Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3285/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(001) 3360/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı "Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququnun X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(001)-3360/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsinə qarşı “əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmış və iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən aidiyyəti üzrə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 2017-ci ildən etibarən fəaliyyət göstərmir. Fəaliyyəti dayandırılmış və buna görə də hər hansısa hüquqi ünvanda rəhbərliyi və ya işçi personalı mövcud olmayan bir cəmiyyətə müraciət etməyi qeyri-mümkündür. Buna görə də məhkəmə ondan fəaliyyət göstərməyən, hər hansısa müdiriyyət və işçi personalı mövcud olmayan cəmiyyətə müraciət etməyini, bunun mümkünsüz olması səbəbi ilə tələb etməməlidir. Bundan başqa qərardadda “iddianın məhz işəgötürənə qarşı yönəlməli olduğu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsi hazırkı iş üzrə iddiaya cavab verməli olan tərəf olmaması” da qeyd olunmuşdur. Təkrar bildirir ki, işəgötürən "xxxx" MMC 2017-ci ildən etibarən fəaliyyət göstərmədiyinə görə hər-hansısa hüquqi ünvanda rəhbərliyi və ya işçi personalı mövcud olmadığı səbəbi ilə onun əmək müqavilənə xitam verə bilməz. “Cavabdehin hazırkı iş üzrə iddiaya cavab verməli olan tərəf olmaması” məsələsinə gəldikdə isə, cavabdeh özü onun müraciətinə verdiyi cavabda bildirmişdir ki, əgər əmək müqaviləsinə xitam verilməsinin işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı "Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X2 Xidmətinə həvalə edilməlidir. Göründüyü kimi "xxxx" MMC hazırda fəaliyyət göstərmədiyi üçün onun əmək müqaviləsinə xitam verilməsi cəmiyyət tərəfindən icra edilə bilməz. Bu halda isə o, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı "Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququnun X2 Xidmətinə həvalə edilməsi üçün əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət etməli idi. Təbii ki, bu təqdirdə cavabdeh məhz "Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması öhdəliyinin həvalə edildiyi X2 Xidməti olmalı idi. Bundan başqa qərardadda qeyd olunmuşdur ki, “iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra (onunla "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdən, xx.xx.2017-ci il tarixədək bağlanmış müddətli əmək müqaviləsinə xitam verildikdən sonra) yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir”. Qeyd etmək istəyir ki, hazırkı mübahisə üzrə onun yeganə tələbi əmək müqaviləsinə xitam verilmiş hesab edilməsidir. Əgər əmək müqaviləsinə xitam verilməsinin cəmiyyət tərəfindən icra edilməsi mümkün idisə, onun heç məhkəməyə müraciət etməyinə ehtiyac yaranmırdı. Yəni məhkəmənin onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bildiyini bildirməsi, heç bir hüquqi məntiqə sığmır. Çünki onun əmək müqaviləsinə məhkəmə qaydasından kənarda xitam verilməsi mümkün idisə, məhkəməyə müraciət etmə zərurəti yaranmırdı. Aydın olur ki, məhkəmə “əmək müqaviləsinə xitam verilməsi üçün ilk növbədə həmin cəmiyyətə müraciət olunmalı olduğu, iddianın məhz işəgötürənə qarşı yönəlməli olduğu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsi hazırkı iş üzrə iddiaya cavab verməli olan tərəf olmaması” mülahizələrinin düzgün olmaması səbəbi ilə yanlış nəticəyə gəlmişdir. Odur ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-3360/2025-002 nömrəli qərardadının ləğv edilməsi, onunla "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı "Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququnun X2 Xidmətinə həvalə edilməsi barədə iddia ərizəsinin icraata qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3360/2025 saylı, 25 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, xx.xx.2017-ci il tarixdə İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2017-ci il tarixinədək müddətli əmək müqaviləsi bağlanmış və o, əmək müqaviləsi üzrə təxminən 3 ay müddətində "xxxx" MMC-də İT mütəxəssisi vəzifəsində işləmişdir. Bir müddət sonra "xxxx" MMC-nin fəaliyyətinin dayandırması səbəbi ilə onunla bağlanmış əmək müqaviləsi üzrə vəzifələrinin icrasına xitam verilmişdir. Bundan sonra iddiaçı işləmək məqsədi ilə bir sıra işəgötürənlərə müraciət etsə də, işəgötürənlər tərəfindən ona "xxxx" MMC ilə xx.xx.2017-ci il tarixdə bağladığı əmək müqaviləsinin qüvvədə olması bildirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı mövcud vəziyyətlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etmiş və onun həmin müraciətinə cavab olaraq bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciə edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı "Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X2 Xidmətinə həvalə edilməlidir. Ona görə də, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin "Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsinin X2 Xidmətinin səlahiyyətləri xaricində olması qeyd etmişdir. Göründüyü kimi, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdən, xx.xx.2017-ci il tarixədək bağlanmış müddətli əmək müqaviləsi "xxxx" MMC-nin fəaliyyətinin dayandırması səbəbinə görə xitam verilməmiş və hazırda qüvvədədir. Bu da onu deməyə əsas verir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi üçün ilk növbədə həmin cəmiyyətə müraciət olunmalı, müraciəti nəticə vermədikdə isə iddia məhz işəgötürənə qarşı yönəlməlidir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsi hazırkı iş üzrə iddiaya cavab verməli olan tərəf deyil. Ona görə də iddia ərizəsi icraata qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. -152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. -152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsinə qarşı “əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra (onunla "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdən, xx.xx.2017-ci il tarixədək bağlanmış müddətli əmək müqaviləsinə xitam verildikdən sonra) yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçı "xxxx" MMC-nin fəaliyyət göstərmədiyini bildirsə də, hazırda "xxxx" MMC ilə xx.xx.2017-ci il tarixdə bağladığı əmək müqaviləsi qüvvədədir və belə olan halda iddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün ilk öncə işəgötürənə müraciət etməlidir. Bu mümkün olmadıqda işəgötürənə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti isə cavabdeh qismində deyil, üçüncü şəxs qismində işə cəlb edilməlidir, çünki iş materiallarından görünür ki, hazırki vəziyyətdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin "Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsinin X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(001) 3360/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-3285/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3285/2025
26.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver