Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3288/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-689/2024 nömrəli 01 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 04-572 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.
2. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli xx.xx.2020-ci il tarixli akta görə İddiaçı yaşadığı ünvana sayğac quraşdırılmış, səbəb yeni qeydiyyat göstərilmişdir.
3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli akta və dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən abonentin sayğac quraşdırılan xx.xx.2020-ci il tarixinə qədər təbii qazdan qeydiyyatsız qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, dəymiş ziyanın həcmi 4320 kubmetr müəyyən edilmişdir.
4. Abonent saldosuna görə İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 432 manat məbləğində zərər hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı fərdi yaşayış evində abonent kodu **********40000 olan istifadəsində olan qaz sayğacına görə əsassız olaraq Birlik tərəfindən xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında itirilmiş təbii qazın dəyərinin ödənilməsinə görə tələb olunan 432 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı ev onun istifadəsindədir və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. 2020-ci ilin aprel ayından həmin ünvandakı evdə yaşamağa başlamışlar. Birliyə müraciət edərək, həmin ünvana qaz sayğacının qoyulmasını xahiş etmiş, müraciəti əsasında xx.xx.2020-ci il tarixli 04-572 nömrəli müqavilə əsasında abonent kodu **********40000 olan qaz sayğacı onun istifadəsinə verilmişdir. Həmin sayğac onun adınadır. Bir müddət əvvəl adına olan qaz sayğacına görə istifadə etdiyi qaz sərfiyyatının ödənişini edərkən istehlak etdiyi qaz borcundan əlavə, 432 manat borcun olduğunun şahidi olmuşdur. O, adına yazılan borcun səbəbini öyrənmək üçün Birliyə müraciət etmiş, Birliyin əməkdaşları ona bəzi sənədlər verərək bildirmişlər ki, guya ki, sayğac qoyulmamışdan əvvəl o, qaz xəttinə qanunsuz müdaxilə etmiş və bu səbəbdən də xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş ziyan hesablanaraq ona 432 manat cərimə yazılmışdır. O, bildirmişdir ki, o, qaz sayğacı qoyulan zaman həmin evdə yaşamırdı. Həmin ev yaşayışa yararlı deyildi. Qaz sayğacı qoyulandan sonra bəzi təmir işləri aparıb sonra ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Bu səbəbdən də yazılan borcun silinməsini tələb etmişdir. Həmin evdə təbii qazdan istifadəyə görə indiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı bir mübahisə yaranmamışdır. O, qaz sayğacına müdaxilə etməmişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 fevral 2024-cü il tarixli 2(008)-689/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı **********00210 saylı abunə koduna hesablanmış 432 manat məbləğində borcun silinməsi, Cavabdehndən 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının yaşadığı ünvan 1 ünvanındakı evə qaz sayğacı xx.xx.2020-ci il tarixdə quraşdırılmış, iddiaçı isə həmin evdə 2020-ci ilin aprel ayından yaşamağa başlamışdır. Digər tərəfdən, cavabdeh tərəfindən tərtib edilmiş akt qanunvericiliyin tələblərinə zidd olaraq, iddiaçı tərəfindən imzalanmamış, akt cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir ki, bu da yuxarıda adıçəkilən qaydaların 6.7-ci bəndinə ziddir. Həmin bəndə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçıya xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 4320 kub metr qaz sərfinə görə 432 manat məbləğində zərər hesablanmışdır. Tələbnamədən görünür ki, qaz işlədicillərinin maksimal saatlıq qaz sərfi müvafiq olaraq 1.2, 0.8 kubmetr saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi və hesabat müddəti də reallığı əks etdirmir. Göründüyü kimi, cavabdeh tərəfindən sayğac quraşdırılana qədər ünvan 1 ünvanındakı evdə yaşayış olubolmaması, olmuşdursa, həmin ünvanda iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsi, hesablanmış borcun iddiaçının təqsiri ucbatından yaranması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 560.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçının yaşadığı ünvanda qeydiyyatsız qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
15. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
16. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
17. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
18. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
19. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
20. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
21. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
22. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.
23. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir;
24. 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir;
25. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
34. Tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta görə abonentin sayğac quraşdırılan xx.xx.2020-ci il tarixinə qədər təbii qazdan qeydiyyatsız qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir.
35. Göründüyü kimi iddiaçının yaşadığı ünvan 1 ünvanındakı evə qaz sayğacı xx.xx.2020ci il tarixdə quraşdırılmış, iddiaçı isə həmin evdə 2020-ci ilin aprel ayından yaşamağa başlamışdır.
36. Məhkəmə haqlı olaraq göstərmişdir ki, cavabdeh tərəfindən sayğac quraşdırılana qədər ünvan 1 ünvanındakı evdə yaşayış olub-olmaması, olmuşdursa, həmin ünvanda iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsi, hesablanmış borcun iddiaçının təqsiri ucbatından yaranması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
37. Beləlikə, iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi halı müəyyən edilməmişdir.
38. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-689/2024 nömrəli 01 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.