Məhkəmə qərarları › İş №2(103)-3276/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3276/2021

23.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3276/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-474/2020 saylı, 16 noyabr 2020ci il tarixli qətnaməsindən cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Birinci iş üzrə: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı "bağ sahəsindən çıxarılması, tikilinin sökülməsi, tikinti materiallarının təhvil verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşağı – 28 yanvar 2004-cü il təvəllüdlü X6 ilə birlikdə idiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən 0,0221 ha sahədən ibarət 52A saylı torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş tikilidən çıxarılması, həmin torpaq sahəsi üzərində tikilmiş tikilinin sökülməsi və tikinti materiallarının ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iş üzrə: Cavabdeh – İddiaçı, X7 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı "çıxarışların ləğv edilməsi, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi”nə dair iddia tələbi ilə müraciət edərək Əmlak Məsələləri Dövlət Komitəsiyanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən X3 ünvan 1 ünvanında yerləşən 0.08562 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair qeydiyyatın və bu barədə verilmiş 05.10.2016-cı il tarixli Hüquqların X5 daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilərək ləğv olunması, ünvan 2 ünvanında yerləşən 0.0221 ha torpaq sahəsinə dair X7 ilə İddiaçı arasında 5 saylı Bakı ASAN xidmət mərkəzində bağlanmış 24.02.2018-ci il tarixli, 4Ə-322 reyestr nömrəli Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı verilmiş 09.04.2018-ci il tarixli Hüquqların X5 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Suraxanı Rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli qərardadı ilə mülki işlər baxılması üçün bir icraata birləşdirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-474/2020 saylı, 16 noyabr 2020ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddia qismən təmin edilərək Cavabdeh 28 yanvar 2004-cü il təvəllüdlü X6 ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən 0,0221 ha sahədən ibarət 52A saylı torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş tikilidən çıxarılması və həmin torpaq sahəsi üzərində tikilmiş tikili sökülməsi qərara alınmış, iddia qalan hissədə təmin olunmamış, Cavabdehlər İddiaçı, X7 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən X3 ünvan 1 ünvünında yerləşən 0.08562 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair qeydiyyatın və bu barədə verilmiş 05.10.2016-cı il tarixli Hüquqların X5 daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilərək ləğv olunması, ünvan 2 ünvanında yerləşən 0.0221 ha torpaq sahəsinə dair X7 ilə İddiaçı arasında 5 saylı Bakı ASAN xidmət mərkəzində bağlanmış 24.02.2018-ci il tarixli, 4Ə-322 reyestr nömrəli Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı verilmiş 09.04.2018-ci il tarixli Hüquqların X5 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə iddia tələbləri təmin edilməmişdir . İddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən 0,0221 ha sahədən ibarət 52K ünvanında yerləşən özbaşına tikilidə 2002-ci il tarixdən etibarən E.Quliyevlə rəsmi nikaha daxil olduqdan sonra yaşamağa başlamışlar. Daha sonra 2005-ci il tarixində ailə münasibətləri pozulduğundan E.Quliyev həmin evi tərk etmiş, ev onun özünün faktiki sahibliyində olmuş, tərəflərin nikahı Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, ayrıldıqdan sonra E.Quliuevin həmin evə dair hər hansı iddiası olmamış, ondan sonra həmin evin bütün xərclərini cavabdeh özü ödəmiş, evi sənədləşdirməyə cəhd göstərsə də, mümkün olmamışdır. Bundan başqa, X8 Cavabdeh qarşı 2014-cü ildə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək onun ünvan 4 ünvanında yerləşən 0,025 ha sahəsi və həmin sahədə yerləşən 4 otaqlı mənzildən çıxarılması ilə bağlı iddia ilə müraciət etmiş, Məhkəmənin 19 may 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra R.Quliyev eyniməzmunlu tələblə yenidən Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 26 noyabr 2014-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmiş, iddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2015-ci il tarixli qətnaməsi ilə təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Ali Məhkəmənin 09 iyul 2015-ci il tarixli qərarına əsasən Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da qeyd olunan ünvanda yerləşən özbaşına tikilinin onun sahibliyində olması faktı öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi isə sadalanan hallar nəzərə alınmadan və araşdırılmadan hazırkı iş üzrə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilərək İddiaçı iddiasının rədd edilməsi və onun (Cavabdeh) iddiasının təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərin uyğun izahat verdi və qeyd etdi ki, onun iddiası üzrə cavabdeh olan R.Quliyev 2014-2015-ci illərdə “mənzil və torpaq sahəsindən çıxarılma” tələbi ilə məhkəməyə müraciət etmiş, onun tələbi təmin olunmamış, məhkəmə araşdırmaları zamanı mübahisəli torpaq sahəsinin iddiaçıya hər hansı aidiyyətinin olmadığı, onun həmin torpaq sahəsində yerləşən özbaşına tikiliyə faktiki sahiblik etməsi öz təsdiqini tapmışdır. O, eləcə də göstərdi ki, həmin evdə köklü təmir-bərpa, o cümlədən artırma işləri də həyata keçirmişdir. Hazırda, İddiaçı əmisi R.Quliyevin adından eyniməzmunlu iddia qaldıraraq bütün vasitələrlə onun illərlə övladı ilə yaşadığı, təsərrüfat apardığı evdən çıxarılmasını təmin etmək istəyir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, hazırkı iş üzrə cavabdeh olan R.Quliyev 2014-2015-ci illərdə “mənzil və torpaq sahəsindən çıxarılma” tələbi ilə məhkəməyə müraciət etmiş, onun tələbi təmin olunmamış, bundan sonra R.Quliyev iddianın keçərliliyini təmin etmək üçün bağışlama müqaviləsi əsasında özünə məxsus 0.08562 ha torpaq sahəsindən 0.0221 ha İddiaçı bağışlayaraq İddiaçı tərəfindən yeni (əl dəyişdirərək) iddia qaldırılmasına nail olmaq istəmişdir. Belə ki, əvvəlki məhkəmə iclaslarında iddiaçı R.Quliyevin nümayəndəsi qismində hazırkı iş üzrə iddiaçı olan İddiaçı çıxış edirdi, beləliklə, onun 24.02.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən ona verilən torpaq sahəsinin yüklü olmasından – cavabdehin həmin sahədə yerləşən özbaşına tikilidə yaşamasından xəbərdar olmuş, hazırkı iddia tələbini də məhz bu səbəbdən əl dəyişdirməklə vermiş, bununla da mümkün olan hər yolla Cavabdeh 20 il ərzində yaşadığı, onun istifadəsinə olan evdən çıxarılmasına nail olmaq istəyirlər. R. Alışov eyni zamanda göstərdi ki, Suraxanı Rayon İcra Hakimiyyətinin 6 nömrəli 05.01.1994-cü il tarixli sərəncama əsasən Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi 52 ünvanında 0.08562 ha torpaq sahəsinin üzərində yerləşən yaşayış evinin R.Quliyevin adına qeydiyyata alınmasına baxmayaraq ƏMDK DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz olaraq 0.08562 ha torpaq sahəsi R.Quliyevin adına qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq cavabdehin mübahisəli torpaq sahəsində yerləşən tikilidə yaşamasının onun mülkiyyət hüquqlarına xələl gətirdiyini bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********73 №-li 06 mart 2020-ci il tarixli arayışından və həmin arayışa əlavə olunan 14 vərəqdən ibarət qoşma sənədlərin təsdiq olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 52 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.08562 ha torpaq sahəsi Suraxanı Rayon İcra Hakimiyyətinin 6 nömrəli 05.01.1994-cü il tarixli sərəncam, X2 razılıq ərizəsi və 1993-cü il tarixdə tərtib edilmiş texniki pasport əsasında X4 adına qeydə alınmışdır. Daha sonra 5 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən 4Ə-322 reyestr nömrəli 24.02.2018-ci il tarixli bağışlama müqaviləsinə və həmin notariusu tərəfindən təsdiqlənmiş bölgü sxeminə əsasən R.Ə.Quliyev özünə məxsus 0.08562 ha torpaq sahəsindən 0.0221 ha İddiaçı bağışlamış və qalan hissəyə dair 09.04.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi, 52 A saylı 0,0224 ha ibarət sahə tam mülkiyyət hüququ üzrə 09.04.2018-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə dövlət reyestrində ********* nömrə ilə qeydiyyat aparılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1427/2014 saylı, 19 may 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdeh X1 qarşı “mənzil və torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4973/2014 saylı, 15 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı R.Quliyev tərəfindən verilən apellyasiya şikayəti təmin edilmədən, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5842/2014 saylı, 26 noyabr 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı X4 cavabdeh X1 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1442/2015 saylı, 03 mart 2015-ci il tarixli qətnaməsi ilə rayon məhkəməsinin 26 noyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2985/2015 saylı, 09 iyul 2015-ci il tarixli qərarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin 03 mart 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə İddiaçı Cavabdeh qarşı "bağ sahəsindən çıxarılması, tikilinin sökülməsi, tikinti materialların təhvil verilməsi”nə dair iddia tələbi ilə bağlı hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı iddia tələbi təmin edilməməli, Cavabdeh iddia tələbinin “bağışlama müqaviləsinin etibarsızlığı”na dair hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3276/2021 saylı, 23 iyun 2021-ci il tarixli qərardadı ilə rayon məhkəməsinin qətnaməsi Cavabdeh iddia tələbinin “çıxarışların ləğv edilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.) Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kollegiya bununla bağlı qeyd edir ki, Cavabdeh 2002-ci ildən bəri övladı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən 0,0221 ha sahəsində yerləşən tikilidə yaşaması, həmin evdə artırma ilə bağlı təmir işləri həyata keçirməsi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə öz təsdiqini tapmış və bu faktlar İddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə ki, o, məhkəmə kollegiyasının iclasında sadalanan halları (Cavabdeh 2002-ci ildən bəri övladı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən 0,0221 ha sahəsində yerləşən tikilidə yaşaması, həmin evdə artırma ilə bağlı təmir işləri həyata keçirməsini) izahatında təsdiq etmişdir. Bundan əlavə, iddiaçı Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi, 52 A saylı 0,0224 ha ibarət sahədə özbaşına tikilinin mövcud olmasını, cavabdehin azyaşlı övladı ilə həmin tikilidə yaşamasını və oradan istifadə etməsini (sahənin yüklü olmasını) bilmiş və 24.02.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən torpaq sahəsini əmisi R.Quliyevdən məhz həmin qaydada qəbul etmişdir. Belə olan halda kollegiya qeyd edir ki, iddiaçı cavabdehin həmin ərazidən çıxarılmasını yalnız müvafiq kompensasiya ödəməklə tələb edə bilər. Hazırkı halda isə iddiaçının tələbi yalnız cavabdehin qeyd-şərtsiz torpaq sahəsindən çıxarılması ilə bağlı olduğundan iddia həmin hissədə təmin edilə bilməz. Kollegiya iddiaçının “tikilinin sökülməsi, tikinti materiallarının təhvil verilməsi” tələbi ilə bağlı göstərir ki, həmin tələb əsas, ilkin tələbdən asılı olan (törəmə) tələb olduğundan və əsas tələb də təmin edilə bilmədiyindən, iddiaçının qeyd edilən tələbi də əsassızdır və təmin edilə bilməz. Əlavə olaraq, kollegiya cavabdehin apellyasiya şikayətinin digər dəlili – “bağışlama müqaviləsinin etibarsızlığı”na dair iddiasının təmin olunması ilə bağlı qeyd edir ki, 5 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən 4Ə-322 reyestr nömrəli 24.02.2018-ci il tarixli bağışlama müqaviləsinə və həmin notariusu tərəfindən təsdiqlənmiş bölgü sxeminə əsasən R.Ə.Quliyev özünə məxsus 0.08562 ha torpaq sahəsindən 0.0221 ha İddiaçı bağışlamış və qalan hissəyə dair 09.04.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış almışdır, beləliklə R.Quliyev ilə İddiaçı arasında bağlanan bağışlama müqaviləsi tərəflərin iradəsi əsasında qanuni şəkildə bağlanmışdır və onun etibarsız hesab olunması üçün hər hansı əsas mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması səhv təfsir olunduğundan, həmçinin iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də prosessual hüquq nomaları pozulduğundan cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə İddiaçı Cavabdeh qarşı "bağ sahəsindən çıxarılması, tikilinin sökülməsi, tikinti materialların təhvil verilməsi”nə dair iddia tələbi ilə bağlı hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı iddia tələbi təmin edilməməli, Cavabdeh iddia tələbinin “bağışlama müqaviləsinin etibarsızlığı”na dair hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti verən cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-474/2020 saylı, 16 noyabr 2020ci il tarixli qətnaməsi İddiaçı Cavabdeh qarşı "bağ sahəsindən çıxarılması, tikilinin sökülməsi, tikinti materialların təhvil verilməsi”nə dair iddia tələbi ilə bağlı hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, İddiaçı iddiası təmin edilməsin. Cavabdeh iddia tələbinin “bağışlama müqaviləsinin etibarsızlığı”na dair hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar