Məhkəmə qərarları › İş №2(103)-3306/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3306/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3306/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı iştirakı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2751/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan 2010-cu ildə 3000 (üç min) manat borc pul almışdır. Həmin vaxtdan bu günə kimi cavabdeh ondan götürdüyü borc pulu qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələrlə borcu verməkdən yayınmışdır. Məcburiyyət qarşısında qalıb ərazi üzrə Nizami rayon 24-cü Polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində Yadulla ondan götürdüyü borcu etiraf etmiş, lakin konkret nə vaxt qaytaracağı barədə dəqiq heç bir söz deməmişdir. Nəhayət xx.xx.2019-cu ildə 24-cü Polis şöbəsinin rəisi Cövdət Məmmədovun imzası ilə ona məktub göndərilmişdir. Həmin məktubda müraciətində inzibati xəta tərkibi olmadığından mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək bildirmişdir ki, Cavabdeh ondan 2010cu ildə 3000 (üç min) manat borca götürdüyü puldan cəmi 200 (iki yüz) manat pulu qaytarmışdır. Ona görə də Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2751/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiasının rədd edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Cavabdeh ondan borca götürüb, qaytarmadığı 2800 (iki min səkkiz yüz) manat pulun alınıb ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə qətnamə qəbul edərkən Yadullanın məhkəmədə verdiyi ifadələrə düzgün qiymət verməmişdir. Məsələn, Yadulla məhəkəmə baxışında etiraf etdi ki, "borclu olduğuna dair izahatı 24-cü polis şöbəsində məndən hədə qorxu ilə aldılar". Lakin ona hansı hədə qorxu ediblər, bu barədə heç nə göstərə bilməmişdir. Yadulla 24-cü Polis şöbəsində özü könüllü izahat verib. Sonradan başa düşüb ki, borcu etiraf edibsə onu qaytarmalıdır. İzahatın ondan zorla alındığına dair isə heç bir sübutu yoxdur. Cavabdeh borcunu verməkdən yayınır. Ona görə də onun iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və iddiaçının izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli 089-3931/-3219 nömrəli məktubdan görünür ki, İddiaçı müraciətində heç bir inzibati xəta tərkibi olmadığından məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - 12 saylı Mənzil Kommunal İstismar İdarəsinin xx xxxx 2019-cu il tarixli 864 nömrəli arayışından görünür ki, X1 Bakı şəhəri, Nizami rayonu, Naxçıcanski küçəsi, 74 saylı evin (yarımçıq tikilinin) müvəqqəti qeydiyyatdadır, orada yaşamır. - X2 2011-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, 2009-cu il tarixində Cavabdeh zamin durmaqla 2500 manat məbləğində pulu İddiaçı almışdır. - İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Cövdət Məmmədova ünvanladığı xx xxxx 2019-cu il tarixli ərizədən görünür ki, o, 2014-cu il tarixdə hazırkı iş üzrə Cavabdeh deyil, Valeh Canəhməd oğluna 3000 manat pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsaəsən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı və cavabdeh arasında borc müqaviləsinin olması müəyyən edilməmiş və iddiaçı bu barədə nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiya hər hansı bir tutarlı sübut təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş İddiaçı şikayəti əsasında Nizami RPİ 24-cü Polis şöbəsində toplanılmış materialdan da görünür ki, onun müraciətində heç bir inzibati xəta tərkibi olmadığından məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Həmçinin materiallarda tərəflərin izahatları barədə heç bir məlumat da qeyd edilməmişdir, halbuki iddiaçı iddia ərizəsində və məhkəmə iclasında cavabdehin izahat verərək borcunu etiraf etdiyini bildirmişdir. MPM-in: 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini sübut edə bilməmiş və bu fakt öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehə pul verilməsini və bunun müqabilində borcun yaranmasını sübut edən hər-hansı bir tutarlı sübut təqdim etmədiyindən iddia tələbi təmin edilə bilməz. MPM-in: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Odur ki, Kollegiya Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2751/2019 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar