Məhkəmə qərarları › İş №2(103)-3274/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3274/2020

01.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3274/2020 01.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2(007)-184/2019 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 19911 manat əsas borc, 10715 manat faiz borcu, 16.12.2017-ci il tarixdən 13.05.2019-cu il tarixə illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 1403 manat faiz borcu, ümumilikdə 32029 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, kredit, ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 25 manat rüsum məbləğinin ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, ünvan 1 ünvanında yerləşən 101 nömrəli mənzilə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra ünvan 1 ünvanında yerləşən 101 nömrəli mənzildə yaşayan cavabdehlər - Cavabdeh1, Cavabdeh2 ipoteka predmetindən əşyaları ilə birlikdə 1 ay ərzində çıxarılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC-nin “Nizami” filialı ilə Cavabdeh1 arasında bağlanmış 16.12.2014-cü il tarixli, 1523 NZF nömrəli «Kredit müqaviləsi»nə əsasən, cavabdehə qeyri-yaşayış sahəsinin alınması üçün 36 ay müddətinə, illik 18 faiz hesablanmaqla 25000 manat məbləğində kredit verilmiş, həmin müqavilənin təminatı qismində, ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* nömrəli, **********28-05101- 093061 reyestr №-li, ********** qeydiyyat №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən 101 nömrəli mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə 16 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdehlər bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişlər. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və borc haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2(007)- 184/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 19911 manat məbləğində əsas borc, 1000 manat faiz borcu, ümumilikdə 20911 manat məbləğində kredit borcu, 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu, kredit, ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 25 manat rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın dəyəri 52000 manat olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin RX seriyalı, ******* nömrəli, **********28-05101-093061 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus, ünvan 3 ünvanda yerləşən 101 nömrəli mənzilə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaiti hesabına borc məbləğinin “xxxx” ASC-nin xeyrinə tutulması, ipoteka predmeti satıldıqdan bir ay sonra ünvan 4 ünvanında yerləşən 101 nömrəli mənzildə yaşayan Cavabdeh1 və Cavabdeh2 mənzildən əşyaları ilə birlikdə çıxarılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamənin qismən, faiz borcunun tam olaraq təmin edilməməsi və illik 5% faiz dərəcəsi ilə hesablanmış borcun rədd olunması hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmamış, faiz borcu əsassız olaraq 1000 manata kimi azaldılmış, iddia illik 5% dərəcəsi ilə əsas borca hesablanmış faiz borcu hissəsində isə ümumiyyətlə rədd edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların (nümayəndələrin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddiaçının “iddia tələbinin həcminin azaldılması barədə ərizəsi” nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, "İddiaçı" ASC ilə Cavabdeh1 arasında 16.12.2014-cü il tarixli 1523 NZF saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə Bank tərəfindən 36 ay müddətinə, illik 18 faiz hesablanmaqla 25000 manat məbləğində kredit verilmişdir. Bu borcun təminatı olaraq ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* nömrəli, **********28-05101-093061 reyestr №-li, ********** qeydiyyat №li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən 101 nömrəli mənzil 16.12.2014-cü il tarixli 1523 NZF saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. 16.07.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "İddiaçı" ASC-yə 19911 manat məbləğində əsas, 15455 manat məbləğində faiz, ümumilikdə 35366 manat borcu vardır. İş materiallarında olan 04.05.2016-cı il tarixli, 17.11.2015-ci il tarixli, 20.06.2016-cı il tarixli bildirişlərdən görünür ki, bank tərəfindən borclu banka olan borcunun ödənilməsi barədə xəbərdar olunmuşdur. 28.10.2016-cı il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin məzmunundan görünür ki, "İddiaçı" ASC tərəfindən borclu kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə borcluya, həm də ipoteka qoyana 28.10.2016-cı il tarixində qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmişdir. 13.05.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 "İddiaçı" ASC-yə ödənilməmiş 19911 manat məbləğində əsas, müqavilə müddətinin sonuna 10715 manat məbləğində faiz, müqavilə müddətinin sonundan 13.05.2019-cu il tarixə əsas borca görə illik 5% dərəcəsi ilə hesablanmış 1403 manat faiz borcu vardır. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspertin 03.04.2019-cu il tarixli 28629 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 "İddiaçı" ASC-yə 16.07.2018-ci il tarixə (maliyyə arayışında borc hesablanılan tarixə) 20065,34 manat əsas, 9059.50 manat faiz, ümumilikdə 29124.84 manat məbləğində borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. İddianın əsas borc məbləğinə aid hissəsində Kollegiya qeyd edir ki, iddia tələbindən göründüyü kimi iddiaçı 19911 manat məbləğində əsas borcun ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyi ilə isə əsas borcun məbləği 20065,34 manat müəyyən edilmişdir. Belə olan halda Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasənhakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddənin tələblərindən göründüyü kimi işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılır, odur ki, ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdən yüksək olduğu üçün Kollegiya hesab edir ki, iddia tələbi əsas borca aid hissədə iddia tələbi həcmində təmin edilməli və əsas borca görə cavabdehdən tutulmalı olan məbləğ 19911 manat müəyyən edilməlidir. İddia tələbinin faiz borcuna aid hissəsi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. 13.05.2019-cu il tarixli maliyyə arayışına əsasən iddiaçı müqavilə müddətinin sonuna olan 10715 manat məbləğində faiz borcunu tələb edir. Kollegiya qeyd edir ki, iddia tələbi faiz borcuna aid hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16.12.2014-16.07.2018-ci il tarixləri əhatə edən hesabdan çıxarışdan müəyyən edilir ki, borc alan Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş 13.01.2016-ci il tarixdə edilmişdir. Əsas borc məbləği olan 19911 manat məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 9.9555 manat (19911x18%/360=9.9555), həmin faizlərin hesablanmalı olduğu müddət isə 703 gün, yəni sonuncu ödənişin edildiyi 13.01.2016-ci il tarixdən müqavilə müddətinin bitdiyi 16.12.2017-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 6998,71 manat (9.9555x703) təşkil edir. Beləliklə, Kollegiya qeyd edir ki, iddia tələbi faiz borcuna aid hissədə qismən təmin edilməklə, Cavabdeh1 müqavilə müddətinin sonuna tutulmalı olan faiz borcu 6998,71 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin əsas borca illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu hissəsində Kollegiya qeyd edir ki, iddiaçının tələbi haqlıdır və bu hissədə faiz borcu düzgün hesablanmışdır, ona görə də həmin hissədə tələb təmin edilməlidir. Belə ki, Kollegiya qeyd edir ki, müqavilə müddəti bitdiyi vaxtdan sonrakı dövr üçün faiz borcu illik 5 faizlə hesablanmalıdır. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan normanın məzmunundan müəyyən edildiyi kimi, əgər kreditor daha böyük məbləğ tələb edə bilmirsə, borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Hazırki iş üzrə isə borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirilmişdir. Əsas qalıq borcunun müqavilə müddəti bitdikdən sonrakı dövr üçün gündəlik faizlərin 2.7654 manat (19911x5%/360), həmin faizlərin hesablanmalı olduğu müddət isə 507 gün, yəni müqavilə müddəti bitdiyi gündən (16.12.2017) maliyyə arayışının təqdim edildiyi günədək (13.05.2019) olduğu müəyyən edilir ki, bu da 1403 manat təşkil edir (2.7654x507). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, borcludan tələbkarın xeyrinə ödənilməli olan ümumi borcun məbləği 28312,71 manat (19911 manat əsas borc, müqavilə müddətinin sonuna 6998,71 manat, müqavilə müddəti bitdiyi vaxtdan 13.05.2019-cu il tarixə isə 1403 manat) müəyyən olunmalıdır. Göründüyü kimi, tutma yönəldilmiş mübahisəli əmlak kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti olan əmlaka dair ipoteka saxlayan ASC-nin tutmanın yönəldilməsi haqqında bildirişi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (maddə 319.1). Həmin məcəllənin 319.1.6-cı maddəsinə görə, İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakın bazar qiymətinin müəyyən edilməsi üçün təyin edilmiş müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən verilmiş 04.10.2019-cu il tarixli 0616/19/ATAB nömrəli mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, mənzilin bazar qiymətinin 52000 manat təşkil etdiyi müəyyən edilmişdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olarsa - ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Kollegiya sadalanan normalara əsaslanaraq, iddia tələbi “Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, ünvan 1 ünvanında yerləşən 101 nömrəli mənzilə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra mənzildə yaşayan cavabdehlərin ipoteka predmetindən əşyaları ilə birlikdə 1 ay ərzində çıxarılması” hissəsində qanunidir və bu hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbinin əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması hissəsi ilə bağlı Kollegiya qeyd edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, bu məsələ qətnamənin icrası prosesində həll edilməli olan məsələdir. Beləliklə Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-184/2019 saylı iş üzrə 27 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 19911 manat məbləğində əsas borc, müqavilə müddəti üçün 6998,71 manat faiz borcu, müqavilə müddətindən sonrakı dövr üçün illik 5 faiz dərəcəsi ilə hesablanan 1403 manat faiz borcu, ümumilikdə 28312,71 manat məbləğində kredit borcu, 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu, kredit, ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 25 manat rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma dəyəri 52000 manat olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin RX seriyalı, ******* nömrəli, **********28-05101-093061 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus ünvan 3 ünvanda yerləşən 101 nömrəli mənzilə yönəldilsin. Həmin ipoteka predmeti açıq hərracdan satılsın, satışdan əldə edilən pul vəsaiti hesabına borc məbləği “xxxx” ASC-nin xeyrinə tutulsun. Tutma yönəldikdən və mənzil satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar