Məhkəmə qərarları › İş №2(103)-3299/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3299/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3299/2025 08.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Gülhanə Cəfərova Coşqun qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Xudaverdiyeva (Şamilova) Pərvin İslam qızının, Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Xudaverdiyeva (Şamilova) Pərvin İslam qızına və Cavabdeh1 qarşı "pul" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 213/2025 saylı 14 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı cavabdehlər Xudaverdiyeva (Şamilova) Pərvin İslam qızına və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Xudaverdiyeva (Şamilova) Pərvin İslam qızından və Cavabdeh1 17.333 manat borcun tutulması üçün məhkəməyə müraciət etmiş, iddia tələbi qismən təmin edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Xudaverdiyeva (Şamilova) Pərvin İslam qızına və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Xudaverdiyeva (Şamilova) Pərvin İslam qızından və Cavabdeh1 17.333 manat əsas borcun və məhkəmə xərclərinin ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onunla cavabdehlər Xudaverdiyeva (Şamilova) Pərvin İslam qızı və Cavabdeh1 ilə arasında borc münasibətləri xx.xx.2023cü il tarixdən yaranmışdır. Cavabdehlər həmin tarixdə onun 5.000 manat kredit borcunu ödəmək qarşılığında müxtəlif banklardan 18.000 manat kredit götürərək onlara borc verməyini xahiş etmiş və bu borcu faiz və komissiya haqqları ilə birlikdə ödəyəcəklərini bildirmişlər. Cavabdehlərə etimad edərək 3 bankdan: Kapital Bankdan 9.800 manat, VTB Bankdan 5.000 manat, Yelo Bankdan 3.000 manat olmaqla cəmi 17.800 manat məbləğində kredit götürərək cavabdehlərə borc vermişdir. 22.632,77 manat ümumi borcdan 824 manat öz hesabına ödəmiş, 4.853 manat hissəsini cavabdehlər ödəmişdir. Cavabdehlərin onun ödədikləri ilə bərabər Kapital Banka 9.007,88 manat, VTB Banka 4.150 manat, Yelo Banka 2.465,53 manat borcu vardır. Cavabdehlər borcu ödəməkdən yayındıqlarına görə borcu tək ödəmək məcburiyyətində qalmış və bu hal onun maddi və mənəvi durumunu ağırlaşdırmışdır. Həmçinin, himayəsində 11 yaşlı uşaq vardır. xx.xx.2024-cü il tarixində Nərimanov rayon Polis bölməsinə müraciət etmiş, lakin ona məsələnin mülki xarakterdə olması və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehlər öz öhdəliklərini yerinə yetirmədiyindən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-213/2025 nömrəli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanova) iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı xeyrinə 4.000 manat məbləğində pul vəsaiti və 60 manat məbləğində dövlət rüsumu tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı cavabdehlərdən 17.333 manat borc məbləğini tələb etsə də, bu tələblə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Polisdən alınan materialdan görünür ki, Cavabdeh1 İddiaçı 4.000 manat borc almasını etiraf etmişdir. Lakin həmin borcu qaytarması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 4.000 manat məbləğində pul tutulmalı və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 60 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv olunmasını və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, banklardan götürdüyü pula mülkiyyət hüququnu cavabdehlərə geri qaytarmaq şərti ilə vermişdir. Lakin, cavabdehlər borcu ödəməyərək, onun mülkiyyət hüququnu pozmuşdurlar. Onun məhkəməyə təqdim etdiyi CD-lərdəki cavabdehlərlə olan səs və vatsap yazışmalarına məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Halbuki, bu səs və vatsap yazışmalarına hərtərəfli və tam baxılsaydı cavabdehlərin sözü gedən borc məbləğini aldıqları aydın olardı. Lakin, məhkəmə sözü gedən sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmişdir, müvafiq qərarında bu sübutlara heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə onun verdiyi şifahi vəsatətləri, şahidin çağırılıb dindirilməsi barədə vəsatətlərimi heç bir əsaslandırma gətirmədən təmin etməmişdir və bu hallara qətnamədə də münasibət bildirməmişdir. Odur ki, qətnamə qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafə edərək, təmin edilməsini xahiş etmişdir.

10. Cavabdeh Xudaverdiyeva (Şamilova) Pərvin İslam qızı və Cavabdeh1 vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

11. Cavabeh Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Əvvəlki redaksiyada 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107.1. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası işin hallarını araşdıraraq, sədrlik edənin məruzəsini dinləyib, tərəflərin izahatlarını nəzərə alaraq, apellyasiya şikayətində irəli sürülmüş dəlilləri qiymətləndirmiş və iş üzrə mövcud sübutları ətraflı təhlil etmişdir. Araşdırma nəticəsində kollegiya belə qənaətə gəlmişdir ki, apellyasiya şikayəti qismən əsaslı hesab edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul olunmaqla, iddia tələbi qismən təmin edilməlidir.

17. Belə ki, iş materiallarının ümumi təhlili nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərin təqsiri nəticəsində yaranmış 17.333 (on yeddi min üç yüz otuz üç) manat əsas borcun və məhkəmə xərclərinin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 4.000 (dörd min) manat borcun və 60 (altmış) manat dövlət rüsumunun iddiaçıya ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə isə rədd olunmuşdur. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə görə, iddiaçının tələb etdiyi ümumi borc məbləğini sübuta yetirən kifayət qədər hüquqi və etibarlı dəlillər təqdim olunmamış, yalnız Cavabdeh1 hüquq-mühafizə orqanlarına verdiyi izahatda 4.000 manat məbləğində borc aldığını bildirməsi etirafedici sübut kimi qəbul edilmişdir.

18. Halbuki, apellyasiya instansiyası məhkəməsinin apardığı hərtərəfli araşdırma göstərmişdir ki, birinci instansiya məhkəməsi iddianı digər hissədə rədd etməklə ədalətsiz mövqe nümayiş etdirmişdir. Belə ki, məhkəmə iş üzrə təqdim olunmuş sübutların təhlilini aparmaq əvəzinə, yalnız Cavabdeh1 hüquq-mühafizə orqanlarına verdiyi etirafedici izahatla kifayətlənmiş və borc münasibətinin digər iştirakçıları ilə, xüsusilə də cavabdeh Xudaverdiyeva (Şamilova) Pərvin İslam qızı və onun anası Məlahət Kazımova ilə əlaqəsini araşdırmaqdan yayınmışdır.

19. Bununla bağlı əvvəlcə qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində və apellyasiya baxışı zamanı təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədə cavabdehlərə ümumilikdə 17.800 (on yeddi min səkkiz yüz) manat məbləğində pul vəsaitini borc qismində verdiyini iddia etmiş, bu hal isə iş materiallarındakı sübutlarla öz təsdiqini tapmışdır. Bu sübutlar qismində isə xüsusilə CD daşıyıcılarında saxlanılan audioyazılar və “WhatsApp” yazışmaları çıxış edir.

20. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iş materiallarına əlavə edilmiş CD daşıyıcılardakı audioyazılar dinlənilmişdir. Həmçinin, həmin yazıların məzmunu transkripsiya edilərək xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə təqdim olunmuşdur. CD-lərdə əks olunan danışıqlar iddiaçı ilə cavabdehlər xüsusilə (Xudaverdiyeva (Şamilova) Pərvin) , eləcə də iş üzrə tərəf olmayan onların anası Məlahət Kazımova arasında borc münasibətlərinin mövcudluğunu açıq şəkildə təsdiq edir. Söhbətlərin məzmunundan görünür ki, sonuncular borcun mövcudluğunu inkar etməmiş, yalnız ödənişin müəyyən səbəblərdən gecikdiyini bildirmişlər ki, bu hal borc öhdəliyinin real mövcudluğunu bir daha sübut edir. Hətta yazılarda iddiaçının əvvəllər götürdüyü 5.000 AZN-lik kredit öhdəliyinin də onlar tərəfindən ödənildiyi öz əksini tapmışdır.

21. Bu yazıların isə mötəbərliyini şübhə altına alacaq heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası qeyd olunan səs yazılarını etibarlı və hüquqi nəticələr doğura biləcək sübut kimi qəbul edir.

22. Kollegiya sübutetmə vəzifəsinin bölgüsünə dair qanunvericiliyin tələblərinə istinad edərək bildirir ki, borc münasibətlərinə görə borcun verilməsini sübut etmək vəzifəsi borc verənin, borcun qaytarıldığını sübut etmək isə borc alanın üzərinə düşür. Hazırkı mübahisədə isə borcun verilməsini öz təsdiqini tapsa da, bunun əksi borc alanlar tərəfindən sübuta yetirilə bilməmişdir.

23. Mövcud borcun hesablanması ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı ümumilikdə 17.800 AZN pul vəsaitini borc olaraq verdiyini sübut etmişdir, eyni zamanda, o, xx.xx.2025-ci il tarixli ərizəsində həmin məbləğin əvvəlcə mövcud krediti bağlamaq yolu ilə 5.000 AZN sonradan isə mövcud borcu ödəmək yolu ilə 4.853 AZN olmaqla, ümumilikdə 9.853 AZN-nin ona qaytarıldığını da etiraf etmişdir. Bu halda, həmin ödənişi sübut etməyə cavabdehlərin ehtiyacı qalmamış, sübutetmə yükü altından çıxmışlar. Beləliklə, hazırda mübahisə 17.800 AZN-dən 9.853 AZN çıxıldıqdan sonra qalan 7.947 AZN məbləğində borcun qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Həmin məbləğin də 4000 AZN-ni artıq birinci istansiya məhkəməsi tərəfindən Cavabdeh1 tutulduğundan (məhz cavabdehin etirafı əsasında), bu məbləğ onun tərəfindən mübahisələndirilmədiyindən, habelə bu məbləğdən artıq hərhansı məbləğin iddiaçı tərəfindən ona verildiyi öz əksini tapmadığından hazırda mövcud mübahisəli borc 3.947 AZN məbləğindədir. (7.947- 4.000=3947)

24. Nəticə etibarilə, kollegiya hesab edir ki, bu məbləğin ödənilməsinə dair heç bir mötəbər sübut təqdim olunmadığından, bu hissədə də iddia təmin edilməlidir.

25. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, apellyasiya şikayəti qismən təmin olunmalı və 4.000 AZN məbləğinə əlavə olaraq 3.947 AZN məbləğində pul da borc münasibətinin iştirakçısı olan Xudaverdiyeva (Şamilova) Pərvindən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

26. Bu məqamda kollegiya izah edir ki, iddiaçı iddia ərizəsinin “xahiş edirəm:” hissəsində cavabdehlərdən 17.333 (on yeddi min üç yüz otuz üç) manat borcun və məhkəmə xərclərinin tutulmasını tələb etsə də, iş materiallarının, xüsusilə də iddia ərizəsinin ümumi məzmunu və apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş sonrakı ərizələrin təhlili göstərir ki, iddiaçının borc münasibətinə dair təqdim etdiyi faktiki və hüquqi əsaslar ümumilikdə 17.800 (on yeddi min səkkiz yüz) manat məbləğində vəsaitin cavabdehlərə verilməsi üzərində qurulmuşdur. Belə ki, iddiaçı izahatlarında dəfələrlə bildirmişdir ki, Kapital Bank, Yelo Bank və VTB Bank vasitəsilə ümumilikdə 17.800 manat məbləğində kredit vəsaiti əldə etmiş və bu vəsaiti bilavasitə cavabdehlərə borc qismində təqdim etmişdir. Bu fakt iddiaçının xx.xx.2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə göndərdiyi ərizədə də açıq şəkildə öz əksini tapmışdır.

27. Nəticə etibarilə, məhkəmə kollegiyası borc münasibətlərinin real həcmini və mübahisənin predmeti olan hüquqi münasibətlərin doğru qiymətləndirilməsini təmin etmək üçün hesablamalara faktiki borc məbləği olan 17.800 manat əsas götürməyi zəruri hesab etmişdir. Əks təqdirdə, edilmiş ödənişlərin çıxılması nəticəsində mövcud real borcun müəyyən edilməsi qeyri-mümkün olardı.

28. Eyni zamanda, kollegiya vurğulayır ki, mövcud real borcun hesablanmasına 17.800 AZN-dən başlanılsa da borcun cavabdehdən tutulması zamanı yalnız iddiaçının iddia ərizəsində göstərdiyi məbləğ olan 17.800 AZN-lik hədd nəzərə alnımışdır. Beləliklə, kollegiya iddia tələbindən kənara çıxmamaqla 17.800 manat pul tələbini qismən təmin etmiş və həmin məbləğin 3.947 manatının tutulmasını qərara almışdır.

29. Bununla yanaşı, iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, cavabdehlərin anası Kazımova Məlahət də borc münasibətlərində bilavasitə iştirak etmiş, faktiki olaraq borcun verilməsi və istifadə olunması prosesində onun da məsuliyyət daşıdığı öz təsdiqini tapmışdır. Bununla belə, iddiaçı Kazımova Məlahəti cavabdeh qismində məhkəmə icraatına cəlb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, yalnız məhkəmədə baxılmağa hazırlıq mərhələsi yekunlaşanadək, iddiaçının yazılı razılığı ilə əsl cavabdehin əvəz edilməsi mümkündür. Hazırkı iş üzrə məhkəmə baxışı artıq apellyasiya instansiyasında davam etdiyindən və Kazımova Məlahət işə cavabdeh qismində cəlb olunmadığından, bu mərhələdə onun prosesə tərəf kimi daxil edilməsi prosessual baxımdan mümkün olmamışdır.

30. Məhkəmə kollegiyası izah edir ki, hər iki cavabdehin borc münasibətlərində birbaşa iştirakı sübuta yetirildiyindən və bu münasibətlər çərçivəsində Cavabdeh1 öhdəliyinin yalnız 4 min manat təşkil etməsi öz təsdiqini tapdığından ( öz etirafı, iddiaçı əksini sübuta yetirə bilmir) cavabdeh yerdə qalan ödənilməmiş borc hissəsi çərçivəsində məsuliyyət daşıyır (tərəflər arasındakı yazışma bu cavabdehin kredit götürmək üçün banka getməyi və s.). Həmin hissədə hətta borcun digər şəxslərlə (anası) birlikdə istifadə olunduğu müəyyən edilsə belə, həmin şəxsin işə cavabdeh qismində cəlb edilmədiyi və MPM-in 54-cü maddəsinin tətbiqi üçün prosessual əsasların bu mərhələdə mövcud olmadığı şəraitdə, Cavabdeh2 məsuliyyətinin qiymətləndirilməsi iddiaçının irəli sürdüyü tələb çərçivəsində davam etdirilməlidir. Beləliklə, iş üzrə sübuta yetirilmiş borc məbləğinin cavabdeh Xudaverdiyeva (Şamilova) Pərvin İslam qızının öhdəliyində qalması əsaslı hesab edilmiş və bu səbəbdən iddianın təmin olunmayan hissəsində də məhz həmin cavabdehdən tutulmasına qərar verilmişdir.

31. Şikayətin əsassız dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, apellyator tərəfindən təqdim edilmiş dəlillər arasında iddiaçının şahid qismində təqdim etdiyi, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru Mehman Əhmədovun məhkəmə iclasında dindirilməsinin zəruriliyi ilə bağlı olan iddia kollegiya tərəfindən əsassız hesab edilir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması məqsədilə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə rəsmi sorğu ünvanlamış və bu sorğu əsasında daxil olmuş cavabda İddiaçıə Adil qızının şikayəti üzrə başlanmış bütün müvafiq materiallar, o cümlədən ərizələr, izahatlar və prosessual qərarlar məhkəməyə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi həmin materialları işə əlavə etmiş, onların tərkibini qiymətləndirmiş və nəticədə hüquqi mövqeyini formalaşdırmışdır. Qeyd edilənlər göstərir ki, şahid qismində təqdim olunmuş şəxsin dindirilməsi bu mərhələdə artıq yeni hüquqi nəticələrə səbəb olacaq mahiyyət daşımamış, təqdim olunmuş sənədlər isə işin halları üzrə mövcud informasiyanı kifayət qədər əhatə etmişdir. Bu səbəbdən də, apellyatorun sözügedən dəlili əsassızdır. 32.Həmçinin kollegiya bildirir ki, iddiaçı tələbində məhkəmə məsrəflərinin tutulmasını qeyd etsə də bununla bağlı əsaslı sübutlar təqdim etmədiyindən birinci istansiya məhkəməsinin bu hissədə mövqeyi haqlı olmuşdur.

33. Bununla yanaşı, məhkəmə kollegiyası banklardan götürülmüş əsas borc məbləğlərindən yaranan faiz və digər kommisiya məbləğlərinə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunmuş və apellyasiya icraatı zamanı təqdimatla təsdiqlənmiş materiallardan onun Kapital Bank, VTB Bank və Yelo Bankdan ümumilikdə 17.800 manat məbləğində kredit vəsaiti əldə etdiyi və bu vəsaiti birbaşa cavabdehlərə borc kimi verdiyi aydın olur. İddiaçının həmin kreditlər üzrə banklarla bağladığı müqavilələrdə nəzərdə tutulan faizlər və əlavə öhdəliklər isə bank-müştəri münasibətlərindən irəli gələn öhdəliklər olub və onların hüquqi nəticələri yalnız iddiaçı ilə müvafiq banklar arasında tətbiq olunur. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı mübahisə iddiaçının banklardan götürdüyü kreditlərin şərtləri üzrə deyil, həmin kredit vəsaitinin cavabdehlərə borc olaraq verilməsi və onun məbləğ və qaytarılma dərəcəsi üzrə qiymətləndirilməlidir. İddiaçı, bank kreditləri üzrə faiz və əlavə ödənişlərə dair öhdəliyi özü könüllü olaraq qəbul etmiş və bu borc münasibətinə cavabdehlərin birbaşa hüquqi məsuliyyəti mövcud olmamışdır. Belə olan halda, cavabdehlər yalnız onlara faktiki olaraq təqdim olunmuş 17.800 manatlıq borc məbləği çərçivəsində öhdəlik daşıyırlar, həmin məbləğdən artıq – yəni kredit müqavilələrinə uyğun faizlər və digər şərtlərə görə – hər hansı əlavə məsuliyyətə cəlb edilə bilməzlər.

34. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

36. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbini mübahisələndirilən hissədə qismən sübut edə bilmişdir.

37. Bunlarla yanaşı, məhkəmə kollegiyası izah edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində cavabdehdən tutulmalı olan 3947 manat müəyyən edilmişdir. MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Odur ki, cavabdeh Xudaverdiyeva (Şamilova) Pərvin İslam qızına münasibətdə qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az olduğu üçün o, qətnamədən kassasiya şikayəti verə bilməz.

38. Eyni zamanda, iddiaçının kassasiya şikayəti vermək hüququ isə saxlanılır. Belə ki, iddiaçı birinci instansiya məhkəməsinə ümumilikdə 17.333 manat məbləğində tələblə müraciət etmişdir. Birinci instansiya məhkəməsi həmin tələbin 4.000 manat hissəsini təmin etmiş, qalan hissədə isə iddianı rədd etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxaraq birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etmiş, əlavə olaraq 3.947 manat məbləğində tələbi təmin etmişdir. Beləliklə, iddiaçının ümumilikdə təmin edilmiş tələbi 7.947 manat təşkil etmişdir. Nəticə etibarilə, ilkin iddia məbləği olan 17.800 manatdan təmin edilmiş 7.947 manat çıxıldıqda, qalan 9.853 manat hissədə iddia rədd edilmiş sayılır və bu məbləğ mübahisələndirilə bilən hissəyə aiddir. Bu məbləğ isə beş min manatdan artıq olduğu üçün, həmin hissədə iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilər.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402 və 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-213/2025 saylı 14 yanvar 2025-ci il tarixli qətnaməsi qismən, ”cavabdeh Xudaverdiyeva (Şamilova) Pərvin İslam qızından pulun tutulmasının rədd edilməsi” hissəsində ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh Xudaverdiyeva (Şamilova) Pərvin İslam qızından 3.947 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdehlər kassasiya şikayəti verə bilməz. İddiaçı qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar