Məhkəmə qərarları › İş №2(103)-3301/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3301/2024

05.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3301/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: evə köçürülmə) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-578/2024 nömrəli 26 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinin arayışdan görünür ki, Cavabdeh3 və İddiaçı nikahları xx.xx.2011-ci il tarixdə Sabunçu Rayon Qeydiyyat Şöbəsində 56 nömrəli akt qeydi ilə qeydə alınmışdır.

2. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinin arayışdan görünür ki, Məmmədova Gülxanım İsmayıl qızı 25 iyun 2007-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2007-ci il tarixdə Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 2344 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh3, anası İddiaçıdır.

3. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinin arayışdan görünür ki, Məmmədli Günel İsmayıl qızı 15 iyul 2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2009-cu il tarixdə Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 641 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh3, anası İddiaçıdır.

4. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinin arayışdan görünür ki, Məmmədli Əli İsmayıl oğlu 21 yanvar 2011-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2011-ci il tarixdə Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 1296 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh3, anası İddiaçıdır.

5. İş materiallarında olan Azərbaycan Respublikası Sabunçu Bələdiyyəsinin 01 sentyabr 2023-cü il tarixli 257 nömrəli məktubuna əsasən Sabunçu bələdiyyəsinə daxil olmuş 334/23/02 saylı 25 avqust 2023-cü il tarixli sorğunuza əsasən İddiaçı adına torpaq sahəsi ayrılması barədə bələdiyyədə heç bir sənəd aşkarlanmadı. Lakin 2006-2007-ci illərdə 600 kvm torpaq sahəsi üzərində tikilmiş 165 kv.m sənədsiz tikili olan ev 2009-cu ildən Kəmalənin qayınatası Cavabdeh1 adına bələdiyyədə vergi qeydiyyatına alınmışdır. Əhmədova Kəmalə Fərhad qızı sorğuda adları qeyd olunan ailə üzvləri ilə birlikdə 2007-ci ildən həmin evdə yaşayırlar.

6. İş materiallarında olan Sabunçu Bələdiyyəsi tərəfindən tərtib edilən 28 avqust 2023-cü il tarixli aktdan görünür ki, Sabunçu bələdiyyəsi üzrə Gender bərabərliyi komissiyasının sədri H.Nəcəfov, komissiya üzvü T.Yaqubova, müfəttiş Ç.Hacıyev, ünvan 1 ünvanında qeydiyyatsız yaşayan İddiaçı və həyat yoldaşı Cavabdeh3 iştirakı ilə bu akt tərtib edilib ondan ötəri ki, 1985-ci ildə Ermənistan Respublikası Quqark rayonunda anadan olmuş, hazırda Cavabdeh3 ilə rəsmi nikahda olan İddiaçı bələdiyyəyə ünvanladığı şikayət ərizəsi əsasında Kamilə Fərhad qızı və İsmayıl Valeh oğlu bələdiyyəyə dəvət olunublar. Onlarla ayrı-ayrılıqda söhbət aparılıb. Məlum olub ki, Kamilə ilə İsmayıl 2003-cü ildə ailə qurublar. 2007-ci ildə ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında inşa etdikləri sənədsiz tikili olan evdə yaşayıllar. Onların bu nikahdan 3 uşağı vardır. Lakin ailə-məişət zəminində yola getmirlər. Tərəflər artıq boşanmaq üçün məhkəməyə müraciət ediblər.

7. İş materiallarında olan "xxxx" ASC-nin bildirişindən görünür ki, A180802770M1 nömrəli sayğac abonent İddiaçı adınadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları Məmmədova Gülxanım İsmayıl qızı, Məmmədli Günel İsmayıl qızı və Məmmədli Əli İsmayıl oğlu ilə birlikdə cavabdehlərin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh3 ilə xx.xx.2011-ci il tarixdə Sabunçu Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 3 övladı xx.xx.2007-ci il təvəllüdlü Məmmədova Gülxanım İsmayıl qızı, xx.xx.2008-ci il təvəllüdlü Məmmədli Günel İsmayıl qızı və xx.xx.2011-ci il təvəllüdlü Məmmədli Əli İsmayıl oğlu olmuşdur. Birgə nikah dövründə ünvan 2 ünvanında yaşamışdır. Sabunçu rayon bələdiyyəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 257 nömrəli arayışdan görünür ki, 2006-2007-ci illərdə 600 kv2 torpaq sahəsi üzərində tikilmiş, ümumi sahəsi 165 kv2 olan sənədsiz tikili 2009-cu ildən etibarən iddiaçının qayınatası Cavabdeh1 adına bələdiyyədə vergi qeydiyyatına alınmış və iddiaçı da adları qeyd olunan ailə üzvləri ilə birlikdə 2007-ci ildən həmin evdə yaşayır. Tərəflər arasında ailə münasibətləri pozulduğundan Cavabdeh3 xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Sabunçu rayon məhkəməsinə müraciət edərək nikahın pozulması və birgə nikahdan doğulan xx.xx.2007ci il təvəllüdlü Məmmədova Gülxanım İsmayıl qızı, xx.xx.2008-ci il təvəllüdlü Məmmədli Günel İsmayıl qızı və xx.xx.2011-ci il təvəllüdlü Məmmədli Əli İsmayıl oğlunun yetkinlik yaşına çatanadək onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı dövründə cavabdehlərlə münasibətləri korlandığı üçün onu və birgə nikahdan doğulan uşaqları məcburi qaydada evdən çıxarmışlar. O evdən qovulan günə kimi cavabdehlərlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən fərdi yaşayış evində yaşamış və birgə təsərrüfatı idarə etmişlər. İddiaçı Xocalı rayonundan olan məcburi köçkündür. Hazırda onun övladları ilə daimi yaşayış yeri yoxdur. İddiaçının valideynləri də məcburi köçkündür və həmin evdə yerləşmək üçün şərait olmadığından bu günə kimi özünə və birgə nikahdan doğulan uşaqlara yaşayış yeri tapa bilməmişdir. İddiaçı bir neçə dəfə qeyd olunan yaşayış evinə köçmək istəsə də cavabdehlər buna imkan verməmiş, qapının kilidini dəyişmiş, qapını ona və uşaqlara açmamışlar. Nəticədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Uşaqları Məmmədova Gülxanım İsmayıl qızı, Məmmədli Günel İsmayıl qızı və Məmmədli Əli İsmayıl oğlu ünvan 4 ünvanında yerləşən 148 nömrəli tam orta məktəbin şagirdləridir. Cavabdehlərin əməlləri nəticəsində uşaqların hər gün təhsil müəssisəsinə gedib-gəlməsi olduqca çətinləşmişdir və əksər hallarda məktəbə gedə bilmirlər. Bununla da uşaqların təhsil hüquqları kobud şəkildə pozulmuş, keyfiyyətli təhsil almaq hüququndan məhrum olmuşlar. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehlərə mediasiya sessiyasının keçirilməsi ilə bağlı təklif göndərilmiş, xx.xx.2023-cü il tarixdə təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etmədiyindən razılıq əldə edilməsi mümkün olmamışdır.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-578/2024 nömrəli 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbi təmin edilmiş, İddiaçı övladları Məmmədova Gülxanım İsmayıl qızı, Məmmədli Günel İsmayıl qızı və Məmmdli Əli İsmayıl oğlu ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən cavabdehlərin yaşadığı fərdi yaşayış evinə köçürülməsi, 50 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 11.1, 157.8, 158.2, 180.1-180.4-cü, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci, Avropa İnsan Hüquqları Məhkəməsinin “O.Rouk Birləşmiş Krallığa qarşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız bir tərəfli, yəni sırf iddiaçının maraqlarını üstün tutaraq, ən əsası da qanunvericliyə və mövcud işlər üzrə məhkəmə təcrübəsinə zidd olan, ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə ona əsaslanır ki, hazırki mübahisə predmeti olan daşınmaz əmlak özbaşına tikili olduğundan hazırki mübahisəyə analoji hüquq normaları tətbiq ediləcək. Lakin hesab edirik ki, məhkəmə qanunun tətbiqində səhv etmişdir. Belə ki, əgər məhkəmə analoji hüquq normasına istinad edirdisə, o zaman nəyə görə ər-arvadın birgə mülkiyyətini özündə ehtiva edən noramalara istinad etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi qanunvericiliyə əsasən yalnız birgə nikah dövründə və tərəflərin birgə təsərrüfatı hesabına əldə edilmiş əmlak üzərində ər və arvadın bərabər payları müəyyən oluna bilir. Hazırki halda isə işin faktiki halı tamamilə fərqlidir. İddia ərizəsində də qeyd olunmuşdur ki, iddiaçı yoldaşı İsmayıl ilə birgə nikah dövründə ünvan 2 ünvanında yaşamışlar. Daha sonra iddiaçı, yoldaşı və uşaqları ilə qayınatası tərəfindən tikilmiş evdə yaşamışlar. Bunun səbəbi isə iddiaçının və əri İsmayılın maddi cəhətdən vəziyyətlərinin aşağı olması olmuşdur. Qeyd olunan özbaşına tikilinin iddiaçının qayınatası olan Cavabdeh1 tərəfindən tikilməsi həm iddiaçı tərəfin mövqeyindən, həm də Sabunçu Bələdiyyəsinin 04 aprel 2024-cü il tarixli, 72 saylı arayışından məlum olur. Belə ki, həmin arayışla da bildirilmişdir ki, Sabunçu qəsəbəsinin Əliyar Əliyev küçəsində Cavabdeh1 faktiki istifadəsində olan 600 kv.m torpaq sahəsi və üzərində tikilmiş 165 kv.m əmlak sahəsi 2003-cü ildən Cavabdeh1 adına Bələdiyyədə vergi ödəyicisi qeydiyyatına alınmışdır. Vergilər onun adından ödənilir. Göründüyü kimi qeyd olunan daşınmaz əmlakın iddiaçının qayınatası olan cavabdeh tərəfindən tikilməsi həm iddiaçı tərəfindən verilmiş iddiada, həm iddiaçının vəkilinin məhkəmədə verdiyi izahatında, həm də Bələdiyyənin arayışında təsdiqini tapmışdır. Bu halları vurğulamaqla məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə məhkəmə təcrübəsinə və anologiyaya istinad etmişdir. Halbuki eyni xarakterli məhkəmə işlərində mənzilə köçürülmə tələbi o halda təmin olunur ki, tərəflərin birgə nikah dövründə və birgə təsərrüfat hesabına özbaşına tikili tikmələri sübuta yetirilsin. Lakin indiki halda mübahisəli özbaşına tikilinin tərəflərin vəsaiti hesabına deyil, iddiaçının qayınatası tərəfindən tikilməsi və hazır olan evdə iddiaçı ilə ərinin sonradan gedib yaşaması sübuta yetirilmişdir. Hazırki mübahisə üzrə oxşar münasibətlərə dair özbaşına tikilmiş evə köçürülmə işlərində, məhkəmələr qayınata və ya digər şəxs tərəfindən tikilməsi müəyyən olunan evlərə gəlinin köçürülməsi tələbini təmin etmir. Bundan başqa bildiririk ki, məhkəmə analoji olaraq Mənzil Məcəlləsinin 30-cü madəsinə istinad etmişdir. Həmin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi keçmiş ailə üzvünün yaşayış sahəsi olmadıqda onun istifadə hüquqi müəyyən müddətə saxlana bilər. İstifadə hüququ isə Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir ki, belə bir razılaşma mövcud deyil. Həmçinin məhkəmə həm hesab edir ki, daşınmaz əmlak özbaşına tikili olduğundan mülkiyyətçisi yoxdur, həm də daha sonra qeyd edir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinadən iddiaçı evə köçürmə tələbində haqlıdır. Halbuki həmin maddədə yaşayış sahəsinin mülkiyyətçisindən söhbət gedir. Qeyd olunan evə dair kommunal xidmətlərə dair bəzi sənədlərin iddiaçının adına olması ilə bağlı bildiririk ki, sözügedən kommunal xidmət müəssisəsinin əməkdaşı evə gələrkən, həmin vaxt evdə gəlin olduğundan məcburən müqavilə onunla bağlanmışdır ki, bu hal bir çox evlərdə baş verir və sırf hansısa kommunal xidmət müqaviləsinin iddiaçının adına olması iddia tələbinin əsaslı olması qənaətinə gəlmək üçün kifayət deyil. Beləliklə hesab edirik ki, məhkəmə tərəfindən istinad olunmuş maddi hüquq normaları işin faktiki hallarına uyğun olmamış, qəbul edilmiş qətnamə əsassız və ədalətsiz olmuş, məhkəmənin isitnad etdiyi halın bir digəri ilə ziddiyyət təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

18. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

19. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

20. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

21. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

22. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

23. 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

24. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

25. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin

26. 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

27. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

28. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

29. Avropa İnsan Hüquqları Məhkəməsi “O.Rouk Birləşmiş Krallığa qarşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki halda cavabdehlər apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-578/2024 nömrəli 26 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Kollegiya qeyd edir ki, tərəflərin mübahisəli tikili ilə bağlı münasibətləri 2009cu ildə yaranmışdır. İddiaçı, Cavabdeh3 və övladları 2009-cu ildən 2023-cü ilin dekabr ayına kimi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev (Rəsulzadə) küçəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Tərəflər 2009-cu ildən mübahisəli tikilidə yaşamaqla birgə təsərrüfat aparmışlar. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. Cavabdehlər hazırda mübahisəli tikilidə yaşasa da, iddiaçı mübahisəli tikilidə yaşamır.

39. Kollegiya işin mübahisəsiz halı ilə bağlı bildirir ki, mübahisəli tikili özbaşına tikili stastusunda olmaqla üzərində tərəflərin və ya hər hansı üçüncü bir şəxsin hüquqları qeydə alınmamışdır.

40. Kollegiya hesab edir ki, özbaşına tikililərə münasibətdə köçürülmə, çıxarılma, istifadə qaydasının müəyyən edilməsi və s. mübahisələri tənzimləyən konkret hüquq norması olmadığından hazırki mübahisə qanunun analogiyası tətbiq edilməklə həll edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin yanaşması düzgündür.

41. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi əsasları Mülki Məcəllənin 180.3-cü maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iş materiallarından mübahisəli evin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olması müəyyən edilmir.

42. Kollegiya apellyasiya şikayətinin mübahisəli evin Cavabdeh1 tərəfindən və məhz ona məxsus vəsait hesabına əldə edilməsinə, həmin evə mülkiyyətçi kimi təkçə onun qanuni gözlənti hüququnun olması dəlilinə münasibətdə bildirir ki, bu halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, beləliklə də mübahisələndirilən fərdi yaşayış evinin, evin yerləşdiyi torpaq sahəsinin onun vəsaiti hesabına əldə edilməsi halı da məhkəmə tərəfindən müəyyən edilməmişdir.

43. Qeyd edilməlidir ki, mübahisəli evə aid kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin iddiaçı tərəfindən bağlanması, müvafiq abonent cədvəllərinin onun adına tərtib olunması da tərəflərin xx.xx.2011-ci il tarixdə nikah münasibətlərinə daxil olduqları nəzərə alınsa, ağlabatandır və bu sənədlər məhkəmə tərəfindən müəyyən edilmiş halları təkzib etmir.

44. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Odur ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev (Rəsulzadə) küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair subyektiv hüquqa malikdir.

45. Belə ki, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

46. Kollegiya bildirir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş yaşayış sahəsindən istifadə hüquqları ilə bağlı münasibətləri birbaşa tənzimləyən qanun norması olmadığı üçün oxşar normaların analogiya qaydasında tətbiq olunması ilə mübahisənin həlli qanunvericiliyin tələbinə uyğundur və oxşar norma olaraq analogiya qaydasında, evin 2009-cu ilə təsadüf etdiyindən, halhazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi əsas götürülməlidir. Bununla əlaqədar məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Nəzərə alınmalıdır ki, İddiaçı, övladları Məmmədova Gülxanım İsmayıl qızı, Məmmədli Günel İsmayıl qızı və Məmmədli Əli İsmayıl oğlu ilə birlikdə köçmək istədikləri özbaşına tikilidən yaşayış sahəsi kimi 2009-cu ildən 2023-cü ilin dekabr ayına kimi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev (Rəsulzadə) küçəsində yerləşən fərdi yaşayış evində yaşayıblar. Həmçinin iddiaçının övladları ilə birlikdə həmin yaşayış sahəsinə ehtiyacı olması müəyyən edilmişdir. İddiaçının başqa yaşayış yeri mövcud deyil və onun yuxarıda qeyd olunan mübahisəli evdə yaşaması müəyyən edilmişdir. Bü cür vəziyyətdə yaşayış sahəsinə ehtiyacı yarandığı üçün cavabdehlərin yaşadığı evə köçürülməsi zərurəti yaranmışdır.

47. Avropa İnsan Hüquqları Məhkəməsi “O.Rouk Birləşmiş Krallığa qarşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir.

48. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”.

49. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

52. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-578/2024 nömrəli 26 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar