Məhkəmə qərarları › İş №2(103)-3290/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3290/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3290/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “təbii qazdan istifadəyə görə borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-1045/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh əməkdaşları tərəfindən iddiaçı barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən **********00000 nömrəli abonentin sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş və dəymiş ziyanın bərpasına dair tələbnamə ilə həmin akt üzrə 11880 kub metr qaz sərfiyyatı olduğu qeyd edilmişdir.

2. Abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə İddiaçı 2022-ci ilin yanvar ayının sonu üçün borcu 1.425.60 manat təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçının hesab koduna yazılmış 1.460,88 manat məbləğin hesab kodundan silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən 2022-ci ildə İddiaçı yaşadığı ünvan 1 ünvanda abonent kodu G4 markalı **********00000 olan qaz sayğacı quraşdırılmışdır. Bu akta qeyd olunan prosedurların zədələnmiş qaz sayğaclarındada eyni qyadada tətbiq olunduğu Cavabdeh əməkdaşları tərəfindən ona bildirilmədiyi və məlumatlandırılmadığı üçün vaxtında sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə müvafiq məhkəmə qərarını Cavabdeha təqdim etməyi mümkün olmamışdır. İddiaçı tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Çünki belə olacağı reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 № li Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2010-cu il tarixli 258 № li Fərmanı ilə SOKAR-ın Nizamnaməsinə edilmiş dəyişiklikərə görə, istehsalın səmərəliyinin yüksəldilməsi, enerjiyə və material ehtiyyatlarına qənaət siyasətinin həyata keçirilməsi, sahə üzrə texnoloji itki və digər normaların işlənib hazırlanması və vaxtaşırı təkmilləşdirilməsi SOCAR-ın fəaliyyət növü kimi müəyyən edilsə də, cərimələrin tətbiq edilməsi barədə qeyd göstərilməmişdir. “İstehlakçılarının Hüquqlarının Müdafiəsi Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 № li qərarında “Qazdan istifadə” Qaydalarının alqı-satqı müqaviləsinin 3.1-ci və 3.2-ci bəndlərinin tələblərinə əsasən yaranmış mübahisə münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq məhkəməyə müraciət edə bilmələri qeyd olunmuşdur. Göründüyü kimi, Qanunvericilikdə fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır və həmçinin qaz sayğacının dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılmasının qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən qaz sayğacına, küçədəki qaz kəmərinə müdaxilə olunmasına dair cavabdehin heç bir sübutu yoxdur. İddiaçıya məxsus fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunması faktı da cavabdeh tərəfindən sübut edilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 1045/2024 nömrəli qətnaməsi ilə (hakim N.A.Cəfərli) iddia qismən təmin edilmiş, cavabdeh Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən **********00000 saylı abonentə qanunsuz olaraq hesablanmış 1.425,60 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında yazılmış cərimənin silinməsinə münasibət bildirərək qeyd etmişdir ki, qeyd edilən aktda iddiaçının imzasının olmaması, akta əlavə edilmiş fotoşəkillərin çəkilmə tarixlərinin görünməməsi, fotoşəkilin hansı sayğacla və hansı ünvanla bağlı çəkilməməsi, aktın tərtib edildiyi ayda iddiaçının sərfiyyatının olması aktın möhtəbərliyinə şübhə yaratdığından xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən iddiaçıya yazılmış cərimə silinməlidir. Lakin iddiaçı sözügedən aktla ona 1.460,88 manat cərimə yazıldığını bildirsə də, mülki işin materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, sözügedən aktla iddiaçıya 1.452,60 manat borc hesablandığından, iddia tələbi qismən – 1.452,60 manat olan hissədə təmin edilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş qanunsuz istifadə edilmiş təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək qismən əsassız qətnamə qəbul etmişdir. İddiaçının yaşadığı ünvanda təbii qazdan qeyri-qanuni birləşmə vasitəsilə istifadə halı aşkar edilən zaman çəkilmiş fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Həmin fotoşəkillərdə qaz xəttinə qanunsuz qoşulma olması aydın görsənir. Eyni zamanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın bir nüsxəsi istehlakçıya (nümayəndəsinə) təqdim edilmişdir və istehlakçının həmin aktı imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Məhkəmə yalnız iddiaçının dediklərinə istinad etməklə qətnaməsində qeyd etmişdir ki, iddiaçının təbii qazdan qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməsi təsdiq olunmur. Halbuki, qanunvericiliyin tələblərinə, eyni zamanda da bu cür iddialar üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən sübutlar arasında ziddiyyət olduqda və ya məhkəmə təqdim edilmiş sübutlarla bağlı şübhələri aradan qaldırmaq üçün ekspertiza təyin etməli idi. Lakin birinci instansiya məhkəməsi iş üzrə məhkəmə trasoloji ekspertizası təyin etməmiş və bununla da qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qanunsuz istifadə edilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, bilinməyən bir yerin fotoşəklini çəkiblər. O vaxtı onun sayğacı işləmirdi. Sayğacın klapanında bağlanma olub. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etmişdir. Ona sayğacı dəyişəcəklərini bildiriblər. Evin ünvanı Məmmədyarov küçəsi 2-dir. Lakin həyətyanı sahə böyük olduğu üçün qapının biri Vidadi küçəsi 2 ünvanına düşür. Vidadi küçəsi 2-də isə üç qonşu var. Qonşuda kənar xətt var idi və cavabdehin nümayəndəsi tərəfindən mütəmadi həmin kənar xəttin fotoşəkilləri çəkilirdi. Sayğaclar yan-yana olduğu üçün cəriməni iddiaçıya yazıblar. Cavabdehin nümayəndələrinə kənar xəttin olmadığını bildirdikdə, onlar səhv etdiklərini, səhvlərini düzəldəcəklərini bildirdilər. Bu səbəblə 3-4 ay qazdan istifadə edə bilməmişdir və məhkəməyə müraciət etmişdir. Sayğacı dəyişərək smartkart tipli sayğac qoyumşlar və ona borcun etirafı ilə bağlı ərizəyə qol çəkməli olduğunu bildirsələr də, imtina etmişdir. 2022-ci ildə orada heçkim yaşamayıb, evlərdə təmir işləri görülüb, ona görə ümumiyyətlə ödəniş olunmayıb.

12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 21. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. İşdən görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılan sayğaca baxış keçirilən zaman Cavabdeh əməkdaşları tərəfindən sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə edilməsi müəyyən edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş, akta əsasən 1.425,60 manat məbləğində borc hesablanaraq tələb edilmişdir.

21. Kollegiya həmin akta münasibətdə qeyd edir ki, aktın tərtib edilməsində iddiaçı iştirak etməmiş, ona aktın bir nüsxəsinin təqdim edilməsi cavabdeh tərəfindən rəsmi qaydada həyata keçirilməmiş, akta elavə edilmiş fotoşəkillərdən isə qaz xəttinə qeyriqanuni qoşulmanın iddiaçı tərəfindən onun ünvanında həyata keçirildiyini müəyyən etmək mümkün deyil.

22. Həmçinin, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, onun nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, hər hansı ekspertizanın keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir.

23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

24. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 1045/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar