Məhkəmə qərarları › İş №2(103)-3281/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3281/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3281/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh2 ASC-nin ləğvedicisinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər 53 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh3, Cavabdeh1 MTK və Cavabdeh2 ASC-yə qarşı “ilkin bazardan alğı-satqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməklə yenidən tərtib edilməsi, artıq ödənilmiş məbləğin kredit borcundan və mənzilin əsas borcundan silinməsi, kredit müqaviləsi etibarsız hesab edilməklə yeni kredit müqaviləsinin və ödəniş cədvəlinin tərtib edilməsi tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-124/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı və cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011-20/İ saylı “İlkin bazardan mənzilin alqı-satqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 MTK satıcı olaraq ümumi sahəsi 108,7 kv.m olan mənzili 128266 manata alıcı olaraq iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə həmin mənzilin 25666 manat məbəğində olan hissəsini özü tərəfindən, 102600 manat məbləğində olan hissəsini isə iddiaçı ilə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçının əvəzi olaraq bank tərəfindən ödənilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən mənzil 3 otaqdan ibarət olmaqla, mənzilin ümumi sahəsi 108,7 kvadratmetr göstərilmişdir. Hazırda iddiaçı bildirir ki, cavabdeh müqavilənin şərtlərini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzil təhvil verilmişdir. Bununla da ona əhəmiyyətli dərəcədə ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52, M 19, m 3 saylı 108,7 kv.m hesab edilən mənzilə görə iddiaçı ilə cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 011-20/İ saylı “ilkin bazardan alğı-satqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsinin fərqin olduğu 16,1 kv.m sahəyə münasibətdə qismən etibarsız hesab edilməsi və müqavilənin şərtləri mövcud olmuş ümumi sahəyə uyğun tərtib edilməklə müqavilənin 1.2.2-ci bəndində “ümumi sahə (kv.m-lə): 92.60”, müqavilənin 1.2.3-cü bəndində “yaşayış sahəsi (kv.m-lə): 56.3”, müqavilənin 1.4-cü bəndində “mənzilin satış qiyməti 109268 manat” (128266/108,70 x 92,6 = 109 268) qeyd edilməklə yenidən tərtib edilməsi; Mənzil üçün xx.xx.2020-ci il tarixdə bağlanmış 011-20/İ saylı “ilkin bazardan alğı-satqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsində artıq qeyd edilmiş sahəyə görə cavabdeh "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin tutularaq ona ayrılmış ipoteka kreditinin əsas borcuna yönəldilməsi və həmin pul vəsaitinin əsas kredit borcundan çıxılması; iddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011-20/İ saylı kredit müqaviləsinin etibarsız hesab edilməklə yeni kredit müqaviləsinin və ödəniş cədvəlinin tərtib edilməsi; İlkin ödəniş kimi iddiaçı tərəfindən ödənilmiş 25666 manat pulun ipoteka predmeti olan mənzilin faktiki mövcud olan sahəsinə (92,6 kv.m) uyğun olaraq hesablanması və mənzilin əsas borcundan çıxılması; xx.xx.2020ci il tarixdən etibarən müqavilə üzrə iddiaçı tərəfindən aylıq artıq ödənilmiş pul vəsaitlərinin əsas borc məbləğindən çıxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011-20/İ saylı “İlkin bazardan mənzilin alğı-satqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 MTK satıcı olaraq ümumi sahəsi 108,7 kv.m olan mənzili 128266 manata alıcı olaraq iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə həmin mənzilin 25666 manat məbəğində olan hissəsini özü tərəfindən, 102600 manat məbləğində olan hissəsini isə iddiaçı ilə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçının əvəzi olaraq bank tərəfindən ödənilməsi barədə razılığa gəlmişlər. Lakin iddiaçı tərəfindən mənzilin çıxarışı alınarkən onun MTK tərəfindən aldadıldığı və müqavilədə göstərilən sahədən az ölçüdə mənzilin ona verildiyi müəyyən edilmişdir. Belə ki, çıxarışa əsasən mənzilin ümumi sahəsi 92,6 kv.m təşkil edir. Odur ki, mənzilin sahəsi və dəyərinə dair hissələrdə üçtərəfli müqavilə etibarsız hesab edilməlidir. Bundan əlavə iddiaçı cavabdeh bankdan mənzilin üçtərəfəli müqavilədə göstərilmiş sahəsinə uyğun olaraq kredit götürdüyündən həmin kredit müqaviləsi də artıq göstərilmiş sahəyə uyğun hesablanmış kreditə aid hissədə də etibarsız hesab edilməlidir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin e-2(004)-124/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilmiş, 50 (əlli) manat məbləğində məhkəmə ekspertizasının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ekspert rəyinə əsasən mənzilin faktiki ümumi sahəsi ilə müqavilədə (cavabdeh tərəfindən öhdəlik üzrə təhvil verilməli sahə) göstərilən sahə arasında fərqin yaranma səbəbi mənzilin sahəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04” dekabr 2012-cİ il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarıına əsasən hesablandıqda arakəsmə divarlarının altındakı sahənin nəzərə alınmamasıdır. Məhkəmə qeyd etmişdir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Məhkəmə tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini ekspert rəyi ilə müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilər. Belə ki, cavabdeh MTK-nın iddiaçı qarşısında götürdüyü öhdəliyə lazımi qaydada əməl edərək, ona 108,7 m2 ölçülü mənzil verdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442-ci maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 76.1, 76.2, 77.1, 88, 103.1, 217.3 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Yəni məhkəmə özü qətnamədə hesablamaların divarların çöl tərəfindən aparılmasını və divarların altındakı sahələrin nəzərə alınmasını sifarişçinin daha doğrusu iddiaçının mənafeyinə zidd olduğunu müəyyən etmişdir. Bu isə elə iddiaçının aldadılmasını və müqavilənin qismən etibarsız hesab edilməsini sübut edir. Lakin bununla belə məhkəmə iddia tələbini əsassız olaraq rədd etmişdir. Bundan başqa məhkəmə cavabdeh MTK-nı podratçı adlandırmış və bir növ müqaviləyə podrat müqavilə kimi hüquqi qiymət vermişdir. Bu halı isə əsaslandırılmamışdır. Podrat müqaviləsi o halda hesab oluna bilərdi ki, tərəfindən podratçıya müqavilədə nəzərdə tutulan iş sifariş olunsun və həmin sifarişi podratçı tərəfindən öz öhdəsinə götürsün, iddiaçı isə qarşılığında sifarişçi kimi podratçıya razılaşdırılmış muzd ödəməyi həyata keçirsin. Halbuki cavabdeh MTK ilə aralarında həmin xarakterli müqavilə bağlanılmamış, tam olaraq tikilmiş və istifadəyə verilmiş binada mənzilin alqı-satqısı və eyni zamanda ipotekası həyata keçirilmişdir. Mənzil və mənzilin daxilində yerləşən arakəsmələr bölünərkən onunla cavabdeh arasında hər hansı bir razılaşdırılma olmamış bu barədə müqavilə bağlanılmamışdır. İddiaçı ilə Cavabdeh2 ASC və Cavabdeh1 MTK arasında üçtərəfli 12 mart 2020-ci il tarixində 011-20/İ nömrəli “İlkin bazardan alqı-satqı və ipoteka” müqaviləsi bağlanılmış, mənzilin dəyərinin 25.666 (iyirmi beş min altı yüz altmış altı) manat məbləğində hissəsi tərəfindən, qalan 102.600 (bir yüz iki min altı yüz) manat məbləğində hissəsi isə Cavabdeh2 ASC tərəfindən (Kreditoripoteka saxlayan) ilə aralarında bağlanmış 11 mart 2020-ci il tarixli 011-20/İ nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 ASC (Kreditor-ipoteka saxlayan) tərəfindən ona ayrılmış 300 ay müddətinə illik 7 faiz olmaqla kredit hesabına tam şəkildə ödənilmişdir. Bundan başqa məhkəmə qanunvericilikdə nəzərdə tutulan və cavabdehlərlə bağladığı xx.xx.2020-ci il tarixli “İlkin bazardan alqı-satqı və ipoteka” müqaviləsində də göstərilmiş “ümumi sahə” anlayışını səhv təhrif etmiş həmin anlayışa qanunvericilikdə birmənalı olaraq şərh verilməsinə baxmayaraq fərqli formada yəni “faktiki ümumi sahə” anlayışı altında hüquqi qiymət vermiş, mənzilin ümumi sahəsinin hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-cu il tarixli arayışda və müqavilədə 108.7 kv.m nəzərdə tutulmasına məhəl qoymamışdır. Belə ki, hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-cu il tarixli arayışdan da görsənir ki, mənzilin ümumi sahəsi 108.7 kv.m olmalı idi. Daha sonra mənzilə çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdeh MTK-ya tam ödəniş edilməsinə baxmayaraq öhdəliyini tam olaraq icra etməmiş və ona mənzili 92,60 kv.metr ölçüdə təhvil vermişdir. Bu hal isə onun bir daha aldadıldığını sübut edir. Lakin məhkəmə bu hallara hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə ekspertiza rəyinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli ekspert rəyinə istinad edərək “mənzilin faktiki ümumi sahəsi ilə müqavilədə (cavabdeh tərəfindən öhdəlik üzrə təhvil verilməli sahə) göstərilən sahə arasında fərqin yaranma səbəbi mənzilin sahəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04” dekabr 2012-cİ il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarına əsasən hesablandıqda arakəsmə divarlarının altındakı sahənin nəzərə alınmamasıdır” kimi qeyd etmişdir. Rəydə göstərilir ki, cavabdeh MTK tərəfindən ona satılmış mənzildə nə az nə çox təxmini dörd havalandırma şaxtası mövcuddur ki, həmin şaxtalar binanın havalandırılması üçün nəzərdə tutulur və binada yaşayan ümumi sakinlərə xidmət edir. Ümumilikdə mənzilin ümumi sahəsinin hesablanması qanunvericiliyin tələblərinə uyğun aparılmamış və bu səbəbdəndə məhkəmə araşdırması obyektiv araşdırılmamışdır. Əgər məhkəmə işi obyektiv araşdırsa idi müəyyən edərdi ki ümumilikdə mənzil satılarkən iddiaçı aldadılmış və ona 92.60 kv.m sahəli mənzil 108.7 kv.m adı altında satılmış nəticədə ona maddi ziyan vurulmuşdur. Hal-hazırda ipoteka ilə mənzilə dair ödənişlərini gecikdirmədən edir və mövcud olmayan sahəyə münasibətdə hər ay borc üzrə ödənişlər və faizlər ödəmək məcburiyyətində qalır. Lakin məhkəmə qeyd etdiyi hallarla bağlı təqdim etdiyi sübutları nəzərə almamış və doğru nəticəyə gəlməmişdir. Bundan başqa mənzilin planına nəzər yetirildikdə də mənzildə dörd şaxtanın olduğu müəyyən edilir. Cavabdeh MTK iddia edir ki, mənzili satılarkən qapıdan içəri olan bütün sahənin satışını həyata keçirilir. Onda belə çıxır ki, müştəri mənzili alarkən mənzilin daxili arakəsmələrinə, tikintialtı sahələrinə və hətta şaxtalarına görə əlavə pul vəsaiti ödəməlidir. Əgər elədirsə belə bir məntiqi sual meydana gəlir. Hansı əqli və şüuru yerində olan insan belə bir mənzilə dair müqavilə bağlamağa razılaşar. Hansı səbəbdən iddaçı binanın ümumi şaxtalarına, tikintialtı sahəsinə görə pul vəsaiti və kredit faiziləri ödəməlidir. (1 kv.m üçün təxminən-1180 manat) Onu cavabdeh tərəf əmin etmişdir ki, o, 108.7 kv.m ümumi sahəsi olan mənzili satır. Ümumi sahənin anlayışı və hesablanma qaydaları isə qanunvericilikdə vahiddir. Birinci instnsiya məhkəməsində dəfələrlə bu barədə bildirməsinə baxmayaraq məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarına uyğun olmayan, ədalətə və qanunçuluğa sığmayan qətnamə qəbul etmiş, bununla da onun konstitutsion hüququ olan mülkiyyət hüququ pozmuşdur. Qanunvericilikdə bir başa qaydada nəzərdə tutulur ki, mənzillərin ümumi sahəsi hesablanarkən bayır və ara divarlar, buxaralar (şaxtalar) nəzərə alınmadan hesablama aparılmalıdır. Lakin məhkəmə cavabdeh MTK tərəfindən 108.70 kv.m deyil, 92.60 kv.m sahəli mənzil təqdim etməsinə baxmayaq bu halı görməməzlikdən gəlmiş və qanuna zidd qətnamə qəbul etmişdir. İddiaçı ilə cavabdehlər arasında bağlanılan xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin 1.2.2-ci bəndində hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020 ci il tarixli arayışa istinadən mənzilin ümumi sahəsi 108.70 kv.m olduğu qeyd edilir. Həmin arayış Cavabdeh1 MTK-nin DƏDRX-yə təqdim etdiyi layihə sənədləri əsasında qeydiyyata alınmışdır. Tikinti sahəsində formalaşmış praktika ondan ibarətdir ki, MTK-lar layihə sənədlərində hansı ölçünü qeyd edirsə, DƏDRX tərəfindən verilən qabaqcadan qeydiyyat arayışında da həmin ölçü mənzilin ümumi sahəsi kimi qeyd edilir. Daha sonra mənzilə mülkiyyət hüquqları barədə çıxarış verilərkən DƏDRX tərəfindən mənzil sahəsi ölüçülür və mülkiyyətçiyə texniki pasport və çıxarış təqdim edilir. Lakin qabaqcadan qeydiyyat arayışının verilməsinə əsas təşkil edən layihə sənədlərində cavabdeh “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın 3.8-ci bəndinin tələbini pozmuş və mənzilin ümumi sahəsini layihə sənədlərində sözügedən qaydanın tələblərinə uyğun olaraq qeyd etməmişdir. Beləliklə cavabdeh MTK mənzilin ümumi sahəsinin ölçülməsində pozuntuya yol verməklə qabaqcadan qeydiyyat arayışında mənzilin ümumi sahəsinin 108.70 kv.m kimi müəyyən edilməsinə nail olmuşdur. Cavabdehin həmin qaydaların tələblərinə əməl etməsi Qaydaların 1.2-ci bəndində öhdəlik kimi müəyyən edilmişdir. Belə ki, mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktı sayılan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 1.2-ci bəndində müəyyən edilmiş imperativ normadan açıq-aşkar görünür ki, həmin qaydaların tələbləri, o cümlədən mənzilin ölçüsünün həmin qaydalarda müəyyən edilən formada ölçülməsi mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Lakin cavabdeh MTK həmin imperativ normanın tələbini pozmuş, mənzilin ümumi sahəsini həmin qaydada müəyyən edilən formada ölçməmiş və həmin qaydaların tələbinə zidd olaraq hazırlanmış layihə sənədlərini DƏDRX-ə təqdim etmiş, nəticədə qabaqcadan qeydiyyat haqqında arayış əldə etmişdir. Bundan başqa birinci instansiyası məhkəməsi nəzərə almamışdır ki, istər müqavilədə, istərsə də qabaqcadan qeydiyyat arayışında mənzilin ölçüsü kimi “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın 3.8-ci bəndində anlayışı qeyd edilən “ümumi sahə” terminindən istifadə edilir. Cavabdeh ümumi sahəsi 108.7 kv.m olan mənzilin deyil, 92.60 kv.m ümumi sahəsi olan məzilin satışını həyata keçirmişdir. O isə mənzil alarkən ümumi sahə anlayışını qanunvericlikdə olduğu kimi qəbul etmişdir. Hesab etmişdir ki, dövlət orqanının təsdiq etdiyi qabaqcadan qeydiyyat arayışında qeyd olunan ölçülər, digər dövlət orqanının qaydalarına zidd üsula ölçülə bilməz. Buna görə də mənzilin ümumi sahəsinin həmin qaydaların tələbi nəzərə alınmaqla ölçüldüyünü güman edirdi. Lakin cavabdeh layihə sənədlərində ümumi sahə anlayışına istinad etsə də, tikinti fəaliyyətinin subyekti kimi onun üçün məcburi hesab edilən qeyd olunan qaydaların tələblərinə əməl etməmiş, iddiaçıya ümumi sahəsi 108.7 kv.m olan mənzili deyil, 92.6 kv.m olan mənzili təqdim etmişdir. Nəticədə mənzili alarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə, yəni 16.10 kv.m əlavə ölçüdə mənzildən məhrum olmuşdur. Apellyasiya icraatı zamanı "xxxx" ASC və Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəllilərini müdafiə edərək, izahatında əlavə olaraq göstərdi ki, hal-hazırda Cavabdeh2 ASC ləğvetmədə olduğundan ipoteka krediti ilə bağlı borcları "xxxx" ASC-yə ödəməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 ASC-nin ləğvedicisinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 577.1. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan mübahisəni öhdəliklə bağlı münasibətlər kimi qiymətləndirməklə bu nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilər. Belə ki, cavabdeh MTK-nın iddiaçı qarşısında götürdüyü öhdəliyə lazımi qaydada əməl edərək, ona 108,7 m2 ölçülü mənzil verdiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011-20/İ saylı “İlkin bazardan mənzilin alqı-satqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 MTK satıcı olaraq ümumi sahəsi 108,7 kv.m olan mənzili 128 266 manata alıcı olaraq iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə həmin mənzilin 25666 manat məbəğində olan hissəsini özü tərəfindən, 102 600 manat məbləğində olan hissəsini isə iddiaçı ilə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçının əvəzi olaraq bank tərəfindən ödənilməsi barədə razılığa gəlinmişdir. Göründüyü kimi tərəflər arasında “ilkin bazardan mənzilin alqı-satqı və ipoteka” müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehin onun qarşısında götürdüyü öhdəliklərin pozulmasını deyil, aralarında bağlanılmış mənzilin sahəsi və dəyərinə dair hissələrdə üçtərəfli müqavilənin dəyişdirilməli olmasını, həmçinin ipoteka müqaviləsində artıq qeyd edilmiş sahəyə görə cavabdeh "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin tutularaq ona ayrılmış ipoteka kreditinin əsas borcuna yönəldilməsi və həmin pul vəsaitinin əsas kredit borcundan çıxılmasını və Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011-20/İ saylı kredit müqaviləsinin şərtlərinin dəyişdirilməklə (qeyd olunmalıdır ki, iddiaçı müvafiq hissədə tələbini “müqavilənin etibarsız hesab edilməsi” kimi ifadə etsə də, həm məhkəmə iclasında ona verilən suala verdiyi cavabdan, həm də ümumilikdə iddia tələblərinin mahiyyətindən onun iradə ifadəsinin məhz müqavilənin dəyişdirilməsinə yönəldiyi aydın olmuşdur) yeni kredit müqaviləsinin və ödəniş cədvəlinin tərtib edilməsi; İlkin ödəniş kimi iddiaçı tərəfindən ödənilmiş 25666 manat pulun ipoteka predmeti olan mənzilin faktiki mövcud olan sahəsinə (92,6 kv.m) uyğun olaraq hesablanması və mənzilin əsas borcundan çıxılmasını,xx.xx.2020-ci il tarixdən etibarən müqavilə üzrə iddiaçı tərəfindən aylıq artıq ödənilmiş pul vəsaitlərinin əsas borc məbləğindən çıxılmasını mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsində hazırki iddia tələbinin predmetinə aid olmayan hallarla əsaslandırması prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6809 saylı rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: 1-ci sual üzrə: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi: **********) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 52, M19, m3 saylı mənzilin ümumi sahəsi (arakəsmə divarlarının yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə və balkonların (eyvanın) sahələri (azalma əmsalları tətbiq olunmadan) daxil edilməklə hesablandıqda) 108,7 kv.m təşkil etdiyi müəyyən edilir. 2-ci sual üzrə: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi: **********) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 52, M19, m3 saylı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” qaydasının tələbləri nəzərə alılmaqla 93,2 kv.m təşkil etdiyi müəyyən edilir. Apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2023-cü il tarixli, 10/5622 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C, ünvanında yerləşən 3 saylı mənzilin (yeni qaydalarla AZ 1121 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52, M19, mənzil 3) faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikinti altı sahə istisna olmaqla) 96,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C, ünvanında yerləşən 3 saylı mənzilin (yeni qaydalarla AZ 1121 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52, M19, mənzil 3) divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 108,7 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Aparılmış ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən mənzil 3 otaqdan ibarət olmaqla, mənzilin ümumi sahəsi 108,7 kv.m. göstərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52, M19, mənzil 3 müqavilədə nəzərdə tutulmuş ölçüdə təhvil verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istinad edilən hallar tərəflər arasında bağlanmış müqavilənin dəyişdirilməsinə, artıq qeyd edilmiş sahəyə görə cavabdeh "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin tutularaq ona ayrılmış ipoteka kreditinin əsas borcuna yönəldilməsi və həmin pul vəsaitinin əsas kredit borcundan çıxılması üçün əsas ola bilməz. Çünki tərəflər arasında müqavilə bağlanan zaman tərəflərin razılaşdırılmış iradə ifadəsi olmaqla qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərin pozulması müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən müqavilənin dəyişdirilməsi tərəflərin razılaşması ilə mümkündür. Həmçinin tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi işin faktiki halları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə eştiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə də müqavilədəki qeyri-müəyyən hallar (sahənin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məhğul olan tərəfin ziyanına şərh edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablaşma şərtləriini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yol verilməzdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən müqavilə bağlanarkən mənzilə görə satış pulunun bank tərəfindən "xxxx" MTK-ya artıq ödənilməsini və buna uyğun da həm kredit müqaviləsi, həm də ödəniş cədvəlinin tərtib edilməsini nəzərə alır və əlavə olaraq hesab edir ki, mənzilin ümumi sahəsinin müqavilədə 108,7 kv.m təşkil etməsi göstərilsə də, son ekspert rəyi ilə 96,8 kv.metr təşkil etməsi faktının müəyyən edilməsi iddiaçının tələblərinin əsaslı sayılmaqla mənzilin sahəsi və dəyərinə dair hissələrdə üçtərəfli müqavilənin şərtlərinin dəyişdirilməsi, ipoteka müqaviləsində artıq qeyd edilmiş sahəyə görə cavabdeh "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin tutularaq ona ayrılmış ipoteka kreditinin əsas borcuna yönəldilməsi, həmin pul vəsaitinin əsas kredit borcundan çıxılması və Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011-20/İ saylı kredit müqaviləsinin şərtlərinin dəyişdirilməklə yeni kredit müqaviləsinin, ödəniş cədvəlinin tərtib edilməsi, ilkin ödəniş kimi iddiaçı tərəfindən ödənilmiş 25666 manat pulun ipoteka predmeti olan mənzilin faktiki mövcud olan sahəsinə (92,6kv.m) uyğun olaraq hesablanması və mənzilin əsas borcundan çıxılmasını,xx.xx.2020-ci il tarixdən etibarən müqavilə üzrə iddiaçı tərəfindən aylıq artıq ödənilmiş pul vəsaitlərinin əsas borc məbləğindən çıxılması kimi tələblərinin təmin edilməsi üçün hüquqi əsas yaratmır. Belə bir nəticə iddiaçı hüquqlarının real bərpasını təmin etməyərək ipoteka saxlayan Bank ilə MTK arasında qeyri müəyyənlik yaradacaqdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin müəyyən edilmiş halları hazırki iddia tələbinin təmin edilməsi üçün əsas olmasa da, iddiaçıya mənzilin ümumi sahəsinə münasibətdə müqavilə ilə müəyyən edilmiş ölçü arasındakı fərqə uyğun olaraq artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququnun olduğu izah edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçıya bu barədə dəfələrlə təklif edilsə də, iddiaçı hazırki tələbinin təmin edilməsini, müqavilənin şərtlərinin dəyişdirilməsini xahiş etmiş, "xxxx" MTK-dan onun xeyrinə pulun tutulmasına etiraz etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, “işə baxan məhkəmə hazırki işə aidiyyatı olmayan əsaslandırmaya istinad edərək öz qətnaməsini əsaslandırmışdır” dəlilləri ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı, eləcə də apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (50+100) manat iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin hesabına tutulmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-124/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər 53 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh3, Cavabdeh1 MTK və Cavabdeh2 ASC-yə qarşı “ “ilkin bazardan alqı-satqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməklə yenidən tərtib edilməsi, artıq ödənilmiş məbləğin kredit borcundan və mənzilin əsas borcundan silinməsi, kredit müqaviləsi etibarsız hesab edilməklə yeni kredit müqaviləsinin və ödəniş cədvəlinin tərtib edilməsi” barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Birinci instansiya və apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatlarının dəyəri olan cəmi 150 (yüz əlli) manat İddiaçı tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar