Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3284/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun tutulması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16.01.2013-cü il tarixli, 554 saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçı qarşısında 2930,98 manat əsas, 1741 manat faiz, Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 671,28 manat faiz borcu olmaqla, cəmi 5.343,26 manat borcun tutularaq iddiaçıya ödənilməsi, tutmanın girov predmeti olan «BMW» markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin yuxarıda göstərilən qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov, iş № 2(002)-26/22) iddia qismən təmin edilərək, 2930,98 manat əsas, 1741 manat faiz, Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 671,28 manat faiz borcu olmaqla, cəmi 5.343,26 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı narazı qalaraq qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 16.01.2013cü il tarixli, 554 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 18 ay müddətinə, illik 26 % olmaqla, 3257 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, cavabdehin mülkiyyətində olan «BMW» markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 16.01.2013-cü il tarixli 489 nömrəli girov müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş, nəticədə Banka tələb olunan məbləğdə borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş X3 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinin Bankın sorğusuna cavab olaraq təqdim edilən elektron çıxarışa əsasən, avtomobilin hazırda ipoteka müqaviləsinə əsasən İddiaçı ASCnin Universal filialının xeyrinə yüklü olduğu qeyd edilmişdir. Hazırda bank qeyd edilən ipoteka predmetinə tutmanın yönəldilməsi hüququna malikdir. Hesab edir ki, qətnamə ipoteka predmetinə tutmanın yönəldilməsinin təmin edilməyən hissəsində ləğv edilərək, Bankın iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməlidir. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, cavabdeh isə qətnamədən şikayət vermədiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını iddianın təmin olunmayan hissəsində, yəni tutmanın ipteka predmetinə yönəldilməsi tələbinin rədd olunması hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi cavabdehdən kredit borcunun tutulması və tutmanın girov predmeti olan minik avtomobilinə yönəldilməsi barədədir. İddiaçı həmin hissədə tələbini avtomobilin hazırda ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə yüklü olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi ipoteka müqaviləsi üzrə yüklülüyün daşınar əmlakın müvafiq rəsmi reyestrində qeydiyyata alınmadığı əsası ilə iddianı həmin hissədə rədd etmiş, gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə aid hissədə gəldiyi nəticə işin hallarına uyğun olmadığından və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdə olan 16.01.2013-cü il tarixli, 489 saylı girov müqaviləsinə əsasən cavabdeh eyni tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə özünə məxsus olan, 1996-cı il buraxılışlı, «BMW» markalı ** US *** dövlət qeydiyyat nişanlı minik avtomobilini banka ipoteka qoymuşdur. Bank tərəfindən “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reysterindən çıxarışın” banka təqdim edilməsi üçün Azərbaycan Respublikası Baş X3 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə sorğu göndərilmişdir. Təqdim edilən elektron çıxarışa əsasən, “BMW” minik markalı, **-US-*** dövlət qeydiyyat nömrəli avtomobilin hazırda ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin Universal filialının xeyrinə yüklü olduğu qeyd edilmişdir. İşin 20-ci vərəqində olan şəhadətnamə ilə də girov müqaviləsinin Azərbaycan Respublikası DİN BDYPİ-də qeydiyyatdan keçdiyi təsdiq olunur. Tərəflər arasında bağlanmış 16.01.2013-cü il tarixli girov müqaviləsinin 9-cu bəndinin tələbinə görə isə ipoteka qoyan öz üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirənə qədər girov müqaviləsi öz hüquqi qüvvəsində qalır. Mülki Məcəlləyə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur (maddə 269.5). Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (maddə 317). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə müvafiq olaraq əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka qoyulmuş avtomobilə tutma yönəldilərək həmin əmlak açıq hərracdan satılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv olunmalı və iddia tələbi təmin edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qətnaməsi qismən – tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinin rədd olunması hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin olunsun. Tutma girov predmeti olan «BMW» markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərraca çıxarılaraq satılsın, satışdan əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan ümumi borc məbləği ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3284/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3284/2022
18.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver