Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3278/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi və öhdəliyin qoyulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı “maddi ziyanın ödənilməsi və öhdəliyin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-548/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı 30 mart 2010-cu ildə Cavabdeh İB-də əmək fəaliyyətinə başlamışdır. İşəgötürənin 02 noyabr 2020- ci il tarixli əmri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funskiyasını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən azad edilmişdir.
2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilmiş məlumatdan görünür ki, iddiaçıya 10 iyun 2020-ci il tarixdə İİ qrup əlillik təyin edilmişdir (diaqnoz: Kəllədaxili travmaların nəticələri, QKBT Baş beynin sağ yarımkürəsinin alın payının əzilməsi. Sağ mil bilək oynağının sınıqçıxığı. Sağ mil və dirsək sümüklərinin bitişmiş sınıqları. Oynaqların kontrakturası, Sağ diz və mil bilək oynağının postravmatik kontrakturası. Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, İV dərəcəli karlıq. Eşitmə sinirinin travması, Sol tərəfli postravmatik koxlear nevrit. Postravmatik ensefalopatiya. Ağ ciyərin digər travmaları, Ağ ciyərlərin sıxılması. Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyü cisminin bitişmiş sınığı. Sağ bud sümüyü cisminin bitişmiş sınığı. Birinci boyun fəqərəsinin köhnə bitişmiş sınığı. Sağ bud sümüyünün intramedulyar osteosintez və skafoid osteosintezi əməliyyatlarından sonrakı vəziyyət. Sağ orbitanın yuxarı divarının və alın cibinin alt divarının bitişmiş sınığı. OU- Miopiya. Vis OD=0.VİS OS=1.0 Digər ensefalit, mielit va ensefalomielit, Postravmatik stress, asteno-depressiv təzahürlər, vegetativ disfunksiya). Əlillik səbəbi olaraq istehsalat zədəsi, əmək qabiliyyətinin isə 70% itirildiyi qeyd edilmişdir.
3. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ tərəfindən verilmiş ambulator xəstənin tibb vərəqindən görünür ki, iddiaçıya nevrozabənzər sindrom diaqnozu qoyulmuş, xəstəyə psixiatr nəzarəti məsləhət görülmüşdür.
4. İddiaçı cavabdeh birliyə qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2023cü il tarixli 2(011)-2223/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, mənəvi zərərə görə 25.000 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5505/2023 saylı 24 oktyabr 2023cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı "iş yeri ilə təmin edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5185/2024 saylı 22 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçının istehsalatda almış olduğu xəsarətlər nəzərə alınmaqla səhhətinə uyğun "Azəriqaz” İstehsalat Birliyində iş yeri ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən əlavə xərclərin ödənilməsi üçün 30.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "Azəriqaz” İstehsalat Birliyində 3-cü dərəcəli nəzarətçi, 3-cü dərəcəli çilingər, qəza bərpa işləri üzrə 5-ci dərəcəli çilingər, qəza dispeçeri xidmətinin 10-cu dərəcəli ustası, qəza-bərpa işləri üzrə 6-cı dərəcəli çilingər, sayğacların müayinəsi laboratoriyasında nəzarət-ölçü cihazları və avtomatika üzrə 6-cı dərəcəli çilingər vəzifələrində çalışmışdır. 26 iyun 2018-ci il tarixdə gecə saatlarında vəzifəsini icra etdiyi zaman abonentin yaşayış evinin qaz sızmasını aradan qaldırarkən yıxılmışdır. Nəticədə çox ciddi və çoxsaylı kəllə beyin və bədən xəsarətləri almış və ona İİ qrup əlillik təyin olunmuşdur. 2019-cu il tarixdən səhhətilə bağlı "Azəriqaz” X1 Departamentinin sayğacların müayinəsi laboratoriyasına keçirilmişdir. Səhhətilə əlaqədar olaraq, mütəmadi müalicə və müayinə olunmağına zərurət olmuşdur. İşəgötürən xəstəlik vərəqəsinin mövcud olmasına baxmayaraq onu xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "C” bəndi ilə əmək funksiyalarını yerinə yetirmədiyinə görə işdən azad etmişdir. İdidaçı şikayətlə əmək müfəttişliyi xidmətinə müraciət etmiş, həmin qurumun araşdırması vaxt aparmışdır, daha sonra iddiaçı məhkəmədə cavabdehə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi ilə iddia qaldırmışdır. Birinci və apellyasiya instansiya məhkəmələri iddiaçının xeyrinə (işə bərpa edilməyinə dair) qətnamə qəbul etmişdir. Lakin Ali Məhkəmə instansiyası iddia müddətinin ötürülməsinə görə əvvəlki instansiyalarda iddiaçının xeyrinə qəbul edilmiş qərarları ləğv etmişdir. Hesab edir ki, Ali Məhkəmə iddiaçının əleyhinə qərar qəbul edərkən, misli görülməmiş ədalətsizliyə yol vermişdir. Belə ki, iddiaçının himayəsində 3 azyaşlı uşaqları var. Özü daimi həkim nəzarətində olmaqla, çətinliklə çəlik vasitəsi ilə hərəkət edir və daimi bahalı dərman preparatları qəbul edir. İstehsalatda baş vermiş hadisə nəticəsində iddiaçı əmək qabiliyyətinin 70 faizini itirmişdir. Maddi durumu olduqca kritik vəziyyətdədir. Ona görə də qərara gəlmişdir ki, məcburi iş buraxmağa görə 4 illik kompensasiya tələbi ilə məhkəməyə müraciət etsin.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-548/2025 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X3)
9. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, Qanunvericiliyin tələblərinə əsasən iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində xərc çəkmişsə, onun əvəzini cavabdehdən tələb etmək kimi hüququ var. Lakin əlavə xərclərin nədə ehtiva olunması, çəkilmiş məsrəflərin hansı miqdarda və nəyə sərf olunması hazırkı iş üzrə əlavə xərc olaraq səhhətinin bərpasına çəkilən xərclərin olmasına istinad olunsa da iddia ərizəsində bu xərclərin konkret olaraq nədən ibarət olması, hansı tibbi prosedur üçün hansı məbləğin tələb edilməsi əsaslandırılmamışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096cı, 1118-ci, 1119-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-cı, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətinin məzmununu iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmadı. ç) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1119.1–ci maddəsinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 -ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. İddiaçı tərəfindən qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
23. İşin faktiki hallarına əsasən iddiaçı hazırkı iddia ilə cavabdehin təqsiri nəticəsində onun səhhətinə ziyan vurulmasını və nəticədə səhhətinin pisləşdiyini qeyd etmişdir. İddiaçı cavabdeh birliyə qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(011)-2223/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, mənəvi zərərə görə 25.000 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5505/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi iddiasının əsası kimi onu göstərmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının ailəsi dağılmış, onun himayəsində 3 övladı qalmışdır. Həmçinin, iddiaçının İİ qrup əlil olmasını və davamlı olaraq müalicəyə ehtiyacı olmasını göstərmiş, istinad olunan halların isə iddiaçının əlavə xərclər çəkməsi ilə nəticələndiyini bildirmişdir.
24. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində xərc çəkmişsə, onun əvəzini cavabdehdən tələb etmək kimi hüququ var. Lakin əlavə xərclərin nədə ehtiva olunması, çəkilmiş məsrəflərin hansı miqdarda və nəyə sərf olunması hazırkı iş üzrə əlavə xərc olaraq səhhətinin bərpasına çəkilən xərclərin olmasına istinad olunsa da iddia ərizəsində bu xərclərin konkret olaraq nədən ibarət olması, hansı tibbi prosedur üçün hansı məbləğin tələb edilməsi əsaslandırılmamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi hazırda iddiaçının həmin müəssisədən hər ay müavinət alır.
25. Qanunvericiliyin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
26. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-548/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.