Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3296/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti mübahisə predmenti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(008)-5150/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) əməliyyatçı vəzifəsinə işə qəbul olmuşdur. Əmək və icra intizamının pozulması əsası ilə cavabdeh tərəfindən iddiaçı barədə xx.xx.2024-cü il (iş yerini icazəsiz tərk etmə), xx.xx.2024-cü il (iş yerini icazəsiz tərk etmə), xx.xx.2024-cü il (işdən azad olunmuş və ofisə daxil olması qadağa edilmiş əməkdaşı ofisə dəvət edərək, onunla söhbətlərin aparılması) və xx.xx.2024-cü il (verilmiş tapşırıqların icrasını yerinə yetirməmiş) tarixlərdə akt tərtib edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə işdən həmin tarixdən azad edilməsi ilə bağlı cavabdeh müəssisəyə ərizə ünvanlamışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli, 20/06 nömrəli əmri ilə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” və “f” bəndlərinə əsasən pozuntulara yol verməsi əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti mübahisə predmenti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli, 20/06 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilərək, onun həmin vəzifəyə işə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən əvvəlki vəzifəyə işə bərpa ediləcəyi müddətə kimi məcburi işburaxma müddəti üçün əmək haqqının və son haqq hesabın ödənilməsi, hüquqi yardıma görə vəkilə ödənilmiş 2.020 manat pulun, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatına ödənilmiş 50 manat mediasiya haqqının, 10 manat kargüzarlıq xərcinin, cəmi 2.080 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək, belə əsaslandırmışdır ki, Cavabdeh MMC-nin satış şöbəsinin direktoru X8 xx.xx.2024-cü il tarixdə əməkdaşlıq etdiyi klinikalardan birinə satış məqsədi ilə məhsullar aparmağa hazırlaşırdı. Müştəri məhsulların toplam qiymətinin çox olduğunu və 2 ayrı hesab faktura (qaimə) şəklində təqdim edilməsini təklif etdikdə isə Ü.M.Ağayeva hesab-fakturada (qaimə) düzəliş etmək üçün işdə qalmışdır. Bu zaman Cavabdeh MMC-nin direktoru X7 Ü.M.Ağayevaya niyə hələ də işdə olduğu barədə irad bildirmiş və onlar arasında mübahisə yaranmışdır. Ü.M.Ağayeva isə mübahisə nəticəsində R.E.Abdullayevaya işdən çıxmaq istəyini bildirmiş və üst geyimi və çantasını götürərək iş yerini tərk etmişdir. R.E.Abdullayevanın otağında olan yüksək səsli, nalayiq və təhqiramiz sözlər istifadə edilən mübahisəni eşidən işçilər 2-ci mərtəbəyə direktorun iş otağa yaxınlaşanda isə R.E.Abdullayeva daha da əsəbləşib qışqıraraq hamını qovmuşdur. R.E.Abdullayeva otağına yaxınlaşan işçilər arasında olan onunla da kobud rəftar edərək niyə iş yerində olmadığını soruşmuşdur. Bu mübahisə nəticəsində onun da qanunsuz və əsassız şəkildə əmək müqaviləsinə xitam verilmişdir. X8 tərəfindən hüquqlarının müdafiəsi məqsədi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi verilmişdir. xx.xx.2024-cü il tarixindən sonra o, iş yerinə getməmişdir. Buna baxmayaraq onun əmək müqaviləsinə xitam verilməmiş, əmək haqqı ödənilməmişdir. R.E.Abdullayeva tərəfindən bir neçə dəfə ona işçilər vasitəsi ilə “əskik mallar və pul” barədə məlumat göndərilmişdir. Lakin o, kassir, mühasib və ya anbardar vəzifəsində işləmədiyindən bu iddialar əsassızdır. İşdən azad olunarkən ondan heç bir izahat alınmamış, əsas göstərilməmiş və “Əmək müqaviləsinə xitam verilməsi” barədə əmrlə tanış olmamış və ona əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır.
4. Cavabdeh MMC xüsusi qərardadın çıxarılması ilə bağlı vəsatət verərək bildirmişdir ki, iddiaçının əməlləri vəzifə səlahiyyətlərindən sui-istifadə kimi qiymələndirilməlidir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 5150/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-nin “işdən azad olunma barədə” xx.xx.2024-cü il tarixli, 20/06 saylı əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də əməliyyatçı vəzifəsinə bərpa edilməsi və Cavabdeh MMC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, 50 manat mediyasiya xərcinin, 10 manat kargüzarlıq xərcinin və 500 manat vəkil xərcinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim X9).
6. Məhkəmə iddia tələbini qismən təmin edərkən qeyd etmişdir ki, cavabdeh iddiaçının işdən azad edilməsi barədə əmrdə Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” və “c” bəndlərinə istinad etmiş və əsas kimi xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli aktlarda göstərilən halların olduğunu bildirmişdir. Lakin Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 20/06 nömrəli əmrindən görünür ki, cavabdeh təşkilat iddiaçı ilə arasında bağlanmış əmək müqaviləsinə iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol vermiş olduğu əsası ilə xitam verildiyini qeyd etsə də, bu əmrin verilməsinə əsas kimi təqdim edilən aktların heç birisində iddiaçının cavabdehə maddi ziyan vurulması ilə bağlı təqsirli hərəkətləri və ya iş yerində hər hansı bir cinayət və ya inzibati xəta törətməsinə səbəb olacak hal kimi qiymətləndirilə biləcək hərəkətlər göstərilməmişdir. Bundan başqa ilk aktdan görünür ki, aktın xx.xx.2024-cü il tarixdə tərtib edildiyi qeyd edilmiş, lakin iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır, yəni sözügedən akt xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin ləğvi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən xx.xx.2024-cü il tarixi Azərbaycan Respublikası ərazində Prezident seçkiləri ilə bağlı qeyri-iş günü olduğundan həmin gün cavabdeh təşkilatın tərtib etmiş olduğu akt mötəbər sübut hesab edilə bilməz.
7. Nəticədə məhkəmə iddiaçının iddiasını əsaslı hesab etmiş və iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğunun mülki işin materialları ilə tam təsdiq olunduğunu vurğulamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmamış, yəni, işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halları olmadığından və buna dair hər hansı möhtəbər sübut məhkəməyə təqdim olunmadığından iddia təmin edilməli, Cavabdeh MMC-nin “işdən azad olunma barədə” xx.xx.2024-cü il tarixli, 20/06 saylı əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də əməliyyatçı vəzifəsinə bərpa edilməli və Cavabdeh MMC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
8. Bundan əlavə məhkəmə hesab etmişdir ki, hüquqi yardım üçün vəkilə ödənilmiş pulun 500 manat hissəsi Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
9. Məhkəmə cavabdehin xüsusi qərardadın çıxarılmasına dair vəsatətinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının əməlində hazırda hər hansı bir cinayət tərkibinin ələmətləri olduğu sübuta yetirilə bilmədiyindən vəsatət təmin edilə bilməz.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci, 71-ci, 72-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 121.1-ci, 218-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
11. Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsi, qalan hissələrdə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı digər əməkdaş X6 xx.xx.2024-cü il tarixdə əməkdaşlıq etdiyi klinikalardan birinə satış məqsədi ilə məhsullar aparmağa hazırlaşdığını özü ərzəsində geniş şərh edir. Müştərinin məhsulların toplam qiymətinin çox olduğunu və 2 ayrı hesab-faktura (qaimə) şəklində təqdim edilməsini təklif etdikdə isə iddiaçı hesab-fakturada (qaimə) düzəliş etmək üçün işdə qaldığını göstərmişdir. Cavabdeh MMC-nin direktoru X2 Nərmin Ramiz qızının gördüyü işin müəssisənin cari fəaliyyətə aid olmadığını, iş vaxtında işdən kənar fəaliyyətlə məşğul olduğu göstərmişdir. Müəssisənin rəhbəri əməkdaşa niyə iş vaxtında işdən kənar işlə məşğul olması barədə irad bildirimişdir. Müəssisə rəhbərinin rəhbərlik etdiyi qurumun əməkdaşının iş vaxtında hansı işlə məşğul olduğu və, və ya olacağı barədə soruşması tam qanuni və əsaslıdır. Bu halda rəhbər və əməkdaş arasında disskusiya yaranmışdır ki bunu digər əməkdaşların da təsdiqləyə və araşdırıla biləcəyi halda məhkəmə tərəfindən bu tədqiq edilməmişdir. Rəhbərin hər hansı işçinin gündəlik fəaliyyəti, iş planı ilə maraqlanmaqı vacibdir. Diskusiya yaranan xx.xx.2024-cü il tarixdən sonra iddiaçı heç bir üzürlü səbəb olmadan iş yerinə getməmişdir, əmək funksiyalarını pozmuşdur. Müəssisə tərəfindən İddiaçı işə etinasiz münasibətinə baxmayaraq, onun əmək müqaviləsinə xitam verilməmişdir. Onun etdiyi hərəkətə bir izahat verəcəyi gözlənilmişdir. Lakin o buna baxmayaraq, işə gəlməmişdir. Ərizədə onun əmək haqqının ödənilməməsi göstərilmişdir ki, işçinin işə gəlmədiyi halda hansı əmək haqqından söhbət getdiyi müəyyən deyil. İddiaçı işlədiyi sahədə maliyyə çatışmamazlıqları, sənədlərdə saxtalaşma, anbarda malların əskik olması barədə məlumatlandırılmışdır. X3 ilə birgə İddiaçı da çatışmayan məbləğin onlar tərəfindən qaytarılmalı olduğunu digər əməkdaş dəfələrlə bildirmişdir. Bu müəssisənin əməkdaşları tərəfindən də təsdiq edilə bilər. İddiaçı çatışmamazlıqlardan qəpiyə kimi xəbərdardır. İddiaçı kassir, mühasib və ya anbardar vəzifəsində işləmədiyini bildirməsi bir sıra aşkar sübutların araşdırılmamasına əsas vermir. İş materiallarında dəfələrlə verilmiş xəbərdarlıqlar, əmək və icra intizamının pozulmasına dair aktlar və edilmiş xəbərdarlıqları imzalamaqda imtina edilməsi barədə qeydlər mövcuddur. Mallar digər əməkdaş X6 qardaşı tərəfindən daşınmışdır. Məsələ ondadır ki, mallar anbardan say üzrə düz çıxmış və mənzil başına çatdırılmış olsa belə malların dəyəri əməkdaş İddiaçı əlbir olduğu Ağayeva Ülviyyə kart hesabına daxil olmuşdur. Digər bir halda isə malların dəyəri azaldılmış, mallara qiymətini azaldaraq əslində malların faktiki dəyərini təqdim edilmiş müəssisədən almışdır. Hazırki işin hallarından görünür ki, işçi (yəni iddiaçı) nəinki bir dəfə, bir neçə dəfə üzürsüz olaraq yuxarıda qeyd edilmiş və aktlarla rəsmiləşdirilmış halları təkrarlamış, bununla da ƏM-nin 71.2-ci maddəsində qeyd olunduğu kimi, həmin günlərdə qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normalahəngi pozulmuşdur və bu hallarda ƏM-nin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla onunla işəgötürən arasında əmək müqaviləsinin ləğv edilməsinə əsas vermişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında Cavabdeh MMC nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı tutduğu vəzifədən azad olunması barədə ərizə ilə onlara müraciət etmişdir. Lakin pozuntulara yol verməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Eyni zamanda, iddiaçı ilə son haqq-hesab aparılmamış, lakin cəmiyyət xx.xx.2024-cü il tarixinədək onunla son haqq-hesab aparmağa hazırdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
17. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 69-cu maddənin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur; 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 72-ci maddəsinin “f” bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir; 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilərək, iddianın həmin hissədə də rədd edilməsi xahiş olunduğundan, qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, “işə bərpanın və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasının təmin edilən” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir.
24. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən vurğulayır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-yə əməliyyatçı vəzifəsinə işə qəbul olmuşdur. Əmək və icra intizamının pozulması əsası ilə cavabdeh tərəfindən iddiaçı barədə xx.xx.2024-cü il (iş yerini icazəsiz tərk etmə), xx.xx.2024-cü il (iş yerini icazəsiz tərk etmə), xx.xx.2024-cü il (işdən azad olunmuş və ofisə daxil olması qadağa edilmiş əməkdaşı ofisə dəvət edərək, onunla söhbətlərin aparılması) və xx.xx.2024-cü il (verilmiş tapşırıqların icrasını yerinə yetirməmiş) tarixlərdə akt tərtib edilmişdir. İddiaçı xx.xx.2024cü il tarixdə işdən həmin tarixdən azad edilməsi ilə bağlı cavabdeh müəssisəyə ərizə ünvanlamışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli, 20/06 nömrəli əmri ilə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” və “f” bəndlərinə əsasən pozuntulara yol verməsi əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.
25. Hazırda iddiaçı işdən azad olunma barədə əmrin verilməsindən əvvəl ondan izahatın alınmadığını, əmrlə ümumiyyətlə tanış olmadığını və əmrdə göstərilən nöqsanlara tərəfindən yol verilmədiyini iddia edir və bu səbəbdən işdən çıxarma əmrinin ləğv edilməsini, onun işə bərpa edilməsini, məcburi işburaxma dövrü üçün əmək haqqının, mediasiya xəricinin və hüquqi yardıma görə ödənilmiş haqqın əvəzinin ödənilməsini tələb edir. Cavabdeh müəssisə isə iddiaçının tam qanuni əsasla işdən azad edildiyini bildirərək, bu tələblərin rədd edilməsini xahiş edir. Apellyasiya şikayəti də bu istiqamətdə əsaslandırılmışdır.
26. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsasını nəzərə alıb, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir. 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.
27. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yanaşı Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması da işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri kimi təsbit edilmiş, bu zaman əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilən hallar Məcəllənin 72-ci maddəsində dəqiq şəkildə müəyyən edilmişdir. Təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi də (72-ci maddənin “c” və “f” bəndi) bu hallara aid edilmişdir.
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh tərəf iddiaçının işdən azad edilməsinə səbəb olmuş hal kimi onun digər işçi Ü.M.Ağayeva ilə əlbir olaraq müəssisəyə maddi zərər vurduğunu, müəssisədaxili əmək intizamı qaydalarını pozduğunu bildirir, eyni zamanda, işlədiyi dövr ərzində əmək və icra intizamının pozulması əsası ilə onun barəsində xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə aktlar da tərtib edildiyini bildirir.
29. Məhkəmə kollegiyası xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktların mötəbər sübut kimi qəbul edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır və əlavə olaraq qeyd edir ki, cavabdeh müəssisə aktları ümumi cümlələrlə əsaslandırmış, bu hallarla bağlı işçinin izahatı alınmamışdır. Bundan başqa, iddiaçının xx.xx.2024-cü il tarixdən sonra iş yerinə getmədiyi (iddia ərizəsində qeyd edir və bildirir), cavabdehin də nəticə etibarı ilə bu halı qəbul etdiyi bir vəziyyətdə xx.xx.2024-cü il tarixli akt ümumiyyətlə əhəmiyyətsiz olur. Belə ki, iddiaçı həmin tarixdə ümumiyyətlə cəmiyyətin ofisində olmamışdır. Qeyd edilənlər öz növbəsində həmin aktların mötəbərliyini, o cümlədən real olaraq iddiaçıya izahat verilməsinin təklif edilməsini, onun isə bundan imtina etməsini istisna edir. Ümumiyyətlə bu aktlar barədə iddiaçının məlumatlı olması da öz təsdiqini tapmır.
30. Digər tərəfdən sonuncu aktın tərtib edilmə tarixi də nəzərə alınaraq cavabdeh müəssisə işçinin intizam tənbeh tədbiri kimi işdən azad edilməsi ilə bağlı əmri qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməklə vermişdir. Belə ki, iddiaçı tərəfindən pozuntuya yol verilmişdirsə də, bu hal cavabdehə məlum olan şəraitdə (iddiaçıya qalıq malların kəsirinin qaytarılmasının bildirildiyi qeyd edilir) xx.xx.2024-cü il tarixədək baş vermişdir. Buna baxmayaraq, əmr 2024-cü ilin may ayında verilmişdir. Bu da öz növbəsində 2024-cü ilin fevral ayında aşkar edilmiş nöqsanlarla bağlı iddiaçıya 2024-cü ilin may ayında intizam tənbehinin verilməsini istisna edir, verilmiş tənbehi isə qanunsuz hesab edilməsi üçün əsas yaradır. Bununla belə, bu baxımdan da əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilmişdir.
31. Məhkəmə kollegiyası mübahisələndirilən xx.xx.2024-cü il tarixli əmrin məzmununa istinadən qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə məhz əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (72-ci maddənin “c” bəndinə əsasən - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və 72-ci maddənin “f” bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) xitam verilmişdir.
32. Lakin həmin əmrdə iddiaçının hansı pozuntulara yol verdiyi və bu pozuntuların aşkar edilməsi proseduru qeyri-müəyyəndir. Bundan əlavə, əmrdə bu hallarla bağlı heç bir əsaslandırma da aparılmamışdır. Cavabdeh tərəf işə apellyasiya instansiya məhkəməsində baxılan zaman "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş audit rəyini təqdim etsə də, həmin rəy iddiaçının işdən azad edilməsi barədə əmrin verilmə tarixindən sonra tərtib edilmişdir. Başqa sözlə, iddiaçının işdən azad edilməsinə səbəb kimi göstərilən əsasla (müəssisəyə maddi zərərin vurması) bağlı sübutlar (əsaslı və ya əsassız, belə ki, həmin rəydən də iddiaçı tərəfindən müəssisəyə maddi zərərin vurulması müəyyən edilmir) əmrin verilməsindən 1 ilə yaxın müddət keçdikdən sonrakı dövrə aiddir.
33. Bununla belə, göstərilənlər halların mövcudluğu iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinin qanunsuz olduğuna dəlalət edir və bu əsasla iddiaçının işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsini şərtləndirir.
34. Məhkəmə kollegiyası iddianın “işə bərpa” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh müəssisəyə ərizə ilə müraciət edərək həmin tarixdən işdən azad edilməsini xahiş etmişdir. Lakin cavabdeh həmin ərizəni görsə də nəzərə almamışdır. Bu səbəbdən, xx.xx.2024-cü il tarixdə iddiaçı yenidən eyni məsələ ilə müəssisəyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı öz iradəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini tələb etmiş və bu tarixdən sonra onunla cavabdeh arasında əmək münasibətlərinin davam etdirilməsi üçün əsas qalmamışdır. Çünki Əmək Məcəlləsinin 4-1-ci maddəsində verilən tərifə əsasən əmək münasibətləri – işəgötürənlə qarşılıqlı razılıq prinsipi əsasında işçi tərəfindən əmək funksiyasının yerinə yetirilməsinə əsaslanan münasibətlərdir. Başqa sözlə, əmək münasibətləri müstəsna olaraq işçinin razılığına əsasən yaranır və davam etdirilir. Çünki əmək münasibətləri əmək azadlığı və əmək müqaviləsi azadlığı prinsiplərindən irəli gəlir. İşçi əmək münasibətlərini davam etdirmək istəmədiyi halda onunla əmək müqaviləsinə xitam verilməsini tələb etmək hüququna malikdir.
35. Eyni zamanda qeyd olunmalıdır ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər və bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Başqa sözlə, əmək müqaviləsini ləğv etmək barədə ərizənin qüvvədən düşməsi üçün iki hal nəzərdə tutulmuşdur: 1. işçinin ərizəsini geri götürməsi barədə işəgötürənə yeni ərizə verməsi; 2. ərizəni etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verməsi.
36. Hazırkı mülki iş üzrə iddiaçı ərizəsini geri götürməsinə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verməsinə istinad etmir, bu hal məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır. Əksinə, iddiaçının xx.xx.2024-cü il tarixdə bu məsələ ilə bağlı cavabdehə müraciət etdikdən sonra, xx.xx.2024-cü il tarixdə yenidən eyni məsələ ilə bağlı ona ərizə ünvanlaması birmənalı şəkildə onun işdən azad edilmə ilə bağlı təsəbbüsünün qüvvədə olduğunu və niyyətinin qəti olduğunu təsdiq edir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsini nəzərə alaraq, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsini qanuni və əsaslı hesab edir.
37. Məhkəmə kollegiyası məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasına münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixədək iddiaçı son haqq-hesab da ödənilməlidir. Belə ki, artıq müəyyən edildiyi kimi, iddiaçının xx.xx.2024-cü il tarixdən işə getməməsi işin mübahisə edilməyən halını təşkil edir. Bu da onu deməyə əsas verir ki, iddiaçı xx.xx.2024-cü il tarixdən cavabdeh müəssisədə heç bir əmək funksiyasını icra etməmiş və əmək fəaliyyəti ilə məşğul olmamışdır. Lakin məhkəmə kollegiyası cavabdehin işdən azad edilmə tarixinə, yəni xx.xx.2024-cü il tarixədək son haqq-hesabın verilməsinə etiraz etmədiyini (bu tarixədək tutula bilməz) nəzərə alıb, iddiaçıya son haqq-hesabın xx.xx.2024-cü il tarixədək ödənilməli olması qənaətinə gəlir.
38. Məhkəmə kollegiyası mediasiya və kargüzarlıq xərcinin, habelə hüquqi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, bu hallarla bağlı göstərilmiş xidmətin qarşılığında edilmiş ödənişləri əks etdirən qəbzlər iş materiallarına əlavə olunmuşdur. Məhkəmə kollegiyası da həmin məbləğlərin cavabdehdən iddiaçının xeyrinə tutulmaması üçün hər hansı əsas müəyyən etməmişdir.
39. Məhkəmə kollegiyası “iddiaçı barəsində xüsusi qərardadın çıxarılması” hissəsi ilə bağlı qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, xüsusi qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Eyni zamanda, məhkəmə kollegiyası hazırki iş üzrə xüsusi qərardadın çıxarılması üçün hər hansı əsas da müəyyən etməmişdir.
40. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “işə bərpanın və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasının təmin edilən” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməli, xx.xx.2024-cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya son haqqhesab ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 5150/2024 nömrəli qətnaməsi qismən, yəni “işə bərpanın və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasının təmin edilən” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilsin. xx.xx.2024-cü il tarixədək Cavabdeh MMC tərəfindən İddiaçı son haqq-hesab ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.