Məhkəmə qərarları › İş №2(103)-3283/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3283/2024

29.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3283/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: mənzilin boşaldılaraq təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X4 və Xəzər Rayon İcra Hakimiyyəti cəlb edilməklə) “mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi və mənzilin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-123/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Əzizbəyov rayon X11 İcraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli, 16 nömrəli qərarı əsasında İddiaçı st.Qala, DOS-2, ev 4, yaşayış sahəsi 28 kv.m olan 2 otaqlı, 2 saylı mənzilə dair xx.xx.1988-ci il tarixli, 250646 nömrəli order verilmişdir. Orderdə mənzilin otaqlarının sayı 2, sahəsi 28 kv.m. qeyd edilmişdir.

2. Yasamal Rayon İcra hakimiyyətinin 003826 nömrəli, xx.xx.2006-cı il tarixli xidməti orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 (5 nəfə ailə üzvü olan) Qala hərbi şəhərcikdə yerləşən DOS-4, bina 4, ev 2 (3 otaqdan ibarət, 32 kv.m olan) verilmişdir. Orderin verilməsinə əsas Yasamal rayon İH-nin xx.xx.2006-cı il tarixli, 056 nömrəli sərəncamı olmuşdur.

3. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Baçısının xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X2 adına Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2006-cı il tarixli, 003826 nömrəli orderin verilməsi aşkar edilməmişdir.

4. Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Xəzər rayonu, Qala qəsəbəsi, DOS-2 küçəsi, ev 4, mənzil 2-də Cavabdeh1 və Cavabdeh2 yaşayırlar.

5. Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınan məlumatda DOS-2 və DOS-4 binalarının Sovetlər İttifaqı dövründə Müdafi Nazirliyinin tabeçiliyində olmuş, daha sonra həmin ərazidə yerləşən hərbi baza köçürülmüş və tabeçiliyində olmuş DOS binalarının hər hansı bir idarə və təşkilatın balansına verilmədiyi bildirilmişdir. Qala qəsəbəsi, DOS-2, ev 4 ünvanında yerləşən 2 saylı mənzilə dair İddiaçı xx.xx.1988-ci il tarixli, ******* nömrəli orderin verilməsinə əsas olmuş sənədlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verildiyi bildirilmişdir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Qala stansiyası, DOS-2, ev 4, mənzil 2, eləcə də Qala hərbi şəhərciyi, DOS-4, ev 2, bina 4 ünvanları Müdafiə Nazirliyinin balansına aid deyildir.

7. Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qala qəsəbəsinin “Stansiya Qala” adlanan ərazisində yerləşən mənzillər Rayon İcra Hakimiyyətinin balansında olmadığından DOS-2, ev 4 və DOS-4, ev 2 ünvanlarının mövcud olub-olmadığını və həmin ünvanlarda yerləşən mənzillərin eyni mənzillər olub-olmadığını müəyyən etmək mümkün olmamışdır.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin və onlarla yaşayan digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Qala stansiyası, “DOS-2” küçəsi, 4 saylı evin, 2 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi və mənzil üzərində hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində hərbi qulluqçi olmuşdur. Həmin vaxtı Əzizbəyov rayonu (indiki Xəzər rayonu) ərazisində yerləşən hərbi hissədə qulluq etdiyindən mənzil növbəsinə dayandığı Bakı şəhəri Əzizbəyov rayon X11 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı əsasında ona xx.xx.1988-ci il tarixli, 250646 nömrəli Order verilməklə Qala stansiyası, “DOS-2” küçəsində yerləşən 4 nömrəli evin, 2 saylı mənzili (2 otaqlı 28 kv.m sahəsi) verilmişdir. O, ailə üzvləri ilə birlikdə həmin mənzildə 1993-cü ilə qədər yaşamışdır. Sonra işi ilə əlaqədar Respublikanın müxtəlif rayonlarına təyinatla göndərildiyindən mənzili Zəngilan və ya Qubadlı rayonundan olan, hazırda adını unutduğu bir şəxsə verərək, mənzil alana və ya mənzillə təmin olunana qədər orada yaşamasını, mənzildən çıxacağı halda ona məlumat verməsini xahiş etmişdir. Hazırda əmək pensiyasına çıxmışdır. Mənzilə qayıtmaq istədikdə ona məlum olmuşdur ki, həmin şəxs ona məlumat vermədən mənzili hazırki cavabdehlərə verməklə çıxıb getmişdir. Tərəfindən Xəzər RPİ-nin 1-ci PŞnə və Xəzər Rayon İH-nin Qala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə sorğu göndərilmiş, müəyyən edilmişdir ki, ona məxsus mənzildə cavabdehlər qanunsuz olaraq yaşayırlar. Onların ona orderlə verilmiş mənzildə yaşaması mülkiyyət hüquqlarını pozur. Dəfələrlə mənzilə gedərək, cavabdehlərin mənzildən çıxmalarını tələb etsə də, onlar həmin evdən çıxmırlar. Mülkiyyət hüquqlarından yararlana və başqa vasitələrlə hüququnu bərpa edə bilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur qalır.

10. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 2242/2023 nömrəli qərardadı ilə X4 və Xəzər Rayon İcra Hakimiyyəti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

11. Məhkəmə tərəfindən mübahisə predmetinə daxil olan mənzilə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisə predmetinə daxil olan mənzildə hazırda iş üzrə cavabdehlər yaşayırlar. Cavabdehlərin bildirdiklərinə görə mənzildə tikinti işləri aparılmış, hazırda mənzil 1 zaldan, 1 yataq otağından, mətbəx və sanitar qovşağından ibarətdir.

12. İşin baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Qala stansiyası, “DOS-2” küçəsi, 4 saylı evin, 2 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi və mənzil üzərində huquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərə son qoyulması tələbi ilə bərabər mənzilin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin də cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, evə yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, cavabdehlər mənzilin daxili divarlarının yerini dəyişmişlər. Mənzil əvvəl 2 otaqlı olmaqla qabaq tərəfində bütöv aynabənd olmuş, evin arxa tərəfə 2 pəncərəsi və əlavə çıxış qapısı olmuşdur. Ona görə hesab edir ki, mənzil əvvəlki vəziyyətinə qaytarılmalıdır. Bunun məhkəmə qaydasında tələb edilməsi üçün hazırkı iddia ərizəsində iddia tələbinin dəqiqləşdirilməsinə zərurət vardır.

14. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)- 123/2024 nömrəli qətnaməsi ilə (hakim İ.N.Cəfərzadə) iddia təmin edilməmişdir.

15. Məhkəmə müəyyən etmişdir ki, mübahisə predmetinə daxil olan mənzil iddiaçıya X9 Əzizbəyov icraiyyə komitəsinin 250646 nömrəli, xx.xx.1988-ci il tarixli orderi əsasında verilmişdir. İddia ərizəsində qeyd olunanlara əsasən iddiaçı 1993-cü ilədək həmin mənzildə yaşamış, daha sonra işi ilə əlaqədar həmin evi tərk etmişdir. Hazırda həmin mənzildə uzun müddətdir ki, iş üzrə üçüncü şəxs olan X4, öz ailəsi ilə birlikdə yaşamış və hazırda həmin mənzildə iş üzrə cavabdehlər yaşayırlar. X2 mübahisə predmeti olan mənzildə yaşamasına əsas isə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş order olmuşdur ki, həmin orderin həqiqətdən Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilməsi iş üzrə müəyyən edilməmişdir. Odur ki, məhkəmə həmin orderin iş üzrə hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsini mümkün hesab etmir.

16. Məhkəmə qeyd etmişdir ki, iş üzrə iddiaçı mübahisə predmeti olan mənzildən 1993-cü ildən sonra istifadə etməsi, həmin mənzilə geri qayıdaraq yaşamaq niyyətində olması və ya həmin mənzilinin onun sahibliyində olması barədə hər hansı bir hərəkətlərin onun tərəfindən edilməsi iş üzrə müəyyən edilməmiş və bu barədə hər hansı bir sübut iddiaçı tərəfindən də təqdim edilməmişdir. Bununla da müəyyən olunur ki, iş üzrə iddiaçı daimi əsaslarla mübahisə predmeti olan mənzili tərk etmişdir (başqa yaşayış sahəsinə köçmüşdür). Ona görə də məhkəmə, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin tələblərini əsas tutaraq hesab etmişdir ki, iddiaçının mübahisə predmeti olan mənzildə yaşamasına (istifadə etməsinə) əsas olmuş hal aradan qalxmaqla iddiaçının həmin mənzilə olan hüquqi əsası itirilmişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin 2-ci bəndinə, Mülki Məcəllənin 152.1-ci maddələrinə, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 51-ci maddələrinə, 60-cı maddəsinin 1-ci hissəsinə, 87-ci maddəsinə, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsini tətbiq edərkən nəzərə almamışdır ki, icarədar hərbçi kimi (praporşik-gizir) işi ilə əlaqədar digər yaşayış məntəqəsinə daimi yaşamaq üçün deyil, müvəqqəti olaraq getmişdir. Qanunverici həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuş müddəanın icarədara (İddiaçı) aid olan hüquq olduğunu və bunun yalnız kirayədara münasibətdə tətbiq edilə biləcəyini müəyyən etsə də, məhkəmə kirayədarı müəyyən etməmiş, habelə onun belə bir iddiasının olubolmamasını müəyyən etmədən, yaşayış sahəsini özbaşına tutmuş şəxslərə (cavabdehlərə) münasibətdə həmin maddəni tətbiq etməklə, həmin şəxslərin mübahisəli yaşayış sahəsini özbaşına (qanunsuz) tutmasına haqq qazandırmışdır. Mübahisə predmetinə daxil olan mənzil iddiaçıya Əzizbəyov rayon X11 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə xx.xx.1988-ci il tarixli, 250646 nömrəli Order əsasında verilmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı 1993-cü ilədək həmin mənzildə yaşamış, daha sonra işi ilə əlaqədar müvəqqəti olaraq digər yaşayış məntəqəsinə getmişdir. Cavabdehlər Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 003826 nömrəli xidməti order əsasında həmin mənzildə yaşadıqlarını bildirsələr də, məhkəmənin sorğusuna verilmiş cavaba əsasən Cavabdeh1 atası X2 (üçüncü şəxs) adına Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2006-cı il tarixli, 003826 nömrəli orderin verilməsi aşkar edilmədiyindən, məhkəmə həmin orderin iş üzrə hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsini mümkün hesab etməmişdir. Yəni, cavabdehlər mübahisəli yaşayış sahəsini özbaşına tutduqlarından onlar həmin yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdır. Ona görə də iddiaçının mübahisə predmeti olan mənzildə yaşamasına (isifadə etməsinə) əsas olmuş halın aradan qalxması, iddiaçının həmin mənzilə olan hüquqi əsasının itirilməsi səbəbindən məhkəmənin iddianın təmin edilməməsi barədə qətnaməsi qanunsuz olmuşdur. Məhkəmə tərəfindən hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsə də, cavabdehlərin məhkəməyə təqdim etdikləri Yasamal rayon İcra Hakimiyyətinin adından verilmiş saxta xx.xx.2006-cı il tarixli, 003826 nömrəli xidməti orderdən görünur ki, cavabdehlər mübahisəli yaşayış sahəsini 2006-cı ildə özbaşına tutmuşlar. Həmin vaxta qədər iddiaçının mübahisəli yaşayış sahəsinə dair istifadə hüququ heç kim tərəfindən mübahisələndirilməmiş, ona verilmiş orderin etibarsız hesab edilməmişdir. Yəni iddiaçının yaşayış sahəsinə (əmlaka) sahiblik və istifadə hüququ olduğundan, lakin iradəsi olmadan cavabdehlərin onu sahiblikdən və istifadədən məhrum etməsi qadağan edilmiş özbaşınalıq sayılmalı və MM-nin yuxarıda göstərilən normaları tətbiq edilməklə iddiatələbitəmin edilməli olduğu halda məhkəmə əsassız olaraq iddiaçının cavabdehlərə qarşı olan iddiasnı təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İ.V.Abbaszadə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Suallara cavab olaraq bildirdi ki, mübahisəli mənzil şəhərə uzaq olduğu üçün atası Nərimanov rayonunda ev almış, oranın isə qapısını qıfıllamışdır. Oranı kirayəyə verməmişdir. Sonra Nərimanov rayonunda yaşasalar da, hazırda Xətai rayonunda yaşayırlar. Nərimanovdakı ev iddiaçının şəxsi vəsaiti ilə əldə olunmuşdur. Atası Bakı şəhərində və Naxçıvanda xidmət etmişdir. Naxçıvanda xidmət apararkən harada yaşaması barədə məlumatı yoxdur.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mənzilin həmin mənzil olması yerli baxış zamanı öz təsdiqini tapmışdır. Qarşı tərəf də mənzildə düzəlişlər etdiyini etiraf etdi. Yasamal Rayon İcra Hakimiyyət tərəfindən verilmiş order 2006-cı ildə verilməsinə baxmayaraq, “Kiril” əlifbası ilə çap olunmuşdur. Bu isə mümkün deyil və saxtadır. Eyni zamanda, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş order xidməti orderdir. Habelə, birinci instansiya məhkəməsi tərəfindən 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsinə istinad etməklə iddianın təmin edilməməsi tamamilə əsassızdır. Çünki Konstitusiya Məhkəməsinin 1999-cu il tarixli qərarına istinad edirlər. İcra hakimiyyəti müraciətlərinə əsasən cavab olaraq bildirmişdir ki, qarşı tərəfin təqdim etdiyi order icra hakimiyyətində qeydiyyatdan keçməmiş, habelə icra hakimiyyəti tərəfindən verilməmişdir. Orada kommunal xidmətlər tərəfindən müxtəlif ünvanlar qeyd olunmuşdur. Belə ki, orada olan mənzillərlə bağlı orderdə göstərilən ünvanla kommunal xidmətin qeydə aldığı ünvan fərqlidir. Qarşı tərəfin təqdim etdiyi orderə münasibətdə birinci instansiya məhkəməsi mövqe bildirərək heç bir hüquq müəyyyənedici əhəmiyyətinin olmadığını bildirmişdir. İddiaçının orderi var. İddiaçı hərbi qulluqçu olduğundan onu müxtəlif yerlərə təyin ediblər. İddiaçının həyat yoldaşı isə tibb bacısı idi. Onlar məcbur olmuşdur ki, iş yerinə yaxın ərazidə, Sumqayıt şəhərində yaşasınlar. Digər şəxslərin orada heç bir əsas olmadan yaşamasına münasibətdə hesab edir ki, iddiaçının tələb etmək hüququ daha üstündür.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Suallara cavab olaraq bildirdi ki, digər cavabdehin həyat yoldaşıdır, 2018-ci ildən orda yaşayır.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, orada 4 bina var, DOS-2, DOS-4 binaların nömrələridir. İddiaçı oraya ilk dəfə gələndə bildirdi ki, ora hərbi şəhərcik olub. Bir binada 4 mənzil var və 4 qonşu hər birində də DOS-4 olaraq qeyd olunub. Onlar bildirmir ki, iddiaçı orada yaşamayıb. Orada yaşayıb. Lakin iddiaçıya məxsus order həmin evə aid deyil. 1991-ci ildə alqı-satqı müqaviləsi olub. Qarşı tərəf məhkəmə gedişatı dövründə tərəfindən həqiqətlər deyildikcə ifadələrini öz xeyirlərinə dəyişməyə başladılar. İddiaçı rus ordusunda xidmət edib. Hazırda qonşuda hərbiçilər var. Onlar bildirir ki, onlara iki yerdən mənzil təklif olunub. Belə ki, ya Qala qəsəbəsindən, ya da Nərimanovdan, Mərdəkandan seçə bilərdilər. İddiaçı da Nərimanovdan ev seçib. Nərimanovdan ev iddiaçıya dövlət tərəfindən verilmişdir. İddiaçının vəkili ilk dəfə gələndə iddiaçının evi Xəzər Rayon İcra Hakimiyyətindən pul ilə aldığını bildirmişdir. İlk məhkəmə iclaslarında iddiaçının hərbiçi olduğunu bildirmirdilər. Hazırda yaşayış yerindən arayışı hərbi hissədən alırlar. İddiaçının iddia etdiyi mənzil o mənzil deyil. Evin quruluşunu doğru təsvir edirlər.

25. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə və digər üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

26. Azərbaycan SSR Mənzil Məcəlləsi (xx.xx.1982-ci il tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X11nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon X11 icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.https://e-qanun.az/framework/46945 Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı X9 Əzizbəyov icraiyyə komitəsinin 250646 nömrəli, xx.xx.1988-ci il tarixli orderi əsasında ona verilmiş mənzildə 1993-cü ilədək yaşamış, daha sonra həmin mənzili tərk etmişdir. Sonradan həmin mənzildə uzun müddət X4 öz ailəsi ilə birlikdə yaşamış və hazırda həmin mənzildə iş üzrə cavabdehlər yaşayırlar.

33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçı iddia etdiyi mənzilin həqiqətən də ona verilmiş orderdə əks olunan mənzil olub-olmaması, həmçinin mənzilin hazırda hansı qurumun balansında olması məqsədilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Xəzər Rayon İcra Hakimiyyətinə sorğular göndərilmiş, habelə Xəzər Rayon İcra Hakimiyyətinin Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və tərəflərin iştirakı ilə mübahisəli mənzil yerində müayinə edilmiş, lakin qeyd olunanları müəyyən etmək mümkün olmamışdır.

34. Belə ki, iddiaçıya verilmiş orderdə ünvan st.Qala, DOS-2, ev 4, yaşayış sahəsi 28 kv.m olan 2 otaqlı, 2 saylı mənzil qeyd edilmiş, cavabdehə təqdim edilmiş orderdə isə Qala hərbi şəhərciyi, DOS-4, bina 4, ev 2, 3 otaqdan ibarət, 32 kv.m sahəsi olan mənzil qeyd edilmişdir.

35. Cavabdehə verilmiş orderin mötəbərliyi Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməsə də, yerində müayinə zamanı həmin binada qonşu mənzilin sakini X10 tərəfindən təqdim edilmiş orderdən görünür ki, həmin order də Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş və ünvan olaraq Qala Qəsəbəsi, DOS, ev 4, 2 otaqlı, 32 kv.m sahəsi olan 1 saylı mənzil qeyd edilmişdir.

36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisəli mənzilin iddiaçıya verilmiş orderdə göstərilən mənzil olduğu qəbul edilsə belə, iddiaçının nümayəndəsi (oğlu) məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, mübahisəli mənzil şəhərə uzaq olduğu üçün atası Nərimanov rayonunda şəxsi vəsaiti ilə ev almış, sonra Nərimanov rayonunda yaşamışlar.

37. Qeyd edilməlidir ki, iddiaçıya order verilən vaxt qüvvədə olan mənzil qanunvericiliyin məqsədi vətəndaşların mənzil hüququnun təmin edilməsinə, mənzil fondundan səmərəli istifadə olunmasına və onun qorunmasına kömək etmək olmuşdur.

38. Beləliklə, iddiaçının nümayəndəsinin izahatı ilə təsdiq olunur ki, mübahisəli mənzili iddiaçı könüllü olaraq tərk etmiş, buna səbəb həmin mənzilə iddiaçının ehtiyacının aradan qalxması və daimi yaşayış üçün başqa mənzilə köçməsi olmuş, iddiaçı uzun müddət mübahisəli mənzil ilə maraqlanmamış, cavabdehlər isə artıq uzun müddətdir ki, təmir-tikinti işlərini apararaq həmin mənzildə yaşayırlar.

39. Yuxarıda istinad olunan mənzil qanunvericiliyinin tələblərinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edildiyindən, yəni iddiaçı artıq iddia etdiyi mənzilin icarədarı sayılmadığından hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

41. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-123/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar