Məhkəmə qərarları › İş №2(103)-3286/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3286/2022

06.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3286/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasmovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 06.12.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Cavabdeh Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev № 16-da yerləşən 11 №-li mənzildən istifadə hüququna xitam verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclaısnda iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi, ev № 16-da yerləşən 11 №-li mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı mənzili 23.08.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə əvvəlki mülkiyyətçi X1 alıb və iddiaçının mülkiyyət hüququ həmin müqaviləyə əsasən 05.09.2017-ci ildə dövlət reyestrində qeydə alınıb. Cavabdeh mənzilin əvvəlki mülkiyyətçisi Nuranə Həsənovaya məxsus olduğu zaman mənzildə qeydiyyatda olub, lakin cavabdehin həmin mülkiyyətçiyə aidiyyəti yoxdur, cavabdeh mənzilin daha əvvəlki mülkiyyətçisinə aid olan şəxsdir. Əvvəlki mülkiyyətçi Nuranə Həsənova mənzili alqı-satqı müqaviləsi ilə əldə etdikdən sonra cavabdehin qohumlarının mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün məhkəməyə iddia verib, Sabunçu RM-nin 29.09.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilib, lakin cavabdehə qarşı iddia verilməyib, o, hal-hazıra kimi mənzildə qeydiyyatdadır. Müəyyən olunur ki, cavabdehin mənzildən istifadə hüququ yoxdur. Belə ki, cavabdeh iddiaçının (hazırkı mülkiyyətçinin) ailə üzvü deyil, habelə iddiaçı ilə cavabdehin arasında istifadə hüququ barədə müaqavilə bağlanmayıb. O cümlədən hazırkı mülkiyyətçinin mənzili cavabdehin istifadə hüququ ilə yüklü şəkildə əldə etdiyi müəyyən olunmur. Odur ki, Mənzil Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 30-cü maddəsinin göstərişləri baxımından cavabdehin mənzildən istifadə hüququ yoxdur. Birinci instansiya məhkəməsini iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən ona əsaslanıb ki, cavabdehin mənzildən istifadə hüququ olmadığına görə iddia rədd edilməlidir, yəni olmayan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilə bilməz. Lakin cavabdehin istifadə hüququnun olmadığı məhkəmə tərəfindən müəyyən edilməlidir. Çünki hazırkı iddianın əsasından görünür ki, iddiaçı cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir, bunun üçün isə cavabdehin mənzildən istifadə hüququnun olmadığına müəyyənlik gətirilməlidir. Bu məsələyə müəyyənlik gətirilməsinin başqa qaydası olmadığına görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edib. Cavabdehin istfadə hüququnun olmadığı müəyyənləşdiriləcəyi təqirdə hazırkı qətnamə müvafiq dövlət orqanı tərəfindən cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas sayılacaq. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Beləliklə, qətnamə ləğv edilməli və iddia qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 06.12.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev № 16-da yerləşən 11 №-li mənzildən istifadə hüququnun olmadığı müəyyən edilsin. Qətnamə Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar