ASC-dən 5000 manat məbləğində kredit götürülməsi barədə müqavilə imzalanmış, lakin cavabdeh iddiaçıya həmin götürdüyü kredit vasitəsilə 1000 manat ödəniş etməsi barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 2(007)- 4122/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar