Məhkəmə qərarları › İş №2(103)-3275/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3275/2024

14.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3275/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-99/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı cavabdehlər Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoru, Cavabdeh2, X2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Axundov küçəsi, 14 saylı fərdi yaşayış evinin və İsmayıllı rayonu, Ərəgit kəndində üzərində yaşayış evi olan 0.11 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Axundov küçəsi, 14 saylı fərdi yaşayış evinin və İsmayıllı rayonu, Ərəgit kəndində üzərində yaşayış evi olan 0.11 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin miras əmlaka ½ hissədə pay hüququnun tanınmasını xahiş etmişdir.

3. Suraxanı Rayon Məhkəməsinin 2(010)-99/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı (hakim Tural Məmmədov) ilə mülki işin icraatına xitam verilmişdir.

4. Həmin qərardaddan iddiaçının verdiyi şikayət Məhkəmənin eyni saylı, xx.xx.2024-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş materialları işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

7. Belə ki, iş üzrə icraata xitam verən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında miras əmlakla bağlı mübahisə var və iddiaçının tələbinin əsasını miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi təşkil edir.

8. MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi, iddia tələbini xüsusi icraat qaydasında müəyyən edilməli olan fakt təşkil edir. Halbuki, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi fakta xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün, həmin fakt iddia icraatı çərçivəsində baxılan işdə işin müəyyən edilməli halı qismində çıxış edə bilər.

9. Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsinin mövqeyi ziddiyyətli olmuşdur.

10. Belə ki, rayon məhkəməsi bir tərəfdən qeyd edir ki, iddia tələbini xüsusi icraat qaydasında müəyyən edilməli olan fakt təşkil edir. Halbuki, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi fakta xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün, həmin fakt iddia icraatı çərçivəsində baxılan işdə işin müəyyən edilməli halı qismində çıxış edə bilər.

11. Hazırkı işdə hüquq barədə mübahisə olduğunu qeyd edən rayon məhkəməsi əvvəl həmin işə xüsusi icraat qaydasında baxılmasının istisna edildiyini qeyd edir, daha sonra isə işə xüsusi icraat qaydasında baxılmalı olması qənaətinə gəlir.

12. MPM-in 306.4-cü maddəsinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.

13. Bundan başqa, mülki iş materiallarından görünür ki, iddiaçı iddia tələblərinə dəqiqləşmə barədə verdiyi ərizədə xx.xx.1996-cı il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Axundov küçəsi, 14 saylı fərdi yaşayış evinin və İsmayıllı rayonu, Ərəgit kəndində üzərində yaşayış evi olan 0.11 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsindən əlavə həm də onun həmin miras əmlaka ½ hissədə pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yəni tələb yalnız hüquqi əhəmiyyətli faktın müəyyən edilməsindən ibarət olmayıb, həm də miras əmlaka ½ hissədə pay hüququnun tanınması barədə tələbdən ibarətdir ki, bu tələbə də məhz iddia icraatı qaydasında baxılmalıdır.

14. Göründüyü kimi, hazırkı işə iddia icraatı qaydasında baxılmalı olduğundan, rayon məhkəməsinin xüsusi icraat qaydasında baxılmalı olması əsası ilə iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə prosessual hüquq normalarının tələblərinə uyğun olmamışdır.

15. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

17. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

18. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-99/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunsun və birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar