Məhkəmə qərarları › İş №2(103)-3302/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3302/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3302/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə (Açar sözlər:öhdəliklərin icrası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, digər İddiaçı4 nümayəndəsi Nümayəndə1 və cavabdeh "xxxx" MTK-nın nümayəndəsi (sədri) Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" MTK ilə İddiaçı2 arasında bağlanmış 01 dekabr 2012-ci il tarixli; X2 ilə 10 dekabr 2015-ci il tarixli; İddiaçı1 ilə 01 noyabr 2012-ci il tarixli müqavilələrə əsasən MTK binanın normativlərə və qaydalara ciddi surətdə riayət etməklə yüksək keyfiyyətlə tikilməsini, payçı isə bu müqavilənin maddəsində nəzərdə tutulmuş müddətlərdə pay haqqını MTK-nın hesabına ödəməyi öz üzərinə götürmüş, payçılar mənzillərin pay haqqını tam ödəmişlər. Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 5 ərazisində inşa edilən "xxxx" MTK-ya məxsus yaşayış binasına çəkilmiş elektrik təchizatı haqqında "xxxx" ASC tərəfindən verilmiş TX-11/0282 saylı xx.xx.2007-ci il tarixli texniki şərtin tələbləri yerinə yetirilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 bloklu, 12 mərtəbəli binada yük liftinin quraşdırılaraq işə salınması, pilləkən qəfəsinin və mərtəbələrarası təhlükəsizlik tutacaqlarının quraşdırılması, binada işığın əhali qrupuna keçirilməsi, binanın istismara qəbul aktının əldə edilməsinin təmin olunması vəzifəsininin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılarla cavabdeh MTK arasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə müqavilə bağlanmışdır. Çoxmərtəbəli yaşayış binası tikilsə də, müqavilədə qeyd edilən müddətdə inşa olunmamışdır. Binada çoxsaylı yarımçıq işlər qalır. Sakinlər 2014-cü ildən başlayaraq öz mənzillərini təmir etməyə başlamış və hazırda 50-ə yaxın ailə həmin binada yaşayır. Müqavilə öhdəliklərinə əsasən texniki təhlükəsizlik qaydalarına uyğun olaraq binanın su, elektrik enerjisi və qaz təchizatı ilə təmin edilməsi, binanın kommunikasiya qurğularının tikintisi, yanğın təhlükəsizliyi avadanlıqlarının, yük liftinin quraşdırılması, pilləkən qəfəsinin və mərtəbələrarası təhlükəsizlik tutacaqlarının quraşdırılması, fasadın və həyətin abadlaşdırılması tam yerinə yetirilməmiş, bir sözlə tikintiyə aid layihə sənədlərində nəzərdə tutulmuş işlər tam başa çatdırılmamışdır. Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün bina sakinlərinin təşəbbüsü ilə elektrik enerjisi və su təchizatının qeyri-əhali qrupundan əhali qrupuna keçirilməsi üçün "Azəişıq" və "xxxx" ASC-yə dəfələrlə müraciət edilmiş, qeyd olunan qurumlar işıq və suya aid olan texniki şərtlərin təqdim olunmasını tələb etmişdir. Tələb olunan sənədlərin təqdim edilməsi üçün iddiaçılar tərəfindən dəfələrlə MTK-nın sədrinə müraciət olunsa da, həmin sənədləri təqdim etməkdən imtina edilmişdir. Binanın sakinləri yaşadıqları müddətdən bəri MTK-nın sayğacına qoşulmaqla işıq və sudan istifadə edir və istifadə olunan elektrik enerjisi və suyun dəyərini qeyri-əhaliyə satılan qiymətlə, suyun 1 m3-ni 2 manatla, elektrik enerjisinin 1kv-nı 0.09 qəpikdən ödəyirlər. Tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən binada liftin quraşdırılması, divarların tam və keyfiyyətlə suvanması, kommunikasiya xətlərinin mənzilə daxil olması, bütün kommunikasiya xətlərinə birləşmələrin MTK tərəfindən həyata keçirilməsi, 4.4-cü bəndinə əsasən yaşayış binasındakı payçıların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədin verilməsi tələbləri MTK tərəfindən artıq uzun müddətdir ki, icra olunmur. xx.xx.2022-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edilsə də, heç bir nəticə əldə edilməmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4909/22 saylı iş üzrə 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin hərəkətləri öhdəliyin icra olunmaması kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442, 448-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarına istinad edərək iddiaçıların üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinə dair qeydlər aparsa da, cavabdehlərin hüquqlarının müdafiəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş müddəaların heç birini nəzərə almamış və tətbiq etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçılar apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 448.1 . Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

17. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

18. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

Ape

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

22. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qarşılıqlı icra üzrə mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Qanunvericilik eyni zamanda nəzərdə tutur ki, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, icra natamamdır və ya lazımi öhdəlik deyildir.

23. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq belə bir nəticəyə gəlmişdir ki, iddiaçılar ilə cavabdeh arasında bağlanmış 01 noyabr 2012-ci il, 01 dekabr 2012-ci il, 10 dekabr 2015-ci il tarixli müqavilələrlə payçılar pay haqqını MTK-nın hesabına ödəməklə bağlı olan öhdəliklərini tam şəkildə icra etsələr də, cavabdeh müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir.

24. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 21 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar