Məhkəmə qərarları › İş №2(103)-3295/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3295/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3295/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), İoğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-771/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə X3 xx.xx.1980-cı il tarixdə nikaha daxil olmuşlar, X3 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir.

2. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, istehlakçı X1 yaşadığı ünvanda quraşdırılmış sayğac çıxarılmışdır. Sayğacın çıxarılma səbəbi kimi dəyəri ödənilməmiş qaz həcmi, digər qeydlər hissəsində sayğacın çıxış boyun hissəsinin qaynaqla işlənməsi qeyd edilmişdir.

3. Qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X1 ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın klapanının işlək olmadığı, sayğacın çıxış yivli birləşməsinin ətrafında qaynaq şlakının olduğu, sayğacın çıxış plastmas borusunun əridiyi, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya və element plomblarının rənginin fərqli olduğu aşkar edilmişdir.

4. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X1 ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar təbii qazdan 15 mm rezin boru ilə istifadə etməsi aşkar edilmişdir.

5. Abonentin saldosuna əsasən X1 yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1.706,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 405 manat məbləğində borc hesablanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (kod **********00000) hesab koduna əsassız hesablanmış 2.541,09 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanının qaz xətti üzərinə G-4 markalı 1702AZ**********16 zavod nömrəli qaz sayğacı quraşdırılmış və mərhum həyat yoldaşı X1 adına **********00000 saylı abonent kodu verilmişdir. Həyat yoldaşı X3 05 may 2009-cu il tarixdə vəfat etmişdir. Hal-hazırda qeyd olunan fərdi yaşayış evində o yaşayır. Bununla bağlı Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli 4654 saylı arayış verilmişdir. xx.xx.2018-cü il tarixdə Cavabdeh nümayəndələri tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qaz xəttinin üzərində olan G-4 markalı 1102AQ**********9 saylı sayğaca baxış keçirilmişdir. Baxış zamanı sayğacın klapanının işlək olmaması, sayğacın plastmas borusunun əriməsi barədə ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 1706.40 (min yeddi yüz altı manat qırx qəpik) manat dəymiş ziyan hesablanmışdır. Hesab edir ki, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt və 1706.40 manat dəymiş ziyan qanunsuz və əsassızdır. Belə ki, akt tərtib olan zaman onlara məlumat verilməmiş, həyat yoldaşı 05 may 2009-cu il tarixdə vəfat etməsinə baxmayaraq, cavabdeh tərəfindən akt tərtib olunarkən onun adı yazılmış və aktı iki nəfər imzalamışdır. Eyni zamanda, iddia müddəti 3 il olduğu halda cavabdeh iddia müddətini bitirmişdir. Bu faktla bağlı məhkəməyə müraciət olunmamışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirilmiş, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 405 manat dəymiş ziyan hesablanmışdır. Ümumilikdə, cavabdeh tərəfindən hesab koduna 2.541,09 manat dəymiş ziyan hesablanmışdır.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvana dair xx.xx.2018-ci il tarixdə sayğaca müdaxilə olunması ilə bağlı ******* saylı, xx.xx.2018-ci il tarixdə isə sayğacdan kənar qanunsuz qoşulma ilə bağlı ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş, xx.xx.2018-ci il tarixli akta əsasən 1.706,40 manat, xx.xx.2018-ci il tarixli akta əsasən isə 405 manat, cəmi 2.111,40 manat dəymiş ziyan məbləği hesablanmışdır. İddiaçının silinməsini tələb etdiyi 2.541,09 manatın qalan 429,69 manat hissəsi isə istehlakçı tərəfindən əvvəlki dövrlərdə sayğac vasitəsi ilə istifadə edilmiş təbii qazın dəyəridir. Qeyd olunanlardan məlum olur ki, iddiaçının iddia tələbi əsassızdır, ümumiyyətlə, iddiaçının mübahisələndirdiyi aktlar üzrə cəmi 2.111,40 manat dəymiş ziyan məbləği hesablanmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edilmişdir.

9. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 771/2025 nömrəli qətnaməsi ilə (hakim Ş.Ş.Qədirova) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən X1 **********00000 saylı abunə koduna xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1.706,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 405 manat olmaqla, cəmi hesablanmış 2.111,40 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdehndən 41,11 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində istehlakçının təqsiri müəyyən edilmədiyindən, akt tərtib olunan zaman istehkaçı artıq vəfat etdiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən X1 abunə koduna xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1.706,40 manat borcun silinməsi hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir.

11. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisədə istehlakçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, istehlakçı X1 təbii qazdan qeyri-qanuni istifadə etməsi ilə bağlı xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilsə də, cavabdeh həmin akt əsasında hesablanmış borcun istehlakçının hüquqazidd hərəkətləri nəticəsində yaranmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa, akt tərtib edilən zaman istehlakçı X3 vəfat etmiş, məhkəmə iclasında iddiaçı hazırda mərhum həyat yoldaşının yaşadığı evdə yaşadığını, müqavilənin adına keçirilməsi üçün cavabdeh tərəfindən borcun ödənilməsinin tələb edildiyini bildirmişdir.

12. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi X1 abonent koduna xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1706.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 405 manat olmaqla, cəmi hesablanmış 2111.40 manat məbləğində borcun silinməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir.

13. Bununla yanaşı, məhkəmə iddia tələbini 429.69 (2.541,09 – 2.111,40) məbləğində borcun silinməsi hissəsində əsassız hesab etmişdir. Belə ki, iş materiallarından və abonent saldosundan görünür ki, 429.69 manat borc istehlakçının təbii qazdan istifadə etməsi nəticəsində yaranmış debitor borcdur və həmin borc cavabdehə ödənilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 560.2, 560.3.5.2-ci maddələrinə, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 1.1, 1.3, 1.4, 3.4.1, 4.2, 4.6 - 4.9, 5.2, 6.5 - 6.7-ci bəndlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci və 9.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 124.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyi qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçıya məxsus ünvanda sayğaca müdaxilə, həmçinin də qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Tərtib edilmiş həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə Cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək qismən əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi.

19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.

28. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində istehlakçının təqsiri müəyyən edilmədiyindən, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən X1 abunə koduna xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1.706,40 manat borcun silinməsi hissəsində iddia əsaslı deyil.

29. Məhkəmə kollegiyası cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı aktla bağlı hesab edir ki, cavabdeh iddiaçı tərəfindən təbii qazdan qeyriqanuni istifadə edilməsi barədə məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz.

31. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-771/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar