Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3308/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikiliyə köçürülmə və birgə nikah dövründə əldə olunmuş avtomobil üzərində iş üzrə tərəflərin paylarının müəyyən edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 noyabr 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının, cavabdehin və cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onun, onunla cavabdehin birgə nikahından doğulmuş 2 uşağın – 29.07.2009-cu il təvəllüdlü Xalid və 22.10.2015-ci il təvəllüdlü Sübhan ilə birlikdə ünvan 1 ünvanda inşa edilmiş evə (özbaşına tikiliyə) köçürülməsi, birgə nikah dövründə əldə edilmiş və cavabdehin adına qeydiyyatda olan “Mercedes-Benz C- 180” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində onun payının, yanında qalmış övladlarının mənafeyi nəzərə alınmaqla 2/3 hissədə, cavabdehin payının isə 1/3 hissədə müəyyən edilməsi, həmin avtomobilin hərracdan satılması və əldə olunmuş vəsaitin 2/3 hissəsinin iddiaçıya, 1/3 hissəsinin isə cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh nikaha daxil olmamışdan əvvəl, yəni 11.06.2008-ci il tarixdə onların arasında el adətinə uyğun olaraq nişan mərasimi olmuşdur. Həmin tədbir zamanı iddiaçının atası ilə cavabdehin atası razılığa gəlmişlər ki, yeni qurulan ailənin ayrı yaşaması üçün ayrıca ev inşa etdirmək lazımdır və bu məqsədlə ünvan 1 ünvanda yerləşən evin həyətində yeni ev inşa olunmalıdır. Bundan sonra hər iki ailənin razılığı və birgə vəsait hesabına toya kimi, yəni 02.11.2008-ci il tarixinə qədər həmin ünvanda yeni ev inşa edilmiş və yaşayış üçün yaralı vəziyyətə gətirilmişdir. Evin inşasına xərclərin yarısından çoxunu iddiaçının əri (cavabdeh) və qayınatası çəkmiş, ödənişin bir hissəsini iddiaçının atası təmin etmiş, ailə qurduqdan sonra isə təmir xərclərinin əksər hissəsini də iddiaçının atası çəkmişdir. 30.08.2008-ci il tarixdə iddiaçı ilə cavabdehin nikahı rəsmiləşdirlmişdir. Toya bir neçə gün qalmış, yəni 2008-ci ilin oktyabr ayının sonlarında iddiaçının cehiz əşyaları həmin evə yerləşdirilimiş, 02.11.2008-ci il tarixdə, toy məclisindən sonra iddiaçı həmin evə gəlin köçmüşdür. Həmin tarixdən etibarən iddiaçı həmin ünvanda uşaqları və əri ilə birlikdə yaşamışdır. Cavabdeh həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olsa da, iddiaçı ünvana qeydiyyata alınmamışdır. Nikahdan iki övladlarının olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətlər pozulmuşdur. Nəsimi Rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli qətnaməsi ilə nikahın pozulması və uşaqların hazırki iş üzrə iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay, hər uşağa görə 170 manat (cəmi 340 manat) sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamənin “aliment hissəsi” ilə bağlı tərtib edilmiş icra vərəqəsi ünvana daxil olan gün, yəni 07.08.2020-ci il tarixdə iddiaçının qaynı, qaynının arvadı, qaynanası və qayınatası birləşərək iddiaçını uşaqlarının gözü qarşısında döymüş və uşaqları ilə birlikdə evdən qovmuşlar. Hadisə ilə bağlı iddiaçı şikayət ərizəsi ilə Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Polis orqanı iddiaçını həmin evə məskunlaşdırsa da, bir neçə gündən sonra cavabdehgil evin giriş qapısının kilidini dəyişmişlər. İddiaçı Cəbrayıl rayonundan məcburi köçkündür. Onun həmin evdən başqa yaşayış yeri yoxdur. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, o, azyaşlı övladları ilə birlikdə həmin tikiliyə köçürülməlidir. Bundan başqa, iddiaçı bildirir ki, onunla cavabdehin birgə nikahları dövründə onlar “Mercedes-Benz C-180” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. İddiaçı hesaba edir ki, məhkəmə qətnaməsi əsasında onun yanında saxlanılmış övladlarının mənafeyi nəzərə alınmaqla həmin avtomobilin üzərində onun payı 2/3 hissədə, cavabdehin payı isə 1/3 hissədə müəyyən edilməli, avtomobil hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti onların paylarına uyğun olaraq aralarında bölünməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.11.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçının mübahisəli özbaşına tikiliyə uşaqları ilə birlikdə köçürülməsini, mübahisəli avtomobil üzərində iş üzrə tərəflərin paylarının bərabər hissələrdə müəyyən edilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddiaçının mübahisəli özbaşına tikiliyə uşaqları ilə bilikdə köçürülməsi hissəsində ləğv edilməsini və həmin tələbin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verməmişdir. Bundan başqa, Rayon Məhkəməsi iddiaçı həmin evə köçürsə də, iddiaçının mübahisəli yaşayış sahəsinə hər hansı hüququnun olub-olmadığını araşdırmamışdır. Mübahisəli ev cavabdehin atasına məxsusdur, cavabdehin babası tərəfindən atasına miras qalmışdır. Mübahisəli evin inşa etdirilməsində iddiaçının atasının iştirak etməsi barədə iddiaçının bildirdikləri həqiqəti əks etdirmir. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdilər. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qeyd edilən prosessual hüquq normasının tələbini və mübahisəli avtomobil ilə bağlı Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticədən apellyasiya şikayətinin verilməməsini, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə tərəflərin bildirdiklərindən məlum olur ki, iddiaçı ilə cavabdeh nikaha daxil olmamışdan əvvəl, yəni 11.06.2008-ci il tarixdə onların arasında el adətinə uyğun olaraq nişan mərasimi olmuşdur. Onların nikahları 30.08.2008-ci il tarixdə rəsmiləşdirlmiş, toyları 02.11.2008-ci il tarixdə olmuş və toydan sonra iddiaçı mübahisəli evə gəlin köçmüşdür. İddiaçı ilə cavabdehin birgə nikahından 2 uşaq doğulmuşdur: 29.07.2009-cu il təvəllüdlü Xalid və 22.10.2015-ci il təvəllüdlü Sübhan. Mübahisəli tikilinin yerləşdiyi əraziyə xidmət göstərən Nəsimi Rayonu Mənzil- Kommunal Təsərrüfat Birliyinin 59 saylı MKİS-nin 17.08.2020-ci il tarixli, M18 №-li arayışından görünür ki, İddiaçı həmin tikilidə qeydiyyatsız yaşamışdır. İddiaçı ailə tərkibi: əri Cavabdeh və iki övladı: Xalid və Sübhan. İş üzrə tərəflərin bildirdiklərindən daha sonra aydın olur ki, nikahdan iki övladlarının olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətlər pozulmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli qətnaməsindən (İş № 2(006)-3240/2020) görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə Cavabdeh ilə hazırki iş üzrə İddiaçı arasında 30.08.2008-ci il tarixdə bağlanmış nikahın pozulması, nikahdan doğulmuş 2 azyaşlı uşağın İddiaçı yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 15.05.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı bildirir ki, Nəsimi Rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli qətnaməsinin “alimentin tutulması barədə hissəsi” ilə bağlı tərtib edilmiş icra vərəqəsi ünvana daxil olan gün, yəni 07.08.2020-ci il tarixdə cavabdehin qohumları birləşərək onu uşaqları ilə birlikdə evdən qovmuşlar. Bundan sonra cavabdeh onu evə buraxmamışdır. Baxmayaraq ki, evin inşası və təmiri onun atasının da vəsaiti hesabına həyata keçirilmişdir. Ona məxsus cehiz əşyaları hazırda həmin evdədir. İddiaçı hesab edir ki, mübahisəli tikilinin inşası və təmiri onun atasının da vəsaiti hesabına həyata keçirildiyindən, o, Cəbrayıl rayonundan məcburi köçkün olduğundan, həmin tikilidən başqa yaşayış yeri olmadığından o, azyaşlı övladları ilə birlikdə həmin tikiliyə köçürülməlidir. Cavabdeh isə bu tələbə etiraz edərək bildirir ki, mübahisəli evə iddiaçının heç bir hüququ yoxdur, həmin ev cavabdehin atasına məxsusdur, babasından onun atasına miras qalmışdır. Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, tərəflərin özbaşına tikili olan mübahisəli evə dair hər hansı hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdeh iddiaçıya təsir edərək onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc və ya sair təsir tətbiq etməklə mənzildən çıxarma, güc və ya sair təsir tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəmələrə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (təsir etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur; pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə (tikiliyə) köçürülməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli evə iddiaçıya münasibətdə hər hansı üstün hüququ olmadığı (mülkiyyət hüququ qeydiyyata alınmadığı, kirayə müqaviləsinin olması və s.) üçün iddiaçının uşaqları ilə birlikdə yaşadığı yerdən məhrum edilməsinin qanuni əsası yoxdur. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsinin atasına məxsus olması barədə dəlilləri öz təsdiqini tapmır. Cavabdeh tərəf bununla bağlı sübutları (vərəsəlik şəhadətnaməsini, atasına məxsus olmasını təsdiq edəcək hər hansı bir hüquqmüəyyən edəcək sənədləri) məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, göstərilənlərə əsasən müəyyən edilir: apellyasiya baxışının predmetini təşkil edən iddia tələbi əsaslıdır; Rayon Məhkəməsi həmin tələbi təmin etməkdə haqlı olmuşdur; apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızıdır. Apellyasiya şikayətinin digər bir dəlili isə ondan ibarətdir ki, işə Rayon Məhkəməsində baxılan zaman məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməmişdir. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini də əsaslı saymır. Belə ki, iş materiallarından görünür ki, bütün məhkəmə sənədləri, eləcə də məhkəmə iclasının yeri və vaxtı barədə bildirişlər işə baxmış Rayon Məhkəməsi tərəfindən cavabdehin qeydiyyatda olduğu və apellyasiya şikayətində yaşadığı ünvanı kimi qeyd etdiyi Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi 159 ünvanına göndərilmişdir. Lakin məhkəmə sənədləri zərflər üzərində poçt xidməti tərəfindən edilmiş “evdə yoxdur” qeydi ilə Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, cavabdehin həmin ünvanda olmaması ilə bağlı bildirişlərin cavabdehə çatmaması məhkəmə tərəfindən ona məlumat verilməməsi kimi qiymətləndirilə bilməz. Çünki qeyd edilən ünvan cavabdehin rəsmi ünvanı sayılır. Göstərilənlərə əsasən müəyyən edilir: Rayon Məhkəməsi MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuşdur; qətnamə çəkişmə şəraitində qəbul edilmişdir; apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 noyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3308/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3308/2021
24.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver