Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3298/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-659/2022 saylı 21 fevral 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldıraraq, onun və ailə üzvlərinin Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 1-ci massiv, 24 B ünvanda yerləşən yaşayış sahəsinə köçürülməsi, onun və ailə üzvləri Həsənova Gülər Həsən qızının, Məmmədova Nərmin Vüqar qızı və Məmmədov Əkrəm Vüqar oğlunun həmin evin 21.1 kv.m və 20.1 kv.m sahəsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə həmin evin 17.7 kv.m və 18.7 kv.m sahəsinə istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-659/2022 saylı 21 fevral 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-659/2022 saylı 04 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 659/2022 saylı 21 fevral 2022-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə görə mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Məhkəmə kollegiyası hesab edir ki, ailə münasibətlərinə aid olunan münasibətlərə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və ailə münasibətlərindən irəli gələn digər mübahisələr daxildir. Hazırki mübahisə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinin təsir dairəsinə düşən mübahisələr kateqoriyasına (ailə münasibətlərindən irəli gələn mübahisələr) aid edilə bilməz. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdehlər arasında qohumluq münasibəti (bacı-qardaş) olmuş olsa da, onlar ailə üzvləri deyil. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalı, məhkəmə tərəfindən yuxarıda qeyd edilənlər nəzərə alınaraq hazırki iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılmaqla qanuni və əsaslı qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-659/2022 saylı 21 fevral 2022-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-659/2022 saylı 21 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3298/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3298/2022
19.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver