Məhkəmə qərarları › İş №2(103)-3299/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3299/2021

28.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3299/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4297/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərinin 300 kv.m (3 sot) torpaq sahəsindən və onun tərkibində olan evdən qeyri-şərtsiz olaraq məcburi çıxarılmaları və mülkiyyət hüququnun həyata keçrilməsinə maneəçiliklərin törədilməsinin onlara qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4297/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, o, ünvan 1 ünvanında yerləşən, sahəsi 300 kv.m. (3 sot) olan torpaq sahəsini cavabdehə 9000 manat ödəyərək satın almış, lakin cavabdeh həmin torpaq sahəsini nun istifadəsinə verməkdən imtina edərək oraya faktiki sahiblik etməyə davam edir. Göstərilənlərə əsasən, rayon məhkəməsi qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh R.Sadıxzadə apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, həqiqətən də, o, iddiaçıya etibarnamə vermiş, lakin sonradan onu ləğv etdirmişdir, o, iddiaçıdan pul almayıb və torpaq sahəsinin ona satılması barədə hər hansı məlumatı yoxdur. Bu səbəbədən, şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 39 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh ona məxsus Abşeron rayon, S.Əliyev adına Damazlı Sovxozunda yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsinin 300 kv.m təyinatı üzrə istifadə etməyi, torpaq sahəsi üzərində tikilmiş tikililərin gələcəkdə tam özəlləşdirməyi, sənədləşdirmə işləri ilə əlaqədar onun adından ərizə verməyi və imza etməyi, müvafiq qərar və sərəncamları almağı və sair hərəkətləri etməyi İddiaçı 2069-cu il tarixədək etibar etmişdir. Abşeron rayon İcraiyyə Komitəsi qərarının çıxarışından görünür ki, Cavabdeh S.Əliyev adına Damazlıq sovzounda 0,06 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi hal-hazırda cavabdehin sahibliyindədir. İddiaçının mübahisəli torpaq sahəsinə iddia etməyə əsas verən yeganə sənədi ona Cavabdeh tərəfindən verilən etibarnamədir ki, həmin etibarnamə ilə cavabdeh ona məxsus Abşeron rayon, S.Əliyev adına Damazlı Sovxozunda yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsinin 300 kv.m təyinatı üzrə istifadə etməyi, torpaq sahəsi üzərində tikilmiş tikililərin gələcəkdə tam özəlləşdirməyi, sənədləşdirmə işləri ilə əlaqədar onun adından ərizə verməyi və imza etməyi, müvafiq qərar və sərəncamları almağı və sair hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh sözgedən etibarnaməni artıq ləğv etdirdiyini bildirmişdir. Belə olan halda məlum olur ki, iddiaçının iddia tələbinin və apellyasiya şikayətinin əsasını cavabdeh tərəfindən ona verilən etibarnamə təşkil edir ki, həmin etibarnamə yalnız təmsilçilik xarakteri daşıyır və iddiaçıya cavabdehin məcburi qaydada həmin torpaq sahəsindən çıxarılması tələbini irəli sürmək üçün zəruri olan mülkiyyət hüququnu vermir. Kollegiya qeyd edir ki, hazırkı haldan mübahisəli torpaq sahəsininə sahiblik hüququnu Cavabdeh həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı rədd etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4297/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar