Məhkəmə qərarları › İş №2(103)-3273/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3273/2023

05.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3273/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh1 və “X3 Kompleksi” MTK-ya qarşı “mənzil hüququnun müdafiəsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayət geri qaytarılsın. Geriqaytarma onunla əsaslandırılıb ki, şikayət “Elektron məhkəmə” İnformasiya Sisteminə PDF formatda yerləşdirilib, Mülki-Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmiş tələblərə riayət edilmədən verilib, habelə imzalanmayıb. Şikayətdə tələb olunub ki, xx.xx.2023-cü il tarixli qərardad ləğv edilsin. Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 10-1.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. İddiaçının xx.xx.2023-cü il tarixli qərardaddan verdiyi şikayət göstərilən qaydada imzalanmayıb. Ona görə də həmin şikayət imzalanmamış şikayət hesab olunur. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışsa, o, geri qaytarılır. Eyni qayda qərardaddan verilmiş şikayətə də aiddir. Ona görə də birinci instansiya məhkəməsi həmin şikayətin geri qaytarılmasını qərara almaqla düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar