Məhkəmə qərarları › İş №2(103)-3293/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3293/2022

06.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3293/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mərdanova Xumar Afət qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh QSC-nin nümayəndəsi X1 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-132/2022 saylı, 04.02.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh QSC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh QSC X5 Donanması cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC X5 Donanmasının 29.07.2021-ci il tarixli 294 saylı Əmrinin ləğv edilməsi və İddiaçı “ATLET-2” gəmisinin kapitanı vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-132/2022 saylı, 04.02.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi əsl olmayan tərəfə qarşı irəli sürüldüyündən təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, rayon məhkəməsi iddia tələbini əsl olmayan tərəfə irəli sürülməsi əsası ilə təmin etməmişdir. Bununla bağlı isə iddiaçı qeyd edir ki, iddia ərizəsi X5 Donanmasının VÖEN-i olmadığından onu cavabdeh qismində daxil edə bilməmiş, buna görə də cavabdeh kimi Cavabdeh QSC-ini daxil etmişdir. Əks halda, bu iddiaçının məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilərdi. Həmçinin əmək müqaviləsinin qeydiyyatı üzrə elektron bildirişdə “işəgötürən” olaraq Cavabdeh QSC qeyd edilmişdir. Bunları nəzərə alaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərdi ki, X5 Donanmasının VÖEN-i olmadığından onu cavabdeh qismində daxil edə bilməmiş, buna görə də cavabdeh kimi Cavabdeh QSC-ini daxil etmişdir, həmçinin X5 Donanması hüquqi şəxs olmadığından onun elektron sistemdə cavabdeh kimi qeyd edə bilməmiş, buna görə iddia tələbini Cavabdeh QSC-yə qarşı vermişdir. Həmçinin əmək müqaviləsinin qeydiyyatı üzrə elektron bildirişdə “işəgötürən” olaraq Cavabdeh QSC qeyd edilmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegyasının iclasında cavabdehin nümayəndəsi F.Mirzəzadə apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, şikayət əsassızdır, belə ki, tələb əsl olmayan tərəfə qarşı irəli sürülmüşdür. X5 Donanmasının əsasnaməsində də qeyd olunmuşdur ki, gəmi kapitanları, ümumiyyətlə gəmi heyyəti, kapitanın köməkçisi, baş mexanik X5 Donanması tərəfindən vəzifəyə təyin olunurlar, vəzifədən azad edilirlər, barələrində intizam tənbehi tətbiq edilir. Eyni zamanda, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi iddia ərizəsi verilərkən X5 Donanmasının VÖEN-i olmadığından onu cavabdeh qismində daxil edə bilməməsi, buna görə də cavabdeh kimi Cavabdeh QSC-ini daxil etməsi barədə bildirdi ki, əsl olan cavabdeh barədə məsələ rayon məhkəməsində müzakirə olunsa da, MPM-in 54cü maddəsinə əsasən, iddiaçının cavabdehi əsl cavabdehlə əvəz etmək barədə yazılı razılıq vermək imkanı olsa da, o bunu etməmiş, həmçinin MPM-in 51-ci maddəsinə əsasən X5 Donanmasının başqa cavabeh kimi işə cəlb edilməsi barədə prosessual hüququndan da peşəkar vəkillə təmin olunmasına baxmayaraq istifadə etməmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 14.02.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, işəgötürən X5 Donanması İddiaçı kapitan vəzifəsinə işə qəbul etmişdir. Cavabdeh QSC-nin 13 yanvar 2014-cü il tarixli Nizamnaməsinin 7.1.8-ci bəndindən görünür ki, Cəmiyyətin sədri cəmiyyətin aparatının struktur bölmələrini müəyyən edir və onların əsasnamələrini və ştat cədvəlini təsdiq edir, müəyyən olunmuş qaydada aparatın işçilərini, habelə Cəmiyyətin törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərin rəhbərlərini, onların müavinlərini, baş mühasiblərini və digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edir. X5 Donanmasının Əsasnaməsinin 5.6-cı bəndinə əsasən Donanmanın rəisi vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi "xxxx" QSC tərəfindən həyata keçirilən işçilər istisna olmaqla, əmək qanunvericiliyinə və Cəmiyyətin daxili prosedurlarına uyğun olaraq əmək müqavilələri bağlayır və onlar barəsində qanunvericiliklə müəyyən olunmuş hədlərdə həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsini təmin edir. X5 Donanmasının 29 iyul 2021-ci il tarixli 294 saylı əmrdən görünür ki, “ATLET-2” gəmisinin kapitanı İddiaçı kapitanın 2-ci köməkçisi vəzifəsinə keçirilmiş və hesabata uyğun gəmiyə dəymiş ziyanın bir hissəsi, yəni 5000 manat İddiaçı ərizəsi əsasında Donanmanin xeyrinə tutulması qərara alınmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 14.02.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, müqavilə işəgötürən X5 Donanması ilə İddiaçı arasında bağlanmışdır. Cavabdeh QSC-nin 13 yanvar 2014-cü il tarixli Nizamnaməsinin 7.1.8-ci bəndindən görünür ki, Cəmiyyətin sədri cəmiyyətin aparatının struktur bölmələrini müəyyən edir və onların əsasnamələrini və ştat cədvəlini təsdiq edir, müəyyən olunmuş qaydada aparatın işçilərini, habelə Cəmiyyətin törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərin rəhbərlərini, onların müavinlərini, baş mühasiblərini və digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edir. X5 Donanmasının Əsasnaməsinin 5.6-cı bəndinə əsasən Donanmanın rəisi vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi "xxxx" QSC tərəfindən həyata keçirilən işçilər istisna olmaqla, əmək qanunvericiliyinə və Cəmiyyətin daxili prosedurlarına uyğun olaraq əmək müqavilələri bağlayır və onlar barəsində qanunvericiliklə müəyyən olunmuş hədlərdə həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsini təmin edir. Göründüyü kimi, hazırkı tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) Cavabdeh QSC deyil, X2malıdır. Buna baxmarayaq, hazırkı halda iddiaçı tələbə cavab verməli olmayan şəxsə qarşı, başqa sözlə əsil olmayan cavabdehə- Cavabdeh QSC-yə qarşı tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Bütün yuxarıda sadalanlara əsasən, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin Məhkəmə kollegiyasının iclasında əsl olmayan tərəfin əsl olan tərəflə əvəz olunması barədə məsələnin rayon məhkəməsində müzakirə olunması, MPM-in 54-cü maddəsinə əsasən, iddiaçının cavabdehi əsl cavabdehlə əvəz etmək imkanı olsa da, bunu etməməsi, həmçinin MPM-in 51-ci maddəsinə əsasən X5 Donanmasının başqa cavabeh kimi işə cəlb edilməsi barədə prosessual hüququndan da (iddiaçı peşəkar vəkillə təmsil olunmasına baxmayaraq) istifadə etməməsi barədə bildirdiklərini də nəzərə alır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin X5 Donanmasının hüquqi şəxs olmaması barədə dəilinə münasibətdə bildirir ki, MPM-in 50.4-cü maddəsinə əsasən, qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatların da tərəf ola bilməsi təsbit olunmuşdur. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə: Göstərilənlərə əsasən, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansiya məhkəməsinin qətnaməsi isə qanuni və əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-132/2022 saylı, 04.02.2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xumar Mərdanova Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar