Məhkəmə qərarları › İş №2(103)-329/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-329/2023

19.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-329/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh qonşudurlar və 27 sentyabr 2017-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 06 saylı bağ evi iddiaçının, 15 yanvar 2010-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 07 “a” saylı bağ evi isə cavabdehin mülkiyyətindədir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 fevral 2021-ci il tarixli ekspert rəyinə görə, iddiaçının mülkiyyətində olan bağ evinin torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi üst-üstə düşür. İddiaçıya məxsus bağ torpaq sahəsindən cavabdeh istifadə etmir. Mübahisə predmeti olan daş hasarın uzunluğu 15 metr, hündürlüyü 2.80 metrdir. Sözügedən daş hasar faktiki olaraq tərəflərin istifadə etdikləri torpaq sahələrini biri-birindən ayırır. Sözügedən bağ sahələrinin hər birinin ayrıca giriş-çıxış qapıları vardır. İddiaçıya məxsus bağ evinin arxasında yerləşən 208.78 kv.metr torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Qanuna görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 06 saylı bağ evinin yan tərəfindən ona məxsus torpaq sahəsində cavabdehin mişar daşından inşa etdiyi 15 metr uzunluğunda hasarın sökülməsi, cavabdehin ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılması, hasarın əvvəlki vəziyyətə gətirilməsi və boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun qapadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, bağ evi atası X5 məxsus olmuş, atası həmin bağı tikili ilə birlikdə 217.8 kv.m torpaq sahəsini ona bağışlamış, həmin sahəyə dair çıxarış verilmişdir. Bundan sonra orada yenidənqurma işləri aparmaqla tikilini əsaslı təmir etmişdir. Bağ evinin şimal hissəsində yerləşən cavabdehə məxsus 7 a saylı bağ evinə aid torpaq sahəsi ilə ona aid torpaq sahəsinin arasında təxminən 7 metr enində və 30 metr uzunluğunda ümumi istifadədə boş (neytral) sahə olmuş, həmin boş sahə cavabdehə aid hissədən tor məftillə çəpərə alınmış vəziyyətdə olmuşdur. Cavabdeh bir neçə il bundan əvvəl, əvvəllər tor məftillə çəkmiş olduğu çəpəri sökərək ərazini qanunsuz olaraq öz torpaq sahəsinə qatmış, evinin divarının lap yaxınlığında müxtəlif ağaclar əkmiş, bağ evinin özünə aid torpaq sahəsində deyil, həmin neytral sahədə evinin arxasında divardan təxminən 3 metr aralıda kanalizasiya quyusu tikmişdir ki, bu da evinin arxa hissəyə açılan nəfəsciklərdən evinin içinə qoxunun daxil olmasına səbəb olmuş, həmçinin evinin arxa hissəsinə keçə bilmir ki, bu da onu evinin arxa tərəfində olan hər hansı bir xoşagəlməz hadisənin baş verməsi məqamında təhlükəsizlik tədbirlərinin görülməsi hüququndan məhrum etmişdir. Habelə, ona məxsus torpaq sahəsinin evinin divarı boyunca təxminən 15 metr uzunluğunda sütunlar da daxil olmaqla 40 sm ərazisinə girməklə mişar daşından qanunsuz olaraq onun icazəsi və razılığı olmadan hasar tikməklə torpaq sahəsini zəbt etmişdir. Aralarında olan münaqişənin dinc yolla həlli üçün atdığı addımlar nəticəsiz qalmışdır.

4. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-214/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.H.Xəzri) iddia təmin edilmişdir.

5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1- 152.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, mübahisə predmeti olan ünvanda yerləşən hasarın və kanalizasiyanın inşa edilməsinə cavabdehin hüququ olmamışdır, həmin tikili iddiaçının maraqlarına toxunub hüquqlarını pozduğundan hasar sökülərək əvvəlki vəziyyətinə gətirilməli, cavabdeh 208.78 kv.m. torpaq sahəsindən ailə üzvləri ilə birlikdə çıxarılmalı, boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun qapadılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə proseslərindən xəbəri olmayıb, prosesdə iştirakı təmin edilməyib. Şüvəlan bağ massivində 0,50 ha torpaq sahəsi ilkin olaraq ulu nənəsi X4, daha sonra nənəsi X2 məxsus olmuşdur. X1 4 övladı: oğlanları Ənvər, Kamal, Hacı və qızı Şərqiyyə olmuş və bağ sahəsi nənəsi Pərixanım tərəfindən 1984-cü ildə bölünərək, 12 sotu Ənvər Kərimova (iddiaçının atası), 12 sot Kamal Kərimova, 12 sot Şərqiyəyə və qalan 14 sot isə özü ilə birlikdə yaşayan Hacı Kərimova (cavabdehin atası) ayrılıb. 1984-cü ildən bölgüyə uyğun bağ sahələri hasarlanmış və hər kəs öz bağ sahəsindən istifadə etmişdir. Hal-hazırda nənəsi tərəfindən Ənvər Kərimova verilmiş bağ sahəsi Şüvəlan bağ sahəsi ev 6 ünvanı altında iddiaçıya məxsusdur, Hacı Kərimova ayrılmış bağ sahəsi isə Çöl Şüvəlan bağ sahəsi, ev 7a ünvanı ilə ona məxsudur. Ona məxsus bağ sahəsinə bitişik iddiaçının bağ sahəsi yerləşir. Həmin bağ sahəsinin daş hasarı 15-20 il əvvəl iddiaçının atası tərəfindən inşa edilmiş və hasara onun tərəfindən heç bir müdaxilə edilməmişdir. İddiaçının onun istifadə və sahibliyində olan torpaq sahəsinə heç bir hüququ yoxdur, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüquqa malik deyildir.

8. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2605/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov sədrlik edən, məruzəçi, İ.Şəfiyev və V.Həsənov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(103)- 11498/2021 saylı qətnaməsi qismən- İddiaçı məxsus bağ evinin yan tərəfindən ona məxsus torpaq sahəsində Cavabdeh mişar daşından inşa etdiyi 15 metr uzunluğunda hasarın sökülməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılması və hasarın əvvəlki vəziyyətə gətirilməsi hissələrində ləğv edilmiş, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, mübahisələndirilən qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdeh və nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.

12. İddiaçı və nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddələr 152.1-152.4 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi

14. Maddə 71. Ortaq divarlar (iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divar) şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir.

15. Maddə 73. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı məxsus bağ evinin yan tərəfindən ona məxsus torpaq sahəsində Cavabdeh mişar daşından inşa etdiyi 15 metr uzunluğunda hasarın sökülməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılması və hasarın əvvəlki vəziyyətə gətirilməsi hissələrində ləğv edildiyindən, apellyasiya baxışının predmetini qətnamənin həmin hissələrdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi qismən – iddiaçıya məxsus bağ evinin yan tərəfindən ona məxsus torpaq sahəsində cavabdehin mişar daşından inşa etdiyi 15 metr uzunluğunda hasarın sökülməsi, cavabdehin ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılması və hasarın əvvəlki vəziyyətə gətirilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə iddia rədd olunmalıdır.

19. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, cavabdehin inşa etdiyi tikililərin, o cümlədən daş hasarın iddiaçının qanunla qorunan hər hansı hüququnu, mənafeyini pozub-pozmadığını kifayət qədər yoxlamadan, həmin tikililərin saxlanılmasının iddiaçının həyatı və sağlamlığı üçün real təhlükə yaradıb-yaratmadığını aydınlaşdırmadan, ortaq divarın, hasarın hündürlüyünün 2 metr 20 santimetrdən çox olmamasını qanunun özünün də istisna etmədiyini və ümumiyyətlə “mişar daşından inşa edilmiş 15 metr uzunluğunda hasarın sökülməsi, cavabdehin ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılması və hasarın əvvəlki vəziyyətə gətirilməsi” barədə iddia qaldırmış iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını araşdırmadan, birinci instansiya məhkəməsinin bu hissələrdə gəldiyi səhv nəticə ilə razılaşmışdır.

21. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

22. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

24. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamadığını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

25. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli torpaq sahəsinə mülkiyyət, icarə və s. hüququnu təsdiq edən sübutlar təqdim etməli idi.

26. Lakin iş materiallarından göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 06 saylı bağ evi iddiaçının, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 07 “a” saylı bağ evi isə cavabdehin mülkiyyətindədir. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya məxsus bağ torpaq sahəsindən istifadə etmir, bağ sahələrinin hər birinin ayrıca giriş-çıxış qapısı vardır, iddiaçıya məxsus bağ evinin arxasında yerləşən 208.78 kv.metr torpaq sahəsindən faktiki olaraq uzun müddət cavabdeh istifadə edir.

27. Yeni apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2023-cü il tarixli, 10/1094 №li rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 7 a saylı bağ evi 6 saylı bağ evi ilə üst-üstə düşmür. Mübahisə predmeti olan 15 metr uzunluğunda daş hasar 7 a saylı bağ sahəsinin artıq olan 208,0 kv.m torpaq sahəsi ilə 6 saylı bağ evinin sərhəddidir. 6 saylı bağ evinin arxasında yerləşən 208,0 kv.m sahə cavabdehin mülkiyyətində olan 7 a saylı bağ sahəsinin artıq istifadə olunan torpaq sahəsidir (dövlət torpağı).

28. Göründüyü kimi, iddiaçının həmin torpaq sahəsi üzərində hər hansı hüququnun əmələ gəlməsi mülki iş materialları və ekspertin rəyi ilə müəyyən edilmir.

29. Bu baxımdan iddiaçı mübahisəli torpaq sahəsinə dair hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbini irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz.

30. Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

31. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi qismən - İddiaçı məxsus bağ evinin yan tərəfindən ona məxsus torpaq sahəsində Cavabdeh mişar daşından inşa etdiyi 15 metr uzunluğunda hasarın sökülməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılması və hasarın əvvəlki vəziyyətə gətirilməsi hissələrində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar